Cənubi Qafqazda iki geosiyasi xəttin kəsişməsi: Azərbaycan regionu yeni geosiyasi müstəviyə çıxarır


Kamal Adıgözəlov

Ekspertlər Cənubi Qafqazda geosiyasi proseslərlə bağlı daha çox narahatlıq ifadə etməyə başlayıblar. Burada Qərblə Rusiyanın qarşıdurması xeyli risklər meydana gətirməkdədir. Bu, Ermənistanın spekulyativ siyasi addımlar atması fonunda baş verir. Nəticədə, regionda qeyri-müəyyənlik və riskli vəziyyət əmələ gəlir. Qərbin siyasi dairələrinin regiondakı müttəfiqlərinə qarşı qeyri-səmimi davranışları da əlavə gərginlik yaradır. Bunlarla yanaşı, ekspertlər diqqəti rəsmi Bakının da atdığı bir sıra geosiyasi addımlara yönəldirlər. Azərbaycan Prezidenti çox səmərəli siyasi-diplomatik gedişləri ilə, faktiki olaraq, Cənubi Qafqazı yeni geosiyasi xəttə çıxarmaqdadır. Bununla regionu risklərdən və təhdidlərdən xilas etmək imkanı yarana bilər. Bu gerçəkliyin fonunda Cənubi Qafqazın geosiyasəti üzərində bir qədər geniş dayanmağa ehtiyac yaranıb.

Cənubi Qafqaz: geosiyasi oxlar hara istiqamətlənib...

Cənubi Qafqaz regionunun dünyada baş verən hadisələrə təsiri getdikcə daha da artır. Bu proses bir-biri ilə əlaqədə olan iki geosiyasi xəttin "kəsişmə zonasında" özünü göstərir. Onlardan biri Azərbaycanın yeni səviyyədə geosiyasi oyunçu olması, digəri isə bir neçə böyük gücün region uğrunda mübarizəsinin yeni mərhələyə yüksəlməsidir.

Bakı kənardan olan təsirləri çox uğurla dəf edir və müstəqil mövqeyini regional miqyasda daha qabarıq şəkildə qəbul etdirir. Bu, rəsmi Bakıya regionda bütün geosiyasi təsir faktorlarını əlində cəmləşdirməyə imkan verir. Onun əlamətləri haqqında fikirlər ekspertlərin müxtəlif kontekstlərdə irəli sürdükləri tezislərdə özünü göstərir. Təhlil göstərir ki, həmin əlamətlər əsasən Ermənistanla münasibətlərin normallaşması ilə əlaqədar aktuallaşıb. Məsələ ondan ibarətdir ki, rəsmi İrəvan ikili oyun aparmaqdadır. Bir yandan anlayır ki, Azərbaycanın təklifləri ədalətli və gerçəkliyə uyğundur. Məsələn, rəsmi Bakı Ermənistanın konstitusiyasında qonşu dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların aradan qaldırılmasında israr edir. Çünki rəsmi İrəvanın hüquqi təminatı olmadan heç bir sözünə inanmaq mümkün deyildir. Bunu təcrübə göstərir.

Beynəlxalq hüquq baxımından da Azərbaycanın tələbi tam əsaslıdır. Çünki əgər bir ölkənin konstitusiyasında açıq şəkildə başqa ölkələrin ərazilərinə iddia varsa və dövlət rəmzlərində bu iddia simvollaşdırılbsa, həmin ölkə istənilən vaxt aqressiya üçün bəhanə tapa bilər.

Məsələ onda deyil ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı uduşlu müharibə apara bilər. Bu, mümkün deyildir, çünki qüvvələr nisbəti elədir ki, çox qısa müddətdə Ermənistan darmadağın edilər. Azərbaycan və Türkiyənin qayğısı başqa məqamla bağlıdır. Əsas məsələ Cənubi Qafqazda davamlı, qalıcı, sabit geosiyasi mühit yaratmaq və əməkdaşlığı, təhlükəsizliyi təmin etməklə uzunmüddətli inkişafa nail olmaqdır.

Böyük güclər də məhz buna qarşı Ermənistandan alət kimi istifadə etməyə çalışırlar. Faktiki olaraq rəsmi Bakının davası həmin böyük güclərlə, onların regiona təxribatçı təsirlərinin qarşısını almaqla bağlıdır.

