Oksford sammiti: İlham Əliyevin Avropada sülh və təhlükəsizliyə yeni töhfələri


Kamal Adıgözəlov

Böyük Britaniyanın Avropa Siyasi Birliyinin növbəti sammitinə ev sahibliyi etməsi bir neçə baxımdan maraqlı idi. Öncə, Fransa Prezidentinin təşəbbüsü olan beynəlxalq tədbirə Londonun ev sahibliyi etməsinə Emmanuel Makronun münasibətinin necə olacağı ekspertləri düşündürürdü. Bundan başqa, Avropa İttifaqının daxili inteqrasiya prosesinin necə qiymətləndirildiyini bilmək əhəmiyyətli idi. Bizim üçün isə bu toplantıda Azərbaycan və Ermənistanın hansı təkliflərlə iştirak edəcəyini bilmək maraqlı idi. Hər üç istiqamətdə özünü göstərən proseslər mühüm məqamları aydınlaşdırdı.

Avropa Siyasi Birliyinin məqsəd və məramları

Avropa Siyasi Birliyi ideyasının müəllifi kimi E.Makron göstərilir. Fransa Prezidentinin irəli sürdüyü bu ideya Qərbdə, xüsusilə Avropa İttifaqında yaranmış liderlik boşluğunu doldurmaq cəhdi kimi qimətləndirilir. Xüsusilə "Breksit", pandemiya və Ukrayna böhranından sonra Aİ-də müəyyən liderlik boşluğu yaranıb. Yeni liderliyə Almaniya və Fransa iddialıdır. Bundan faydalanaraq, E.Makron 2022-ci ilin mayında "Köhnə qitə"nin siyasətini əlaqələndirəcək platforma yaratmaq təklifini irəli sürüb.

Həmin ilin oktyabrında Avropa Siyasi Birliyi ilk toplantısını Çexiyanın paytaxtı Praqada keçirdi. Praqada Avropanın gələcəyini necə formalaşdırmaq ətrafında müzakirələr aparıldı. Angela Merkelin hakimiyyətdən getməsindən sonra bu məsələ daha da aktuallaşıb. Ekspertlərə görə, ümumilikdə bütün bu problemlər içində çapalayan Avropa üçün E.Makron daha güclü "birlik" yaratmaq məqsədini güdən təklif səsləndirib.

Əlbəttə, Avropa Siyasi Birliyi ideyası sinxron olaraq iki səviyyədə addımlar atılmasını tələb edir. Birincisi – Aİ-nin daxili inteqrasiyasını gücləndirmək, ikincisi – Avropaya qonşu olan məkanlarda Aİ-nin mənafeyinə uyğun olan sülh, əməkdaşlıq və təhlükəsizliyə hədəflənmiş siyasi-diplomatik yeniliklərə nail olmaqdır. Yəni ekspertlər əmindirlər ki, Avropa Siyasi Birliyi ideyası yalnız Aİ-nin daxili miqyası ilə məhdudlaşmamalıdır. Mütləq bu təşkilatı əhatə edən geosiyasi məkanlarda da Brüsselin mövqeyinin güclənməsinə xidmət edən mühit yaradılmalıdır. Bu da geniş bir coğrafiyada əsas geosiyasi prosesləri idarə etmək qabiliyyətini tələb edir.

Ancaq analitiklər Aİ-nin bu məqsədə çata biləcəyi haqqında yekdil fikirdə deyillər. Məsələn, Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) tədqiqatçısı professor Murad Yeşiltaş yazır ki, "Avropa Siyasi Birliyi qarşıdakı dövrdə strateji fikir mübadiləsi və siyasətin yürüdülməsi üçün kontinental miqyasda fəaliyyət göstərəcək platforma olmaq imkanına malikdir. Lakin bu platformanın qısa müddətdə Avropanın real problemlərinə həll yolları tapması çox çətin görünür".

