Məxmər pərdələr arxasından başlanan dünya


Aynur Turan

(əvvəli BU LİNKDƏ)

Deyirlər ki, hər hansı bir xalqın mədəniyyəti və incəsənətinə bələd olmaqla, onun mənəvi intelekti haqqında ilk təəssurat əldə etmək kifayətdir. Orada hər şey gün kimi aydın olar. Belə ki, binanın daxili və xarici arxitektura baxımından klassik görünüşü dövlətin teatra münasibətini, tamaşa ilə ünsiyyət sənətçilərin professional səviyyəsini müəyyən etməkdə, tamaşaçılarla tanışlıq isə həmin xalqın mənəvi dünyası, həyat tərzi, yaşayışı, sənətə qarşı diqqətini aşkarlamağa imkan verir. Tariximizi, mədəni təşəkkürümüzü, milli-mənəvi məfkurəmizi özündə yaşadan məbədlərdən biri də teatrdır. Dünənimizi, bu günümüzü canlandırıb gələcəyə aparan mənəvi yaddaş daşıyıcımız sayılan səhnə, teatr sənət ocağı olmaqdan çıxıb, milli-mənəvi dərkimizə, kamilləşməmizə xidmət edib.

Onun sayəsində mütərəqqi ideyaları, demokratiya, azadlıq, millilik və sülh kimi anlayışları küll olaraq dərk etmiş və dünyanın bütün tərəqqipərvər xalqlarına aşılamışıq. Bu bəşəri ideyaların daşıyıcısı olan Azərbaycan teatrının bəlkə də ən böyük nailiyyəti elə budur. Milli teatrımız öz mənbəyini uzaq keçmişlərdən alır. Qədim xalq oyunlarımız və milli bayramlarımızdakı teatr nümunələri fikrimizin isbatıdır. Uzun zaman xalq yaradıcılığında yaşamış bu sənət zamanın axarında professionallıq pilləsinə qalxmışdır. Sənət fədailərinin məbədə çevirdiyi milli teatrımızın tarixində təbii ki, ilkin mərhələ olan xalq teatr və dram dərnəklərinin də müstəsna rolu var. Teatrın yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Teatrımızın tarixi bir qayda olaraq 1873-cü il martın 10-da Bakıda “Vəzir-xani Lənkəran” komediyasının oynanılmasıyla başlanır. O vaxtkı Azərbaycan gerçəkliyi üçün bu, o qədər böyük hadisə olmuşdur ki, “Novaye obozreniye” jurnalında şərqşünas N.Qulak “Müsəlman aləmində original teatr yaratmaq bizim qafqazlı müsəlmanlara qismət olmuşdur” deyə yazmışdı. 1873-cü ildə Bakıda göstərilən ilk milli tamaşa yalnız Azərbaycanda deyil, həmçinin Qafqazda yaşayan bütün azərbaycanlılar arasında teatr hərəkatının yayılmasına səbəb olmuşdur. Həmin illərdə təkcə “Nadir şah” əsəri Azərbaycandan kənarda 34 şəhərdə Azərbaycan dilində oynanılmışdır. H.Mahmudbəyov, S.M.Qənizadə, N.Nərimanov, Y.Haqnəzərov, Ə.Haqverdiyev, N.Vəzirov, Ə. Haqverdiyev, H.Ərəblinski, Ş. Məmmədova XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Azərbaycan teatr sənətinin görkəmli xadimləri idi.

