DİQQƏT İRƏVANA! - Əkbər Qoşalı YAZIR... (ll bölüm)


(əvvəli BU LİNKDƏ)

✅ (ll bölüm)

Tarixi kontekst və texniki gerçəkliklər

Vəkilovların mülkü – İrəvanda yerləşən, yüksək zövqlə tikilmiş, ayrı-ayrı bölgələrdən gətirilmiş seçmə materiallarla ucaldılmış üçqatlı ev və yardımçı tikililərdən ibarət olub.
Əsasən İrəvan çevrəsindən (yaxınlarından) daşınmış materiallardan başqa,
ağac materiallar (palıd, qozqara, vələs, fıstıq) – Vəkilovlara doğma Şəmşəddil meşələrindən (indiki Tovuz-Qazax bölgəsi),
daşlar – İrəvanın ətraf dağlıq və bəzək daşları ilə zəngin ərazilərindən gətirilib.
Bəzi materiallar at arabaları ilə, bəzi hallarda (Trans-Qafqaz) dəmiryolu ilə daşınıb.
Naxışlı taxta şəbəkələr və ornamentli daş oymalar – dövrün zövqünə uyğun yerli ustaların əl, ağıl və ruhi gücüylə işlənib.

Müsadirə və yenidən istifadə mexanizmi

1920-ci illərdə sovetləşmədən sonra İrəvandakı bir çox azərbaycanlılara məxsus mülk:
• Dövlətləşdirilib (müsadirə olunub),
• Dağıdılıb və ya yenidən istifadəyə yönləndirilib.

Memarlıq baxımından praktika:
-Sökülən binaların saxlamalı və künc bağlama daşları – yenidən istifadə üçün ən yararlı materiallar sayılıb;
-Ən keyfiyyətli daşlar fasadların sütun bazalarında, karniz elementlərində, portal girişlərdə istifadə olunub;
-Şəbəkələr və bəzəkli ağac elementləri – daha çox interyer təmirində, pəncərə üstlüklərində, tavan naxışlarında və s. tətbiq edilib.

Hökumət binasında izlər…

Gəlin bu məqamda, memarlıq araşdırmaçıları üçün maraqlı paralellər (ritorik suallar) qurmağa çalışaq:
-Hökumət binasının karnizlərindəki qəhvəyi və açıq-boz rəngli daş parçaları, öncəki mülklərdən daşınmayıbmı?..
-Yerli tuf daşı ilə yanaşı, gözəgəlməz yerlərdə istifadə olunan materialların ikinci dərəcəli daşlardan olması, onların sökülmüş tikililərdən gəldiyini göstərmirmi?..
-Əgər azərbaycanlı mülklərinin yeni fotoşəkilləri və ya planları tapılsa, Hökumət Evi və çevrədəki 100 yaşlı tikililərdə detallar ilə müqayisə aparmaqla bənzərliklər ortaya çıxarıla bilməzmi?..
(XX yüzilin sonlarında Qarabağdan talanıb aparılmış ev materialları, hətta qəbristanlıqlardan çıxarılmış mərmərlər erməni generalların, imkanlı ermənilərin villalarında, bağ evlərində istifadə olunmayıbmı?..)

Mübaliğəyə nə hacət? - Vəkilovlar mülkünün ağac işləmələri və daşları, həmin dönəmin iqtisadi çətinliyi və material çatışmazlığı ortamında, sistematik şəkildə sökülüb, yenidən istifadə edilib… Özəl boyaların əldə edilməsi üçün Naxçıvan, Göyçə, İrəvan və b. yerlərdən yığılmış çöl bitkilərinin, ağac qabıqlarının emalı, habelə azərbaycanlılara məxsus ev quşlarının bir neçə aylıq yumurtasının toplanaraq (halal yolla) satınalınması - onların Vəkilovlar mülkünün tikintisində, süsündə, boyanmasında incədən incə istifadəsi də bu məqamda xatırlanmalıdır…
Bax, onların izi – artıq yoxa çıxmış bir sarayın ruhu kimi, Ermənistan Hökumət Evinin, çevrədəki 100 yaşlı tikililərin təməlində, divarlarında və s. “susub” yaşayır… Yaşayır ki, doğma səs duysun, doğma söz eşitsin, doğma üz görsün və bir gün yenidən doğma ruha köklənsin…

Pozğunların pozuculuğu

İrəvanın tarixdəki ilk erməni dövlətinin paytaxtı elan edildiyi zaman Vəkilovların və digər yerli İrəvanlıların mülklərinin yadellilər tərəfindən “milliləşdirilmə”si, daha doğrusu, müsadirəsi mülki hüquq pozuntusudur.
Əgər bu mülklər yaxud mülk yeri sonradan dövlət binası kimi istifadəyə verilibsə, bu, hüquqi təzminat iddiası baxımından önəm daşıyır.
Bəs, bu bilgilər gələcəkdə tarixi mülkiyyət iddiası üçün (mülki və uluslararası) hüquq tribunallarında istifadə edilə bilərmi? - Əlbəttə, hüquq uzmanları bu suala daha detallı cavab verə bilər.
Mövzu üzrə başqa bir istiqamət arxitektonika və ailə soykökü ilə bağlıdır:
Paşa bəy → Kərim bəy → Məhəmməd bəy → Kərim bəy, Qədim bəy, Yusif bəy və b. – bu nəsil ağacı həm tarixi tanıqlıq, həm də miras hüququnun izlərini göstərmək baxımından vacib sayılmalıdır.
Sizcə, bu ailənin üzvlərinin İrəvandakı mülkiyyət bəlgələri, şəkilləri, məktubları və ya istinad edilə biləcək qaynaqları varsa, bunlar ən güclü hüquqi sübut sayılmazmı?.. - “Çıraqov və digərləri Ermənistana qarşı” (Chiragov and Others v. Armenia) adlı - 10 il öncə qərara bağlanan işi yadımıza salaq. — Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü, 14-cü maddələrinin, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun bundan 20 il öncə - 06.04.2005-ci ildə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi 16.06.2015-ci ildə qərar qəbul edib.
(Davamı var)


MANŞET XƏBƏRLƏRİ