İŞIQLI ATALI
1-ci yazı
Azərbaycan musiqisinin yaşı qədim olduğu qədər də özümüzəməxsusdur, bəşəridir, əvəzsizdir, habelə çağdaşlığa uyğundur. İnsan cəmiyyətləri ardıcıl yeniliyin, inkişafın ifadəsi olaraq yaranır. Həyata münasibətin əsilliyi tələbi insanların mənəviyyat axtarışlarının qarşısıalınmazlığından qaynaqlanır.
İnsanın mənəviyyat axtarışları tükənmir, hər cür texniki inkişaf mahiyyətcə insana gerçəkdən böyük mənəvi ümid qaynağı ola bilmir, ancaq bu gedişdə imkanlar yaratdığı danılmazdır. Çağdaş texnoloji inkişafın insanların, ulusların ömrünə gətirdiyi bəlaların miqyası getdikcə artır. Bütövlükdə bəşərin halsızlığı ortadadır: insanı qurtaracaq çıxış yollarının tapılması isə imkansız görünür…
İnsan bu durumdan çıxış yolunu yenə də özünün insani imkanlarının daha ciddi, yaradıcı, irəliyə doğru, ümidli axtarışları ilə tapa bilər. Sənət bu gedişdə hər an böyük mənəvi yardımçımızdır. Ən çətin vaxtımızda musiqi bizi ümidsizlikdən qurtarır, içdən (daxilən) təmizlənməyimizdə yardımçı olur, özümüzə yetəcəyimizə bizi inandırır, ruhsuzluqdan qurtarır. Şübhəsiz ki, söhbət böyük, yaradıcı, bənzərsiz, ali musiqidən gedir.
Azərbaycan musiqisinin zirvəsi olan muğam habelə Şərqin, bütövlükdə Bəşərin (Dünyanın) ali mənəviyyat ifadəçisidir. Muğamların yaranmasında əsas Şərq xalqları iştirak edib, ancaq bu gedişdə muğamın tarix boyunca daha aydın, mənalı, ruhlu, sistemli, fəlsəfi özünüifadəsi Ulusumuza aiddir desək, yanılmarıq.
Fəlsəfə burada birləşdirici rol oynayır: bu, qədimdə beləydi, indi də belə olacağı qaçılmazdır. Elə muğam yaradıcılığı da başdan-başa fəlsəfədir, insanın həqiqət yolçuluğunun harayıdır. Başqa tərəfdən Azərbaycan fəlsəfəsi tarix boyunca daha çox poeziyada ifadə olunub. Nəsiminin, Füzulinin yaradıcılığı buna örnəkdir. İnam Atanın (Asif Atanın)“Muğam Fəlsəfəsi” əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti aydın, məntiqli şəkildə görünür, bilinir, Şərq ruhaniyyatı, sənəti, dünyabaxışı ilə üzvi birliyi, eləcə də dünya musiqi klassikasındakı üstün mövqeyi vurğulanır. Onun “Bədiiyyat” (1984) əsərindəki rübailərindən birində musiqinin mahiyyəti özünəməxsus şəkildə belə ifadə edilir:
Musiqi barmaqla çalınan deyil,
Ölçü qalıbına salınan deyil,
O, Ruhun Göylərə qovuşmasıdır,
İlahi məqamdır, adi an deyil.
Hələ 1976-cı ildə nəşr olunmuş “Müdriklik səlahiyyəti” kitabındakı “Qəm və üsyan” (1973) bədii-fəlsəfi məqamında “Muğama qayıdış” adlı sonuncu bölümdə muğam ruhu fəlsəfi ricətlə belə ifadə olunur:
“Səhər çağı layla gəlir, mehr gəlir, ülfət gəlir isti ana nəfəsiylə ömrümüzə.
Biz Muğama qayıdırıq.
Bahar çağı gənclik gəlir, sevgi gəlir, hicran gəlir, vüsal gəlir qəlbimizə.
