DİQQƏT İRƏVANA! - Əkbər Qoşalı YAZIR... (lV bölüm)


(əvvəli BU LİNKDƏ)

✅ (lV bölüm)

Beynəlxalq məhkəmələrdə mülkiyyət hüququnun qorunması - analoji presedentlər

AİHM (Avropa İnsan Hüquqları Məhkəməsi) praktikasında keçmiş sosialist ölkələrində müsadirə edilmiş mülklərlə bağlı bir sıra presedentlər mövcuddur. Örnəyi:
- “Broniowski v. Poland” işi – Polşa hökuməti tərəfindən kommunist dönəmində müsadirə edilmiş əmlak üçün kompensasiya mexanizmi yaradılması zərurəti vurğulanıb;
- “Kopecký v. Slovakia” işi – Şəxsi mülkiyyətin pozulması və sonradan restitusiyanın mümkünlüyü hüquqi qiymətləndirməyə cəlb edilib.
Bu presedentlərə istinad etməklə, İrəvan azərbaycanlıları, o cümlədən Vəkilovların İrəvan qolunun varisləri (və ya Azərbaycan hüquq ictimaiyyəti) Ermənistan hökumətindən tarixi ədalətin bərpasını tələb edə bilər.

Postsovet məkanında oxşar hallar və
hüquqi sonuclar

SSRİ-nin dağılmasından sonra postsovet ölkələrinin çoxunda keçmiş rejimin ədalətsiz müsadirə və milliləşdirmə siyasətinə hüquqi qiymət verilməsi məsələsi gündəmə gəlib. Özəlliklə Baltikyanı və Doğu Avropa dövlətləri bu yöndə bir sıra ciddi hüquqi addımlar atıb. Bu ölkələrdə fərdi, ailə mülkiyyətlərinin restitusiyası və ya kompensasiyası üçün xüsusi qanunlar qəbul edilib:

Estoniya modeli –
SSRİ dönəmində müsadirə edilən əmlakın öncəki yiyələrinə qaytarılması üçün 1991-ci ildən başlayaraq hüquqi baza formalaşdırılıb. - Əgər mülkiyyətin qaytarılması mümkün olmayıbsa, kompensasiya təklif edilib;

Latviya təcrübəsi –
Mülkiyyətin bərpası hüququ Anayasa prinsipləri səviyyəsində tanınıb və 90-cı illərdə bu yöndə yüzlərlə iddia təmin edilib;

Almaniya örnəyi –
İki Almaniyanın birləşməsindən sonra Doğu Almaniyada dövlətləşdirilmiş əmlaklara görə kompensasiya sistemi tətbiq olunub;

Ukrayna vaxtilə Krıma dönən tatarların mülkiyyət hüququna sayğılı davranıb;

Gürcüstan da Axıska türklərinin geridönüş haqları çərçivəsində (yetərli sayda olmasa da) bir sıra ailələrin ev-eşiyini özünə qaytarıb yaxud alternativ təklif edib və s.

Bu örnəklər bir daha göstərir ki, keçmiş rejimlərin hüquq pozuntuları “hüquqi unudulma”ya düçar edilmir; əksinə, belə hallara hüquqi baxışın yaradılması həm keçmişin ədalətli qiymətləndirilməsi, həm də vətəndaşların güvəninin bərpası üçün əsas şərtdir.
İndiki halda,
İrəvan azərbaycanlılarının, o cümlədən Vəkilovların varislərinin haqları uluslararası hüquqa və Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əsaslanaraq bu yönlərdə tanına bilər:

Restitusiya (əmlakın geri qaytarılması) hüququ

Əgər mülkiyyət hələ də dövlət istifadəsindədirsə və hüquqi baxımdan azad durumdasa, uluslararası təcrübəyə əsaslanaraq onun hüquqən yiyələrinə qaytarılması iddia edilə bilər. Təbii, bu, Ermənistan qanunvericiliyinin indiki durumu və siyasi iradə ilə çox sıx bağlıdır.

Əmlaka görə kompensasiya hüququ

Daha gerçəkçi və geniş tətbiq olunan yol – kompensasiya tələbidir. Bu, iki yöndə mümkün ola bilər:
-Ermənistan məhkəmələri vasitəsilə (daxili hüquqi prosedurlar əsasında);
-AİHM vasitəsilə, Ermənistanın Konvensiya iştirakçısı olması və əmlak hüququnu qorumaq öhdəliyinə əsasən.

