Xəyalə Vəliyeva
Türk ədəbiyyatının yeniləşmə dönəmində şeirə ilk dəfə “Vətən”, “millət”, “xalq”, “haqq”, “hürriyyət”, “istiqlal”, “bərabərlik” məfhumlarını gətirən alovlu vətənpərvər, yaratdığı əsərlərlə nəinki türk xalqı, eləcə də bütün türkdilli xalqlar tərəfindən sevilən Namiq Kamal türk dilinin tarixində də böyük rol oynamışdır. Namiq Kamalın ədəbi və inqilabi fəaliyyətinə böyük dəyər verən Mustafa Kamal Atatürk Vətənin azadlığı və istiqlalı uğrunda ölməyi bugünkü nəslə Namiq Kamalın öyrətdiyini deyirdi.
Namiq Kamalın yaşadığı dövr (1840-1888) Osmanlı imperatorluğunun süqutuna təsadüf etmişdir və buna görə bu dövrdəki ədəbi mühitin dözülməzliyi, hərb meydanlarındakı fəlakətli və ağır itkilər vətən sevgisi ilə alışıb yanan və bütün bunlardan qurtuluş əlacı axtaran Namiq Kamal kimi ziyalının yaradıcılığına, sözsüz ki, təsir etməyə bilməzdi. Buna görədir ki, onun ədəbi fəaliyyəti ölkəsindəki sosial məsələlərlə hər zaman həmahənglik təşkil etmişdir.
Tənzimat ədəbiyyatı XIX əsr Osmanlı dövlətinin ən çətin dövrü kimi xarakterizə edilir. Türklərə qarşı rus, fransız, ingilis birliyi bütün Osmanlı dövlətinı dağıtmaq planları qururdu. Bu birlik Avropada üsyan etmək üçün fürsət gözləyən xalqlara dəstək verir, üsyanlar quraraq onların əhatəsini genişləndirirdi. 1839-cu ildə Türkiyədə Tənzimat islahatı və 1856-cı ildə İslahat Fərmanı elan edilməsilə Türkiyənin böhranlı günləri başlanır. Daxili və xarici qüvvələrlə üz-üzə duran Osmanlı İmperiyası XIX əsrdə tənəzzülə uğrayır. Hər sahədə olduğu kimi, bu tənəzzül türk dili və ədəbiyyatından da yan keçmədi. Əski türk ədəbiyyatı ilə yeni türk ədəbiyyatının mübarizəsi özünü türk dilində də büruzə verdi.
Başqa tənzimatçılar kimi, N.Kamal da mütləqiyyət rejiminə qarşı açıq-aşkar öz etirazını bildirirdi. Nəslindən olan görkəmli adamların da zülmə məruz qalmaları N.Kamalın sultan istibdadına qarşı üsyançı ruhda böyüməsinə təkan vermişdi. Bu gizli üsyankarlıq özünü sonralar daha açıq və geniş formada büruzə verdi. “Yeni Osmanlılar Cəmiyyəti”nin fəal üzvünə çevrilən N.Kamal hökumətin siyasi xəttinə uyğun gəlməyən qəzet məqalələri ilə çıxışlarına görə təqib edilərək Vətəndən uzaqlara sürgün edilir. Yalnız 1876-cı ildə V Sultan Murad hakimiyyətə gəldikdən sonra tale N.Kamalın üzünə gülür. Gənc osmanlılara rəğbəti olan V Sultan Murad N.Kamalı bir şair kimi təqdir etdiyindən idi ki, bir qədər sonra o,V Sultan Muradın əmri ilə Türkiyənin bir sıra adalarında vilayət rəisi vəzifələrində işləməyə başlamışdı. Rəsmi dairələrdə işləməsi onu yaradıcılığından ayıra bilmədi. Belə ki, həm klassik, həm də dövrünün müasir üslubunda yazıb-yaradan və ədəbiyyatın bütün janrlarına müraciət edən Namiq Kamalın yaradıcılığı çox zəngindir. Onun klassik üslubda yazdığı əsərlər müasir üslubda yaratdığı əsərlərdən həm kəmiyyətcə, həm də keyfiyyətcə daha üstündür – desək, yanılmarıq.
