Günay Rzayeva
Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru
Araşdırmaçı, yazar
"Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız,
bir qıza təhsil verməklə isə təhsilli bir ailə"
Hacı Zeynalabdin Tağıyev
Bəşər övladı özünü dərk etdiyi gündən etibarən uçmaq arzusu ilə yaşamışdır. Əcdadlarımız əsrarəngiz səmanın sirrlərini öyrənmək, quş kimi qanad açıb göylərə yüksəlmək istəmiş, lakin bu arzu uzun müddət yalnız xəyal olaraq qalmışdır. Zaman keçdikcə isə, elmin və texnologiyanın inkişafı bu əzəli arzunun gerçəkləşməsinə imkan yaratmışdır.
XIX əsrin sonları və XX əsrin əvvəllərində baş verən texnoloji sıçrayışlar, xüsusilə aerodinamika və mühərrik texnologiyalarında əldə olunan nailiyyətlər uçuş ideyasının real həyata keçməsinə imkan verdi. Nəticə etibarilə, bəşəriyyətin uçmaq arzusu, yüz illərlə davam edən axtarış və təcrübələr nəticəsində reallaşaraq, bu gün dünyanın inkişafının əsas sütunlarından birinə çevrilmişdir. Aviasiya yalnız bir texniki nailiyyət deyil, insan iradəsinin, düşüncə gücünün və məqsədyönlü inkişafının parlaq nümunəsidir.
Digər ölkələrdə olduğu kimi, türkdilli ölkələrdə də, o cümlədən Qazaxıstan və Türkiyədə aviasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Qazaxıstan aviasiyasının tarixinin başlanğıcı 1910-cu ilə, hava gəmilərinin istifadəsi isə 1907-ci ilə təsadüf edir. Bu ölkədə ilk təyyarə 1912-ci ildə Uralda (indiki Oral şəhərində) havaya qalxmışdır. Sovet dövründə isə Qazaxıstanda aviasiyanın inkişafı daha da sürətlənmişdir. 9 fevral 1923-cü il SSRİ-də vətəndaş aviasiyasının yaradıldığı tarix kimi qəbul edilir və bu prosesdə Qazaxıstanın da əhəmiyyətli rolu olmuşdur. Saken Seyfullin kimi tanınmış şəxsiyyətlərin fəaliyyəti Qazaxıstanda aviasiyanın inkişafında mühüm yer tutmuşdur. 1923-cü ildə Seyfullin Qazaxıstanda aviasiyanın təşkili ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış etmiş və bu sahənin formalaşmasına ciddi töhfələr vermişdir. Seyfullin yalnız aviasiya sahəsinin inkişafına deyil, həm də onun sosial və iqtisadi təsirinə dair bir çox düşüncələrini səsləndirmişdir. Qazaxıstanda təyyarələrdən geniş istifadə isə əsasən vətəndaş müharibəsi illərinə təsadüf edir. Lakin aviasiya sahəsində ölkənin bilavasitə rolu daha çox 1930-cu illərin ortalarından, yəni Sovet dövrünün inkişaf mərhələsindən etibarən nəzərə çarpmağa başlamışdır. Qazaxıstan, həm Birinci, həm də İkinci Dünya müharibələrində fəal iştirak etmişdir. Bu mübarizədə aviasiyanın rolu xüsusilə önəmli olmuşdur.
Qazaxıstanın müharibələrdəki əhəmiyyətli töhfələri sırasında Toktar Əubəkirov və Talqat Bigəldinov kimi tanınmış pilotların adları ön plana çıxır. Bu sahədə yalnız kişilər deyil, qadınlar da mühüm rol oynamışlar. Onlardan biri də Xiyuaz Dospanova olmuşdur. O, Qazaxıstanın Xalq Qəhrəmanı adına layiq görülmüş, ölkənin ilk və yeganə qadın hərbi təyyarəçisi kimi tarixə düşmüşdür. Xiyuaz Dospanova Sovet Hərbi Hava Qüvvələrində zabit rütbəsi alan ilk qazax qadın olmaqla yanaşı, "Gecə cadugərləri" tərkibində xidmət etmiş yeganə qazax qadın idi.
