DİQQƏT İRƏVANA! - Əkbər Qoşalı YAZIR... (lll bölüm)


(əvvəli BU LİNKDƏ)

✅ (lIl bölüm)

Beləliklə, gəlin
Vəkilovların İrəvan mülkləri, torpaqları və s. ilə bağlı mümkün uluslararası hüquq istinadlarını sıralamağa çalışaq:
a.) Mülkiyyət hüququnun toxunulmazlığı prinsipi:
“No one shall be arbitrarily deprived of his property”.
(Universal Declaration of Human Rights, Article 17(2));
b.) İrsi mülkiyyətin qorunması:
“Every person has the right to the peaceful enjoyment of his possessions”.
(Protocol No. 1 to the European Convention on Human Rights, Article 1);
c.) Tarixi mülklərin müharibə və köç sonucunda müsadirəsi hallarında hüquqi məsuliyyət:
“Expropriation without due process or compensation constitutes a breach of customary international law”.
(UN Sub-Commission on Prevention of Discrimination and Protection of Minorities, 1993 Report).

Vəkilovların milli hüquqla uyğunlaşdırıla biləcək istinadları (Azərbaycan Respublikası Mülki Məcəlləsi kontekstində):
a.) Əmlak hüququ:
“Əmlak hüququ — mülkiyyətçinin əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam hüququdur”.
(Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 148.1);
b.) Öncəki hüquqi rejimə əsaslanan mülkiyyətin bərpası:
“Əgər mülkiyyət hüququ qanunsuz olaraq məhdudlaşdırılıbsa, o bərpa olunmalı və zərərçəkmiş şəxsə kompensasiya ödənilməlidir”.
(Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 157.2);
c.) İrs hüququ:
“Vəsiyyət və ya qanun üzrə irs əmlakın varisə keçməsi hüququnu müəyyən edir”.
(Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 1143 və davamı)…

Haşiyə-2:

Əgər İrəvanda Vəkilovlara məxsus mülk 1920–1930-cu illərdə müsadirə olunubsa, bu zaman həmin prosesin əsaslandığı qanunverici akt SSRİ-nin şəhərsalma və yenidənqurma planları (özəlliklə İrəvanın sovetləşdirilməsi planları; 1924–1935) ola bilər. Məhz bu planlarla türk-müsəlman irsi sistemli şəkildə sökülüb, əvəzində “sovet monumentalizmi” qondarılıb.
Bəli,
1920-ci ildən sonra Qafqazda Sovet hakimiyyətinin qurulması ilə mülkiyyət münasibətləri radikal şəkildə dəyişib. Öncəki hüquq sisteminin – Çar Rusiyası dönəmində qanuni qüvvəyə malik olan tapuların və mülkiyyət aktlarının hüquqi qüvvəsi aradan qaldırılıb və “xalq mülkiyyəti” konsepti irəli sürülüb. SSRİ-nin formalaşma dönəmində fərdi mülkiyyət hüququ sistemli şəkildə ləğv edilərək, genişmiqyaslı milliləşdirmə siyasəti tətbiq olunub. Bu, özəlliklə şəhərlərdə yerləşən əmlaklara, o cümlədən İrəvan azərbaycanlılarına xas mülklərə şamil edilib.
Vəkilovlara məxsus mülkün müsadirəsi də məhz bu “hüquq rejimi”nin (hüquqsuzluğun!) tərkib hissəsi kimi həyata keçirilib. Lakin diqqətçəkən məqam odur ki:
-Milliləşdirmə aktları çox vaxt fərdi mülkiyyətin hüquqi sahibinə bilgi verilmədən, formal razılıq alınmadan həyata keçirilib;
-Əksər hallarda bu müsadirə prosesi yazılı aktlar və qanuni əsas olmadan icra edilib;
-Vətəndaşların məhkəməyə müraciət və ya kompensasiya tələb etmək hüququ real olaraq təmin olunmayıb və s.