Əlbəttə, mütəxəssislərin proqnozlarının da əhəmiyyəti vardır. Ancaq reallıq ondan ibarətdir ki, Avropa Siyasi Birliyi artıq 4-cü sammitini keçirir. Qarşıya qoyduğu məqsəd baxımından Avropada sülh, barış, inteqrasiya, əməkdaşlıq və təhlükəsizliyi müzakirə edir. Bu o deməkdir ki, bu kimi tədbirə qatılan hər bir dövlət oraya hər hansı bir niyyət, təklif və məqsədlə getməlidir. İştirakçı dövlətin başçısı hər şeydən öncə düşünüb Avropada sülh, əməkdaşlıq və təhlükəsizliyə hansı töhfəni verə biləcəyini müəyyən etməlidir. Əgər sammitdə iştirak edən dövlət başçısı belə bir niyyətlə dövləti təmsil etmirsə, Avropa Siyasi Birliyinin məqsəd və məramlarına xəyanət etmiş olur. Nikol Paşinyan Oksfordda məhz bu obrazda özünü göstərdi. Ona züy tutanlar sırasında isə, təəssüf ki, Avropa Siyasi Birliyi ideyasını irəli sürən E.Makron da vardı. Faktlar bunu sübut edir, lakin öncə sammitin daha əhəmiyyətli məqamları haqqında...

Bakının dünyada nüfuzu və Oksfordda İlham Əliyevin diplomatik üstünlüyü

N.Paşinyan faktiki olaraq sammitin dəhlizlərində "veylləndiyi" bir vaxtda Azərbaycan Prezidenti bütün dünya üçün strateji əhəmiyyətli enerji sahəsində əməkdaşlıq, bağlantıların qurulması və milli təhlükəsizliyin təmininə həsr edilmiş paneldə çıxış edirdi. Əlbəttə, N.Paşinyanın deməyə sözü yoxdur, lakin İlham Əliyev dünya miqyasında bu proseslərin önündə gedən məharətli lider və diplomatdır. Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin məqsəd və məramlarına uyğun fəaliyyət göstərir. Buna görədir ki, iştirakçılar İlham Əliyevin "enerji sferasında strateji tərəfdaşlıq" tezisini diqqətlə dinlədilər. Bu çərçivədə rəsmi Bakının Avropaya enerji ixracını 2027-ci ilə qədər iki dəfə artırmaq planını alqışladılar. Çünki bunun real olduğunu çox yaxşı başa düşürlər. Təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı energetika sahəsində etibarlı tərəfdaş və bütövlükdə Avropanı qazla təchiz edən ölkə kimi qəbul edir.

Bununla bağlı Azərbaycan Prezidentinin Oksford sammitində ifadə etdiyi fikirlər reallığı tam əks etdirir. İlham Əliyev bəyan edib: "Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik. İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik".

Eyni zamanda, Azərbaycanın Avropa Siyasi Birliyində iştirakının miqyası bununla məhdudlaşmır. İlham Əliyevi Aİ-nin liderləri, ümumiyyətlə, dünya üçün aktual olan müxtəlif xarakterli məsələləri müzakirə edən Prezident və Lider kimi qəbul edirlər. Buna görə də Azərbaycan Prezidentinin Oksfordda Böyük Britaniya, Almaniya, Finlandiya, İsveçrə, Litva, Çexiya, Macarıstan və Lüksemburqun rəhbərləri ilə görüşləri diqqət mərkəzində olub. Bu görüşlərin hər birində Azərbaycan Prezidentinin qlobal sülh, əməkdaşlıq, təhlükəsizlik və ayrıca enerji təhlükəsizliyi ilə bağlı fikirləri böyük diqqətlə dinlənilib.

Həmin kontekstdə İlham Əliyevin COP29-u dəyərləndirməsi böyük maraqla qarşılanıb. Azərbaycanın dövlət başçısı COP29-u geniş kontekstdə Qlobal Cənub və Qlobal Şimalın geosiyasi münasibətləri müstəvisində təhlil etməklə yeni ideya verib. Göstərib ki, COP29 kimi tədbirlər vasitəsilə dövlətlərarası münasibətlərin digər sahələrində də müsbətə doğru dönüş əldə etmək olar. Bu mənada COP29 "dünya dövlətləri arasında konsensus və həmrəyliyə nail olmağa" fayda verə bilər.

Azərbaycan Prezidenti bu kimi qlobal xarakterli məsələlərin həlli fonunda Azərbaycan-Ermənistan sülh müqaviləsinin üzərində dayanmaqla, faktiki olaraq, rəsmi İrəvana və onun havadarlarına diplomatiya dərsi verdi. Bunu iki aspektdə aydın görmək mümkündür.