Şəkil 1. Xiuaz Dospanova
Xiuaz Dospanova 1922-ci il mayın 15-də Qazaxıstanın Qurevsk vilayətinin Qanyuşkino kəndində anadan olmuşdur. 1940-cı ildə Uralsk şəhərindəki №1 orta məktəbi qızıl medalla bitirmiş, eyni zamanda yerli aeroklubda pilotluq üzrə təlim keçərək ehtiyat pilot vəsiqəsi almışdır. Məktəb illərində o, fəal pioner və komsomol təşkilatının katibi olmuş, əlaçı, təşəbbüskar şagird kimi tanınmışdır. Lakin, hərbi hava sahəsinə olan marağına baxmayaraq, Xiuaz Dospanova Moskvada yerləşən Jukovski adına Hərbi Hava Akademiyasına qəbul olunmamışdır. Bu, onun həyatı üçün böyük bir əngəl olsa da, o, ruhdan düşməyərək başqa bir yol seçmişdir. O, Birinci Moskva Tibb İnstitutuna sənədlərini təqdim etmiş və imtahansız qəbul olunmuşdur. Lakin, təxminən bir il sonra İkinci Dünya müharibəsinin başlaması, onun həyat yolunu dəyişdirmişdir. (https://e-history.kz/en/news/show/6871 )
1941-ci ildə, dövrün ən çətin şəraitində, yalnız kişilərdən ibarət hərbi birləşmələrdə yer alan qadınlar, yeni müharibə texnologiyalarına uyğun olaraq döyüşlərə qatılmaq fürsətini əldə etdilər. Həmin dövrdə, Mariya Raskovanın rəhbərliyi altında qurulan qadınlardan ibarət aviaalay, qadın döyüşçülərin müharibədəki mövqeyini tarixi bir yerə qoymuşdur.
Şəkil 2. Xiuaz Dospanova
Mənbə, https://ksors.kz/lyotchica-iz-atyrau-xiuaz-dospanova/
Bu fürsətdən yararlanaraq Xiuaz Dospanova da döyüşə qatılmağa qərar verir. 1941-ci ilin oktyabr ayında, Xiuaz, kurs yoldaşı Tatyana Sumarokova ilə birlikdə, Mariya Raskovanın təşkil etdiyi aviaalaya qatılmaq üçün müraciət edir. Onlar, təlim kurslarına yazılaraq, şturman təlimini başa vururlar və bunun nəticəsində 588-ci gecə bombardımançı avia-alayına təyin olunurlar. Xiuaz Dospanova, bu alayda şturman-atıcı olaraq fəaliyyət göstərir və çox qısa müddət ərzində döyüşlərin ən sərt anlarında uğurlu əməliyyatlar keçirərək böyük igidlik göstərir.
Döyüşlərdə iştirak etdiyi əsas istiqamətlər arasında Cənub cəbhəsi, Şimali Qafqaz, Zaqafqaziya, Ukrayna və Belarusiya vardı. Xiuaz, 300-dən çox döyüş uçuşu həyata keçirərək, düşmənin canlı qüvvə və texnikasına ağır zərbələr endirmişdir. Göstərdiyi böyük qəhrəmanlıq və peşəkarlıq nəticəsində 46-cı qvardiya gecə bombardımançı avia-alayının rabitə rəisi vəzifəsinə qədər yüksəlmişdir. Döyüşlər zamanı onun liderlik keyfiyyətləri və cəsurluğu digər döyüşçülər tərəfindən nümunə olaraq qəbul edilmişdir.
