Böyük Azərbaycanın qürur ünvanı — Nadir Şah Əfşar


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

VI Yazı

Osmanlı-Əfşar Savaşı (1743-1746)

Nadir Şah Əfşar İstanbul sülhünün (1736) ratifikasiya edilməsi üçün Osmanlı Dövlətindən Cəfəriliyi İslamın V məzhəbi kimi qəbul etməyi istədi. Osmanlı Dövləti isə bunu rədd etdi. Bundan sonra 1743-cü ildə Nadir Şah Osmanlı Dövlətinə müharibə elan etdi.

Qızılbaş Dövləti 1623-cü ildə Bağdadı və 1624-cü ildə Mosulu Osmanlı Dövlətindən savaşaraq almışdılar. Lakin Osmanlı İmperiya ordusu 1625-ci ildə Mosulu və 1638-ci ildə Bağdadı Qızılbaşlardan ala bildilər.1639-cu ildə imzalanan Qəsri-Şirin sülh müqaviləsi nəticəsində Osmanlılarla Qızılbaşlar arasında 85 illik sülh oldu.

Səfəvi sülaləsinin süqut etməsi zamanı yaranan hakimiyyət boşluğundan istifadə edən Rusiya və Osmanlı Dövləti Qızılbaş Dövlətinin şimal-qərb və Xəzər sahili vilayətlərini öz aralarında böldülər.Lakin əfqanların ölkədən qovulmasından sonra II Təhmasib və Nadir Şah Osmanlılara qarşı hərbi əməliyyatlara başladılar.Rusiyanın döyüşsüz geri çəkilməsindən sonra Osmanlı İmperiyası da məğlub edilərək keçmiş Qızılbaş Dövlətinin ərazilərindən çəkilməyə məcbur edildi.Bundan sonra özünü şah elan edən Nadir Xan Əfşar Hindistana yürüş etdi və Hindistan Teymuri İmperatorluğunu özündən asılı vassal dövlətə çevirdi.Ardınca isə Osmanlı İmperiyası ilə yeni savaşa başlamaq üçün Hindistandan geri döndü.

Nadir Şah Əfşarın məqsədi Hind çayından Bosfora qədər uzanan Əfşar İmperiyası qurmaq idi.Bu məqsədlə o, 1736-cı ildə 150,000 saya çatan Əfşar ordusunu Türküstandan olan tayfalardan da əsgər yığmaqla 1743-cü ildə 375,000 əsgərə çatdırdı. Bu rəqəm o dövr üçün həddindən artıq çox olmaqla birlikdə, davamlı olaraq bu qədər insanın orduda saxlanılması istehsalın azalması və sərfiyyatın çoxalmasına səbəb olaraq ölkə iqtisadiyyatının çökməsinə gətirib çıxardı.Yalnız Nadir Şah Əfşarın dövründə ilk dəfə ordunun böyük bir qismini odlu silahla silahlandırmaq mümkün oldu.Ordunun vurucu əsas savaş gücü Əfşar İmperiyasının elit qusarları olan Savaran-e Səltənət və ya Savaran-e Sepah-e Xorasan adlanan 20,000 saya çatan Əfşar, Qacar və Şahsevən süvariləri idi. Nadir Şahın planı İstanbula hücum etmək idi, lakin o,Osmanlı din adamlarının ona qarşı cihad elan edəcəklərini öyrəndi və şərqə tərəf yönəldi. 1743-cü ildə Kərkükü, Ərbili tutdu və Mosulu mühasirəyə aldı. Mühasirə 40 gün davam etdi. Mosulun hakimi Hacı Hüseyn əl-Cəlili şəhəri uğurla müdafiə etdi. Nadir Şah Əfşar mühasirəni 40 gündən artıq davam etdirə bilmədi və yüksək vergilərə görə qalxan üsyanları yatırmaq üçün geri dönməyə məcbur oldu.

Həmçinin, bu dövrdə Gürcüstanda da Nadir Şaha qarşı müqavimət gücləndi. Belə ki, gürcü şahzadəsi Givi Amilaxvari Gürcüstanda Nadir Şahın təsirini azaltmaq üçün Osmanlı Dövlətinin köməyinə arxalanaraq Nadir Şahın vassalı olan II Teymuraza və II İrakliyə qarşı mübarizəyə başladı.Lakin sonda uğursuzluqla üzləşdi.