Əruz vəzni ilə bərabər heca vəznində də gözəl şeir nümunələri yaradan ədib, həm də bir sıra gözəl pyes və romanlar, tənqidi əsərlər, tarixi məqalələr, eləcə də tərcümələrin müəllifidir. Namiq Kamalın mənzum şeirlərini üç hissəyə ayırmaq olar: aşiqanə, hakimanə və vətənpərvərlik mövzusunda yazdığı əsərlər. Bunlara onun Şinasi ilə tanış olduğu zamana aid yazdığı mənzumələri, divan qəzəllərini, bir sıra qəsidələrini, eləcə də gəncliyində Füzuliyə, Nailiyə, L.Qalibə yazdığı nəzirələrini də daxil etmək olar. Köhnə ədəbiyata qarşı amansız və barışmaz düşmən mövqeyində duran N.Kamal “Divan”ındakı şeirlərində türk dilinə xas olan keyfiyyətləri qorumağa səy göstərmiş və köhnə ünsürlərdən (-imalə, -zihaf kimi) qaçmağa çalışmışdır. N.Kamal hər zaman yazılı ədəbiyyatın təməli və əsas qaynağı olan folklordan bacarıqla yararlanmış, Şinasi ilə başlayan Tənzimat ədəbiyyatında “dilin sadəliyi prinsipi”ni qəbul edərək Divan ədəbiyyatına xas olan mürəkkəb məcazlar sistemindən, ərəb-fars tərkibli izafətlərdən və anlaşılmaz ifadələrdən mümkün qədər uzaqlaşmağı bacarmasa da, klassik şeir estetikasının təsirindən tam uzaqlaşa bilməsə də, xalq danışıq dilinin yazılı ədəbi dilə gətirilməsinə, şifahi dil ilə yazı dili arasında movcud olan kəskin fərqi aradan götürməyə cəhd göstərərək türk şeirinə müəyyən mənada xəlqilik gətirmişdir; əsərlərində xalq, millət adından çıxış edərək “Vətən” məfhumu ətrafında ümumxalq coşqusu yaratmağa nail olmuşdur.
N.Kamalın şeirlərinin külliyyat halında tam olaraq bir araya gətirilməməsi çox böyük təəssüf hissi doğurur. Onun “Divan”ı da uzun müddət əlyazması şəklində qalmış, yalnız müəyyən zaman keçdikdən sonra kitab halında nəşr olunmuşdur. Ədibin şeirləri ilk dəfə R.Nur, iki dəfə də S.N.Ergün tərəfindən nəşr olunmuşdur. N.Kamalın əsərləri hələ əsrimizin əvvəllərində təkcə doğma Vətənində deyil, Yaxın və Orta Şərqin bir sıra ölkələrində də geniş yayılmışdı. Onun padşah zülmü və haqsızlıq əleyhinə yazdığı şeirləri, eləcə də dram əsərləri əsarətdə inləyən Azərbaycan xalqının da ürəyinə yol tapır, onu azadlıq uğrunda mübarizəyə ruhlandırırdı. Namiq Kamalın “Vətən yaxud Silistrə”, “Akif bəy”, “Zavallı çocuq” və s. pyesləri o zaman Azərbaycan teatr səhnəsində dəfələrlə oynanılmış, hətta Cənubi Azərbaycanda da maraqla qarşılanmışdı.
H.Cavid, Ö.F.Nemanzadə, M.Hadi, Ə.Hüseynzadə və Azərbaycanın digər maarifpərvər ziyalıları da N.Kamalın ədəbi fəaliyyətindən təsirlənərək onun əsərlərinə yeri gəldikcə müraciət etmiş və onlardan faydalanmışlar. 1905-ci ildə Azərbaycanda nəşr olunan “İrşad”, “İqbal”, “Füyuzat”, “Həyat”və s. mətbuat orqanlarının səhifələrində tez-tez N.Kamalın əsərləri və onun haqqında materiallar dərc olunurdu.
M.Ə.Sabir də N.Kamal əsərlərinə heyran olan şairlərimizdən idi. Sabirin onun “Amalımız, əfkarımız iqbali-vətəndir” misrası ilə başlayan şeirinə nəzirə yazması bu heyranlığın ifadəsidir.
N.Kamalın yaradıcılığına böyük məhəbbətlə yanaşan H.Zərdabi “Həyat” qəzetinin səhifələrində onun yaradıcılığı haqqında silsilə məqalələrlə çıxış edirdi. Satira jurnalı olmasına rəğmən “Molla Nəsrəddin” də N.Kamalın inqilaba, azadlığa və mübarizəyə çağıran şeirlərini dəfələrlə dərc etmişdir.