Lakin, müharibənin ağır döyüşlərindən birində, Xiuaz Dospanova, döyüş tapşırığından qayıdarkən iki təyyarənin eniş zamanı toqquşması nəticəsində ciddi şəkildə yaralanmışdır. Bu qəza zamanı hər iki ayağında ciddi sınıqlar meydana gəlmişdir. Xiuaz, ömürlük əlil olsa da, müharibədən sonra geri çəkilməmiş, döyüş meydanındakı uğurlu fəaliyyətini ictimai-siyasi sahəyə yönəltmişdir.
Müharibə bitdikdən sonra Xiuaz Dospanova, Kommunist Partiyasının sıralarına qoşularaq aktiv siyasi fəaliyyətə başlamışdır. Qazaxıstanın Lenin Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsinin katibi vəzifəsinə yüksəlmişdir. 1951-ci ildə isə Qazaxıstan SSR Ali Sovetinə deputat seçilmiş və burada ilk sessiyada prezidiumun katibi seçilib.
Xiuaz Dospanova, müharibə dövründəki şücaətləri və ictimai-siyasi fəaliyyətindəki uğurları ilə sayısız mükafat və təltiflər almışdır. O, “Qırmızı Ulduz”, “Qırmızı Bayraq” ordenləri, “Qafqazın müdafiəsi uğrunda”, “Varşavanın azad edilməsi uğrunda” və “Almaniya üzərində Qələbə” medalları ilə təltif olunmuşdur. 2004-cü ilin dekabrında isə, Qazaxıstan Prezidenti tərəfindən ona "Xalq Qəhrəmanı" adı və "Otan" ordeni verilmişdir.
O, yalnız Qazaxıstanın deyil, bütün türk dünyasının fəxridir. Döyüş meydanındakı qəhrəmanlığı, döyüş ruhu və qadın olaraq qazandığı tarixi uğurları ilə zamanın sınağından çıxmışdır. Xiuazın adı, Qazaxıstanda və digər türk dünyasında daim yad edilir. Onun xatirəsi, vətənin müdafiəsi uğrunda fədakarlıq göstərən qadın döyüşçülərin önəmli bir simvoludur.
Şəkil 3. Xiuaz Dospanovaya həsr olunmuş abidə
Mənbə, https://wanderwomenproject.com/places/khiuaz-dospanova-monument/
Xiuaz Dospanova Şaku Əmirovla ailə həyatı qurmuş, bu nikahdan iki oğlu dünyaya gəlmişdir. Təəssüf ki, kiçik oğlu iki yaşında vəfat etmişdir. Böyük oğlu Erbolat Əmirov Satpayev adına Qazaxıstan Milli Texniki İnstitutunda pedaqoji fəaliyyətlə məşğuldur. Onun nəvələri Bayan Şaku və Kanat Şakudur.
Onun xatirəsi Qazaxıstanda yüksək ehtiramla yad olunur. Atırauda yerləşən İdman Sarayına onun adı verilmiş, burada həmçinin heykəli ucaldılmışdır. Almatıda adına küçə verilib, yaşadığı evin qarşısına isə xatirə lövhəsi qoyulmuşdur. “Air Astana” aviaşirkətinin “Embraer–190” təyyarəsinə də onun adı verilmişdir. 2005-ci ildə Murat Jakibayev və Lev Vahidov tərəfindən çəkilmiş “Успеть сказать спасибо” adlı sənədli film onun həyat və döyüş yoluna həsr olunmuşdur.
Xiuaz Dospanova – qəhrəmanlığı, döyüş ruhu və qadın olaraq qazandığı tarixi uğurları ilə təkcə Qazaxıstanın deyil, bütün türk dünyasının fəxridir.
