“O, duruşu ilə əski türk bəylərini xatırladardı” - Bir mücahidin ömür yolu


Dilqəm ƏHMƏD

II yazı

Yazımızın birinci bölümündə bəhs etdiyimiz kimi Məhəmmədəmin Rəsulzadə 1947-ci ildə Avropadan Ankaraya gəldikdən sonra onun yanında yer alan şəxslərdən biri də Qaraca ailəsindən Əhməd bəy idi. O, Azərbaycan Kültür Dərnəyinin (AKD) təsis qurultayında iştirak edib, cəmiyyətin rəsmi orqanı olan “Azərbaycan” jurnalının inkişafında yer alıb. AKD-nin ilk rəsmi qurultayını belə xatırlayırdı: “O yığıncağa qatılan ən gənc heyət biz idik. 10-15 nəfər olardıq. Məhəmməd Altunbayı bir yanına, Dr. Əziz Alpautu digər yanına alan Dr. Həmid Ataman mənə savaşa hazırlanan tarixi qəhrəmanlarımızı xatırladırdı. Ovuclarımızın içi parçalanana qədər bu tarixi səhnəni alqışlamaqdan yorulmadıq”.

1 aprel 1952-ci ildə dərnəyin rəsmi mətbu orqanı olan “Azərbaycan” jurnalının ilk sayı çap olunub. Jurnalın ilk materialı da məhz Ə. Qaracanın “Buludlar” adlı şeiridir. Dərginin sonrakı saylarında da onun çoxsaylı şeirləri, məqalələri, bəyanatları, çıxışlarının mətnləri yer alıb.

M. Rəsulzadənin vəfatı münasibətilə hazırlanan jurnalın xüsusi sayında Əhməd bəyin “Azərbaycan böyük bir ideoloqunu qeyb etdi” adlı məqaləsi dərc olunub. Yazısında o, Rəsulzadənin “hər il qurtuluşa daha da yaxınlaşırıq” ifadəsini tez-tez işlətdiyini qeyd edib, onun haqqında olan düşüncələrini bu şəkildə ümumiləşdirib: “Məhəmmədəminlər fanidir, fəqət onun vəz etmiş olduğu fikirlər hər gün bir az daha parıldamaqda, inkişaf etməkdə, milliyyət sərhədlərini aşaraq Birləşmiş Millətlər ideyaları arasına qatılmaqdadır”.

No description available.

Əhməd bəyin yetişməsində Rəsulzadə ilə yanaşı Əbdülvahab Yurdsevər, Həmid Ataman kimi şəxsiyyətlərin böyük rolu olub. M. Rəsulzadə və Mirzəbala Məhəmmədzadədən sonra Azərbaycan istiqlal mübarizəsinin liderinə çevrilən Əbdülvahab Yurdsevərin vəfatı münasibətilə qələmə aldığı məqaləsində onu bu şəkildə dəyərləndirib: “Əbdülvahab Yurdsevər bəyi ilk dəfə 1949-cu ilin fevralında Azərbaycan Kültür Dərnəyinin ilk quruluş qurultayında tanıdım. Mərhum M. Rəsulzadə, Mirzəbala kimi o da mübarizə yoldaşları ilə birlikdə gənclər üçün milli Azərbaycan istiqlalı və hürriyyət mübarizəsinin yorulmaz bir müəllimi idi. 78 illik ömrünün 60 ilindən çoxunu Azərbaycan milli mücadiləsinə həsr etmişdir”. Qaraca “Azərbaycan” jurnalının çıxmasında, yazıların hazırlanmasında dostu Musa Arslantürklə birgə Əbdülvahab bəyə köməklik etdiklərini də qeyd edib.

Qaracanın vaxtilə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi tələbələrdən olan Həmid Ataman bəylə olan xatirələri mühacirət tarixi üçün əhəmiyyətlidir: “İstər idarə heyəti toplantılarında, istərsə də konfrans, gəzintilər, Azərbaycan çay və balo günlərində Dr. Atamanı dərnəyin sədri olaraq daha yaxından tanımaq fürsəti əldə etdim. Biz gənclər üçün o, doğru yolu göstərən bir ata, dərdlərimizə, məsələlərimizə kömək edən bir böyük qardaşdı... Görkəmli duruşu ilə tariximizin dərinliklərində yer alan əski türk bəylərini mənə xatırladardı... Dr. Həmid Ataman bəyi axırıncı dəfə kiçik qızının nikah mərasimində görmüşdüm... Əllərini öpdüyüm zaman “vəfasız olma, tez-tez gəl, görüşək” dedi və yanaqlarımdan öpdü. Hər gördüyündə dediyi kimi bu dəfə də “sənin üçün bir dosya hazırladım, bir əmri-haqq vaqe olarsa, mühəqqəq surətdə o dosyanı götürməlisən. Lazımi sənədlər var” söyləmişdi”.

15 dekabr 1979-cu ildə Əhməd bəy TRT 2-də İrandakı hadisələrdən bəhs edib, şah rejiminin Azərbaycan türklərinə qarşı etdiyi təzyiqlər barədə türk ictimaiyyətini məlumatlandırıb. Bu dövrdə AKD-nin fəaliyyət istiqamətində Güney Azərbaycan məsələsi önəmli yer tutduğu üçün Qaraca bu sahədə xüsusi aktivlik göstərib.