SSRİ-nin hüquq sistemində mülkiyyət hüququ formal olsa da, onun faktiki qorunması ideoloji və siyasi şərtlərə tabe idi. Beləliklə, Məhəmməd ağa Vəkilovun tapulu mülkünün müsadirəsi yalnız ideoloji təmələ deyil, həm də milli mənsubiyyətə əsaslanan təzyiq siyasətinə söykənib…
Vəkilovların mülkünün Ermənistan hökuməti nəfinə keçirilməsi SSRİ qanunları ilə “formaca” əsaslandırılsa da, bugünkü beynəlxalq hüquq və insan hüquqları konvensiyaları baxımından mülkiyyət hüququnun pozulmasıdır. - Bu, əmlakın qaytarılması və ya kompensasiya tələb etmək üçün hüquq zəmini yaradır.

Vəkilovların başqa bir hüququ -
qeyri-qanuni müsadirə hallarında restitusiya və təzminat prinsipləri:
- Pinheiro prinsipləri-BMT (Pinheiro Principles– UN, 2005):
“Bütün qaçqınlar və məcburi köçkünlər, qanunsuz və ya əsassız şəkildə məhrum edildikləri hər hansı yaşayış yeri, torpaq və/və ya əmlakın onlara geri qaytarılması hüququna malikdirlər” (“All refugees and displaced persons have the right to have restored to them any housing, land and/or property of which they were arbitrarily or unlawfully deprived”).
Bu prinsip əmlakın bərpası hüququnun beynəlxalq səviyyədə tanınmasına dair olub, mülkiyyət hüququnun pozulmasına qarşı müdafiə mexanizmi olaraq çıxış edir
(Principle 2.1, UN Principles on Housing and Property Restitution for Refugees and Displaced Persons).

Bəs
Ermənistan Respublikasının Anayasası nə deyir? -

Ermənistanın Anayasasında mülkiyyət hüququnun toxunulmazlığına təminat ifadə olunur. Anayasanın 31-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququna malik olduğu və bu hüququn yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla biləcəyi vurğulanır. Bu müddəa, mülkiyyətin qanunsuz müsadirəsinin qarşısını almağa yönəlib.
Gəlin
Ermənistanın qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəlikləri də xatırladaq. Ermənistan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulub, bu konvensiyalar da mülkiyyət hüququnun qorunmasını təmin edir.
-Avropa İnsan Hüquqları Konvensiyası (AİHK): Ermənistan, AİHK-nın 1 saylı Protokolunun 1-ci maddəsinə qoşulub. Bu maddəyə əsasən, hər kəsin mülkiyyət hüququna hörmət edilməlidir və dövlətlər bu hüququ yalnız ictimai maraqlar naminə və qanunla nəzərdə tutulmuş qaydada məhdudlaşdıra bilər.
-BMT-nin İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsi:
Ermənistan, İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 17-ci maddəsini qəbul edib. Bu maddəyə əsasən, hər kəsin mülkiyyətə sahib olmaq hüququ vardır və heç kəs öz mülkiyyətindən əsassız olaraq məhrum edilə bilməz.

Göründüyü kimi,
tarixi ədalətsizliklərlə dolu bir yaddaş oyanır... Bu, təkcə Vəkilovlar ailəsinin deyil, ümumən Azərbaycan tarixinin yaddaşına yazılmalı bir hadisədir. Bu hadisəni hüquq planı ilə yanaşı digər əməli çalışma sahələri üzrə də incələməkdə fayda vardır.
İndi isə hüquqdan yayınmadan, ömrü boyu hüquqdan yayınmışların əməllərinə münasibətdə publisistikanın imkanlarına üz tutaq:
Unudulmuş taxta pilləkənlərdən baştutmamış dövlət (unconsolidated state) tribunasına…
Bəli,
tarix bir binadan, evdən ibarət deyil. Bəzən bir daşın yerindən tərpədilməsi bir xalqın yaddaşını silkələyir. - “Hər saxsı parçası, hər məzar daşı,
Nəsildən nəsilə bir yadigardır”… - Elə bu poetik müəyyənlik də Vəkilova - Xalq şairi Səməd Vurğuna məxsusdur…
İrəvanda Ermənistan hökumətinə, İrəvan şəhər neriyasına və s. tabe qurumların yerləşdiyi bəzi binalar — azərbaycanlıların sovet hakimiyyəti qurulduqdan sonra, əsassız olaraq “milli”ləşdirilən tapulu mülkləri və torpaqları üzərində ucaldılıb. İstər Vəkilovlara, istər digər yerli irəvanlılara məxsus mülklər təkcə maddi sərvət deyildi — onlar böyük azərbaycanlı ocaqlarının yaşadığı, nəfəs aldığı, xatirələr və zəhmətlə dolu məkanlar olub. İrəvanın ən baxımlı ərazilərində ucalan evlərin sökülüb “Yeni İrəvan”, “Sovet Ermənistanı” binalarında istifadə edilməsi sadəcə texniki deyil, simvolik zorakılıq aktı olub… — Bir xalqın yaddaşının tikə-tikə daşınması kimi… - Bu, erməni xislətidir: XX yüzilin başlarında beləydi, 100 ildən sonra da belə oldu; çalışmalıyıq, o adıyaman eyləmlər 50-100 ildən sonra (və heç vaxt!) bir daha təkrarlana bilməsin!..