Namiq Kamalın şeirlərinin dili geniş tədqiqat üçün tükənməz bir xəzinədir. Məhz buna görə də onun hərtərəfli fəaliyyəti – fəlsəfi və siyasi-ictimai mübarizəsi, estetik görüşləri, bədii əsərləri ideya və obraz baxımından geniş surətdə öyrənilməyə başlanılmış, böyük sənətkarın yaradıcılıq xüsusiyyətlərini araşdıran bir sıra sanballı əsərlər yaranmışdır.
N.Kamaldan sonra türk ədəbi dilinin saflaşdırılmasına dair bir sıra işlər görülsə də, onun xalq, millət və dil uğrundakı xidmətləri misilsizdir. N.Kamal türk dilinin bütün incəliklərinə, onun zəngin və rəngarəng ifadə vasitələrinə hərtrəfli bələd olan bir sənətkar idi. O, klassik ifadə vasitələrindən bacarıqla istifadə etməklə yanaşı, adi danışıq tərzinə aid söz və ifadələri, müxtəlif söz birləşmələrini yazılı ədəbi dilə gətirmiş, onların dildə möhkəmlənib sabitləşməsi üçün əlindən gələni etməyə çalışmışdır. Namiq Kamalın şeirlərində leksik kateqoriyanın türk dillərinin qədim dövrlərinə aid xüsusiyyətlər, eləcə də türk ümumxalq danışıq dilinə məxsus cəhətlər mövcuddur ki, bunların tədqiqi yalnız türk dilinin tarixi üçün deyil, ümumiyyətlə, türk dillərinin müqayisəli-tarixi leksikasının yazılması üçün də əhəmiyyətli olub, bu haqda geniş material verir. N.Kamalın şeir və nəsr dilində qədim türk dilli (“Orxon-Yenisey” kitabələri, “Divanü-lüğat-it-türk” və s.) abidələrdəki sözlərin mənaları ilə səsləşən sözlərin olmasına təsadüf edilir.
N.Kamal şeirlərinin dili üzərində böyük həssaslıqla işləyən sənətkarlardandır. Ədəbi-bədii əsərlərində hadisələrin xarakterinə uyğun gələn, onları tamamlayan söz və ifadələrdən sərrast şəkildə istifadə etməsi ilə o, həm də türk ədəbi dilinin təkmilləşdirilməsinə dair böyük işlər görmüşdür.
N.Kamalın əsərləri özünəməxsus ifadə tərzi və bədii təsvir vasitələrinin orijinallığına görə də diqqəti cəlb edir. Onun ümumi yaradıcılığı üçün xas olan bədiiləşdirmə məharəti şeirlərində yeni keyfiyyətlərlə zənginləşərək yüksək mərhələyə çatdırılmışdır ki, bu da şairin şeirlərinin yazı tərzi üslubunun ən mühüm istiqamətlərini müəyyənləşdirməyə imkan verir.
Frazeoloji ifadələr sırasına həm də atalar sözləri, zərbi-məsəllər, yazıçının özünün yaratdığı məsəlvari ifadələr, aforizmlər, həmçinin bəzi rəvayət, ədəbi sitatlar və s. daxildir.
Xalq hikmətinin daşıyıcısı olan atalar sözləri və zərbi-məsəllər yığcam, obrazlı, dərin mənalı, tutarlı nitqin timsalıdır. Ayrı-ayrı şəxsiyyətlərin yaratdığı ifadə vasitələri xalq tərəfindən bəyənilməzsə, xalq dilində özünə yer tapa bilməz. Sənətkarın böyüklüyü onun dilə nə dərəcədə bələd olması, xalq dilindəki bədiilik vasitələrindən ustalıqla istifadə etmə bacarığı ilə ölçülür. Əsil sənət nümunələri yalnız xəlqi zəmində yarana bildiyindən dilçiliyin tədqiqat obyekti olmadan da sevilir :
“Yaktın et âteş-zen-i aram yanmış gönlümü,
« Nev-heves kıldın şu kendinden usanmış gönlümü»
« Ey sabır ve karar yakıcı sevgili, zaten yanık olan gönlümü bir defa da sen yaktın. Kendi hayatından bile usanmış olan gönlümü birtakım yeni yeni arzularla doldurdun...» (İntibah,11).