1744-cü ilin əvvəllərində Nadir Şah Osmanlı Dövlətinə qarşı yenidən hücuma keçdi və Qarsı mühasirəyə aldı. Lakin Dağıstanda yenidən üsyan başlamasına görə mühasirəni yarımçıq saxlayıb Dağıstana yola düşdü. Üsyan yatırıldıqdan sonra geri dönən Nadir Şah Qars döyüşündə Osmanlı ordusunu məğlub etdi.1744-cü ilin sentyabr ayında Əfşar ordusunun böyük bölümləri Mosul və Bağdada doğru yürüdü.Osmanlı kontrolunda olan iki şəhər Əfşar ordusu tərəfindən mühasirə edildi.

Nadir Şah Əfşar 1745-ci ilin birinci yarısını Dağıstanda baş qaldıran qiyamların yatırılması və bu bölgənin tam itaət altına gətirilməsi ilə məşğul oldu. 1745-ci ilin yayında Nadir Şahla Osmanlı ordusu arasında yeni bir qarşılaşma baş verdi.Nadir Şahın Qarsın mühasirəsindən əl çəkməsi ilə Osmanlı sarayının sülh bağlanmasına meyl edəcəyi ümidi də özünü doğrultmadı. O, Şimali Qafqazda olduğu vaxt Osmanlı sarayı çox böyük sayda ordu formalaşdırdı. Mənbələrin bildirdiyinə görə, 1745-ci ilin əvvəlində Osmanlı sarayı Nadir Şah Əfşarın qarşısına çıxarılan ən böyük ordusunu təşkil etdi. Osmanlı ordusu iki qol şəklində qruplaşdırılıb müxtəlif istiqamətlərə göndərildi. Birinci qola Osmanlı Dövlətinin keçmiş sədrəzəmi Yegen Mehmet Paşa komandanlıq edirdi. Onun komandanlığı altında olan ordunun tərkibində 100 min süvari və 40 min yeniçeri var idi. Osmanlı İmperiya ordusunun digər qoluna isə Abdulla Paşa Öncü və Ərdəlanın keçmiş bəylərbəyi Əhməd Xan komandanlıq edirdilər. Əhməd Xan Nadir Şah Əfşar tərəfindən Ərdəlana bəylərbəyi təyin edilmişdi, amma sonradan o, Nadir Şaha itaətsizlik göstərib Osmanlıya qaçmış,Osmanlı Dövlətində hərbi xidmətə başlamışdı. Osmanlı Dövləti Səfəvi Ələviliyi ilə anlaşmışdı və onunla necə davranılacağını bilirdi. Lakin gündən günə güclənən Əfşar Dövləti qarşısında çarəsiz qalmışdı. Özəlliklə Nadir Şahın Səfəvi Ələviliyini tarixdən silməsi Osmanlı Dövlətini dəhşətli dərəcədə üzməkdəydi. Anadolu türkləri Nadir Şahın reformalarını dəstəkləyir, kamuoyu-ictimai rəy Nadir Şaha meyl edirdi. Digər yandan qısa bir müddətdə Əfşar Dövlətinin genişliyi haradasa Osmanlı Dövləti ərazisi qədər olmuşdu.Bu dövlətə Cənubi və Şimali Qafqaz, Hindistan, Pakistan, Əfqanıstan, Orta Asiya (Türküstan), Oman, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri ərazisi, indiki İran ərazisi daxil idi. Osmanlı Dövlətinin xarici siyasətindəki ümmət anlayışı Əfşar İmperiyası üçün yabançı idi. Çünki Əfşar Dövləti özünün xarici siyasasətində özünü nə şiə, nə sünni, nə də xristian olaraq tanıdan siyasət yürütmürdü. Əfşar İmperiyası özünü bütün dünyaya Türkman Dövləti olaraq tanıtmaqda idi.İslam dininin qəbulundan sonra ilk dəfə Oğuz Türklərində millət anlayışı ilə dövlət özünü təqdim etməkdə idi. Osmanlı, Nadir Şahın sekulyar-dünyəvi dövlət uyğulamalarını və sürətlə dünyəvi dövlətin yaranmasını qəbul edə bilmirdi. Nadir Şaha ərəb və yəhudi dinlərinin hamısı yad idi.Osmanlı üçün Əbubəkri, Öməri, Osmanı və Ayişəni aşağılayan Qızılbaş dövlət sistemi daha güvənli idi. Osmanlının Səfəviləri dirildib Sam Mirzəni ordu ilə hakimiyyətə gətirməyə çalışmasının səbəbi bu idi. Nadir Şah üçün ümmət anlayışı yox öz kimliyi Türkman millət anlayışı ön sırada idi. Oğuz Türklərinin kimlik anlayışı Türkman adı ilə qurulan Əfşar İmperiyası tariximizdə ilk dəfə Avropa və Qərb sitilində imperiya qurmağa ilk cəhd idi. Şirvan üsyançıları qiyam qaldıran mollalara qoşularaq Əfşar Dövlətinə qarşı çıxmışdılar. Onlar dini dövlət olan Osmanlı Dövlətinə məktub yazmışdılar. Məktubda, özünü Səfəvi Şah Sultan Hüseynin oğlu adlandıran İstanbula sığınan mollaların lideri Sam Mirzənin geri gəlməsini və Əfşar Dövlətinə qarşı başlanan üsyanlara rəhbərlik etməsini diləmişdilər. Osmanlının Əfşar dövləti müxaliflərini mollaları dəstəkləməsi və Səfəviləri yenidən diriltmək niyyəti üzərinə, Nadir Şah Əfşar İstanbula girərək Osmanlı İmperiyasını bitirmə planını ağlına taxdı.

