TORPAĞIN ARZUSU…


Dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin “Torpağın arzusu” əsəri mən doğulmamışdan 10 il öncə çəkilib. - Azərbaycan təsviri sənətində unikal bir mənzərə poetikasını təcəssüm etdirən “Torpağın arzusu”nu çəkəndə rəssamın 54 yaşı vardı - sənətinin lap zirvə vaxtlarıydı… Hətta sənətkarın yaradıcılığında “partlayış dönəmi” (1950-ci illərin sonu – 1960-cı illər) də adlanırmaq olar: Bu, Bəhlulzadənin öz bənzərsiz üslubunu tapdığı və təbiətə fəlsəfi-mistik yanaşmasını ortaya qoyduğu bir mərhələ olsa gərək...
O, məhz həmin dönəmdə fantastik-realist adlanan özgü üslubda əsərlər yaradıb. “Xəzərdə axşam” (1959) əsəri ilə başlayan bu “partlayış dönəmi”nin digər ilk və əsas örnəkləri “Qudyalçay vadisi” ilə məhz “Torpağın arzusu” (1963) olmalı…
Bu mərhələdə sənətkarın yaradıcılığı həm tematik, həm forma baxımından tam çiçəklənib. Hətta təbiət motivləri fonunda mistik elementlər, torpaqla ruhun dialoqu kimi yeni məzmun qatları formalaşıb.

Mən məndən 10 yaş böyük olan bu əsərin vurğunuyam. İndi - bu sətirləri yazıram və düşünürəm, deyə bilərlər: sənətkatın doğum günü deyil, anım genü deyil, ev-muzeyinin açıldığı günün ildönümü də hələ gələn ayın 22-sindədir… bə bu yazı nə münasibətlə yazılmış ola? - Deyim: məncə, Səttar Bəhlulzadə kimi nadir sənətkarlar və “Torpağın arzusu” kimi möhtəşəm əsərlər haqqında özəl gün, münasibət, səbəb axtarmağa heç ehtiyac yoxdur - macal olsa, onlar elə hər gün yazılmalı hadisələrdir!.. Mənim də (ən azından bu ilki torpaq oyanışı vaxtından) könlümdən yazmaq keçirdi və bölüşmək imkanım bu günə düşdü…

Bu əsərdə torpağın, təbiətin və insan ruhunun sarsılmaz birliyi, içsəl özləmləri və ecazkar enerjisi ifadə olunub.

Əsərin önplanında al qırmızı lalə tarlaları — məhsuldarlığın, sevginin və torpağın canlı nəfəsinin rəmzi kimi canlanır. Və bəlkə də, “Nə vaxtdı Bakının gözü yoldadır, bir qonaq gələsiz bizə lalələr” Rəşidi ismarıcı vardır burada - nə bilim…
Ortada yerləşən su hövzəsi və onun çevrəsindəki çoxrəngli əkin zolaqları torpağın arzusunu — dirçəlişi, bərəkəti və rəngarəng həyat eşqini əks etdirir. Fon planında dağlar və göyə ucalan ağ buxar zolaqları isə həm mistiklik, həm də ümidin simvolik dilidir. Quş dəstəsi isə bu arzunun qanadlanması, təbiətin ruhani çağırışı, təbiət elementlərinin harmonik tamlığıdır…

Bu rəsm, bu rəsm özü dil açıb danışır, danışır sanki:
Torpağın arzusu - rəngin, ruhun və mədəniyyətin içsəsi yayılır dörd yana…

“Mən torpağın nəfəsini eşidirəm… Dağ danışır, çay isə ürəyini açır mənə. Mən sadəcə boyanı çəkirəm, amma mənzərə özü içimdə yaranır”… - Bu cümlələri sanki Səttar Bəhlulzadənin xatirə dəftərindən oxuyuram…

Sənətkarın əsərlərinə baxdıqda, hiss edirsən ki, o, təbiəti (sadəcə) seyr etməyib – təbiətin öz içindən baxıb dünyaya. Onun tabloları sadəcə gözəllik tərənnümü deyil – bunlar torpaqla ruhun dialoqudur. Hər bir rəsmdə bir içsəslə danışır – bu səs nə çığırtıdır, nə də pıçıltı – bu, torpağın arzusudur…

Əgər rəssamın fırçası bir alxışıydısa, həmin alxış torpağa deyilib…
Əgər rənglər bir səsiydisə, bu səs lalə kimi torpaqdan doğulub...
Və əgər bir tablo öz içində təbiət qədər və təbii dərinlik daşıyırsa, o da Səttar Bəhlulzadənin “Torpağın arzusu” əsəri olmalı...

