Oljas Süleymenovun “Az i Ya” əsərinə Azərbaycandan YENİ BAXIŞ


Əkbər QOŞALI,
Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı

Oljas Süleymenovun “Az i Ya” (“Аз и Я”) kitabı türk və slavyan mədəniyyətlərinin dərin bağlarını araşdıran önəmli əsərlərdən biridir. 50 il öncə - 1975-ci ildə gün üzü görən bu kitabda Süleymenov, özəlliklə “İqor alayı haqqında dastan” üzərində dayanaraq, qədim türk izlərini və türk-slavyan tarixi münasibətlərini araşdırmışdır. O, rus dilindəki bəzi köhnə sözlərin və ifadələrin türk mənşəli olduğunu sübut etməyə çalışaraq (və buna nail olaraq), bu xalqlar arasında təkcə qarşıdurma deyil, həm də dərin mədəni sintez prosesinin getdiyini göstərmişdir. Lakin bu yanaşma sovet dönəminin rəsmi tarixi konseptinə zidd sayıldığından kitab qadağan edilmişdir.

Əsərin əsas tezislərindən biri budur ki, türk və slavyan xalqları arasında tarixən münaqişədən çox mədəni qarşılıqlı təsir və sintez mövcud olub. Kitabın adındakı “Az” (Аз”) türk komponentini, “Ya” (Я”) isə slavyan komponentini simvolizə etməkdədir; müəllif bu iki mədəniyyətin birgə tarixini vurğulamışdır.

Süleymenovun həyat və yaradıcılığının Sovet dönəmini xronoloji ardıcıllıqla üç bölüm üzrə yorumlayan Prof.Dr. Nizami Tağısoy onun 30-40 yaş aralarını əhatə edən və “Az i Ya”nın da yazıldığı 1966-1975-ci illərini eksperimentçilik dövrü adlandırır: “Süleymenov bu dövrdə yeni formaların axtarışına çıxmaqla daha görümlü epik mənzərələri canlandırmağa, əsərlərinin janr əlvanlığını gücləndirməyə, söz və çeşidli ifadə eksperimentlərini həyata keçirməyə, müasirliyin bəzi məsələlərinə cavab tapmaq üçün öz etnik tarixi köklərinə müraciət etdiyi dövr kimi xarakterizə olunur. Maraqlıdır ki, şairin məhz bu dövr yaradıcılığında müəllif ironiyası xüsusi şəkildə formalaşır. Süleymenovun bu tipli əsərlərini L.Mil "qayersto", L.Anninski "paradoks", V.Qusev "intellektual sirk" kimi səciyyələndirir. Bu, onillik yaradıcılıq baxımından maraqlı olmaqla, həm də məhz bu kəsimdə sənətkarın öz orijinal fərdi üslubunun yaradıcılığı dövrü kimi diqqət mərkəzinə düşür. Şair bu dövrdə səviyyəsini arxiv mənbələrinə müraciət etməklə, V.Turbinin təbirincə desək, "öz savadlı səviyyəsini artırmaq qeydinə qalmaqla" həyata keçirir. Çünki "Az i Ya" və "Gil kitab" kimi maraqlı və birmənalı qarşılanmayan əsərlərin ortaya gəlməsi də məhz bu dövrə təsadüf edir” (“Oljas Süleymenov: nəzəri baxışlar və tədqiqatlar müstəvisində”).

Süleymenovun təqdim etdiyi tezislər, əsasən, qazax çölləri və qədim rus (slavyan) mətnlərinin dil qatmanlarını araşdırır. Lakin Azərbaycanın bu mədəniyyətlərarası sintez prosesində oynadığı önəmli rol hələ də yetərincə araşdırılmamışdır. Azərbaycan təkcə tarixi əlaqələr baxımından deyil, həm də dil, ədəbiyyat, incəsənət və mədəniyyət sahəsində türk-slavyan münasibətlərinin kəsişmə nöqtəsi olmuşdur.

Azərbaycan –
Türk və slavyan dünyasının kəsişmə nöqtəsi

Azərbaycan tarixən həm türk, həm də slavyan dünyasının mədəni sintez məkanlarından biri olmuşdur. Bu sintez təkcə dil və etnik əlaqələrlə məhdudlaşmır, həm də incəsənət, ədəbiyyat və tarixi münasibətlərdə özünü göstərir.

