İŞIQLI ATALI
2-CI YAZI
“Türküstan” qəzetinin sayğılı oxucularına İnam Atanın (Asif Atanın) “Muğamlığımız – Loğmanlığımız” adlı içsəsini sunuram. “Muğam Fəlsəfəsi” Sabahımızda Ulusal olduğu dərəcədə Bəşəri mahiyyəti ifadə edən yeni musiqi örnəklərimizi yaratmağımız üçün ciddi bir əsasdır, özüldür. Mütləqə İnam Dünyabaxışına əsaslanmaqla var olacaq İnsanlar ümumən incəsənətin hər bir sahəsində yeni, bənzərsiz yaradıcılıq üfüqləri yaratmaq imkanına yetəcəklər.
İŞIQLI ATALI
***
İNAM ATA (ASİF ATA)
MUĞAMLIĞIMIZ – LOĞMANLIĞIMIZ
Muğam – İnsanın ruhani mahiyyətinin Zirvə səviyyəsində ifadəsidir.
Sənət tarixində Muğam səviyyəli İnsanı dərk etmək qüdrətinə rast gəlmək çətindir.
Bənzərsiz idraki, hissi zənginliklə rastlaşırıq Muğamda: Kədər, Ülvilik Ehtirası, Heyrət, Özünütəsdiq harayı; Vəcd, özünüdərketmə, özünütəmizləmə, Vəhy…
Hədsiz dərəcədə hissi sənət olan Muğam, həm də hədsiz dərəcədə İdraki sənətdir, – hisslərin idrak tərəfindən idarə olunmasına əlçatmaz nümunədir; dahiyanə biçim kamilliyinə, tamla hissənin vəhdətinə üzvi keçidlər ahənginə çatan.
Hisslə İdrakın, Müdrikliklə İlhamın birliyi.
Dahiyanə sintez zirvəsi.
Bir tərəfdən – Rica, etiraf musiqisi.
Digər tərəfdən – Möhtəşəm Ehtizaz musiqisi.
Duyğu, Zəka və İradə vəhdəti.
«Həqiqət Ehtiraslı Zəkada dərk olunur» – deyir Muğam.
«Ali Ehtiras – Zəkalıdır» – deyir Muğam.
«İradə Ehtiraslı Zəkanı aşkara çıxarır» – deyir Muğam.
«İztirabdan – Sevincə» – deyir Qərb musiqisi Bethovenin diliylə.
«İztirabdan – Kamilliyə!» – deyir Muğam.
«İztirabın Qiyməti Sevincdir!» – deyir Qərb musiqisi.
«İztirabın qiyməti Kamillikdir» – deyir Muğam.
«Taledən yüksəyə!» – çağırır Qərb musiqisi İnsanı.
«Özündən Yüksəyə!» – çağırır Muğam İnsanı.
Muğam Ehtizazı bənzərsizdir.
Bu nə Bethovenin Kreşendosu (coşğun ahəngi), nə də Baxın sonsuzluq Patetikasıdır.
Bu, hisslərin, fikirlərin xüsusi, yeni xassəsidir.
Bu tədricilik həddini aşmaq, qeyri-adilik mərhələsinə yetişməkdir.
Bu, Ruhani Carın, Çağırışın ifadəsidir.
Ruhani Carda, Çağırışda İnsan özünə Sahib olur: Heyrət hissi, Vəhy hissi, Təmizlənmə hissi yaranır.
Ehtizazda Kədər öz Zirvəsinə çatır və Kədərdən böyük olur.
Ehtizazda Heyrət öz Zirvəsinə çatır və Heyrətdən böyük olur.
Ehtizazda Vəhy öz Zirvəsinə çatır və Vəhydən böyük olur.
İnsanın Duyğuları, Fikirləri, Əməlləri Ehtizazda (Ekstazda) adilik həddini aşırlar.
«İnsan özündən böyükdür!» – deyir Muğam Ehtizazı.
«Yalnız özündən kənara çıxanda İnsan özünə çatır!» – deyir Muğam Ehtizazı.
«Qatar» üstə Nəsimidən:
Nuh ilə Tufan mənəm, mən həm nəcatəm, həm həlak.
Həm yəməm, həm gövhərəm, həm ol yəmin məbhuriyəm.