Birincisi, Azərbaycanın dövlət başçısı aydın nümayiş etdirdi ki, Böyük Britaniyaya Avropa Siyasi Birliyinin mahiyyətinə uyğun mövqedə təşrif gətirib, konkret olaraq, Avropanın enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyinin qarşılıqlı əlaqəsi kontekstində rəsmi Bakının təşəbbüslərinin bundan sonra da davam edəcəyini ifadə edib. Yəni Azərbaycan ardıcıl olaraq Avropada sülh, əməkdaşlıq və təhlükəsizliyin təmini istiqamətində əlindən gələni edəcəkdir.

İkincisi, İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı hər bir təklifə diqqət və hörmətlə yanaşdığını növbəti dəfə təsdiq edib. Azərbaycan Prezidenti dünya miqyasında sülh və əməkdaşlığın bərqərar olması amalından çıxış edir, hətta E.Makronun təklifinə münasibət bildirir, Almaniya Kanslerinin təklifinə uyğun davranır. İndi də Böyük Britaniya Baş nazirinin danışıqlar təklifinə hörmətlə yanaşır. Təkrar edirik: bunların səbəbi Azərbaycan Prezidentinin səmimiyyət, ədalət və qərəzsizliklə sülhə nail olmaq istəyidir.

Bunun əyani təzahürlərindən biri Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda İlham Əliyevin irəli sürdüyü tarixi tezislərdir. Azərbaycan Prezidenti vurğulayıb ki, Cənubi Qafqazda tarixi-geosiyasi transformasiyalar baş verir. Onların təməlində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi dayanır. Bu transformasiya ənənəvi alyansları zəiflədərək yeni əməkdaşlıq formatlarının yaranması ilə müşayiət olunur. Bunlar onu ifadə edir ki, Ermənistan və havadarları Azərbaycanın fəaliyyəti əsasında baş verən bu yenilikləri qəbul etməli və ona uyğun davranmalıdırlar. Həmin bağlılıqda N.Paşinyanın Avropa Siyasi Birliyi çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdən imtina etməsi müəmmalıdır. Azərbaycanın dövlət başçısı haqlı olaraq sual edir: "Onda bəs Nikol Paşinyan Oksforda nəyə getmişdi?"

Ancaq Azərbaycanın şərti dəyişmir: rəsmi İrəvan həm konstitusiyaya dəyişiklik etməli, həm də Azərbaycanla birgə ATƏT-ə müraciət etməlidir ki, Minsk qrupu ləğv edilsin. "Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir... Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Yəni, Minsk qrupunun burada bir növ "canlı" saxlanılmasında nə fayda var, nə məqsəd var?! ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur. Bu, bir testdir, bu, bir göstəricidir. Onlar bəyanatlarında bəzən bir şey deyirlər, əməldə isə tam fərqli hərəkət edirlər. Onlar bu gün ən yüksək səviyyədə deyirlər ki, "Qarabağ Azərbaycandır!". Halbuki 2019-cu ildə bir neçə kilometr buradan uzaqda həmin şəxs çox emosional şəkildə bəyan edirdi ki, "Qarabağ Ermənistandır!". Bu gün həmin adam deyir ki, "Qarabağ Azərbaycandır!". Bu, çox gözəl transformasiyadır və mən bunu təqdir edirəm. Ancaq indi bunu əməli addımlarla sübut etmək lazımdır. Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edilməlidir" (İlham Əliyev).

Bir sözlə, Avropa Siyasi Birliyinin Oksford sammiti və 2-ci Şuşa Qlobal Media Forumu göstərdi ki, Azərbaycan Cənubi Qafqazda və onun geosiyasi hüdudlarından kənarda real olaraq sülh, əməkdaşlıq və təhlükəsizlik üçün çalışır. Azərbaycan özünün inkişafını təmin etmək üçün özyetərli dövlətdir. Hətta bu funksiyanı bütövlükdə regionda yerinə yetirmək iqtidarındadır. Azərbaycan Prezidenti böyük strateq və qalib lider kimi də geniş geosiyasi məkanda konstruktiv rol oynamağa imkan verən keyfiyyətlərə malikdir.


MANŞET XƏBƏRLƏRİ