Biz Muğama qayıdırıq.
Böyüyürük, dərk edirik həyat adlı bir hikməti: sevinciylə, kədəriylə, yoxuşuyla, enişiylə, gəlişiylə, gedişiylə.
Biz Muğama qayıdırıq.
Ətaləti, cəhaləti, neçə-neçə qəbahəti, cinayəti rədd edirik, qərq edirik hiddət, qəzəb dənizində.
Biz Muğama qayıdırıq.
Ömür sona yetən zaman tapşırırıq körpələrə əsilliyi, məğrurluğu, həssaslığı, kamilliyi.
Biz Muğama qayıdırıq”…
“Muğam Fəlsəfəsi” əsərinin girişi “Muğam – fəlsəfi hadisə kimi” bölümüylə açılır. Burada muğamın ülvi həyat konsepsiyasını təsdiq etməsi, əsil ruhsal mövcudluq haqda dahiyanə musiqi hekayəti olduğu vurğulanır: “Onda kamil yaşamağın bütün zənginliyi, pillələri, keçidləri, mürəkkəb idraki-hissi əlaqələri öz ifadəsini tapıb. Həyat muğamda insanın dünyaya, onun kədərinə, əzabına, müxtəlifliyinə, ziddiyyətlərinə, təzadlarına qovuşması kimi mənalandırılır. Şəxsiyyətin miqyası burada taleyini ruhunda daşımaqla, əxlaqi qorxmazlıqla, idraki mütləqiliklə, mahiyyətin, əbədiliyin, idealın dərkiylə ölçülür. Həyatla qaynayıb-qarışan, həyata qovuşan, İdeala can atan şəxsiyyəti təsdiq edir muğam. Həmin şəxsiyyətin əsas xassəsi dünyanın mənasına qovuşmağa güclü, ülvi, gərgin ehtirasdır”.
Əsərdə Muğamın möhtəşəm, miqyaslı, əhəmiyyətli hadisə kimi təqdimi var. Ata Muğamı “pillə sənəti”, hər bir pilləsini insan həyatının bir mərhələsi sayır: “Muğam İnsanı həyat pillələri vasitəsiylə İdeala qaldırır. Bu hadisənin əsas xassəsi ehtizaz səviyyəsinə yetən daxili idraki-hissi gərginliyin ardıcıl şəkildə artmasıdır. Muğama görə İnsani həyat ülvidir, çünki insan həyatın zərbələrinə tab gətirir və bununla da ideala yüksəlir; ... İnsan zirvə səviyyəli duyğulara – bəsit hisslərə yad olan həyəcanlara ucalır; ... ruhaniyyat bir səviyyədə qalmır, daim mürəkkəbliyə, kamilliyə, mahiyyətə doğru hərəkət eləyir; ... İnsan son nəticədə həyatdan yüksəyə, özündən yüksəyə ucala bilir, İdeala, Mütləqə qovuşa bilir. İdeala yüksəlmə hadisəsi Muğamda qəmdən – qəmin inkarına, həyatdan – ideala qovuşmaya qanunauyğun, zəruri, təbii keçidlə səciyyələnir”.
Əsər iki hissədən ibarətdir. Birinci hissə “Mahiyyət” adlanır, 11 fəsli əhatə edir. İkinci hissə “Mənşə” adlanır, 5 fəsillidir: “Hürmüzd işığı”, “Xürrəmidin müqəddəs fərəhi”, “Sufi Tanrısı”, “Hürufi İnsanı”, “Məcnunluq”.
Əsərdə irəli sürülən əsas ideyalar bunlardır:
Muğamda həqiqi və əxlaqi bərabərləşir. Yalnız kamil şəxsiyyət həqiqəti dərk edə bilər. Yalnız həqiqət kamil şəxsiyyət yetirə bilər.