Azərbaycan-Qızıl Orda-Moskva münasibətləri
(XIII-XV yüzilliklər)

Azərbaycanın türk-slavyan əlaqələrində oynadığı rolu anlamaq üçün XIII-XV yüzilliklərdəki münasibətlərə nəzər yetirmək vacibdir:
-Azərbaycanın bəzi bəylik və hakimlikləri, o cümlədən Şirvanşahlar dövləti, həm Qızıl Orda, həm də Moskva knyazlığı ilə ticarət, hərbi və siyasi münasibətlər qurmuşdur;
-Bu əlaqələr nəticəsində mədəniyyət və dil sahəsində qarşılıqlı təsir yaranmış, Azərbaycan dili və ədəbiyyatı slavyan dünyasına müəyyən qədər nüfuz etmişdir.

“Kitabi-Dədə Qorqud” və slavyan dünyası

Oljas Süleymenov “Az i Ya”da digər mövzularla yanaşı “İqor alayı haqqında dastan”ın dil qatmanlarını araşdırdığı kimi, “Kitabi-Dədə Qorqud” da türklərin qonşu xalqlarla əlaqələrində önəmli mənbədir.
-“Kitabi-Dədə Qorqud” dastanı təkcə türk mədəniyyətinin deyil, həm də mədəniyyətlərarası proseslərin bir hissəsidir;
-Bu dastanda təsvir edilən bəzi motivlər slavyan mifologiyası ilə oxşarlıq təşkil edir və bu qarşılıqlı təsirin tarixi kökləri daha dərindən araşdırılmalıdır.

Bu baxımdan, Azərbaycanın tarixi kəsişmə nöqtəsi kimi rolunun yenidən nəzərdən keçirilməsi və “Az i Ya”nın təqdim etdiyi ideyaların daha da inkişaf etdirilməsi vacibdir.

Dil əlaqələrindən kənar kulturoloji sintez

Oljas Süleymenovun yanaşması əsasən dilçilik və etnolinqvistika üzərində qurulsa da, Azərbaycan perspektivindən baxdıqda, bu prosesin yalnız dildə deyil, dəyərlər, estetik sistemlər və incəsənətdə də öz əksini tapdığı aydın görünür.

#NizamiGəncəvi və #türk-slavyan mədəni əlaqələri:
-Nizami Gəncəvinin “İsgəndərnamə” əsəri türk və slavyan dünyası arasındakı əlaqələrə dair maraqlı aspektlər təqdim edir;
-Bu əsər #Gündoğar və #Günbatar (Bizans-Slavyan dünyası) arasında mədəni körpü rolunu oynamışdır;
-Doğu slavyan xronikalarında İsgəndər obrazı mifləşdirilmiş şəkildə təqdim olunur və Nizaminin bu mövzuda təsiri daha dərindən araşdırılmağı haqq edir.

#Azərbaycan musiqisi və
slavyan melodiyalarının sintezi

-Dünyaşöhrətli sənətkarlar - bəstəkar Qara Qarayevin simfonik musiqisində və müğənni Rəşid Behbudovun ifalarında türk və slavyan musiqi elementlərinin sintez olunduğu müşahidə edilir. Bu, mədəni əlaqələrin təkcə dildə deyil, həm də incəsənətdə, musiqidə öz əksini tapdığını və mədəni irsə sayğıduyarlıqla, çağdaş dönəmdə necə təcalla etdiyini göstərir.

Bütün bu aspektlər “Az i Ya”nın təqdim etdiyi ideyaları daha geniş bir mədəni spektrdə yenidən nəzərdən keçirməyə imkan yaradır.

“Az i Ya”nın Sovet dönəmindən fərqli –
çağdaş oxunuşu

Sovet dönəmində “Az i Ya” əsəri türk kimliyini təsdiqləyən və dominant slavyan diskursuna qarşı çıxan bir tədqiqat kimi qəbul edilirdi. Lakin bugünkü post-sovet məkanında və Azərbaycanın müstəqil dövlət kimi mövqeyi nəzərə alındıqda, əsəri yeni kontekstdə dəyərləndirmək mümkündür:
-Sovet dönəmində “Az i Ya” tarixi ədalətin bərpası kimi oxunurdu;
-Günümüzdə isə bu əsər Avrasiya modelinin yeni konseptual çərçivəsində qiymətləndirilməlidir.

