Azərbaycan ədəbiyyatında Araz çayı motivi


No description available.
Ləman Məmmədova
Bakı Qızlar Universiteti,
filologiya-tarix fakültəsinin 2-ci kurs tələbəsi

“Ayrılıq dağlar qədər uca olsa da, Araz qədər dərin ola bilməz.”

Təbiət özü-özlüyündə böyük bir aləmdir. Təbiətin sirli-sehrli gözəllikləri, kainatın sonsuz dərk olunmazlığı qarşısında insanlar öz söz və düşüncələrini bədii söz vasitəsilə ifadə etməyə çalışmışlar. Təbiət motivləri ədəbiyyatımızda yalnız bədii vasitə kimi deyil, həm də simvolik mənalar daşıyır.

Dağlar dözümü, çaylar həyatın axarını, ağaclar əbədiyyəti ifadə edir. Azərbaycan ədəbiyyatında təbiət motivləri təkcə gözəllik və harmoniyanı yox, ağrını, kədəri və ayrılıq hisslərini də ifadə etmək üçün bir vasitə olmuşdur. Araz çayı isə ədəbiyyatımızda xüsusi məna daşıyan motivlərdəndir.

XIX – XX əsrlərdə Rusiya və İran arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələri nəticəsində Azərbaycan torpaqlarının Araz çayı ilə bölünməsi bu mövzunun ədəbiyyatımızda dərin və aktual mövzuya çevrilməsinə səbəb olmuşdur.

Araz təbiətin Azərbaycan xalqına, ədəbiyyatına verdiyi ən gözəl, amma ən acı həqiqətlərdən biridir. Araz... Bu ad coğrafi anlayışdan çox bir həsrətin, bir yanğının simvoludur. Azərbaycan xalqının taleyində Araz çayı yalnız su deyil, iki parçaya bölünmüş ürəkləri qırılmış arzuları və birləşə bilməyən yolları ifadə edir.

O gah sükutla axır, gah qəzəblə daşır, amma hər zaman ayrılığın dilə gətirə bilmədiyi dərdi danışır. Söhrab Tahirin bir şeirində Araz ayrılıq çayı kimi təsvir olunur və bu çay, simvolik olaraq, ayrılığın və bölünmüşlüyün mahiyyətini özündə əks etdirir. Şairin dillər əzbəri olan “Çöpü də ikiyə bölmərəm daha” misrası bu şeirin içindədir.

Azad qardaşım var, onunla xoşam

Mən gərək, sahili sahilə qoşam.

İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha.

Səməd Vurğun, Xəlil Rza Ulutürk kimi şairlərimiz də Sovet dövründə Arazın dərdini ayrılığını dolayı yolla əsərlərində dilə gətirirmişlər.

Sənin dərdin nədir, Araz?

Həm bu yana, həm o yana axırsan?

Bu misralarda Araz motivi xalqın bölünmüş taleyinin şifrəli ifadəsidir. Xalqın yaşadığı dərdi, Arazın çəkdiyi əzabı əks etdirir. Araz ayrılığı yalnız fiziki deyil, həm də mənəvi bir ayrılıqdır. Araz bir qəlbin iki yarısı kimidir: biri quzeydə döyünür, biri güneydə. Amma ikisi bir yerdə vurmaq üçün çırpınır, həsrətlə yanır. Bu məcbur ayrılıq xalqın qəlbində dərin iz qoymuş və bu ayrılığın həsrəti, kədəri dillərdən düşməmişdir.

Arazı ayırdılar

Lil ilə doyurdular.

Mən səndən ayrılmazdım,

Zor ilə ayırdılar.

Bu misralarda “ayırmaq” sözü kəskin yara kimi təsvir edilir. Könülsüz zor ilə edilən ayrılıq… Araz bu ayrılığın həm şahidi, həm də daşıyıcısıdır. “Mən Arazın səsiyəm” deyən ölməz şair Məmməd Araz öz yaradıcılığında Azərbaycanın ikiyə bölünməsinin səbəbini göstərmiş və bu səbəbləri kəskin tənqidə məruz qoymuşdur.