Bu gün həyatda olan İrəvan doğumlu soydaşlarımız keçmişin ağrı-acını təkcə ailə deyil, milli yaddaşın itkisi kimi yaşayır...

XX yüzilin əvvəllərində Güney Qafqazın sosial-siyasi coğrafiyasında baş verən dəyişiklər bir sıra ailələrin mülkiyyət hüququnun ciddi şəkildə pozulması ilə sonuclandı. Tarix yalnız keçmişin salnaməsi deyil, həm də bu günün hüquqi və mənəvi borclarını müəyyən edən qaynaqdır (kateqoriyadır).
Uluslararası hüququn çağdaş normativləri belə halları yalnız tarixi fakt kimi deyil, eyni zamanda hüquqi qiymətləndirmə və kompensasiya mexanizmləri çərçivəsində çözülməli məsələ kimi nəzərdən keçirir. Bu yazıda vurğulanan mülkiyyətin “milliləşdirilməsi” və onun üzərində dövlət binası tikintisi faktı da uluslararası hüququn prinsipləri çərçivəsində incələnməli, dünya təcrübəsi və hüquqi presedentlər araşdırılmalıdır.

Tarix hər zaman yalnız keçmişi anlamaq üçün deyil, həm də bu günün hüquqi və mənəvi gerçəklərinin idrakı üçün öyrənilir. Qafqaz coğrafiyasının zəngin, eyni zamanda ziddiyyətli tarixi, xalqların taleyinə toxunan yüzlərlə ədalətsizlik və hüquq pozuntuları ilə doludur. Bu kontekstdə, İrəvan şəhərinin mərkəzində bir vaxtlar yerli irəvanlılara məxsus olmuş mülklərin sovet dönəmində qanunsuz şəkildə “milliləşdirilərək” yeni forma və “məzmun qazanması”, hüquqi, siyasi baxımdan dərindən incələnməli hadisədir.
Məhəmməd ağa Vəkilovun mülkü də, yalnız bir ailəyə deyil, bütün bir nəsilə — Azərbaycan ictimaiyyəti üçün əlamətdar bir nəslin İrəvandakı tarixi varlığına tanıqlıq edən bir simvoldur. Bu nəsil maarifçi, yaradıcı soyun təmsilçilərindən ibarətdir.
Təkrarçılıq olmasın, mülkiyyət hüququ yalnız fərdi mülkiyyətə deyil, həm də kollektiv kimlik və tarixi yaddaşa bağlı olduğundan, belə halların hüquqi qiymətləndirilməsi uluslararası hüququn əsas prinsipləri baxımından önəm daşıyır.

Hazırda həyatda olan İrəvan azərbaycanlıları orada keçirdikləri uşaqlıq və gənclik xatirələrini yaşadır. Onlar dv-eşiklərinin memarlıq üslubunu, interyer detallarını, hətta pilləkənlərin materialına qədər dəqiq şəkildə təsvir edir. Bu xatirələr təkcə nostalji deyil — onlar hüquqi kontekstdə “şifahi sübut” xarakteri daşımaqla, mülkiyyətin faktiki varlığını və ailəyə mənsubiyyətini təsdiqləyən ikinci dərəcəli hüquqi dəlillər qismində qəbul oluna bilər.
(Davamı var)


MANŞET XƏBƏRLƏRİ