Nadir Şah hələ Cənubi Qafqazda olarkən Osmanlı ordularının irəliləməsini əngəlləmək üçün bəzi tapşırıqlar verdi. Onun göstərişlərinə əsasən, Məhəmmədrza Xan Qırxlının, Məhəmmədəli Bəy Qacarın və Lütfəli Bəy Çərxçibaşının rəhbərliyi altında Əfşar qoşunları Osmanlı qüvvələrinə qarşı göndərildi. Bu ordu kəşfiyyat işləri aparmaqla bərabər, Osmanlı ordusunun irəli çıxarılmış hərbi birlikləri ilə döyüşə girməli idilər. Bu ordu Naxçıvandan keçməklə Qarsa doğru irəlilədi və Qarsla İrəvan arasında Yegen Mehmet Paşanın irəli çıxarılmış avanqard ordusu ilə qarşılaşdı. Mənbələr bu ordular arasında qanlı döyüş baş verdiyini və nəhayət Nadir Şah qüvvələrinin qələbəsi ilə başa çatdığını bildirirlər. Nadir Şah Bağdaddan Dağıstana doğru hərəkət edəndə oğlu Nəsrulla Mirzəni özü ilə aparmamışdı. Nəsrulla Mirzə Əfşar tabeliyində olan ordu ilə Əfşar Dövlətinin paytaxtı Məşhəddə qalmışdı. Nadir Şah Qafqazdan Qarsa doğru hərəkətə başlayanda oğlu Nəsrulla Mirzəyə də xəbər göndərdi ki, Osmanlı ordusu ilə savaşa hazırlaşsın. Mənbələr Nadir Şah qoşunlarının İrəvan yaxınlığında düşərgə saldığı vaxt Əfşarların əsgər sayının 50 min olduğunu yazır. Nəsrulla Mirzənin komandanlığı altında isə 30 min nəfərlik ordu var idi. Ordunun qalan 20 min nəfəri Nadir Şah Əfşarın Savaran-e Səltənət ordusu idi. Nadir Şah öz qoşunları ilə 1745-ci il avqustun 7-də İrəvanı adlayıb bu şəhərin iki fərsəngliyində olan Muradtəpə adlanan məntəqədə düşərgə saldı.1735-ci ildə orada Nadir Şah Osmanlı sərkərdəsi Abdulla Paşa Köprülüzadəni məğlubiyyətə uğratmış və öldürtmüşdü.Yegen Mehmet Paşanın düşərgəsi Nadir Şahın düşərgəsindən cəmi iki fərsəng aralı idi.

Qars Savaşı (1745)

Osmanlı-Əfşar müharibəsinin (1743-1746) sonuncu əsas toqquşmasıdır. Döyüş Osmanlı ordusunun qəti şəkildə darmadağın edilməsi ilə nəticələndi. Döyüş fasilələrlə 10 günə qədər davam etmiş və sonda Osmanlı ordusunun darmadağın edilməsi ilə sonlandırılmışdı. Əfşar ordusunun sayı bu savaşda 80.000 nəfər idi. Osmanlılar 140.000 əsgərdən ibarət idi. Bu ordunun 100.000 nəfəri Sipahi süvari,40.000 nəfəri yeniçeri idi. Bu savaşda Əfşar ordusunun 8.000 əsgəri ölmüşdü. Osmanlı ordusunun 20.000 əsgəri öldürülmüş,18.000 əsgəri isə yaralanmış və 5.000 əsgəri isə əsir düşmüşdü. Nadir Şah Əfşar əsir götürülən bütün yaralılara Qarsa getməyə və müalicə almağa icazə verdi.