Lakin məsələ yalnız Azərbaycanın fəaliyyəti ilə bağlı deyildir. Çünki indi böyük güclərin regionda rəqabəti daha kəskin mərhələyə yüksəlməkdədir. Burada daha çox Rusiya-ABŞ-Avropa üçbucağında gərginlik artmaqdadır. Görünən odur ki, Qərb Ermənistanı Rusiyanın liderlik etdiyi təşkilatlardan uzaqlaşmaqda tələsdirir, o cümlədən KTMT-ni gözdən salmağa çalışır. Ermənistan rəhbərliyi artıq KTMT-yə inamının olmadığını bəyan edib və buna Rusiya dərhal sərt reaksiya verib. Və münasibətlər ABŞ-ın Ermənistanla birgə hərbi təlim keçirmək planı ilə əlaqədar daha da kəskinləşib. Rəsmi Moskva M.Zaxarovanın dili ilə İrəvana xəbərdarlıq edib. Ermənistan rəhbərliyinə açıq bildirilir ki, atdığı addımlar təhlükəsizliyə deyil, yeni fəlakətlərə apara bilər.

Ancaq bir tərəfdən rəsmi İrəvan Moskvanı dinləmir, digər tərəfdən də region miqyasında müşahidə edilən bir sıra proseslər yeni risklər meydana gətirir. Bu sırada Qərbin Gürcüstanı, faktiki olaraq, arxa plana atması çox düşündürücü təsir bağışlayır. Məsələ ondan ibarətdir ki, Qərbin böyük dövlətləri, o cümlədən Avropa İttifaqı Tbilisiyə dəstəyi dayandırmağa qərar veriblər. Son olaraq Fransa Bastiliyanın alınması tədbirinə dəvət etdiyi Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə "qapını göstərib". Ona açıq bildiriblər ki, gürcü hökuməti mövqeyini dəyişməyənə qədər birbaşa yardımlar dayandırılır. Eyni mövqedə ABŞ və Almaniya dayanır.

Bunları ümumiləşdirərək belə qənaətə gəlmək olur ki, Cənubi Qafqazda Qərbin yaratdığı geosiyasi mənzərə qeyri-müəyyənliklərlə, risklərlə və parçalanma ilə xarakterizə olunur. Çətin ki, yaxın zamanlarda Qərb bu regionda özünü geosiyasi aspektdə "ayaqda tuta" bilsin. Buna görə də Ermənistan və Gürcüstanın geosiyasi dalana doğru sürükləndiyi haqqında danışmaq olar.

Bunların fonunda Azərbaycanın çevik surətdə geosiyasi gediş etdiyini ekspertlər ayrıca qeyd edirlər. Belə ki, Azərbaycan Prezidenti ŞƏT-in Astana sammitində BRİCS və ŞƏT-ə üzv olmaq xəttini seçdiyini bəyan edib. Rəsmi Bakı hər iki təşkilata üzv olmaq üçün artıq addımlar atmağa başladığını ifadə edib. Bir sıra ekspertlər bu addımı Azərbaycanın "ikiqat sıçrayışı" adlandırırlar. Onlar Bakı ilə Ankaranın həmin istiqamətdə koordinasiyalı davrandığına da diqqət çəkirlər. Belə ki, paralel olaraq, Türkiyə rəhbərliyi də BRİCS və ŞƏT-ə üzvlük arzusunu ifadə edib.

Azərbaycan geosiyasi mühiti dəyişir

Rəsmi Bakının bu gedişini ekspertlər çox yüksək qiymətləndirir, bununla da Azərbaycan rəhbərliyinin eyni zamanda iki məqsədə çatmağa hazırlaşdığını proqnozlaşdırırlar. Onlardan biri Cənubi Qafqazda Qərblə Rusiya arasında geosiyasi konfrontasiyanın iştirakçısı olmaqdan imtinadır. Çünki Azərbaycan regional lider kimi Şərq istiqamətində strateji geosiyasi addım atırsa, onu regional dartışmalara cəlb etmək şansı minimuma enir. Bakı, faktiki olaraq, Cənubi Qafqazın geosiyasi dinamikasına Şuşa Bəyannaməsi və Türk Dövlətləri Təşkilatı vasitəsilə təsir göstərir. Eyni zamanda, Mərkəzi Asiya, Pakistan, Çin istiqaməti üzrə Şərqə də nüfuz edir.