Bu əsər sadəcə bir mənzərə deyil, deyil!..
Bu əsər, bu əsər – torpağın nəfəsidir.
Lalələrin qıpqırmızı alovu ilə yanan bir nəfəs... Əkin zolaqlarının müxtəlif rənglərə bölünməsi – torpağın göyüzünə doğru qanadlanması, yəni öz arzularını rənglərlə dilə gətirməsidir. Su isə… su – torpağın özünə baxdığı aynadır; duru, səssiz və anlamla dolu…

Hələ dağlar, fondakı dağlar – insanın sabit təbiətini, dəyişməz xarakterini simvolizə edir. Ancaq onların önündə yüksələn buxar sütunları – torpağın içindən göyə qalxan arzu çırpıntılarının ta kəndisidir... Və göyüzündə dövrə vuran quşlar – alxışların cavabıdır, arzuların çiçək açmasıdır. Onlar, onlar həm də qurtuluşdur, yurd həsrətidir, insan ruhunun təbiətə qovuşma ehtiyacıdır.

“Torpağın arzusu” Səttar Bəhlulzadənin sənət dünyasında bir dönüm nöqtəsi kimi də dəyərləndirilə bilər. Bəli, bu tablo onun öncəki əsərlərinin içindən boy verən məntiqi və poetik inkişafın zirvə nöqtəsi kimi çıxış edir. Əsərdə artıq təbiət portretləri sadəcə gözəllik obrazı kimi deyil, bir dünyagörüşünün, ekzistensial təbəddülatların vizual kodu kimi işlənib.

Öncəki əsərlərində torpağı, ağacları, çayları müşahidə edən, onlara bədii forma verən sənətkar, bu əsərdə artıq torpağın içindən danışır, onun adından danışır. “Torpağın arzusu” – əslində sənətkarın içsəsinin rənglə ifadəsidir. Sanki bu əsər boyaları ilə torpağın deyil, ruhun dilini danışır... Bu dil həm mistikdir, həm də yerli; həm milli, həm də kosmik...

Və elə bu səbəbdən də “Torpağın arzusu” yalnız ötən dönəmin tamamlayıcısı deyil, həm də gələcək tabloların başlanğıcıdır. Ondan sonra gələn əsərlərində (kompozisiyalarda) artıq torpaqla insan birləşir, məkana ruh qatılır, təbiət mədəni kimlik qazanır... Yəni bu əsər bir estetik və ideya qovşağıdır – həm ötəni özündə toplayan, həm də gələcək sənət xəritəsini işıqlandıran bir yaradıcılıq sınırıdır.

Bu əsərdə torpaq–ruh, rəng–kimlik, təbiət–mədəniyyət üçlükləri (triadaları) önplana çıxır. “Torpağın arzusu” sadəcə bir eko-etno-estetik ifadə deyil, həm də milli-mədəni kimliyin ruhani simvoludur. Torpaq burada yalnız fiziki məkan olmaqda qalmayıb, mənəvi dəyərlərə də işarə edir. Səttar Bəhlulzadə torpağa təkcə rəng verməyib – o, torpağın öz içində daşıdığı əbədilik kodlarını canlandırıb...
Bu torpaq bərəkət saçır…
Lalələr dilə gəlib, tarlalar söz deyir…
Dağ və su… - onlar bir-birinə nəğmə oxuyur…
Və quşlar… quşlar torpağın bağrından uçub göyə çatır…

Torpağın arzusu
torpaqdan da,
arzudan da
artıqdır…

Bəli,
Səttar Bəhlulzadə Azərbaycan mədəniyyətində torpaqla insan, təbiətlə ruh arasında körpü salan sənətkarlardandır. Onun sənəti XX yüzilin ortalarında mədəni kimlik axtarışının vizual poetikasıdır. “Torpağın arzusu” bu axtarışın qovşağı, həm də ruhun manifestidir.

Əməkdar incəsənət xadimi, rəhmətlik Ziyadxan Əliyevin, Xalq rəssamı – ünlü sənətkar Eldar Mikayılzadənin ustadları – dahi sənətkarımız Bəhlulzadə haqqında anılarını öz dillərindən eşitmişəm.
Örnəyi, Eldar müəllim belə danışırdı:
“Sənətkar dəniz mənzərəsi çəkmək üçün adətən erkəndən yola çıxırdı. Ona görə də cavan vaxtlarımda bir gecə ustadın evində qalmalı oldum ki, səhər tezdən Xəzər sahilinə birgə gedək.
Çəkiliş öncəsində Səttar müəllim nə edirdisə, eynisini təkrarlayırdım – o “üçayaqlı”sını (tripodunu) hansı istiqamətə qururdusa, mən də öz “üçayağ”ımı eyni səmtə ayarlayırdım.
Bunu görüncə ustad sərt şəkildə rusca dedi:
“Иди, найди свою точку, это моя точка” -
“Get, öz nöqtəni tap, bu mənim nöqtəmdir”!
Mən də dərhal başqa mövqeyə – “öz nöqtəm”ə keçib, orada işləməyə başladım…

İndi isə sinestezi və ruhi palitraya - Bəhlulzadənin duyğu harmoniyasına odaqlanalım.