Əhməd bəyin ən qiymətli yazılarından biri 1982-ci ildə Müsavat Firqəsinin qurucu üzvlərindən, Cümhuriyyət Parlamentinin üzvü Məhəmmədəli Rəsulzadə haqqında qələmə aldığı məqalədir. Bu yazısında o, həm Məhəmmədəli bəyin həyatı, həm də firqənin quruluş tarixi ilə bağlı önəmli məlumatlar verib. Məqaləsində onun xatirələrindən maraqlı iqtibaslar gətirən Qaraca Məhəmmədəli Rəsulzadənin vəfatını Azərbaycan qalasının böyük bir bürcünün yıxılmağı kimi dəyərləndirib.

Əhməd bəy 1984-cü ildə Rəsulzadənin doğumunun 100-cü ildönümü münasibətilə “Azərbaycan” jurnalında geniş həcmli məqalə nəşr etdirib və tarixi ildönümü münasibətilə Türkiyə dövlətinin etməli olduğu bəzi işləri sadalayıb: Rəsulzadənin adı Ankarada bir parka, küçəyə, məktəbə və ya kitabxanaya verilməlidir; TRT onun haqqında xatirə proqram hazırlamalıdır; Çalışdığı milli kitabxanada, digər kitabxana və universitetlərdə haqqında toplantılar keçirilməlidir; Türkiyə poçtxanası xatirə marka buraxmalıdır; Əsərləri yenidən nəşr edilməli, məqalələri kitab şəklində çap olunmalıdır.

1985-ci ildə II Dünya müharibəsindən sonra Türkiyəyə gələn, “Azərbaycan” jurnalının ilk məsul müdiri olan Əhməd Yaşatın vəfatı münasibətilə məqalə yazan Qaraca onun AKD-nin tarixində oynadığı rola dair önəmli bilgilər verib. Məqalədə Finlandiya cəbhəsində də vuruşan Yaşatın xatirələrindən maraqlı hissələr də təqdim olunub.

Güney Azərbaycan məsələlərini diqqətdə saxlayan Qaraca Ayətullah Seyid Kazım Şəriətmədari barədə qələmə aldığı yazısında onu bu şəkildə dəyərləndirib: “Təbrizdə ətrafına şölə saçaraq doğan bu parlaq ulduz müxtəlif təzyiq, qorxudulma, həbs edilmə kimi ağıla, xəyala gəlməyən hərəkətlərə dözməyərək Tehranda batdı. Fəqət o, Azərbaycan türklərinin qəlbgahında çoxdan əbədi yerini tutdu...”.

Əhməd bəy 1986-cı ildə Şah İsmayıl Xətainin doğumunun 500-cü ildönümü münasibətilə də geniş bir məqalə qələmə alıb. Onun eyni zamanda Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, Məhəmməd Füzuli, Mirzə Şəfi Vazeh kimi ədəbiyyatımızda əbədi yeri olan şəxslər haqqında da yazıları vardır.

Bakıya ilk gəliş

SSRİ-nin dağılma ərəfəsində və sonrakı illərdə Əhməd Qaraca Azərbaycanda baş verən hadisələri yaxından təqib edib, müxtəlif çıxışlar, bəyanatlar səsləndirib. 1991-ci ildə o, “Vətən” Cəmiyyətinin dəstəyi ilə Bakıya gəlib, “Novruz” qəzetinə müsahibə verib. İlk təəssüratlarını bu şəkildə bildirib: “İlk dəfədir ki, “Vətən” Cəmiyyətinin dəvətilə yanvar ayının 20-də Bakıya gəlmişəm və həmin gün şəhidlərimizi ziyarət etdim... 20 Yanvar hadisələrində bütün Türkiyə ayaq üstündə idi. Türkiyənin hər yerindən böyük dövlətlərə, bütün təşkilatlara, o cümlədən BMT-yə müraciət etdik. Ölkəmizdə yaşayan krımlılar, türküstanlılar, bolqar türkləri öz etirazlarını bildirirdilər. Bir sözlə, bütün dünyaya Azərbaycan xalqı ilə həmrəy olmağımızı bəyan etdik”. Əhməd bəy daha sonra ailəsi haqqında bəhs edib: “Azərbaycan mənim Vətən torpağımdır. 1924-cü ildə ailəmiz Gəncədən Türkiyəyə köçüb. Azərbaycanda qohum-əqrəbam çoxdur. Onlarla görüşmək arzusundayam”.

No description available.

Bu ziyarətində Əhməd Qaracanı Yəhya Taşdelen müşayiət edib. Yanvar ayının 31-də Qaraca Novxanıya gedib, orada çıxış edib, M. Rəsulzadə ailəsinin məzarlarını ziyarət edib. “Ədəbiyyat” qəzeti Azərbaycan Kültür Dərnəyinin fəaliyyəti ilə bağlı ondan müsahibə alıb.

Ömrü boyunca Azərbaycan məsələləri ilə məşğul olan Əhməd Qaraca 15 may 2005-ci ildə vəfat edib, Ankarada Karşıyaka məzarlığında dəfn olunub...


MANŞET XƏBƏRLƏRİ