Azərbaycan xalqının ictimai-fəlsəfi fikrində maarifpərvər qadınlar


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

II Yazı

Qürrətül-Eyn haqqında çox yüksək fikirdə olan Mirzə Kazım bəy hesab edirdi ki, onun İslam dini və şəriətlə bağlı yeni fikirləri Qacarlar cəmiyyətində birmənalı qarşılanmamışdır. Kazım bəy yazır: “Qəzvində günbəgün Qürrətül-Eynin Babi müridlərinin sayı artmış, nəhayət bu şəhərin məşhur müctəhidlərindən biri, Qürrətül-Eynin qohumu bütün vasitələrdən istifadə edərək onu bu “küfr”dən ayırmağa çalışmış, lakin heç bir xeyri olmamışdı. Babı və onun “küfr” təlimini islamın bu qəzəblənmiş başçısı açıq tənqid etdiyindən bunu öz həyatı ilə ödəmiş oldu. Belə ki, müctəhid adəti üzrə dan yeri sökülərkən məscidə gedərkən üç babi tərəfdarı hücum edərək müctəhidi öldürmüşdürlər. İslamda qadağan olunan bu dəhşətli hadisə bütün şəhərdə həyəcan yaratmış, cinayətkarlar tutulmuş və ölümə məhkum edilmişdilər. Öldürüləni isə müqəddəs kimi qəbul etmişdilər... Qürrətül-Eyn artıq Qəzvində qala bilməzdi. O, öz səmimi tərəfdarları ilə birlikdə yola çıxaraq Xorasana gəlmiş, buradakı Babilərlə birləşmişdilər” (Kaзбым-бek M. Избранные произведения. Баку, Элм, 1985;114-115).

Doğrudan da, babilərin, xüsusilə də Bəhaullahın yardımı ilə Tahirə Qəzvindəki ed dustaqlığından azad olunaraq Tehrana yerləşdiril­miş, daha sonra Xorasana getməsi məqsədəuyğun hesab olunmuş­dur. Tahirə Xorasana gedərkən babilərin 1848-ci ildə Şahruda gerçəkləşdirdiyi Bədəşt konfransında da iştirak etmişdir. O, bu konfransda qadın-kişi bərabərliyini, babilərin mal varlıqlarını bölüşməyi, namazla oruc tutmaqda sərbəstliyi (hətta, tamamilə imtina etməyi), müctəhidi ya da imamı təqliddən vaz keçməyi, xüsusi mülkiyyətin ləğvini və digər məsələləri irəli sürmüşdü (Gəncalp Güntay. Babilik və Tahirə Qurretuleyn. Bakı, 2013; 141-142).

Özəlliklə, o, qadınların azadlığı məsələsi üzərində dayanır, qadınla kişinin hüquqi, mənəvi cəhətdən bərabər olduğunu iddia edirdi. Tahirə təklif edirdi ki, qadınlar hicab örtməsinlər, özü də çadradan imtina etmişdi. Bir sözlə, Qürrətül-Eyn Seyid Məhəmməd Əlinin yolunun radikal davamçısı kimi iddia edirdi ki, İslam dini, xüsusilə də Quranın müddəaları artıq köhnəldiyi üçün yeni din və onun kitabı vacib buyurulmuşdur.Qürrətül-Eyn toplantıya üz tutaraq deyirdi: “Bizim günlərimiz aralıq dövrləridir. Bu gün bütün dini vacibatlar aradan qaldırılır və namaz, oruc və salavat əbəsdir. Bab yeddi səltənəti fəth edəndə və müxtəlif dinləri birləşdirəndə o yeni şəriət gətirəcək və öz Quranını icmaya təqdim edəcək. Onun əmr etdiyi hər bir mükələfiyyət yer üzünün insanları üçün məcburi olacaq. Ona görə özünüzü dəyərsiz şeylərlə yükləməyin” (Tahirə tarixdə. Şərq və Qərb tədqiqatçıları Qürrətül-Eyn haqqında. Bakı, “Elm və təhsil”, 2016;171).

Beləliklə, Tahirə İslam dinin öz missiyasını başa vurmasına birmənalı şəkildə inanaraq yeni dinin, yəni babiliyin ortaya çıxmasının vaxtının çatdığını bəyan etmişdir. O hesab edirdi ki, Seyid Məhəmməd Əli də yeni “peyğəmbər” kimi vaxtı keçmiş İslam dini və şəriətin yerinə, yeni bir “Quran” və şəriət gətirəcək. Şübhəsiz, Qürrətül-Eynin İslam dininə və şəriətə qarşı radikallığı yalnız qeyri-babilər deyil, babillərin əksəriyyəti tərəfindən də birmənalı qarşılanmamışdı. Bununla da babilər açıq şəkildə üç qrupa bölünmüşdür: 1) İslam dinindən tamamilə üz döndərərək, yeni dinin qəbul edilməsinin vaxtının çatdığını iddia edən radikal babilər (Seyid Məhəmməd Əli, Qürrətül-Eyn), 2) İslam dinindən imtina etmək, ancaq yeni dini tətbiq edərkən mötədilliklə bunu həyata keçirmək istəyən loyal babilər (Mirzə Hüseyn Əli Nuri, yəni Bəhaullah), 3) İslam dinindən, şəriətdən üz döndərmədən islahatçı yolunu tutmuş babilər (Quddusu)(Tahirə tarixdə. Şərq və Qərb tədqiqatçıları Qürrətül-Eyn haqqında. Bakı, “Elm və təhsil”, 2016;173-174).