Nümunələrdən də bəllidir ki, N.Kamalın şeirlərində olduğu kimi, romanlarında da hikmətli sözlərə geniş yer verilmişdir. Onun millət, hürriyət, vətən, azadlıq motivləri yaradıcılığının əsas mövzusunu təşkil edir; xalqına aşıladığı fikirləri hikmətamiz şəkildə öz ifadəsini yapmışdır:
Satkın sözüne inanma, Yüz verirse de aldanma (N.Kemal. «Gezmi»);
Gönlü bir sendedir sanma, Yare itimad olunmaz (N.Kemal. «Gülnihal»);
Bize gayret yakışır, merhamet Allahındır (N.Kemal. «Gülnihal») və s.
Bu misralarda duyulan, aşılanan hikmət dolu öyüdlərə biganə qalmaq qeyri-mümkündür. Bu cür hikmətamiz sözlərdən istifadə etməklə şair xalqı həqiqəti görməyə çağırmış, dəyərli məsləhətləri ilə xalqına yararlanmağı qarşısına məqsəd qoymuşdur.
N.Kamal öz arzu və istəklərini məsəllər vasitəsilə aşağıdakı kimi əks etdirməyə çalışmışdır:
Yüksel ki, yerin bu yer değildir; Dünyaya geliş hüner değildir.
Yuxarıda verilən nümunə N. Kamalın “Gezmi” romanının qəhrəmanı Adil Giray bəyin dilindən deyilmişdir. Bu şeir parçasının hər nəqarətində bir hikmət, səsləniş vardır: birinci nəqarətdə şair insanlara dünyaya glməyin bir hünər olmadığını, bu dünyada bir faydalı işlər görərək özünü təsdiq etmənin lazım olduğunu ifadə etmişdir: Yüksel ki boyun kadar kalırsın, Say eyle ki bihüner kalırsın! (57).
İkinci nəqəratdə isə şair insanlara səy göstərməyi, çalışmağı məsləhət görmüş, yoxsa boyun artmadığını, hünərsiz, qoçaq olmayacaqlarını tövsiyə edərək dilə gətirmişdir: Yüksel ki cihan sefil ü dundur, Rağbet ona adeta cünundur! (57).
Üçüncü nəqəratdə isə onlara yüksəlməyi, inkişaf etməyi söyləyir, çünki cahanın səfil olduğunu, rəğbətin dünyaya tərs olduğunu gözəl anlayır:
Yüksel ki bunun da fevki vardır, İnsanlığın ayrı bir zevki vardır (57).
Dördüncü nəqarətdə isə şair insanlara yüksəlməyin üstünlük olduğunu, insanlığın belə ayrı bir zövq olduğunu dilə gətirmişdir. Onu da ayrıca qeyd etmək lazımdır ki, şairin müraciəti yalnız III şəxsin təkinədir.
N.Kamalın romanlarında yer alan hikmətli sözlərin, dəyərli kəlamların rəngarəngliyini onun rastlaşdığı, şahidi olduğu hadisə və əhvalatların çoxluğu ilə izah etmək olar:
Gönülde bir elmas cevheri gibidir çalışkanlık cevheri,
Ezilmez baskısından şiddetinden ağırlığın etkisinden (N.Kemal)
Bu misrada isə çalışqan, zəhmətkeş insanlara nə qədər təzyiq olursa olsun, nə qədər hücum edirlərsə etsinlər, onların heç zaman çalışqanlıq əzminin tükənməyəcəyini göstərmişdir:
Ne mümkün zulümle, haksızlıkla yok etmek hürriyeti,
Çalış anlayışı kaldır gücün yeterse insanlıktan (N.Kemal. «Vatan, yahut Silistre»);
Aşağıda verilən nümunə ilə şair hürriyəti zülmlə, haqsızlıqla heç kimin yox edə bilməyəcəyini, çalışıb insan kimi davranmağı nəsihət edir:
Kemendi cangüdazı ejder-i kahr olsa celladın,
Müreccahtır yine bin kerre zencir-i esaretten (N.Kemal. «Vatan, yahut Silistre»);
Eder tedvir-i alem bir mekinin kuvve-i azmi,
Cihan titrer sebat-ı pay-ı erbab-ı metanetten (N.Kemal. «Vatan, yahut Silistre»)
Mənası belədir: /Əgər cəlladın can qıyan bir əjdaha olsa belə, yenə də min dəfə üstündür əsirilik zəncirindən/. Bu cür məsəllərdən istifadə etməklə şair öz adından arzu və istəklərini əks etdirməyə çalışır. Bu cür ifadələr hər dəfə düşüncələrin təməlinə məhək daşı kimi oturur, ziyalısını, cahilini də heyranlıq duyğusuna qərq edir:
Felekten intikam almak demektir ehl-i idrake,
Edüp tezyid-i gayret müstefid olmak medmetten.