Martın 10-u təkcə teatrımızın deyil, həmdə mədəniyyətimizin bayramıdır. Həmin tarix hər il Azərbaycan teatrının yaranması günü kimi qeyd olunur. Teatrımız 135 illik yol keçib, adı, şöhrəti dünyanının hüdudlarını adlayıb. Azərbaycan Dövlət Dram Teatrının tarixi 1873-cü il martın 10-dan başlayır. İllər ötdükcə ayrı-ayrı truppaların sayı artmağa başladı. Teatr sənətimiz öz həyatının bir-birindən zəngin məqamlarını yaşamış, inkişaf etmiş, indiki yüksək səviyyəsinə gəlib çatmışdır. Böyük sənət məbədimiz-Akademik Milli Dram Teatrının teatr tariximizdə öz yeri var. Bu gün Azərbaycan Dövlət Dram Teatrı öz fəaliyyəti dövründə həm də məktəb rolunun oynamış, bu qocaman mədəniyyət ocağında peşəkar aktyor nəsli yetişmişdir. Ümumiyyətlə, mədəniyyətimizin dövlət tərəfindən himayə olunmasının ən gerçək və konseptual forması cənab Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə daha əhatəli miqyas almışdır. Əvvəllər müxtəlif truppalar-“Nicat”, “Səfa”, “Həmiyyət”, mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrilə, həmçinin “Müsəlman Dram Artistləri İttifaqı”, “Hacıbəyov qardaşları müdriyyəti” şəklində tamaşalar verən teatrı statusu ilə fəaliyyətə başlayır. Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı və digər sənət fədailərinin şəxsi təşəbbüsləri, yorulmaz şəxsi təşəbbüsləri, yorulmaz zəhməti sayəsində Azərbaycan teatrı öz simasını formalaşdırmağa başlayır. Özünün dramaturgiyası, aktyor və aktrisaları ilə birlikdə milli teatr məktəbi böyük zəhmətlər, səylər və fədakarlıqlar nəticəsində təşəkkül tapır.

Azərbaycan xalqının zəngin musiqi mədəniyyətilə fəxr etməyə haqqı var. Dahi Üzeyir Hacıbəyovun və bülbülün axtarışları, gərgin zəhməti sayəsində əsl sənət adamları-xanəndələr, müğənnilər yetişdi. Musiqimiz bütün dünyanı dolaşdı. Həmçinin dilimizin melodikliyindən, incəliyindən bəhrələndi musiqi aləmi, sənət dünyası, karifey sənətkarlar yetişdi. Azərbaycan opera və balet ifaçılığının bir əsrə yaxın yaşı var. Ötən əsrin birinci onilliyində indiki Opera və Balet teatrının binası istifadəyə veriləndən sonra dünyanın neft səltənəti kimi tanınan Azərbaycan Qərb sənətçilərinin marağı artmaqda idi. Müxtəlif diyarların sənət ustaların Bakıya gəlib öz məharətlərini nümayiş etdirirdilər. İllər ötdü və keçən əsrimizin ortalarında nəhayyət, milli balet kadrları səhnəyə gəldilər. Əfrasiyab Bədəlbəyli Azərbaycan milli baletimizin banisi hesb edilir. Cəmi 69 il ömür sürmüş bəstəkar, dirijor, musiqişünas, liberettoçu, xalq artisti Əfrasiyab Bədəlbəyli çoxsaylı musiqi əsərləri ilə əbədiyaşarlıq qazanmışdı. İlk Azərbaycan operasının yaranmasında müəyyən təkan rolunu belə bir fakt da oynamışdır. “Leyli və Məcnun” operasının yaranmasından hələ çox qabaq böyük maarif xadimi “Əkinçi” qəzetinin redaktoru Həsənbəy Zərdabi Üzeyir Hacıbəyova “xalq melodiyaları əsasında opera yazmaq” ideyasını vermişdir. Əlbəttə, ilk Azərbaycan operasının yaranmasında bir çox hadisələrin mühüm amillər kimi əhəmiyyəti olmuşdur. Bunlardan biz əsrlər boyu xalq arasında musiqi ilə müşayiət olunan tamaşaları, oyunları, Şuşada və Bakıda verilən məşhur “Şərq konsertləri”ni Azərbaycan dram teatrının bir çox tamaşalarını, həm də qərb və rus bəstəkarlarının klassik opera nümunələrini göstərə bilərik. İlk Azərbaycan operasının xalq arasında qazandığı böyük müvəffəqiyyəti haqda Üzeyir Hacıbəyov özü belə yazırdı: “Zənnimcə, bu müvəffəqiyyət onunla izah edilir ki, artıq Azərbaycan xalqı öz səhnəsində Azərbaycan operasının yaranmasını gözləyirdi. “Leyli və Məcnun” da isə əsil xalq musiqisi ilə məşhur klassik sujet birləşmişdir”.