Bu da çox maraqlı bir geosiyasi konfiqurasiyanın meydana gəlməkdə olduğundan xəbər verir. Azərbaycan üçün bunun əhəmiyyətli tərəfi ondan ibarətdir ki, Bakı Cənubi Qafqazda lider, Türk Dövlətləri Təşkilatında aparıcı güc olmaqla yanaşı, Şərqin nüfuzlu dövlətləri ilə, xüsusilə Çinlə strateji əməkdaşlıq əlaqələri də qurur. Azərbaycanın Qərblə artıq sıx əlaqələrə malik olduğunu nəzərə alsaq, bu, faktiki baxımdan daha geniş geosiyasi məkanda Azərbaycanın balanslaşdırma siyasəti yeritdiyini ifadə edir.

Aydındır ki, politoloji olaraq söhbət Azərbaycan Prezidentinin çoxvektorlu xarici siyasət daxilində multiregional məkanda ciddi addımlar atmasından gedir. Bu siyasətin başlıca məzmunu Cənubi Qafqazın lideri kimi bir neçə istiqamətdə geosiyasi qüvvələr nisbətini balanslaşdırmaqdan ibarətdir.

Postsovet məkanında analoji təcrübə yoxdur. Əslində, bu, çox mürəkkəb geosiyasi konfiqurasiya yaratmaq prosesidir. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin siyasi-diplomatik və liderlik məharəti qarşıya qoyulan məqsədin öhdəsindən gəlməyə imkan verəcəkdir. Deməli, Azərbaycan tarixi geosiyasi dəyişiklik astanasındadır.

Bütün bunların fonunda Ermənistanın Azərbaycanın geosiyasi nüfuzunu qəbul edərək, onun təklifləri ilə razılaşmaqdan başqa yolunun olmadığı qənaəti yaranır. Bu da təbii ki, rəsmi İrəvana daha çox siyasi, ideoloji və mənəvi sıxıntı verir. Ermənistan rəhbərliyi tez-tez sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir, lakin konkret detallara gələndə müxtəlif bəhanələr irəli sürür. Bu isə onu göstərir ki, rəsmi İrəvan yenə də tərəddüdlər zolağına düşüb. O, faktiki olaraq, çıxış yolunu tapa bilmir. Azərbaycanın Çinlə strateji tərəfdaşlıq quruculuğu prosesinə başlaması və Bakının geoiqtisadi qovşağa çevrilməsi fonunda Ermənistan və havadarlarının Azərbaycan rəhbərliyinin tələblərinə əməl etməkdən başqa yolu qalmır.

Məsələ ondan ibarətdir ki, Azərbaycan Çin və Pakistanla konkret layihələr üzrə razılaşmalar əldə edib. Getdikcə daha çox sferalar üzrə və daha çox sayda layihələrin həyata keçirilməsi qarşıya məqsəd kimi qoyulub. Astanadan sonra Prezident İlham Əliyevin İslamabada səfəri bu baxımdan çox səmərəli addım hesab olunur.

Azərbaycanla Pakistan enerji, nəqliyyat-logistika dəhlizləri, kommunikasiyaların digər növləri, sərmayə qoyuluşu və s. istiqamətlər üzrə əməkdaşlıqla bağlı sazişlər imzalayıblar. Bakının Çinlə analoji sazişlərinin olduğunu və Mərkəzi Asiya ölkələrinin bu prosesdə yaxından iştirak etdiyini nəzərə alsaq, söhbətin çox nəhəng bir prosesdən getdiyinə əmin olarıq.

Beləliklə, Azərbaycan regional lider kimi növbəti dəfə çox ciddi və səmərəli gediş edib. Bakının strateji addımı bütövlükdə Cənubi Qafqazı fərqli geosiyasi xəttə çıxara, burada bir neçə region üçün ortaq olan sabit mühitin formalaşmasına səbəb ola bilər. Azərbaycanın bu stratejisi uzunmüddətli perspektivdə Cənubi Qafqazı sabitlik və əməkdaşlıq məkanına çevirə bilər!


MANŞET XƏBƏRLƏRİ