Nazirəm, həm binəzirəm, həm bəsirəm, həm bəşər,
Həm ikilikdən münnəzzeh, vəhdətin mənzuriyəm.
Həm fəqirəm, həm dilənçi, həm məlik, həm padişah,
Həm mənəm ustadi-sənət, həm anın muzduriyəm.
Zahirəm, zahirdə faşəm, məzhərəm, həm muzhərəm,
Batinəm hər şeydə, yəni batinin məsturiyəm.
Həm təbibəm, həm əliləm, həm əlacəm, həm səqim,
Həm şəfanin səhhəti, həm nemətin rəncuriyəm.
Həm hürufəm, həm kitabəm, həm kəlaməm, həm kəlim,
Fəthənin mənsubiyəm, həm kəsrənin məcruriyəm.
Ey Nəsimi, sən degilsən, cümlə oldur, cümlə ol,
Ol kim aydır «bu zəminü asimanın nuriyəm».
Bu səbəbdən də Muğamın Təmizlənmə, katarsis gücü sonsuzdur. Muğam İnsanı hərtərəfli təmizləyir.
Böyük iztirab vasitəsiylə onu kiçik iztirablardan təmizləyir.
Kamillik vasitəsiylə onu qeyri-kamillikdən təmizləyir.
Ruhanilik vasitəsiylə Ruhsuzluqdan təmizləyir.
İnam vasitəsiylə İnamsızlıqdan təmizləyir.
İdeal Duyğular vasitəsiylə Duyğusuzluqdan təmizləyir.
İradə vasitəsiylə İradəsizlikdən təmizləyir.
Ülvilik vasitəsiylə Bəsitlikdən təmizləyir – Zəkanın, Qəlbin, İradənin birgə gücüylə.
«ÇAHARGAH» MUĞAMININ FƏLSƏFİ TƏHLİLİ
1. «MAYE-ÇAHARGAH»
Şöbə – Müdrik Kədərlə aşılanmış mahiyyətli Fikirlər Dünyasına aparır. Dünyayla Görüş – Daxili İdrakilik, Əzəmət, əsrarla görüş kimi mənalandırılır.
Fikirləri vahid bir ahəngdə birləşdirən Kədər – dünyanın fəlsəfi dərki səviyyəsindədir.
Həyata daxil olma – qeyri-adiliyə, sehrə, sirrə qovuşma kimi təqdim olunur.
Ruhani münaqişənin ayrı-ayrı sədaları eşidilir və onlar Fəlsəfi Kədər vasitəsiylə rəvanlaşır.
Şöbə – uvertüranı (giriş) xatırladır, özündə gələcək motivlərin bir çoxunu cəmləşdirir. Rəmzi musiqi İdealları səviyyəsinə qalxır.
Həyatla Görüş – Möhtəşəmcəsinə, Hissi, Ruhani Görüş tələb eləyir – Şöbənin əsas Fəlsəfi ideyası bundan ibarətdir.
2. «BƏSTƏ NİGAR»
Kədər çalarları, keçidləri, axarı, labüdlüyü, pillələri, münaqişələri, incəlikləri, əzəməti.
Kədər etirafı, etirazı, döyüşü, imtinası, lənəti – daim artan, yüksələn, gərginləşən, özündən artığa, yüksəyə, böyüyə çevrilən.
Müdrikliyin zəruri pilləsi. Fərəhin başlanğıcı.
Kədər Fəlsəfəsi.
3. «HASAR»
Kədərin aradan qaldırılması, iradənin fəallaşması, duyğuların daşması, hiddətin hayqırtısı – Ruhaniyyat Şəri inkar edir, Gerçəklik səddini aşır, Kamilliklə, İdealla, Mütləqlə birləşmək üçün alışıb-yanır.
Ülvilik burada – Ruhani İradənin Mütləq, qəti təsdiqi şəklində meydana çıxır.
4. «MƏNSURİYYƏ»
Mütləqlə – Qeyri-adi, Əsrarlı, İdeal Görüş.
Qeyri-Adiliyin Dərki, Duyulması, Heyrət, Yanğı, Müqəddəs Sarsıntı, Fərəh, Təlaş, Bənzərsizlik, Əlçatmazlıq, çılğın Cəzb, Ruhani Qovuşma Məqamı.