Bu sadə həqiqətdir ki, böyük şəhərlərə gələn qonaq lar ilk növbədə həmin yerin teatrları, muzeyləri, tarixi abidələri ilə daha çox maraqlanırlar. Bakımızda da belə abidələr çoxdur və bu şəhərə gələnlər onun tarixi abidələrinə, gözəl binalarına heyran olurlar. İçərişəhər. Tarix muzeyi, Opera teatrı və onlarla belə milli arxitektura nümunələri şəhərimizin gözəlliyini qat-qat artırır. Belə memarlıq abidələrindən biri də Azərbaycan Dövlət Musiqili Komediya Teatrıdır. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı respublikanın ən böyük musiqili teatrlarındandır. Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəyovdur. Onun 1909-cu ildə yazdığı “Ər və arvad” musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur. Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəyovun bir sıra komediyaları oynanıldı. İndi teatrın həm Azərbaycan, həm də rus bölmələrində zəngin repertuarı formalaşmış, işgüzar və professonal sənətçilər yorulmaq bilmədən əzmlə çalışırlar.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1928-ci ildə yaranıb və indiyə kimi milli səhnə sənəti tariximizə neçə-neçə aktyor və rejissor bəxş edib. Neçə-neçə dramaturqun ilk səhnə əsəri məhz bu sənət ocağında oynanılmışdır. Azərbaycan və rus bölmələrindən ibarət kollektiv öz yaradıcılıq fəaliyyətində məktəblilərin, yeniyetmələrin və gənclərin etik-estetik tərbiyəsini başlıca istiqamət kimi götürmüşdür. Yaradıcılıq axtarışlarında teatrın yeni dramaturqlarla əlaqəsi daha da möhkəmlənmiş və bu, səmərəli nəticələr vermişdir. Teatr gənc tamaşaçılarını Azərbaycan xalqının qəhrəman keçmişi ilə yaxından tanınmış olmasına, onlarının qəhrəmanlıq hissləri aşılanmasına təsir göstərmişdir. İlk illərdən başlayaraq teatr daim öz professonal səviyyəsini yüksəldir, zamanla səsləşən yüksək ideyalı, böyük tərbiyəvi əhəmiyyətə malik maraqlı tamaşalar yaradırdı.

1928-ci ildə dövlət statusu alan İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1935-ci ildən görkəmli dramaturqumuz Cəfər Cabbarlının adını daşıyıb. Bu teatrın milli mədəniyyətimizin tərəqqisində böyük xidmətləri var. Onun qazandığı uğurları Azərbaycan mədəniyyətinin böyük bir parçası hesab etmək olar. İrəvan Dövlət Azərbaycan Dram Teatrı həqiqətən keşməkeşli sənət yolu keçmiş, ziddiyyətli münasibətlərlə, təqib və təzyiqlərlə üzləşmişdir. 1988-ci ildə ermənilərin başladığı işğalçılıq siyasətinin ağır zərbələrini alanlardan biri də bu teatr və bu teatrın kollektivi oldu. Həmin ildən Bakı şəhərində məskunlaşan İrəvan Dövlət Azərbaycan Dram Teatrı üzləşdiyi ən ağır əzabları, çətinlikləri dəf edərək yaşamaq. Fəaliyyət göstərmək niyyəti teatrsevənlərin diqqətini çəkmək üçün öz həyatını çətinliklə yaşamağa başladı. İrəvan Dövlət Azərbaycan Dram Teatrı milli teatr sənətimizin inkişafında mühüm yer tutur. Və o, Qafqazın qocaman sənət ocaqlarından biridir. Teatr repertuarını bu günün reallıqları çərçivəsində qurmağa çalışır.

130 ildən çox zamana söykənən qədim Naxçıvan torpağında bir yay günündə Zaviyyə məhəlləsində dövrün mütəqəqqi ziyalılarından biri olan Hacı Nəcəf Zeynalovun evində mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası tamaşaya qoyulmuşdur. 1883-cü il may ayının 15-də tamaşaya qoyulan bu ölməz komediya Naxçıvan teatrının təvəllüdünə çevrilmişdir. Bu müddət ərzində keçirilən yaradıcılıq yolu heç də hamar olmayıb. Ciddi təqiblərdən, soyuq münasibətlərdən, gərgin və dramatik mübarizələrdən keçib bu yol. Əsası böyük demokrat yazıçı, qüdrətli dramaturq Cəlil Məmmədquluzadə və tanınmış ədib Eynalı bəy Sultanov tərəfindən qoyulan bu teatrın yaranışı M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası ilə olmuşdur. Fərəhlə qeyd edək ki, qüdrətli ədib Cəlil Məmmədquluzadə Müsyo Jordan rolununda çıxış etmişdir. Hal-hazırda bu teatr aktuallığını qoruyur və yeni-yeni tamaşalarla tamaşaçıları sevindirir.

(ardı var)


MANŞET XƏBƏRLƏRİ