Əkbər QOŞALI
Bərəkətli Borçalı torpağının - “Vətənin qıraqda qalan yerləri”nin (üzübəri) mədəniyyət iqliminin unudulmaz yetirmələrindən biri də, şair qardaşım Hamlet Kazımoğludur. Gah Ərtəhlə, gah Faxralı balası, daha çox da sadəcə Kazımoğlu deyə çağırdığımız şairin poetik duyğularla yoğrulmuş ruhu taleyin amansız hökmünə uyub, ömrün 31-ci yazında bədəndən ayrıldı… Əfsanəvi sənətkar Barış Manço deyirdi ha - “Can bədəndən çıxmayınca”… - bax, Hamletin könül dostları da, sevdalıları da, onu bilən hər kəs, hər kəs o günədək bir başqaydıq sanki; sanki o bizdən əbədi ayrılınca, biz də qəflətdən ayıldıq: Hamlet ölə bilərmiş!.. Bəs ürəyindən ən son nə keçib, kim keçibmiş, İlahi?..
Yesenin təqribən o səmtlərdə, o yaşlarda - intihardan öncə yazdığı son şeirində nələri vurğulayırdı? -
“Əlvida, can dostum, sağ-salamat qal,
Ürəyimdə tək sən varsan, əzizim.
Bu ayrılıq bizdən öncə yazılıb,
Görüşərik yenə, yenə şübhəsiz…
Sağ ol, dostum, sağ ol, söz sükutundur…
Nə əl sıxdıq, nə söz dedik - nə bilim…
Kədərlənmə, düyünləmə qaşını;
Bu həyatda ölmək yeni şey deyil,
Amma yaşamaq da, köhnə sayılır”...
***
Ötən ay doğumunun 55-ci ildönümü tamam olan şairin vəfatının 24-cü ili bu aya düşür.
21 mart 1970-ci ildə Faxralıda dünyaya göz açan Hamlet, sözün sehri ilə nəfəs aldı, Bakıda yüksək təhsil aldı, şair kimi ün qazandı və günlərin bir günü, göyüzündən nə ismarıc aldı - bilmirəm - qərar verib çox uzaqlara, uzaqlara üz tutdu. Gedərkən də, dost-qardaş ərkiylə, mənə belə bir şeir ismarlamışdı:
“Qollarım gücümdən ağrıyır mənim,
İçimdə bir həsrət çağlıyır mənim;
Bu şəhər baxtımı bağlıyır mənim,
Getsəm bu şəhərdən geri dönmərəm.
Neçə payız gəlir, neçə qış qalır,
Yaşımın üstündə neçə yaş qalır;
Hər gedən qatarda yerim boş qalır,
Getsəm bu şəhərdən geri dönmərəm.
O qız yoxa çıxıb görüş yerindən,
Qayıtmaz bircə yol öpüm telindən;
Bir gün tuta bilib mən öz əlimdən,
Getsəm bu şəhərdən geri dönmərəm.
Gözü bağlı oldum, bəzən də açıq,
Kimiyə xoş gəldim, kimiyə acıq;
Arxamca su atan tapılmayacaq,
Getsəm bu şəhərdən geri dönmərəm”… -
Dediyi kimi də etdi - öz əlindən tutub getdi… Qatarla getmədi, Borçalıya getmədi, uçaqla Ərəseyə uçub getdi…
Onun 19 aprel 2001-ci ildə bu dünyaya vida dediyi yer Əreseyin Tver vilayətindəki Torjok şəhəri oldu. Fiziki ömrü qısa sürsə də, bu qısa ömrün içində dərin izlər, yanğılı misralar, saf duyğular qoymağı bacardı... Nə deyim?.. - QABİL demiş, “Alqış təsəlliyə”!..
Hamletin misraları qayğıların, nisgilin, özləmin, ümidin və üsyanın birləşdiyi unikal bir dünyadır. Onun şeirlərində sevda da var, qürbət ağrısı da, ölüm qorxusu da, yaşam sevgisi də. O, məhz bu duyğuları əks etdirən, misraları ilə oxucunun ruhunu titrədən, içindəki boşluğu dolduran bir şair idi.
“Keçmişə elegiya” şeirində Hamlet, ağ çadır rəmzi ilə insan həyatının keçiciliyini, doğum və ölüm arasındakı sözəgəlməz dönəmi ifadə edir.
“Sən oğul doğa bilməzsən…
Eh! Heç mən də yoxam…” – bu misralar sanki Hamletin öz taleyini öncədən duyduğunu göstərir. O, ölümü bir son deyil, yeni bir başlanğıc kimi görürdü, amma bu başlanğıc onun üçün bir ağ çadır yox, qara çadırın adamlarına qarışmaq idi… Hamletin yaradıcılığında etno lövhələr, etnoqrafik etüdlər çoxdur.
“Yaman qəribsəmişəm” şeiri isə onun yalnız Borçalıdan uzaqda keçən qürbət yaşamına işarə etmir, həm də dünyadan qəribsəmək fəlsəfəsinə toxunur.
Şair
“Şeir yazmaqdan bir şey çıxmadı,
bu şeiri heç kim oxumadı” – deyir. Bu misralar bir etirafdır, bəlkə də bir ümid qırıqlığı… Ancaq indi onun poeziyası oxunur, duyulur, anılır.
Hamlet Kazımoğlunun sevgi şeirləri də başqalarına bənzəmir – burada klassik romantik duyğularla yanaşı, qəbulolunmaz eşqin, mümkün olmayan vüsalın yanğısı var.
“Döyəsən qapımı… açıb görəm ki,
yüz illər qabaqca gördüyüm sənsən” – deyir şair. Şair deyir ki,
“Uzağı, uzağı, ay gözəl sənin
Üzündə gözəllik qaymaqlayacaq”…
Bəli, Hamletanə sevgi fiziki yaxınlıqdan çox, ruhların qovuşmasıdır, min illər boyu bir-birini axtaran könüllərin özləmidir.
“Sevgilim anamtək yalvardı mənə” misrası isə sevgi və ana obrazlarını birləşdirir, insanın ən doğma, ən çox sığındığı hissləri birləşdirən bir məqamı ifadə edir. O, sanki sevginin içində anaya olan ehtiyacı, ananın içində isə sevginin ilahi mahiyyətini tapır.
Hamletin ölüm, ayrılıq və torpaqla qovuşmaq motivləri daha qabarıq görünən bir silsilə şeiri var.
“Orda mənim qəbrim… bunu bir haqq san,
hamı gəlib-gedir, sən isə yoxsan” – bu misralarda yalnız ölüm yox, həm də sağkən unudulmaq qorxusu duyulur. Şairin əsl qorxusu yaşamaqla deyil, unudulmaqla bağlıydı. Onun poeziyası bu gün də oxunursa, deməli, o, hələ də bizimlədir…
Mübaliğəli çıxmasın, Hamlet Kazımoğlu bir ömürlük deyil, yüz ömürlük şair idi. O, Borçalı torpağının harayını, bir ulusun mədəniyyətini, bir insanın taleyini sözə çevirən qələm adamı idi. Onun təcnislərində, qəzəllərində, az sözə çox anlamlar yükləyən misralarında yaşamın əks-sədasını görmək olur.
Şair fiziki olaraq bu dünyadan köçsə də, onun səsi, şeiri, fikirləri bu torpağın ruhunda, mədəniyyət iqlimində yaşayır. Biz onun misralarını oxuduqca, Hamlet yenidən doğulur, yenidən yaşayır...
Hamletlə ortaq dostumuzun sözü ilə desək, unutsaq, unudularıq…
Ruhu şad olsun!