Türkiyədə isə ilk aviasiya işləri 1912-ci ildə Atatürk Beynəlxalq Hava Limanı yaxınlığındakı Səfaköydə, iki anqar və kiçik bir meydanda başlamışdır. Burada mülki aviasiyasının təşkilati təməlləri isə Ulu Öndər Atatürkün “İstiqbal göylərdədir” ifadəsinə uyğun olaraq, 1925-ci ildə qurulan Türk Təyyarə Birliyi ilə atılmışdır. Türkiyə Cümhuriyyətində də, digər ölkələrdə olduğu kimi, aviasiyanın inkişafında kişilərin rolu böyük olmuşdur. Türk aviasiya tarixinin ən önəmli simalarından biri olan Vecihi Hürquş və Çingiz Topel kimi kişilərlə yanaşı, Bedriye Tahir Gökmen və Yıldız Eruçman kimi qadınlar da bu sahədə uğurla fəaliyyət göstərmişlər. Belə qadınlardan biri də Türkiyənin ilk qadın pilotlarından biri olmuş Nezihe Viranyalı—dur. Sabiha Gökçen tərəfindən yetişdirilən dörd qadın pilota arasında (digərləri: Edibe Subaşı , Yıldız Eruçman və Şahavət Karapars ) sonuncusu kimi tanınır. Nezihe Viranyalı planörlə 100 saatdan çox, motorlu təyyarələrlə isə 2800 saatdan artıq uçuş həyata keçirmişdir. 1950-ci illərdə beynəlxalq hava akrobatikası nümayişlərində Türkiyəni təmsil etmiş, əsasən paraşütlə tullanışlarla çıxış etmişdir. Nezihe Viranyalı 1925-ci ildə Bolqarıstanın Vidin şəhərində anadan olmuşdur. Uşaq yaşlarında Sabiha Gökçenin Balkanlarda keçirdiyi hava nümayişlərini Sofiyada izlədikdən sonra aviasiyaya maraq göstərmiş və Türkiyəyə gəlməyə qərar vermişdir.
Şəkil 4. Nezihe Viranyalı
Mənbə , https://ipekilyasoglu.wordpress.com/2011/05/10/bir-yazi-iki-mutluluk/
Burada Türk Hava Qurumunun Türkkuşu Tədris Mərkəzinə daxil olmuş və şəxsən Sabiha Gökçen tərəfindən yetişdirilmişdir. Həmçinin yay aylarında İnönü düşərgələrində Emrullah Ali Yıldızdan aviasiya təhsili almışdır.
Müsahibələrinin birində Nezihe Viranyalı 16 yaşında başladığı pilotluq dövrünü belə xatırlayır:
"1925-ci ildə Bolqarıstanın Tuna çayı sahilində yerləşən Vidin şəhərində anadan olmuşam. Atam qab-qacaq ticarəti ilə məşğul idi. Mən isə uşaqlıqdan idmana böyük maraq göstərirdim. Aviasiyaya isə xüsusi simpatiyam vardı. Şəhərin üzərindən keçən bolqar təyyarələrini gördükcə, mən də bir təyyarəyə minib uçmaq arzusuyla alışıb-yanırdım. Yaşım artdıqca bu sevgi daha da böyüdü. Məni aviasiyaya yönləndirən əsas hadisə isə Balkan turnesinə çıxan Sabiha Gökçənin məndə yaratdığı dərin təəssürat oldu. Onun Türk bayraqlı təyyarəsini göydə gördüyüm an yaşadığım həyəcanı və içimi bürüyən milli qüruru sözlərlə ifadə etmək mümkün deyil."
Viranyalı ilk təcrübəsini isə belə təsvir edir: "Türkkuşuna ilk qəbul olunduğum il məni paraşütlə tullanmaq üçün təyyarənin qanadına çıxartdılar. Amma cəsarətimi toplayıb tullana bilmədim. Bir həftə otağıma çəkilib hönkür-hönkür ağladım. Daha sonra müəllimlərimin dəstəyi və təşviqi ilə ilk paraşüt tullanışımı uğurla həyata keçirdim." (https://web.archive.org/web/20160126090316/https://www.yenisafak.com/arsiv/2004/aralik/05/g07.html )
Beləliklə, arzusunu reallaşdırmaq üçün əvvəlcə paraşütçülük üzrə təhsil almış, daha sonra isə planör və pilot lisenziyası əldə etmişdir. 1955-ci ildə Hollandiya və Almaniyada keçirilən beynəlxalq nümayişlərdə paraşütçü kimi çıxış etmişdir. Amerikalı əfsanəvi pilot Jacqueline Cochran tərəfindən ABŞ-a dəvət olunmuş, Tennessi Universitetində xüsusi təqaüdlə mülki aviasiya məktəbində təhsil almışdır. 1956-cı ildə Bağdadda təşkil olunan uçuş nümayişlərində Türkkuşu heyətinin bir üzvü kimi iştirak etmişdir.
