Türk dünyasının birliyi: yeni inteqrasiya mərhələsində


Kamal Adıgözəlov

Türk Dövlətləri Təşkilatı (TDT) başçılarının Şuşada keçirdikləri qeyri-rəsmi zirvə görüşü haqqında müxtəlif dairələrdə maraqlı təhlillər aparılmaqdadır. Onların araşdırılması göstərir ki, Şuşa sammitinin geosiyasi təsiri böyük olacaqdır. TDT qurum kimi getdikcə daha güclü şəkildə regional və qlobal geosiyasi proseslərdə yer alacaqdır. Burada maraqlı və aktual olan incəliklərdən biri, heç şübhəsiz, TDT-də Azərbaycan Prezidentinin aparıcı rolunun tam qəbul edilməsi ilə əlaqəlidir. İlham Əliyevin Şuşa sammitindəki çıxışı və ona iştirakçıların verdikləri reaksiyalar bunu təsdiq edir. Bundan başqa, Şuşada Qarabağ Bəyannaməsi adlı sənəd qəbul edilib. Bu sənəd TDT-nin potensialını ifadə etməklə yanaşı, strateji inkişaf yolunu da göstərir. Belə qənaət yaranır ki, TDT qarşısına çox böyük vəzifələr qoyub. Bütün bunların fonunda TDT-nin Şuşa sammitinin bir sıra aspektləri üzərində geniş dayanmaq zərurəti meydana gəlir.

İlham Əliyev TDT-nin lideri kimi

Ekspertlərin Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi sammitinin tarixi və geosiyasi əhəmiyyəti haqqında fikirlərini dünya mətbuatı artıq dərc edir. Bu hadisəyə belə çevik reaksiya verilməsi təsadüfi deyildir. Çünki özlüyündə Şuşa sammiti sıradan biri olmadı. Onun Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana zirvə toplantısından dərhal sonra və NATO sammiti öncəsi keçirilməsi xüsusi geosiyasi məna daşıyır. Ekspertlər əmindirlər ki, Şuşa sammiti Türk dövlətlərinin qlobal miqyasda getdikcə daha geniş şəkildə iştirak etmək niyyətlərinin təzahürlərindən biridir.

Bundan başqa, TDT üzvləri Şuşada elə aktual məsələləri müzakirə etdilər ki, onların regional və qlobal masştabda təsirləri şübhəsizdir. Bu baxımdan Qarabağ Bəyannaməsinin imzalanması və onun bir sıra strateji məsələləri özündə ehtiva etməsi böyük maraq doğurmaqdadır. Məsələ onunla bağlıdır ki, Qarabağ Bəyannaməsi hazırkı mərhələdə Türk dövlətlərinin həm öz aralarında, həm də başqa dövlətlərə münasibətdə həyata keçirəcəkləri koordinasiyalı siyasətin əsas istiqamətlərini ifadə edir.

Etiraf edək ki, tarixdə Türk dövlətləri arasında bu səviyyədə siyasi-hüquqi münasibətləri və onların rəsmi tənzimlənməsi halı olmayıb. Digər tərəfdən, TDT-nin bir təşkilat kimi böyük geosiyasi məkanda təsirli rol oynamağa başlaması çox əlamətdardır.

Bütün bunların fonunda bir mühüm məqamı vurğulamaq lazımdır. Məsələ ondan ibarətdir ki, Türk dövlətləri arasında indiki yüksək səviyyəli əlaqələrin təməlində Azərbaycanın təşəbbüsləri dayanır. Həmin təşəbbüslər Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. "Bir millət, iki dövlət" tezisinin bu prosesdə əsas ideya rolunu oynadığını hər kəs qəbul edir. Digər tərəfdən, 2009-cu il Naxçıvan Bəyannaməsində TDT-nin yaradılması zərurətinin önə çəkilməsi xüsusi təkan rolunu oynadı. Hazırda isə Türk dövlətlərinin liderləri Azərbaycan Prezidenti İlham Əliyevin bu prosesdə lider rolunu açıq etiraf edirlər.

Qarabağ Bəyannaməsində açıq yazılır: "TDT-nin yaradılmasına dair Naxçıvan Sazişinə uyğun olaraq, Dövlət Başçıları Şurasının (DBŞ) müntəzəm görüşləri ilə yanaşı, ildə bir dəfə DBŞ-nin qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təklifini alqışlayaraq" və "TDT-nin Dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkür bildirir, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər".

Türk dünyası və TDT-nin gücləndirilməsi

İlham Əliyevin TDT-nin lideri kimi qəbul edilməsi Azərbaycanın xarici siyasətində Türk dünyası və TDT-nin gücləndirilməsinin prioritet istiqamətlərdən biri kimi yer alması ilə sıx bağlıdır. Çünki Azərbaycanın dövlət başçısının daim Türk dünyasının tərəqqisi naminə çox ciddi siyasi-diplomatik addımlar atdığı bir həqiqətdir. Şuşa sammitində də İlham Əliyev bu barədə açıq fikir bildirib. Deməli, bundan sonra da Azərbaycan Prezidenti TDT-nin güclənməsi üçün fəallıq göstərəcəkdir. Bu, çox nikbin əhval-ruhiyyə yaradır. Digər məqamlarla yanaşı, onun stimulverici əhəmiyyəti bütövlükdə Türk dünyasının stratejidə dünya miqyasında geosiyasi statusu ilə əlaqəlidir. Bu barədə də Azərbaycan lideri Şuşada konkret tezisini ifadə edib.

"XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır"

Azərbaycan Prezidenti vurğuladığımız tezisi ilə TDT-nin strateji xarakterli bir əməkdaşlıq platforması olduğunu ifadə edib. Bütövlükdə XXI əsrdə Türk dövlətlərinin əməkdaşlıq planlarının mövcudluğu aydın olur. Onun əsas məqsədi Türk dövlətlərini dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxarmaqdan ibarətdir. Bu baxımdan XXI əsrin Türk dünyasının inkişaf yüzili olması fikri böyük geosiyasi mənası olan tezisdir.

Məsələ həm də onunla bağlıdır ki, XXI əsrin geosiyasi "siması"nı Türk dövlətləri müəyyən edə bilərlər. Əsrlərdir ki, dünyada özünü göstərən ədalətsizliyə, hüquqsuzluğa, antihumanizmə birdəfəlik son qoyula bilər. Bu nikbin fikrin Şuşadan səsləndirilməsi xüsusi məna daşıyır. Məhz həmin gerçəklikdən beyin mərkəzləri geosiyasi anlamı olan maraqlı bir qənaət əldə edirlər. Onu da Azərbaycan Prezidenti ifadə edib.

"TDT dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir"

Bu, geosiyasi anlamda çox güclü tezisdir. Səbəbi onunla bağlıdır ki, hazırda dünyanın güc mərkəzlərinin qlobal miqyasda fəaliyyətlərində dərin böhran yaşanır. Onların heç biri üzərlərinə düşən vəzifələri beynəlxalq hüquq və ədalətlilik müstəvisində yerinə yetirə bilmirlər. Bu səbəbdən dünyanın müxtəlif regionlarında intriqalar, toqquşmalar, ixtilaflar, hərbi qarşıdurmalar artır. Qorxulu tendensiyalardan biri qlobal geosiyasi güc mərkəzlərinin bir-biri ilə kəskin qarşıdurmasıdır.

Belə bir vəziyyət məntiqi olaraq qlobal miqyasda güc mərkəzlərini tarazlaya biləcək yeni güc mərkəzinin yaranmasını aktuallaşdırır. Bu rola TDT iddialı ola bilər. Bunun üçün onun kifayət qədər potensialı vardır. Digər tərəfdən, TDT üzvləri ayrılıqda və kollektiv halda getdikcə daha ciddi gücə çevrilirlər. İlk sırada Azərbaycan dayanır. Bakı bir sıra istiqamətlərdə fəaliyyətini daim gücləndirir və artıq regional lider kimi qlobal miqyasda təsiri olan dövlətlərdən biridir. Azərbaycanın həyata keçirdiyi müxtəlif layihələr çoxlu sayda dövlətlərin milli təhlükəsizliyini təmin edən faktorlardandır.

Bu prosesdə Azərbaycan Prezidentinin Şuşada vurğuladığı bir tezisin rolu xüsusidir. İlham Əliyev orada ifadə edib ki, "Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür". Məsələ onunla bağlıdır ki, bu həmrəyliyin stimulvericisi də Azərbaycan lideridir. Bu məqam olmasaydı, Şuşada TDT-nin sammiti bu dərəcədə mütəşəkkil və yüksək səviyyədə keçməzdi.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti konkret təşəbbüsləri və layihələri ilə buna nail olub. Vurğuladığımız bu fikri aşağıdakı tezislər də təsdiq edir.

"Enerji sahəsində strateji tərəfdaşlığımız çox əhəmiyyətlidir"

Bəli, Azərbaycan Prezidenti tam haqlıdır – Türk dövlətlərinin əyani şəkildə və praktiki olaraq əməkdaşlığında Azərbaycanın həyata keçirdiyi enerji strategiyası həlledici rol oynamaqdadır. Həmin layihələr sözdə deyil, feili olaraq Türk dövlətlərini birləşdirməkdədir. Buna görə də enerji sahəsində strateji əməkdaşlıq bütövlükdə qarşılıqlı faydalı əlaqə platformalarının yaradılmasında ön plana çıxır. Bu bağlılıqda digər bir əməkdaşlıq formasının da aktuallığını qeyd etmək lazım gəlir.

Prezident İlham Əliyevin Şuşada bəyan etdiyi aşağıdakı fikri maraq doğurur: "Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir". Çünki nəqliyyat-logistika xidmətləri müasir dövlətlərin sabit və etibarlı qarşılıqlı əlaqələri üçün olduqca vacib şərtlərdən biridir.

Təbii ki, buraya maliyyə məsələləri də daxildir. Şuşada dövlət başçılarının Türk İnvestisiya Fondunun təsis edilməsinə böyük önəm vermələri baxdığımız kontekstdə ciddi əhəmiyyətli məsələdir. Prezident İlham Əliyev onu konkret ifadə edib. Dövlət başçısı deyib: " ... Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır".

Beləliklə, TDT-nin qeyri-rəsmi Şuşa sammiti, faktiki olaraq, həm təşkilatın, həm də geniş bir geosiyasi məkanın həyatında əhəmiyyətli hadisədir. Bu tədbirdə qəbul olunan qərarlar bir çox dövlətlərin xarici siyasətinə düzəlişlər edə bilər. Yuxarıda vurğulanan məqamlar isə göstərir ki, Azərbaycan bu prosesdə liderliyə davam edir. Bu liderliyin müsbət nəticələrini yaxın illərdə daha aydın görəcəyik!


MANŞET XƏBƏRLƏRİ