Kaza her feyzini her lutfunu bir vakit içün saklar,
Fütur etme sakın devletteki za`fü betaetten (N.Kemal. «Vatan, yahut Silistre»)
/Mənası: Felekten intikam almak demektir anlayana, Daha çok çalışıp yararlanmak pişmanlıktan. Yazgı her bağışını her iyiliğini zamanı için saklar, Bezgin olma sakın devletteki zayıflık və yavaşlıktan./
N.Kamalın bu cür hikmətli sözlərini oxuyarkən oxucuda onun yaşadığı dövrün tarixi və siyasi havası haqqında aydın təsəvvür yaranır. Belə ki, bu cür ifadələr o dövrün siyasi vəziyyətinin, xalqın əhval-ruhiyyəsinin göstəriciləridir:
Usanmaz kendini insan bilenler halka hizmetten,
Mürüvvetmend olan mazluma el çekmez ianetten (N.Kemal. «Vatan, yahut Silistre»)
Bu kiçik misrada nə qədər ahəngdarlıq, nə qədər hikmət vardır.
N.Kamal bu sözlərlə insan olan hər bir xeyirxah adamın xalqa xidmət etməkdən usanmadığını, insanlara kömək etməkdən yorulmadığını ifadə etməyə çalışır.
Hikmətli sözlər istər öz mənası, istərsə də quruluşu etibarı ilə sabit söz birləşmələrinin başqa növlərindən, xüsusilə idiomlardan və ya ibarələrdən fərqlənir. Hikmətli sözlər dərin və dolğun bir ibrətamiz məna ifadə edən, cümlələr şəklində təşəkkül tapmış sabit söz birləşmələridir. Hikmətli sözlər formal cəhətdən və səciyyə etibarı ilə atalar sözlərinə bənzəyir. Lakin atalar sözü konkret olaraq məlum olmur, folklorda özünü göstərir, xalq tərəfindən meydana gəlir. Bununla belə, hikmətli sözləri onların daha mənalı, daha qüvvətli bir növü hesab etmək olar. Hikmətli sözlər müəyyən ictimai hadisələrlə əlaqədar olaraq, əsasən məşhur adamlar tərəfindən yaradılır və əsərlərində işlədilir, sonralar isə geniş sürətlə yayılaraq kütləviləşir:
Vücudun kim hamir-i mayesi hak-i vatandandır,
Ne gam rah-i vatanda hak olursa cevr-ü mihnetten;
Hemen bir feyz-i baki terkeder bir zevk-i faniye,
Hayatın kadrini ali bilenler hüsn-i şöhretten (N.Kemal. «Cezmi», s.229)
Mənası: /Vücudun ki hamurunun mayası vatan toprağıdır, Ne gam, yolunda toprak olursa incinip ezilmekten; Hemen bir kalıcı mutluluğu terkeder bir geçici zevke, Hayatın değerini daha yüksek bilenler güzel ünden/.
Yuxarıdakı misralarda şairin hikmətinin tərcüməsi budur: /Əgər bir vucudun ki, xəmiri vətən torpağıdır, o zaman onun yolunda torpaq olursa (yəni, ölürsə) qəm etməyə dəyməz // həyatın dəyərini gözəl, şərəfli addan üstün tutanlar, o an qalıcı xoşbəxtliyi də tərk edərlər/.
N.Kamalın romanlarında müxtəlif tipli cümlələr şəklində ifadə edilən hikmətli sözlərin hər birində bir vahid kimi birləşən və üzvlərindən ayrıla bilməyən müəyyən fikirlər də öz əksini tapır:
Sidk u sebat meslekimizdirki eylemez,
Bin tiga karşı gelse tahallüf zehabımız,
Bizden kelam-i tünd işidir tünd söyleyen (N.Kemal. «İntibah»)
Mənası: /Doğruluk ve inanç ilkemizdir ki geçirmez, Bin kılıca karşı gelse bir sarsılma düşüncemiz. Bizden de sert söz işitir sert söz söyleyen/ .
Onu da qeyd etmək lazımdır ki, N.Kamalın romanlarında işlədilən hikmətli sözlər – xeyirxahlığa, riyakarlığa, zəngin-kasıb təbəqə münasibətlərinə, xoşbəxtlik, millət sevgisi, istismarlığa, hakim dairələrə həsr olunmuşdur:
Revnak dih-i feragat olur baht-i tire ruz (N.Kemal)
Mənası: Parlaklık feragatla karanlık talihe gündüz olur.