Məhz Bədəşt konfransından sonra xüsusilə də, radikal babilər Qacarların bir çox əyalətlərində üsyanlar qaldırdılar. Bu üsyanlar arasında Təbərsi, Mazandaran, Zəncan və digərlərini göstərə bilərik. 1850-ci ildə baş bab Seyid Məhəmməd Təbrizdə edam olunur, bu zaman həbs edilən Qürrətül-Eyn isə nəzarət altında idi. Nəsrəddin şah həbsxana şəraitində yaşadığı zaman Zərrintacla görüşmüş, hətta ona evlilik təklif edərək, bu yolla ölüm fətvadan qurtulmasının mümkünlü­yü­nü irəli sürmüşdür. Ancaq Tahirə xanım şahın evlilik təkilifini rədd etmiş və ölüm fətvasına boyun əymişdir. Məhəmməd İshak görə şah ona məktub yazıbmış ki, əgər babilikdən imtina etsə, şah onu öz hərəminə gətirəcək. Deyilənə görə, o, şahın məktubunun arxasına aşağıdakı şeiri yazıb geri göndərmişdi:

İsgəndərin cah-cəlalı sənin olsun,

Qələndərin isə vərdişi və yolu mənim

Əgər o sənə xoşdursa, mən ondan imtina edirəm,

Bu isə, pis olsa da, mənə kifayətdir.

Böyük islahatçı Mirzə Tağı xan Qacarlarda baş nazir vəzifəsindən uzaqlaşdırıldıqan sonra onun yerini tutan sədr-əzəm Mirzə Ağa xan Nuri tanınmış din xadimləri Molla Mirzə Məhəmməd Eldermani və Hacı Molla Əli Keniyə göstəriş verir ki, Qürrətü-Eynlə görüşərək dini inancını yoxlasınlar və onun haqqında son höküm çıxarsınlar. Tahirə ilə onlar arasında ən azı səkkiz görüş keçirilir ki, sonunda mollalar ölüm fətvası qərarı çıxarırlar.

Bu o demək idi ki, Tahirə heç bir anlamda mollalarla və onların təmsil olunduğu radikal dini dünyagörüşlə razılaşmır, üstəlik bu cür mühafizəkar təfəkkürü kökündən qamçılayırdı. Ona görə də, mollalar yenilikçi ruhlu və rasional baxışlı Qürrətül-Eynlə bacara bilməyəcək­lərini anlayıb onun haqqında ölüm fətvası verməkdən başqa çıxış yolu görmədilər. “Nəhayət, 1852-ci il 15 sentyabr çərşənbə günü gəlir. O, üzünü cəlladlarına tutaraq deyir: “Siz məni istədiyiniz qədər tez öldürə bilərsiniz, amma qadınların azadlığını saxlaya bilməyəcəksiniz”. Onu Britaniya nümayəndə­liyinin və Türkiyə səfirliyinin qarşısında, kifayət qədər böyük heyəti olan Elxani adlanan bağda işgəncələrlə edam edirlər. Cəlladlarına onun son sözləri belə olmuşdu: “Siz məni nə qədər tez istəsəniz, öldürə bilərsiniz, amma qadınların azadlığını saxlaya bilməzsiniz” (Tahirə tarixdə. Şərq və Qərb tədqiqatçıları Qürrətül-Eyn haqqında. Bakı, “Elm və təhsil”, 2016; 36).

Filosof-şair Məhəmməd İqbal “Cavidnamə” əsərində Qürrətül-Eyni çox yüksək səviyyədə tərənnüm etmişdir. Onu Həllac Mənsurla eyniləşdirən İqbal Tahirəyə aid olan bir şeiri poemasında iqtibas kimi vermişdir:

Əgər biz səninlə üz-üzə dursaq, baxışım sənə tuş olsa

Sənə görə olan kədərimi sənə nöqtə-nöqtə söyləyəcəyəm

Ki sənin çöhrəni görüm, bir yüngüm meh kimi gəzim,

Ev-ev, qapı-qapı, cığır-cığır, küçə-küçə

Sənin hicranından gözlərimdən qanlı yaş axır

Çay-çay, dəniz-dəniz, çeşmə-çeşmə, axın-axın.

Mənim kədərli ürəyim sənin eşqini ruhuma toxuyur

Sap-sap, ilmə-ilmə, kələf-kələf, hana-hana.

Tahirə öz ürəyinə qayıtdı, səndən başqa birini görmədi,

Səhifə-səhifə, qat-qat, pərdə-pərdə, niqab-niqab.