İmzalanan Kürdan müqaviləsinə görə sərhədlər dəyişməz qaldı. Qəsri-Şirin sülhünün müəyyən etdiyi sərhədlər bərpa edildi. Buna görə də bu müqaviləyə bəzən II Qəsri-Şirin sülhü də deyirlər.

Bu müqavilə Tehranla Qəzvin arasında Kürdan (Soucbulaq bölgəsi) adlanan yerdə imzalanmışdır. Müqaviləni Əfşarlar tərəfindən Həsənəli Hacı Xan, Osmanlı tərəfindən isə Mustafa Nazil Əfəndi imzalamışdır.

Nadir Şahın ölümü

Nadir Şah Əfşar ilə münasibətləri xoş olmayan Şahbanu Aləmyan Raziyə Bəyim Sultan Səfəvi 1747-ci ildə 19 iyun tarixində Nadir Şahı sui-qəsdlə çadırda öldürtdü. Bu sui-qəsdi Nadir Şahın qardaşı İbrahim xanln oğlu Adil Şah və ya Əliqulu Xan Əfşar ilə birlikdə tərtib etmişdi.1747-ci ilin 19 iyun tarixində ,bazar günü gecə saatlarında Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd Bəy Qacar İrəvanlı,Musa Bəy Əmirli Əfşar, Qoca Bəy Kəndirli Əfşar, Saleh Bəy Qırxlı, keşikçibaşı Məmmədqulu Xan Əfşarın və bir sıra digər keçikçilərin dəstəyi ilə ilə gecəyarı Nadir Şah Əfçarın çadırına daxil oldular. Nadir Şah həmin gecə arvadlarından Məhəmməd Həsən Xanın qızı Sitarənin çadırında yatmışdlı. Sui-qəsdçilər Nadir hansı çadırda yatdığını öyrənərək gözətçini boğdular və Sitarənin çadırına daxil oldular. Nadir Şahın zəhmli üzünü gördükdə qorxu onları elə bürüdü ki, onlar qapıdan içəri girməyə cəsarət etmədilər. Amma Məmmədqulu Xan Əfşar və Saleh Xan Qırxlı çadırı xəncərlə cırdılar,beləliklə bir neçə nəfər içəri daxil oldu. Nadir Şah yerindən atlılıb Saleh Xan Qırxlını görən kimi, onu söydü.Qılıncı çəkib onu qovdu və onlardan ikisini qılıncı ilə vurdu. Bu vaxt ayağı çadırın ipinə ilişib yıxıldı. Ayağa qalxana qədər Saleh Xan Qırxlı onun kürəyinə bir qılınc vurdu. Bu zaman Məmmədqulu Xan Əfşar gələrək əzəməti göylər qədər olan, qüdrəti aləmə sığmayan Nadir Şahı qətlə yetirdi. Saleh Xan Qırxlı qılıncı ilə şahın başını kəsdi. O, kəsik başı Heratda olan Əliqulu Xan Əfşara (Adil Şah) aparılması üçün yanındakı əsgərinə tapşırıq verdi. Nadir Şahın ölümündən sonra Əfşar İmperiyasında qarşıdurmalar baş qaldırdı. Nadir Şahın xanları (generalları) artıq hər bölgədə Əfşar dövlətinin başında dövləti idarə edəcək qabiliyətdə şah olmamasından istifadə edib öz hərbi hissələrinin yerləşdiyi yerdə dövlətdən ayrılıb, özlərinin müstəqilliklərini elan edərək xanlıq qurdular.Bununla da tariximizdə xanlıqlara parçalanma dövrü başladı. Nadir Şahın ölümündən sonra taxta Adil Şah adı ilə çıxan qardaşı oğlu Əliqulu Xan (1747-1748) həm Rzaqulunu, həm Nəsrullah Mirzəni, həm də şahın digər övladlarını öldürtdü.Yalnız Nadir Şahın nəvəsi Şahruxu soy sönməsin deyə sağ buraxdı. Nadir Şah, Türklüyün əski Oğuz Türk mədəniyyəti içində yetişdirmiş olduğu birinci sinif dövlət adamı və ordu komandanlarından sonuncusudur.

Son.


MANŞET XƏBƏRLƏRİ