Bəs Türk dünyasının çağdaş inteqrasiyası üçün Süleymenovun tezislərindən necə yararlanmaq olar?
Bax, bu kontekstdə Azərbaycanın rolu təkcə keçmişin bir hissəsi kimi deyil, həm də gələcək üçün model olaraq incələnməlidir.

Oljas Süleymenovun sözügedən əsəri Azətbaycan türkoloqlarının, dilçilərinin və Turan sevdalılarının masaüstü kitabıdır. Süleymenovun digər əsərlərinin də çoxu azərbaycancaya çevrilib. Qazaxıstanın, Türk dünyasının böyük oğlunu Azərbaycan çox səmimi şəkildə yalnız dostu-qardaşı deyil, öz aydını, öz vətəndaşı, bir sözlə, ÖZÜNÜN sanır deyə bilərik. Bu sevgi-sayğının doğal yönləri ilə birgə, “Az i Ya”nın (el sözü ilə desək) ürəkdən tikan çıxarmağı da danılmazdır…

#Haşiyə:

Oljas Süleymenovu Azərbaycanın böyük dostu, öz prinsipial mövqeyini hər zaman söyləmiş ictimai xadim kimi tanıyır, sevirlər.

Türk dünyasının görkəmli oğlu ortaq evimizin, ocağımızın qayğısına qalır - türk birliyinin, həmrəyliyinin möhkəmləndirilməsi işində öz güclü mövqeyi, xidmətləri ilə seçilir.

Azərbaycanla Qazaxıstan arasında mədəni bağların inkişafına verdiyi töhfələrə görə “Dostluq”, “Şöhrət”və “Şərəf” ordenləri ilə təltif edilməsi təsadüfi deyil.

Süleymenovun Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərini bütün #Türk dünyasının çox böyük uğuru adlandırması da, tarixdə qalacaq hadisə olduğunu vurğulaması, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərindən məmnunluq duyması da təsadüf deyil.
Bütün bu təsadüf olmayan - təvafüq olan hadisələr bütün digər məziyyətləri ilə birgə, ən azı “Az i Ya”dan başlayan yolun günümüzdəki davamıdır. Əslində, “Az i Ya” da daxil olmaqla, bizim bir ulu Yolumuz var: “ortaq türk keçmişindən ortaq türk gələcəyinə gedən yol”!.. Yürüyə bilməyən yola yük olar; yola yoldaşla çıxılar. Abay necə deyirdi? - “ Əgər sənin yol yoldaşın qazaxsa, azmazsan”… Uluların irsinə sayğı duyan bizlər bu gün nə deyirik? - Deyirik ki, Azərbaycanla Qazaxıstanın arasından Xəzər keçir amma su keçmir…

#Sonuc

Azərbaycanın təqdim edə biləcəyi fərqli tezislər:

1. Azərbaycan tarixi və coğrafi baxımdan türklərlə slavyanların önəmli kəsişmə nöqtəsidir;
2. “Az i Ya” yalnız dilçilik əsəri deyil, həm də kulturoloji fenomen kimi dəyərləndirilməlidir;
3. Çağdaş dönəmdə bu əsər təkcə keçmişə nəzər salmaq üçün deyil, Türk dünyasının gələcək inteqrasiyası üçün yeni bir model yaratmaq məqsədilə (yeni baxışla) oxunmalıdır.

Bu yeni yanaşma “Az i Ya”nın sırf tarixi diskursdan çıxarılaraq, çağdaş Avrasiya inteqrasiyası və mədəniyyət siyasəti üçün bir təməl kimi qəbul olunmasına imkan verərdi.
Oljas Süleymenovun ünlü əsəri üzərinə Azərbaycan perspektivindən aparılan dəyərləndirmələr Qazaxıstanın, bütün Türk dünyasının böyük oğlunun yaradıcılığına orijinal və yenilənmiş elmi-publisistik yanaşmaya xidmət edir.


MANŞET XƏBƏRLƏRİ