İşıqlı ATALI
Ulusallıq – canlı yaşamdır, heç vaxt bitməyən, qırılmayan, soydan-soya keçən.
Ulusallığın mayası, özülü – gerçəkləşdirilməsi İnsanla bağlıdır.
İnsanın ucalığı, bənzərsizliyi onun Ulusallığa tən olmağıyla ölçülür.
Ulusal olan həm də Bəşəriliyə təndir.
İndiyə kimi Ulus anlamı, gerçəkliyi ilə bağlı çoxlu fikirlər deyilib.
Ancaq Ulusun çağdaş, eləcə də bundan sonrakı dönəmdə qarşılaşdığı, qarşılaşacağı təhlükəli gedişlər həm də Bəşərin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradır.
Özgəliklərin çeşidləri durmadan artır.
Ulus olaraq qalmaq, var olmaq gündən-günə çətinləşir.
Belə bir çağda İnam Atanın (Asif Atanın) yaratdığı Mütləqə İnam Dünyabaxışı bizə ardıcıl Ulus olmaq, ulusal özül üstə varlığımızı təsdiq üçün geniş imkanlar yaradır.
Atanın ideyalarının mərkəzində isə özümlü, ulusal ruh üstə köklənmiş İnsan dayanır. Təsadüfi deyil ki, Atanın yaratdığı bayramların ilki İnsanilik Bayramıdır. İnsan, İnsanlıq, onun keçib gəldiyi yollla bağlı saysız-hesabsız araşdırmalar, müxtəlif qənaətlər var. Çoxu isə İnsana inamsızlıqla bağlıdır.
İncəsənətin fərqli sahələrində İnsanla bağlı ümidli məqamlar olsa da, yenə onun yarımçıqlığı, faciəviliyi ön planda olub, yaşantılarının ilahiliyi görülməyib, bilinməyib əslində. İnsana yad yanaşmanın yiyəsi elə insanların özü olub. Gerçəkdən insan mahiyyət üstə azad, özünəməxsus yaşamasının mümkünlüyünə inanmayıb. Ona görə ki, onu Həyatın fövqündə var edəcək İnamı yaranmayıb, ideologiyalar İnsanı əslində özündən – mahiyyətindən, İnsanlığından ayırıblar, özü olmağa qoymayıblar.
İnam Atanın (Asif Atanın) Mütləqə İnam Dünyabaxışında İnsana uca, yenilməz, Mütləq İnamlı, Mütləq İdraklı, Mütləq Mənəviyyatlı, Mütləq İradəli baxış var. Bu baxışda İnsan ucalır, İnsanlığını anlayan başqasının da İnsanlığını anlamasına, imkanlarının aşkarlanmasına yardımçı olur. İnsan olan başqasını da var edir.
Ata “İnsanilik Mərasimi üstə Mütləqlə Təmas”da yazır:
“Dünyanın Dünyadan Yüksək Mənasını özündə daşıyan.
Həyatın Həyatdan Yüksək Mənasını özündə daşıyan.
Özünün Özündən Yüksək Mənasını özündə daşıyan.
Gerçəklikdən yüksək olan!
Cəmiyyətdən yüksək olan!
Şəraitdən Yüksək olan!
Mühitdən Yüksək olan!
Mütləqə can atan!
Mütləqləşməyə Qadir olan!
Mütləq İnam daşıyan!
Mütləq İdrak daşıyan!
Mütləq Mənəviyyat daşıyan!
Mütləq İradə daşıyan İnsan!
Sənə çatmalıyam!”
Deməli, İnsan özündə Dünyanın Dünyadan yüksək, Həyatın Həyatdan yüksək, Özünün Özündən yüksək Mənasını özündə daşıdığını duysa, bilsə, əmin olsa, onun ruhsal (mənəvi) gücü təsəvvürəgəlməz dərəcədə arta bilər. Habelə İnsan Mütləqləşməyə - Kamilləşməyə qadir olan - Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradə daşıyan varlıq olduğunu anladığı dərəcədə yenilməz olur.
İnsanlığın bayram edilməsi Bəşərin bayram ənənəsində ilkdir, bənzərsiz əməldir.
İNSANLIQ BAYRAMI QUTLU OLSUN.