O günləri belə xatırlayır: “Amerikalı əfsanəvi pilot Jacqueline Cochran tərəfindən Amerikaya dəvət olundum. ABŞ-ın Tennessi Universitetinin Mülki Aviasiya Məktəbində təhsil alaraq diplom qazandım. Orada qalmağım üçün mənə yüksək əməkhaqqı təklif olunsa da, tərəddüdsüz ‘vətənim’ dedim və geri döndüm. Lakin Jacqueline Cochran ilə dostluğumuz onun 1980-ci ildə vəfatına qədər davam etdi. 1956-cı ildə İraq hökumətinin rəsmi dəvəti ilə Türkkuşu filosu ilə birlikdə Bağdada yollandım. Orada bizi böyük səmimiyyətlə qarşıladılar və nümayiş etdirdiyimiz akrobatik çıxışlara görə təşəkkürnamə ilə təltif olunduq.”
Nezihe Viranyalı ömrü boyu Atatürkün formalaşdırmaq istədiyi çağdaş Türk qadını idealına uyğun bir həyat yaşamağa çalışmışdır. 1940-cı illərdə Ankarada şəxsi avtomobili olan ilk qadınlardan biri olmuş, buz pateni ilə məşğul olmuş və akordeon çalmağı bacarmışdır. O, həmçinin almanca, ingiliscə, bolqarca və rusca dillərini bilirdi. Nezihe Viranyalı, öz dövrünün cəsarətli, qabaqcıl və fədakar qadınlarından biri kimi yadda qalmış, Türkiyə aviasiya tarixində əvəzolunmaz bir yer tutmuşdur.
Şəkil 5. Nezihe Viranyalı
Mənbə,https://web.archive.org/web/20160126090316/https://www.yenisafak.com/arsiv/2004/aralik/05/g07.html
Türkkuşu məktəblərində yüzlərlə tələbə yetişdirmiş və uzun illər Türk Hava Qurumunda fəaliyyət göstərmişdir. Paraşütlə 100-dən artıq tullanış, planörlə 100 saatdan çox, motorlu təyyarələrlə isə 2800 saatdan artıq uçuş həyata keçirmişdir.Nezihe Viranyalı həyatının son illərini İstanbulda yerləşən bir qocalar evində keçirmişdir. Ayaq və çiyin sınıqları nəticəsində əməliyyat olunsa da, yaranmış fəsadlar səbəbilə bir ayağı amputasiya edilmişdir. 2004-cü ildə “Dünya” qəzeti tərəfindən “Türk Qadını Şərəf Mükafatı” ilə təltif olunmuşdur. Həmin ilin 22 dekabr tarixində bağırsaq xərçəngi səbəbilə İstanbulda vəfat etmiş və Karacaahmet qəbiristanlığında dəfn olunmuşdur.
Şəkil 6. Nezihe Viranyalının məzarı, İstanbul Karacaahmet qəbiristanlığında
Mənbə, https://tr.wikipedia.org/wiki/Nezihe_Viranyal%C4%B1
Tarix sübut edir ki, qadınlar zamanın hər bir dövründə öz zəka, bacarıq və əzmkarlıqlarını uğurla nümayiş etdirmişlər. Onların həm ön, həm də arxa cəbhədə göstərdikləri fədakarlıqlar, müdrikliyi və liderlik keyfiyyətləri bir daha sübut edir ki, qadın yalnız ailənin deyil, bütöv bir cəmiyyətin dayağı və irəliləyişinin aparıcı qüvvəsidir.