Kamal Adıgözəlov
Azərbaycan Ordusu bir sutka ərzində Cənubi Qafqazın geosiyasi taleyini kökündən dəyişdi. Uğurla keçirilən hərbi əməliyyat həm Ordumuzun gücünü bir daha göstərdi, həm də ölkə rəhbərliyinin yeritdiyi siyasətin ədalətliliyini, milliliyini, sülhpərvərliyini növbəti dəfə ortaya qoydu. Bu hadisəyə dünyada münasibət fərqli ola bilər. Hətta Azərbaycanın daxilində də bəzi nankor qüvvələr tapıla bilər. Lakin tarixi rakursda fakt budur: Azərbaycan regiona sülh, sabitlik və ədaləti özünün bütün haqlarını təmin etməklə gətirməyi bacardı! Dövlətçilik tariximizin şanlı səhifələrindən biridir! Və ekspertlər baş verənləri müxtəlif kontekstlərdə təhlil etməyə çalışırlar. Biz Azərbaycanın regional geosiyasi gücünün artması aspektində "44+1" formulu fonunda prosesləri geosiyasi analiz etməyə ehtiyac görürük.
Bakının "blitskriq" planı: Cənubi Qafqazı yeniləyir
Otuz il bundan əvvəl Azərbaycanın geniş bir məkanda söz sahibi ola biləcəyini özünü böyük sayan dünya güclərindən heç biri proqnozlaşdıra bilməmişdi. Yalnız Ulu Öndər Heydər Əliyev bunu görür, buna inanır və dövlət quruculuğunu həmin hədəfə doğru aparırdı. "44+1" formulu bunu sübut etdi! Və yaxud başqalarının illərlə həll edə bilmədiyi məsələləri Azərbaycan qırx dörd günlük İkinci Qarabağ müharibəsində həll etdi. Bu formulun geosiyasi izahına hələ çox təhlillər həsr olunmalıdır...
Şərti olaraq "Üçüncü Qarabağ müharibəsi" adlandırdığımız ildırımsürətli (məşhur "blitskriq" planından daha sürətli) hərbi əməliyyatlarla bir tarixi mərhələyə son qoydu, digərini başlatdı. Geosiyasi-hərbi, təhlükəsizlik və sülh aspektlərində şübhəsiz belədir. Hazırda dünya miqyasında siyasətçilər və ekspertlərin hadisəyə reaksiyası fonunda bu tezisi asanlıqla əsaslandırmaq olar.
İlk öncə, hərbi əməliyyatların xarakteri və gedişi haqqında. Azərbaycan Ordusu dəqiq zərbələr endirməkdə dünyanın aparıcı orduları sırasında yer aldığını tam sübut etdi. Yalnız hərbi obyektlər yüksək dəqiqliklə vuruldu. Hətta ermənilərin havadarları belə bu aspektdə zərrə qədər də bəhanə tapa bilmədilər. Deməli, Azərbaycan Ordusunun dəqiq vurucu gücü postsovet məkanında birincidir! Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük uğurudur.
Digər tərəfdən, hərbi əməliyyatı idarə etməkdə və aparmaqda Azərbaycan yüksək qabiliyyət, çeviklik və nəticəlilik nümayiş etdirdi. Bu isə o deməkdir ki, Azərbaycan Ordusu fəaliyyətini peşəkar səviyyədə təşkil etmək qüdrətindədir. Hərbi baxımdan Ordunun intizamının, məqsədə yönəlməsinin və atacağı addımları dəqiq müəyyən etməsinin əlamətidir! Yəni, Azərbaycan Ordusu istənilən şəraitdə praktiki nəticə əldə edə bilən mükəmməl idarəetmə sisteminə malikdir! İlham Əliyevin Ordu quruculuğunu ən müasir tələblər səviyyəsində aparmaq qabiliyyətinin, ustalığının və milliliyinin göstəricisidir.