Səttar Bəhlulzadənin “Torpağın arzusu” əsərinə yalnız gözlə baxmaq yetərli deyil; bu tabloya (necə deyərlər) qulaq asmaq, onu hiss etmək, dadmaq, toxunmaq və onunla nəfəs almaq, ona baxıb toxtamaq mümkündür... Əsərdə duyğular bir-birinə qarışır. Burada rənglər danışır, səssizlik səsə çevrilir, təbiət bir musiqi kimi axır, axır…
Bu, sinestezinin – duyğuların vəhdətinin bədii təcəssümüdür. Rəsmdə:
-Qırmızı lalələr isti bir səda kimi ürəyə toxunur;
-Yaşıl zolaqlar yumşaq bir melodiyanın ritmində torpağa yayılır;
-Mavi su səthi sakit bir nəfəsin şəffaflığıyla baxır sənə;
-Dağlar kəsilməyən bir susqunluqla danışır, danışır…
-Quşlar, quşlar isə səssizliyin qışqırığı kimi göyə doğru uçur, uçur...

Burada rəng səsə, forma duyğuya, məkan isə ruha çevrilir.

Səttar Bəhlulzadə bu sinestetik harmoniyanı yalnız texniki ustalıqla deyil, ruhi gücün estetik yorumu ilə yaradıb. O, duyğular arasında sınır tanımayıb. Onun fırçasında
su - dad verir,
dağ - nəfəs alır,
torpaq - danışır,
göy - dinləyir…

Bu, klassik anlamda rəsmdən çox –
şeir kimi bir tablodur,
musiqili bir mənzərədir,
ruhi bir ovqatdır. Və bu ovqat hər kəsin iç dünyasında fərqli rənglərlə təcalla tapır...

Sənətkar keçmiş partiyanın, onun keçmiş Mərkəzi Komitəsinin, keçmiş SSRİ Rəssamlar İttifaqının və b… deyil, torpağın arzusunu çəkib, torpağın! - Özü də, elə çəkib, baxan kimi görürsən: bu, Azərbaycan torpağının arzusudur!..

Ona görə də “Torpağın arzusu”na baxmaq, sadəcə görmək deyil. -
Eşitmək,
hiss etmək,
duymaq və
ruhən içində olmaq
deməkdir... Rəsmdə torpaq yalnız arzulanmır – torpaqla birlikdə tamaşaçı da öz arzunu tapır elə bil…

Elə bil,
sənətkafın palitrasından hisslər, hisslər danışır:

Qırmızı – torpağın ürək döyüntüsü;
Yaşıl – nəfəs alan sükut;
Mavi – anılar kimi axın edən səssizlik;
Ağ – alxış kimi ucalan sakitlik;
Sarı – işığın altun pıçıltısı;
Qəhvəyi – torpağın dilidir…

Bəhlulzadənin “Torpağın arzusu” əsəri, əslində bir arzunun özüdür – bu, insanın torpaqla harmoniyada yaşamaq istəyinin, içində daşıdığı təbiət ruhunun rənglərə çevrilmiş mükəmməl şəklidir...

Bu tablonun önündə dayananda, sanki torpaq səni tanıyır, səni öz rəngində qəbul edir və deyir:
“Mən sənin də içində varam. Mən sənin yaddaşınam. Gəl, bir anlıq dayan… nəfəsimi eşit… məni duy”!

Və sən susursan… Susursan ki, torpaq danışsın…
Azərbaycan torpağının arzusu ümumtorpaq arzuları ilə yanaşı, bütövlük arzusudur, “mavi Vətən” - Xəzər ilə, Xəzərə uzun, ağrılı yol keçib gələn Arazın o tayı ilə, yenə Xəzərə axan Terekin bu tayı ilə, Günbatar Azərbaycanla… bir ruhi güc nümayiş etdirməkdir… Əkilərək qorunmaq, qorunaraq əkilməkdi torpağımın arzusu…

Torpağın arzusunu fırçadan qələmə keçirdi:

Əkbər QOŞALI

28.04.2025, yenə BAKI…

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç


MANŞET XƏBƏRLƏRİ