IV. SON SÖZ
Şərqdə Fəlsəfə ən çox şeirlə deyilib, musiqidə çağrılıb və bu, Şərqin əskikliyi deyil, üstünlüyüdür – Şərqdə Fəlsəfə bədiiləşib, musiqiləşib.
Şərq Fəlsəfəsi qəlib tanımır: burada Zəka Duyğulaşıb, Vəcdləşib, Vəhyləşib, Kamil vəhdət yaranıb hisslə İdrakın qoşalığından, İlhamla Müdrikliyin doğmalığından.
Bu səbəbdən də Zərdüşt Fəlsəfəsi, Budda Fəlsəfəsi, Rumi Fəlsəfəsi, Nəsimi Fəlsəfəsi, Füzuli Fəlsəfəsi, Muğam Fəlsəfəsi yaşayır Şərqdə – qanadlı, vüsətli, odlu-alovlu.
Muğam – Şərq Filosofluğunun Sintezidir: Zərdüştlüyün, Xürrəmiliyin, Sufiliyin, Hürufiliyin, Məcnunluğun – Ehtiraslı İdrak, İdraklı Ehtiras vasitəsilə gerçəkləşən – Vəcdli, Vəhyli, İlhamlı…
(Son)
7 Şölə Ayı, 12-ci il (iyun, 1990).
*** *** ***
İNAM ATA (ASİF ATA): “QOY İNSANİLİK ÜMİDİ BİR AN DA OLSUN SİZİ TƏRK ETMƏSİN, ÜMİDİNİZ İNAMINIZA BƏRABƏR OLSUN!”
30 il qabaq Ata ilə gitaraçı Rəmiş barədə söhbətimi xatırladım. İlk dəfə olaraq həmin söhbətin cövhərini sayğılı oxuculara təqdim edirəm.
İŞIQLI ATALI
***
İNAM ATA: “MUSİQİ - ÜMİD SƏSİDİR”
Ocaq tarixi ilə 20 Od ayı, 17-ci il (20 iyul, 1995-ci il) idi. Adətim üzrə demək olar, hər gün Ata Evinə gedirdim. Hava istiydi. Ata balkonda oturmuşdu. Artıq axşam düşməkdəydi, ancaq havanın odlu hərarəti hələ çəkilməmişdi.
Ata yenə də vəhyli bir məqamdaydı, danışdıqca sifəti od saçırdı. O fərəhin işığı mənim də halımdaydı…
Ata danışır, mən də sürətlə yazıram. Arada başımı qaldırıb sifətinə baxmağa macal da tapıram. Deyir:
- Oğul, Atanın əhvalı əladan yuxarıdır. Sən də ardıcıl şəkildə gününün biçimini, nizamını yarat. İnamından doğdu gücün. Ocağa eşqinə şübhəm yoxdur. Çalış nizamın heç vaxt pozulmasın. Bax, səhər getdin, yenə də gəldin, fikrimin üstünə çıxdın. Xoşbəxtlik Atada nəinki hər gün, hər an var. Bu gün də fikirlərimi yazdım. Hamısı alındı. Sonra da radioda Rəmişin ifasında “Gecə yaman uzundur” mahnısına qulaq asdım.
Qəfil soruşuram:
- Ata, çoxdanır soruşmaq istəyirdim, Rəmiş necə gitaraçıdır?
- Rəmiş qeyri-adi çalır.
Ata bu yerdə bayaqkı mövzuya qayıdır:
- Heç kəsin haqqı yoxdur ki, özünün bütün qabiliyyətini aşkara çıxarmadan dünyadan getsin. Ocaqçı bütün imkanlarını tam aşkarlamalıdır. Bu, onun borcudur.
Yenə Rəmişdən danışır:
- Rəmişdə musiqi hədsiz dərəcədə dəyişir, xırdalanır, sxemdən kənara çıxır. O səs ki, başqasında birdir, onda on səsdir. Hər anı xüsusi qeyd eləyir. Gözəl alınır, adamı mənalandırır bu musiqi. Bu tip musiqi bizdə yoxdur. Adətən musiqidə kədəri bizdə hamı verir. Ancaq Rəmişdə musiqi cümlələşir. Cümlənin yarısını belə yaradır hər səs, sirr yaradır, sehr yaradır.