Azərbaycan komandosu yüksək hərbi hazırlıqla yanaşı, yüksək vətənsevərlik, intizamlılıq, məsuliyyətlilik və qətiyyətlilik də nümayiş etdirdi. Buraya Azərbaycan əsgərinin humanizmi də daxildir – düşmən əsgərinə çəkinmədən yardım etdi! Bu, Azərbaycan döyüşçüsünün mənəvi-əxlaqi keyfiyyətinin təzahürüdür! Bütövlükdə xalqın, türk millətinin nailiyyətidir!
Beləliklə, Azərbaycan dövləti cəmi iyirmi dörd saat ərzində dünyaya sübut etdi ki, hərbi üsuldan elə istifadə etmək olar ki, siyasi-diplomatik uğurun qarşısına kimsə maneə çıxara bilməsin. Əslində, bu fikri Metyu Brayza konkret ifadə edib. Haqlıdır, Azərbaycan rəhbərliyi bu məsələdə bütün dünyaya nümunə ola bilər!
Vurğuladığımız məqamlarla yanaşı, Azərbaycan dövlətinin atdığı addıma beynəlxalq reaksiya olduqca maraqlı oldu. Öncələr Azərbaycana qarşı neqativ mövqe tutan böyük güclər belə indi bir-birinin ayağını basa-basa regionun geosiyasi gündəmində yer almağa çalışırlar. Azərbaycanın müəyyən etdiyi gündəmi nəzərdə tuturuq. Və burada bir neçə yeni geosiyasi məqam özünü göstərməyə başlayıb.
Hər şeydən öncə, açıq hiss olunur ki, ABŞ, Fransa, Rusiya və hətta İran belə Azərbaycana "sən kimsən" məntiqi ilə yanaşmaqdan vaz keçirlər. İndi onların hər biri öz imkanları daxilində regional geosiyasi mənzərənin formalaşmasında "Azərbaycanla necə əməkdaşlıq etmək olar" barədə düşünürlər. Ekspertlər həmin kontekstdə belə fikir irəli sürürlər ki, Avropa İttifaqı vəziyyəti mürəkkəbləşdirməklə bu prosesdə iştirak etməyə çalışır. Bu barədə Sergey Lavrov da fikir bildirib. Əgər doğrudan da belə hal varsa, Brüsselin şansı minimumdur. Azərbaycan-Türkiyə birliyi kimsəyə belə şıltaqlıq etməyə imkan verməyəcək! Bu isə yeni reallıqdır!
Barış və sülhün təminatçısı: Azərbaycanın yeni tarixi və geosiyasi rolu
Digər yeni məqam rəsmi İrəvanın özünün geosiyasi mövqeyinə düzəliş etməsi ilə bağlıdır. Nikol Paşinyan həmin məqamı qabartmağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyev həmişə olduğu kimi, yüksək ədalətlilik və obyektivliklə bunu qiymətləndirərək, "Ermənistan rəhbərliyi bu dəfə səriştəli davrandı" fikrini ifadə edib.
İndi İrəvanın küçələrində hakimiyyətə təzyiqlər artır, lakin görünən odur ki, N.Paşinyan erməni dövlətçiliyini xilas etməkdə hətta Amerika və Avropa havadarlarına da dirəniş göstərməyi göz önünə alıb. Bu bağlılıqda qəti fikir söyləmək niyyətindən uzağıq, çünki erməni xislətini yaxşı bilirik. Hər halda indi görünən budur.
Bunların fonunda Rusiya-Ermənistan münasibətlərinin yeni çalarları maraq doğurur. Ekspertlər sırasında İrəvanın KTMT-dən çıxacağını iddia edənlər vardır. Digərləri isə Ermənistana yalnız Rusiyanın dost ola biləcəyi tezisini irəli sürür. Deməli, hazırda Rusiya-Ermənistan münasibətlərində bir qeyri-müəyyənlik, xaotik vəziyyət hökm sürür. Rəsmi İrəvan baş verənlərin fonunda Moskvaya münasibətini tam müəyyən edə bilməyib. Kremldən isə təzyiqlər edilir. O cümlədən Robert Köçəryan klanına müəyyən dəstəkdən bəhs edirlər. Guya Rusiya xüsusi təyinatlılar göndərib. Ancaq bütün bunları təsdiq edən fakt yoxdur.