Nə qədər ağırmış dərdin, möhnətin,

Ağrıdır sinəmi acı xəyallar.

Araz, dilin olsa sözün söhbətin

Min il yazılan dastan olar.

Araz motivi Əhməd Cavadın, Bəxtiyar Vahabzadənin yaradıcılığından da yan ötməmişdir. Hər iki şair Araz çayını yalnız milli hisslərin və vətən sevgisinin simvolu kimi tərənnüm etmişdir. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması Araz motivinin ən güclü ifadəsidir.

Araz axır, mən baxıram, o dolub daşır,

Göz yaşımtək coşqunluqla axır, çağlayır.

Universitetimizin müəllimlərindən olan Əlibala Zalov Araz həsrətini elə bil ustalıqla qələmə almışdır ki, Bu mənəvi dərinliyi ilə seçilir. Onun sözlərində təkcə şəxsi duyğular deyil, bütöv bir xalqın ürəyindən gələn ahəng əks olunub.

Nə qədər gəlmirsə Təbrizdən hənir

Gözümdən min Araz axıb sellənir

Deməyin bir çaydır dağlardan gəlir,

Axır gözlərimdən, axır lillənir.

Şəhriyarın "Heydər baba" harayı!

Bəxtiyarın "Gülüstan" tək sarayı!

Şeirimizin Məmməd Araz bar ayı!

İndi daha səda salıb bəllənir.

Tarixin təkəri dönməz geriyə,

İnanmıram daha millət kiriyə!

Araz boyu səslənirlər birliyə!

Ay Zaloğlu ümidlərin dillənir.

Sevinc yaşı gözümüzdə güllənir

Şeirdə Araz çayının timsalında vətən həsrəti, ayrılıq dərdi və milli birlik arzusu ön plana çəkilir. Şair Arazı sadəcə bir çay kimi deyil, qardaşları ayıran bir simvol kimi təqdim edir. Bu çay axmaqla təkcə fiziki sərhədi deyil, həm də könül həsrətini, qəlblərin parçalanmasını ifadə edir.

Həsrət mövzusu şeirdə güclü leksik və poetik vasitələrlə vurğulanır. “Gözümdən min Araz axıb sellənir” misrası göstərir ki, Arazın həsrəti sadəcə coğrafi deyil, insanın içində, qəlbində yaşanan bir ağrıdır. Həmçinin “leysandır həsrətimin göz yaşı” ifadəsi ayrılıq dərdini təbiət hadisəsi ilə paralel təqdim edir.

Şeirdə tarixi və ədəbi simvollar da yer alır. Şəhriyar, Məmməd Araz və Bəxtiyar Vahabzadə kimi şairlərin adları çəkilərək, onların da bu mövzuda çəkdiyi ağrılar xatırladılır. Bu, şeirin yalnız fərdi hisslər üzərində qurulmadığını, ümummilli bir dərdi ifadə etdiyini göstərir.

Son bəndlərdə ümid hissi güclənir. “Tarixin təkəri dönməz geriyə” misrası ilə millətin artıq keçmişdəki susqunluqdan çıxdığı, birlik və bərabərliyə doğru irəlilədiyi ifadə edilir. “Araz boyu səslənirlər birliyə!” çağırışı ilə gələcəyə inam və bir gün bu ayrılığın bitəcəyi ümidi vurğulanır.

Ümumilikdə, şeir həm duyğusal, həm də milli-ideoloji dərinliyi olan bir əsərdir. Obrazlı ifadələr, metaforalar və simvollar vasitəsilə Araz çayının ayrılıq simvolu olduğu təsvir edilir, lakin bu ayrılığın əbədi olmayacağı mesajı verilir.


MANŞET XƏBƏRLƏRİ