Bir daha
hüquqi mübarizə vasitələrini vurğulayaq:
-Tanıqbəlgələri (Şəhadətnamələr), arxiv tapuları, digər bəlgələr, aktlar, protokollar – hüquqi sübutlar kimi təqdim oluna bilər;
-Hüquqi ekspertiza və tarixi-mülkiyyət xəritələrinin bərpası – iddianı əsaslandırmaq üçün vacibdir;
-Azərbaycan dövləti və QHT-lərinin (ümumən vətəndaş cəmiyyəti institutlarının) dəstəyi ilə bu məsələnin uluslararası müstəviyə çıxarılması.

Bir sözlə,
Məhəmməd ağa Vəkilovun, digər azərbaycanlıların İrəvandakı mülklərinin müsadirəsi və onun yerində Ermənistan hökumətinə xidmət edən infrastrukturun tikilməsi təkcə bir ailənin yox, bütöv bir mədəni irsin, kollektiv yaddaşın və hüquqi tarazlığın pozulması deməkdir. Bu hadisə, hüquq və tarix qarşısında cavabdehlik tələb edən fakt olaraq qalır.

Önərilər:
1. Azərbaycan Hüquqşünaslar Konfederasiyası və AMEA-nın aidiyyəti institutları bu məsələni hüquqi-tarixi sənəd kimi araşdıra bilər;
2. Müstəqil hüquqşünaslar qrupu tərəfindən AİHM və digər uluslararası qurumlara müraciət üçün iddia hazırlaya bilər;
3. Vəkilovların və digər azərbaycanlıların hüquqi varislərinin iştirakı ilə tanıqlıq (şəhadət) və hüquqi sənəd toplama kampaniyası təşkil oluna bilər;
4. Ermənistanın uluslararası hüquqi öhdəlikləri kontekstində bu məsələ diplomatik və hüquqi səviyyəyə çıxarıla bilər;
5. Oxşar hadisələrin hüquqi presedent kimi toplanması üçün bölgəsəl hüquqi reyestr yaradılaraq uluslararası platformlarda təqdim oluna bilər.

Bu cür təşəbbüslər təkcə bir mülkün deyil, bütöv bir tarixi yaddaşının bərpası deməkdir. Hüququn yüksək məqsədi, amalı və borcu ədalətin bərpasıdır. Bu bərpa həm keçmişin haqqını, həm də gələcəyin sabitliyini təmin edərdi...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Qaynaqlar:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 157 – Mülkiyyət hüququnun anlayışı və əhatə dairəsi.
2. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası (Protokol No.1, Maddə 1).
3. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948), Maddə 17 – Mülkiyyət hüququ.
4. Broniowski v. Poland, Application no. 31443/96, Judgment of the Grand Chamber of the European Court of Human Rights (22 June 2004).
5. Kopecký v. Slovakia, Application no. 44912/98, ECHR Judgment (28 September 2004).
6. Estonia’s Principles of Restitution, Estonian Ministry of Justice Reports, 1992–1996.
7. Sasse, Gwendolyn. The Politics of Property Rights in Post-Communist Transition, Cambridge University Press, 2003.
8. Kornai, János. The Socialist System: The Political Economy of Communism, Oxford University Press, 1992.
9. Əliyev, Z. (2010). “İrəvanda Azərbaycanlılara məxsus mülklərin taleyi”, Tarix və Hüquq jurnalı, №3.
10. Əlizadə, R. (2021). “Postsovet məkanda restitusiyanın hüquqi modelləri”, Qafqaz Hüquq Araşdırmaları, №5.
11. Avropa İnsan Hüquqları Konvensiyası, Protokol №1 (Maddə 1).
12. Universal İnsan Hüquqları Bəyannaməsi, 1948, (Maddə 17).
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (Maddə 148, 157, 1143).
14. BMT-nin “Pinheiro prinsipləri”, 2005.
15. İbrahim Bayramov, “İrəvan şəhəri və onun tarixi haqqında”/ “Dirçəliş-XXI əsr” - 2008. 128-129-cu say. - Səh:91-99.
16. 1905.az.
17. “Vəkiloğulları” kitabı (“Qapp-poliqraf”, 2003;
səhifə 542; Ramilə Vəkilova və Səməd Vəkilovun verdiyi bilgilər).
18. Məhəmməd ağa Vəkilovun oğlu Kərim bəy Vəkilovun qızı Leyla xanım Vəkilovanın dedikləri və s.


MANŞET XƏBƏRLƏRİ