Aydındır ki, Rusiya-Ermənistan münasibətlərində silkələnmələr davam edəcək. İranla bağlı isə müəyyən tərəddüdlər meydana çıxmaqdadır. Tehran Ermənistanda ABŞ-ın hökmran olmasını istəmir və buna görə İrəvana xəbərdarlıqlar edir. Ancaq İranın bu etirazına Ermənistan rəhbərliyinin lazımi reaksiya vermədiyi də özünü göstərir.
Rusiya və İrandan fərqli olaraq, Qərb Ermənistanda özünü daha inamlı hiss etməyə başlayıb. Türkiyə mediasında aparılan müzakirələrdə hətta ABŞ-ın Ermənistanda geosiyasi üstünlüyə malik olduğu haqqında fikirlər səsləndirilir. Fransa isə elə təsirli görünmür.
Bütün bunlar Azərbaycanın yaratdığı regional reallığın fonunda baş verir. Deməli, əks cəbhədə cərəyan edən geosiyasi proseslər Bakının oyun qaydalarına uyğunlaşmaq üçün atılan ilkin addımlarını xatırladır. Həmin prizmadan Azərbaycan-Rusiya, Azərbaycan-Qərb, Azərbaycan-İran və Azərbaycan-Türkiyə münasibətlərinin yeni məzmun çalarları çox aktual təsir bağışlayır. Ancaq bu məsələlər Azərbaycanın Qarabağ regionunda "44+1"-dən sonra atdığı addımların məzmunundan birbaşa asılıdır.
Azərbaycan Qarabağda məskunlaşmış erməniəsilli insanlara qarşı yüksək tolerantlığını, hüquqiliyini və onların cəmiyyətə reinteqrasiyası üçün çalışdığını nümayiş etdirməkdədir. Bunu Yevlax görüşündə və ondan sonra baş verənlərdə açıq hiss etmək mümkün oldu. Belə ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan ermənilər üçün lazım olan humanitar yardımı dərhal Ağdam-Əsgəran istiqamətindən göndərməyə başladı. Bu proses Azərbaycan Ordusunun Xocalı, Xocavənd, Xankəndi, Ağdərəyə daxil olması prosesi fonunda uğurla davam etməkdədir. Yəni, Azərbaycan bütün dünyaya mesaj verir ki, öz ərazisinə konkret nəzarəti təmin etməklə orada yaşayan insanların həyatını təminat altına alır, onların təhlükəsizliyini təmin edir.
Təbii ki, həmin bağlılıqda separatçı və terrorçuların silahları təhvil verməsi prosesin mühüm tərkib hissələrindən biridir. Bu məsələdə də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin "silahı yerə qoyan azaddır" fikrini bildirməsi Azərbaycan dövlətinin yüksək humanizmindən xəbər verir.
Bunlar təsadüfən baş verməyib. Hikmət Hacıyev bəyan edib ki, "Azərbaycan separatçıların silahsızlaşdırılması haqqında təminat alıb" və "Qarabağdakı ermənilərin cəmiyyətə reinteqrasiyası Azərbaycanın daxili işidir". Bunlar özlüyündə Fransanın BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı keçirilən iclasında ermənipərəst canfəşanlığını səmərəsiz edib və nəticə də belə oldu.
Bütün bunların fonunda Azərbaycanın Rusiya, İran, Qərb dövlətləri və Türkiyə ilə münasibətlərinin yeni səviyyəyə yüksəldiyi aydın görünür. Bu istiqamətlərin hər birinin mərkəzində Azərbaycanın milli dövlətçilik maraqları dayanır. Həmin kontekstdə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan müzakirə formatını yaratmaq təklifi böyük maraqla qarşılanıb.
Beləliklə, Azərbaycanın yeni "44+1" formulu Cənubi Qafqazda geosiyasi mənzərəni dəyişməkdədir. Buraya daha geniş miqyasda yeni məkanların da daxil olacağına şübhə etmirik!