Nigaran aşiqlərin şövqü və ehtirası ruhuma yeni həyəcan saldı

Köhnə müşküllər başənə qaldırdı

Ağlıma, ruhuma hücum saldırdı

Fikir dənizim bütünlüklə təlatümə gəldi

Sahillər fırtınadan viran-viran oldu (İqbal Məhəmməd. Cavidnamə. London, Allaen&Unvin, 1966; 93-96).

Azərbaycan Cümhuriyyətinin qurucusu, böyük filosof-mütəfəkkir, milli ideoloq Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan mədəniyyət ənənələri” əsərində Qürrətül-Eynlə bağlı yazırdı: “Dini hərəkata mənsub olan qəhrəman bir qadın var. Adı Qürrətül-Eyndir. Gözəlliyi və savadı ilə məşhur olan bu qadın Qəzvin qazısının qızı, azərbaycanlı bir türkdür. Tehranda Nəsrəddin şahın əmrilə özünü diri-diri yandırmağa məhkum etdilər. Ona “dinini tərk et, şah səni bağışlar”, dedilər. Fəqət, o: “Bən deməm kim, sən səməndər ol da, ya pərvanə ol, Çünki yanmaq niyyətindir, dönmə, dur, mərdanə ol!” beytini söyləyərək yandı” (Resulzade M.E. Azerbaycan kültür gelenegleri. Ankara, 1949; 23).

Türk aydını Süleyman Nazif isə yazırdı ki, Tahirə Janna Darkdan daha mötəbər, daha gerçək, daha görkəmli və daha böyük qəhrəmandır: “Həvvadan tutmuş doğulacaq son qız övladına qədər, hər bir kəs Qəzvindən olan bu gənc Türk qadınını xatırlayarkən gözləri yaşaracaq və qürurla dolacaq. Ah! Təəssüf, Qürrətül-Eyn!” (Nazif Süleyman. Nəsrəddin şah və babilər. İstanbul, Kanaat, 1923; 44-49). Nihal Atsız “Gənc qızlarcığa çağırı” məqaləsində yazırdı: “Siz də adı Zərrintac olan qəzvinli Türk qızı kimi inanclarınız uğuruna, üzündə xoş gülümsəmə ilə atəşə doğru erkək bir bozqurd kimi yürüməyi bacarın” (Əhməd Dilqəm. Fərqlilər. Bakı, TEAS Press Nəşriyyat Evi, 2018; 35-36).

19-cu əsr İngilis mütəfəkkiri Edvard Braun “İran ədəbiyyatı tarixindən” kitabında Qürrətül-Eynlə bağlı yazırdı: “Qürrətül-Eyn kimi bir qadının meydana çıxması istənilən ölkədə və istənilən dövrdə nadir bir fenomendir, lakin İran kimi bir ölkədə bunun olması qeyri-adi haldır – xeyr, demək olar, bir möcüzədir. Məftunedici gözəlliyi ilə bərabər, nadir intellektual qabiliyyəti, atəşli bəlağəti, qorxmaz sədaqəti, şərəfli şəhidliyi ilə o, öz həmvətənləri arasında bənzərsizliyi və ölümsüzlüyü ilə irəli çıxır. əgər Babın dini heç bir böyüklüyə iddia etməsəydi, onun Qürrətül-Eyn kimi bir qəhrəman doğurması kifayət edərdi” (Tahirə tarixdə. Şərq və Qərb tədqiqatçıları Qürrətül-Eyn haqqında. Bakı, “Elm və təhsil”, 2016;106).

Çox güman ki, Qürrətül-Eyn edam edildikdən sonra bütün əsərləri bir araya toplanaraq məhv edilmiş, bununla da ondan günümüzə çox az yaradıcılıq nümunələri qalmışdır. Ona görə də Tahirə Qürrətül-Eynin yaradıcılığı ilə bağlı əlimizdə geniş bilgilər yoxdur. Ona aid yalnız bir neçə şeirdən bəhs olunur ki, həmin şeirlərin qəti şəkildə Tahirəyə aid olması da birmənalı deyildir. Onun ictimai-siyasi fəaliyyəti və əlimizdə olan fikirləri bizə deməyə əsas verir ki, ümumilikdə Qürrətül-Eyn dini məsələdə radikal islahatların aparılması tərəfdarı olmuşdur. Yəni o, mühafizəkar-ehkamçı fəlsəfi təfəkkürdən mütərəqqi fəlsəfi təfəkkürə keçid məsələsində təkamül deyil, sıçrayış yolunu tutmuş idi. Eyni zamanda, o, baş babçı Seyid Əli Məhəmməd Şirazinin “Bəyan” kitabını yazmaqda əsil məqsədinin, ya da alt niyyətinin nədən ibarət olmasından asılı olmayaraq bu məsələdə səmimi bir mücadilə vermişdir. Şübhəsiz, o, İslam dininə sonralar əlavə olunmuş xurafat və mövhumatın tənqidində də haqlı idi.


MANŞET XƏBƏRLƏRİ