Muğamda musiqi ideyasının daxili inkişafı öz yüksək bədii ifadəsini tapıb. Muğamın hər bir pilləsi labüd, təbii, üzvi şəkildə, ardıcıl surətdə digər pilləni hazırlayır, təzə mövzu rüşeym halında onun daxilində yetişməyə başlayır, yeni xassələrlə zənginləşir və son nəticədə ideyanın təzə pilləsini yaradır.
Bütün pillələr bir yerdə ali, xüsusi pilləni hazırlayır – özlərinin əksi, inkarı kimi və həmin pillə əzələ qayıtmaqla başa çatır.
Atanın fikrincə, Muğam 4 qanunauyğunluqla səciyyələnir:
1. Əsas mövzunun təsdiqiylə;
2. Onun inkişafı və yeni keyfiyyət kəsb eləməsiylə;
3. Yüksək pilləyə qalxmasıyla;
4. Yeni şəkildə özünə qayıtmasıyla.
Vahid musiqi ideyası aşkarlanaraq, inkişaf eləyərək özünün əks varlığı kimi yüksək pilləyə çatır və öz əzəli vəziyyətinə qayıdır.
“Muğam Fəlsəfəsi” Sabahımızda Ulusal olduğu dərəcədə Bəşəri mahiyyəti ifadə edən yeni musiqi örnəklərimizi yaratmağımız üçün ciddi bir əsasdır, özüldür. Mütləqə İnam Dünyabaxışına əsaslanmaqla var olacaq İnsanlar ümumən incəsənətin hər bir sahəsində yeni yaradıcılıq üfüqləri yaratmaq imkanına yetəcəklər.
“Türküstan” qəzetinin sayğılı oxucularına İnam Atanın (Asif Atanın) “Muğamlığımız – Loğmanlığımız” adlı içsəsini sunuram.
***
İNAM ATA (ASİF ATA)
MUĞAMLIĞIMIZ – LOĞMANLIĞIMIZ
Fəlsəfi Söz
1. Muğam əsil ruhani mövcudluq haqqında dahiyanə musiqi hekayətidir. Onda Kamil Yaşamağın bütün zənginliyi, pillələri, keçidləri, mürəkkəb idraki-hissi əlaqələri öz ifadəsini tapıb.
Həyat muğamda İnsanın Dünyaya, onun Kədərinə, Əzabına, müxtəlifliyinə, ziddiyyətlərinə, təzadlarına qovuşması kimi mənalandırılır.
Şəxsiyyətin miqyası burada taleyini ruhunda daşımaqla, əxlaqi qorxmazlıqla, idraki mütləqiliklə, Mahiyyətin, Əbədiliyin, İdealın dərkiylə ölçülür.
Muğamın hər bir pilləsi insan həyatının bir mərhələsidir.
Muğam İnsanı həyat pillələri vasitəsiylə İdeala qaldırır.
Muğama görə İnsani həyat – Ülvidir, çünki insan həyatın zərbələrinə tab gətirir və İdeala yüksəlir.
Muğama görə İnsani həyat – Ülvidir, çünki İnsan Zirvə səviyyəli Duyğulara ucalır, bəsit hisslərə yad olan həyəcanlara ucalır.
Muğama görə İnsani həyat – Ülvidir, çünki Ruhaniyyat bir səviyyədə qalmır, daim mürəkkəbliyə, kamilliyə, mahiyyətə doğru hərəkət eləyir.
Muğama görə İnsani həyat – Ülvidir, çünki İnsan son nəticədə həyatdan yuxarı, özündən yuxarı qalxa bilir, İdeala, Mütləqə qovuşa bilir.
İdeala Yüksəlmə hadisəsi Muğamda Qəmdən Qəmin inkarına, həyatdan İdeala qovuşmaya qanunauyğun, zəruri, təbii keçidlə səciyyələnir.
Qəm Muğamda hərtərəfli tədqiq olunur, dərk edilir və əsaslı şəkildə aradan qaldırılır; İdeal – Qəmdən kənara çıxmaq, Qəmin fəlsəfi inkarı kimi təqdim olunur.