Nümunələrdən də göründüyü kimi, N.Kamalın özünün yaratdığı hər hikmətli sözdə başa salınması arzu olunan, istənilən məlum bir anlayış, bir mühakimə vardır. Onun bir gözəl kəlamı isə bu gün də Türkiyədə çox populyardır: Uygarsız yaşamak, eceli gelmeden ölmek gibidir (N.Kemal. «Vatan, yahut Silistre»).
Onu da qeyd etmək yerinə düşərdi ki, bir zamanlar Azərbaycanda XX əsrin əvvəllərində çap edilən bəzi qəzetlərdə N.Kamalın şeirlərindən seçilmiş hikmətli sözlər verilirdi. Buna nümunə olaraq «Füyüzat» da dərc olunan bəzi hikmətli sözlərə nəzər salaq:
Şirkarlar beşiyini, cocuqlar əyləndiyi yeri, gənclər məişətgahını, ixtiyarlar guşeyi-fərağını,
Övlad validəsini və ailəsini nə dürlü hissiyyat ilə sevərsə, insan da öz vətənini o dürlü hissiyyatla ilə sevər;
Hər dində və hər millətdə, hər tərbiyə və hər mədəniyyətdə hübbül-vətən ən böyük məziyyətlərdən, ən müqəddəs vəzifələrdəndir;
Bir millətin qüvveyi-natiqəsi ədəbiyyat isə timsali-ədəbin natiqeyi-zihəyatı da teatrodur;
Teatro eşqə bənzər, insanı həzin-həzin ağladır, fəqət verdiyi şiddətli təsirlərdə də bir ləzzət bulunur;
Teatro əyləncədir. Fəqət əyləncələrin ən faydalısıdır və s. («Füyuzat» jurnalı, № 3).
Namiq Kamalın istifadə etdiyi (hətta özünün yaratdığı, desək - daha doğru olardı) hikmətli sözlər, zərbi-məsəllər orada cərəyan edən hadisələrlə məharətlə əlaqələndirilmiş, xalq təfəkkürünün məhsulu olan həmin ifadələrin dərin estetik mahiyyəti N.Kamal qələmində parlaq şəkildə təzahür etmişdir. Cəmiyyətin müxtəlif sinif və təbəqələrinə məxsus nümayəndələrin onları necə dərk etdiyi, öz mənafeyi baxımından necə şərh etdiyi bədii ümumiləşdirmə yolu ilə verilmişdir. Bunların bir hissəsi indi köhnəlmişsə də, xalqın dilində əvəzedilməz ifadə vasitələri kimi yenə də yaşamaqdadır.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Hacıyev T.İ. Azərbaycan ədəbi dili tarixi. Bakı, ADU nəşriyyatı, 1976, 152 s. Hacıyev T.İ Yazıçı dili və ideya-bədii təhlil dili. Bakı, Maarif, 1979, 130 s. Hacıyev T.İ.Türklər üçün ortaq ünsiyyət dili. Bakı, “Təhsil” 2013, s.76. Hüseynov R. Namiq Kamal.Bakı, Yazıçı, 1990, 182 s. Aksoy Ö.A. Atasözleri ve Deyimleri sözlüğü. 1,2.c., TDK Yayınları, Ankara,1984, 486 s. Akün Ö.F. Namık Kemal, İslam Ansiklopedisi, İstanbul, 1988, 168 s. Akyüz K. Batı Tesirinde Türk Şiir Antolojisi, Ankara, 3.baskı, 1970, 1032 s. Dizdaroğlu H. Namık Kemal: Hayatı, Sanatı, Eserleri, İstanbul, Varlık Yayınevi, 1952, 101 s. Doğan A. Türkçenin Söz Varlığı, Ankara, Engin Yayınevi, 2002, 249 s. Ebüzziya T. Namık Kemal, İstanbul, 1888, 23 s. Eflatun C.G. Halk Şiiri Antolojisi, İstanbul, Varlık.1959, 159 s. Ergin. M. Türk Dil Bilgisi, Boğaziçi Yayınları, İstanbul, 5 Baskı, XXVIII, 407 s. Eyüboğlu K. On Üçüncü Yüzyıldan Günümüze Kadar Şiirde ve Halk Dilinde Atasözleri ve deyimler, İstanbul, 1975, 329 s. Fuat M. Namık Kemal, İstanbul. İnkilap, 1990, 276 s.