Bu hal Avtandildə də (Ata qarmonçalan Avtandil İsrafilovu nəzərdə tutur- İ.A.)
vardı. Təəssüf ki, sonradan artmadı.
Rəmiş-gitaranın Qədiridir. Rəmiş hər anı qabarda bilir. Çox ağıllıdır çalğıda. Baxıram ki, onun haqqında əməlli-başlı yazan da yoxdu. Yazsalar da nə deyəcəklər ki? Rəmiş haqqında da təəssüf ki, Ata deyir. Onun çalğısında hər anın özünün anları var.
Qədir Rüstəmov “Sona bülbüllər”i oxuyanda adama elə gəlir ki, nə kapitalizm var, nə də sosializm. Əslində Qədir sufidir, suficəsinə oxuyur, bunu bilsə də, bilməsə də. Ən kədərli musiqi əslində ən ümidli musiqidir, ona görə ki, musiqinin mayasında doğmalıq var, ciddilik var.
*** ***
İNAM ATA (ASİF ATA)
İNSAN MAHİYYƏTİ
İnsan göründüyündən çox, görünməyəndir, zahirdəkindən çox, batindəkidir. Zahirdəki, biçimdəki sonlu, ölümlü – insanın mahiyyətindən aşağı gerçək mövcudluqdur.
Batindəki, mənadakı, əbədilikdəki, kamillikdəki – insanın mahiyyətidir.
İnsanın mövcudluğu həmişə ruhani olmasa da, mahiyyəti həmişə ruhanidir.
İnsanın mövcudluğu, adi gerçəkliyi onun mahiyyətinə bərabər deyil. Bu səbəbdən də insan ziddiyyətlidir.
Mahiyyət ruhanidir, buna görə də insan ölməzdir. İnsanın ruhani mənası əbədidir. Çünki həmin mənada Mütləq yaşayır.
Düşüncə ölmür, duyğu ölmür, həqiqət, ədalət, qüdsiyyət, kamilləşmə, təmizlənmə ehtirası, məhəbbət, yaradıcılıq, gözəllik duyğusu, xeyirə heyrət, şərə nifrət, xalqsevərlik, bəşərsevərlik, müqəddəslik, dostluq, həmdəmlik, aşiqlik, analıq, qadınlıq qüdsiyyəti, söz hikməti, qeyrət, müdriklik, fədakarlıq ölmür. Ölən onların gerçəklikdə aşkara çıxan ayrı-ayrı nümunələri, hadisələri olur.
Əslində insanı başqa canlılardan fərqləndirən nə varsa, əbədidir.
YALNIZ ƏBƏDİ OLAN İNSANİDİR.
Bədən, onun tələbləri, hərcayi duyğular, həvəslər, arzular – ölümlüdür. Yanlışlıq, zəiflik, zəlillik, yalan, qəddarlıq, şəhvanilik, yırtıcılıq, naşılıq, kin-küdurət… insanın mahiyyəti yox, əlamətidir.
Mahiyyət sonsuzluğa, əlamət keçiciliyə; mahiyyət əbədiliyə, əlamət ölümə; mahiyyət kamilliyə, əlamət qeyri-kamilliyə; mahiyyət bütövlüyə, əlamət natamlığa can atır.
Həqiqət Mahiyyət kimi Mütləqdir.
Həyatda, gerçəklikdə, əlamətdə o, öz nisbi cəhətləriylə aşkara çıxır.
Həyatdakı həqiqilik həqiqəti tam ifadə etmir.
Gerçəklikdə həqiqət nisbi mənada meydana çıxır.
Həqiqət – insan idrakının mahiyyətini ifadə edən, əbədi, sonsuz, kamil bir keyfiyyətdir.
Gerçəklikdə, reallıqda, imkanda təzahür edən həqiqilik isə həmin mahiyyətin qeyri-kamil, ölümlü, sonlu əksidir.
Mənəviyyat – mahiyyət etibari ilə insanın zəiflikləri, naqislikləri üzərində qələbəsi deməkdir. Bu mahiyyət Mütləqə yaxınlaşan kamil şəxsiyyət tələb edir.