İdeal Qəmin üzərində ucalır.
Muğam sübut eləyir ki, həyat kədərlə məhdudlaşmır; o, Kədərdən artıqdır; Kədəri aradan qaldırmaqla həyat İdeala çatır.
İdeal – həyatdan artıqdır; həyat özündə qala bilmir, labüd şəkildə özündən kənara çıxır; – Kamilə, Mütləqə qovuşur.
İdealla görüş Muğamda xüsusi, qeyri-adi, sirli, sehrli, vəhyli, ehtizazlı hadisə kimi meydana çıxır.
Həyat – Ali Həyata keçir.
Qəhrəmani Şəxsiyyət Dünyanın faciəvi mənasını dərk edir, duyur; həmin Mənayla birgə yaşayır; ancaq son nəticədə onun üzərində Yüksəlir və Kamilliyə çatır.
Dünya bütün zənginliyiylə dərk olunur, ancaq İnsan Dünyayla kifayətlənmir, ondan kənara çıxır.
Həyatdan – Ali Həyata – Qəhrəmani, Ülvi Şəxsiyyətin Ruhani Yolu budur.
Həyati iztirablara qarşı qorxmazlıq, kamillik ehtirasında qorxmazlıq, kamilliyə qovuşma qətiyyətində qorxmazlıq – Muğam İnsanının başlıca keyfiyyətləri bunlardır.
Muğamda İnsan Ülvi Məqsədinə yetmək üçün yetişir; o, həyatın bütün keşməkeşlərindən keçib müdriklik, ruhani güc qazanır.
Ruhani Yetkinliyə nail olan İnsan İdeala ucalır.
Həyatı dərk etməklə İdeala ucalmaq arasında əsaslı fərq var: ikincidə Duyğular, Ehtiraslar tüğyan edir; Hadisənin Müqəddəsliyi, Bənzərsizliyi, Əlçatmazlığı təsdiq olunur.
«Simayi-Şəms» üstə Füzulidən:
Şəmi-şami-firqətəm, sübhi-vüsalı neylərəm?
Bulmuşam yanmaqda bir hal, özgə halı neylərəm?
Qeyrə ərz et nə əsbabın ki var, ey dəhri-dun,
Mən bir əhli-zövqəm, əsbabi-məlalı neylərəm?
Yox əcəb gər malə rəğbət, mülkə qılmam iltifat,
Mən gədayi-küyi-eşqəm, mülkü malı neylərəm?
Əhli-haləm, demə büt vəsfin mənə, ey bütpərəst,
Hal bilməz dilbəri-sahibcəmali neylərəm?
Ehtimali-hicr təşvişinə dəyməz zövqi-vəsl,
Vəsl kim var onda hicran ehtimali, neylərəm?
Nəxli-qəddin istərəm kandan bəladır hasilim,
Baxmazam şümşadə, bar verməz nihalı neylərəm?
Ey Füzuli, qıl kəmali-fəzl kəsbin, yoxsa mən
Kamili-eşqəm, dəxi özgə kəmalı neylərəm?
Əxlaqi Kamillik Tələbi Muğamda həqiqəti dərk etmək tələbiylə birləşir.
«Yalnız Kamil Şəxsiyyət həqiqəti dərk edə bilər» – deyir Muğam.
«Yalnız Həqiqət Kamil Şəxsiyyət yetirə bilər» – deyir Muğam.
Həqiqəti dərk etmək burada Əxlaqi Kamilliyə çatmaq demək olur.
Əxlaqi Kamillik həqiqəti dərk etmək demək olur.
Yalnız Əxlaqi olan – Həqiqidir.
Yalnız Həqiqi olan – Kamildir – deyir Muğam.
Həm Kamillik, həm də Həqiqilik özünü İdealda, Mütləqdə hərtərəfli təsdiq edir.
(Ardı var)