Turan Uğur
AYB - nin üzvü, yazıçı
Su ilə təmizlənib, odla suçlardan arınıb, yel ilə kədərləri havaya sovurub, ilaxırda yeniliyin qoxusunu alanların önündə bayram var. Bayram çoxluğun, cəm olmağın nişanəsidir.Deməli, yalnızlığım anidir. Məni görürlər- əminəm ki, bu saat Təbriz, Bakı, Dərbənd, Borçalı, Daşkənd - Türküstan, bütöv Turan duyur məni.Bu cızdığım coğrafiya həm folklorumuzun, həm amallarımızın coğrafiyasıdır. ”Törəmək”, “çoxalmaq” sözləri necə də manidar görünür bəndənizə. Böyük çillədən Kiçik çillə, Kiçik çillədən Boz ay törənməmişmi?! Folklor- sistemdir, sistem-folklor-mən bu sistemə qəlbən inanıram.
Folklor tərcümədə “xalq müdirikliyi” deməkdir. Xalq müdrikliyindən süzülüb gələn, könlümüzdə və yazılı mənbələrədə abidə ucalan bayrama bir töhfə qatmaq istədim.
Bu səbəbdən “Abidələrdəki Novruz” adlı yazımı “Türküstan” qəzetinin sayğıdəyər oxucuları ilə bölüşmək lap yerinə düşər.
Yalnızam...
Ulu Novruz bayramının gəlişi ərəfəsində “Yaz ağz, dəryaz ağzı”- deyən atalarımızı sevindirməyə israrlıyam. Bayramın məchul tərəflərini, görünməyən izlərini “Abidələrdəki Novruz” umuzda göstərərək güvənc bildiyimiz böyüklərimizin bəlkə az da olsa borcundan çıxmış olaram. Türk xalqlarında 25-dən çox ad daşıyan Novruzun bəşəriliklə yanaşı, üzərində türk kimliyini, türk pasportunu gəzdirməsi bahar bayramının ən halal haqqıdır.Bu haqqı uca Tanrı Novruza yaraşdırıbsa, biz bəndələr nə karəyik ki?! Nə karədirlər ki, 70 il idbar sovet rejimində əziz bayramımıza yasaqlar qoyurdular! Nə karədirlər ki, evində səməni cücərdən, yumurta boyayan, tonqallar qalayan yurddaşlarımızı gözüm-çıxdıya salmışdı sovet “başbilən” ləri. Novruz rituallarına qarşı təzyiqlər barəsində çox yazdığımdan, indi bu məzmunda deyil, əsasən abidələrimizdə saxlancımız kimi boy verən bayramımızın görünməyən cəhətlərinə toxunmaq istərdim. Məni maraqlandıran əsas sual budur:
-Qədim abidələrdə, tədqiqat əsərlərində, ədəbi-bədii nümunələrdə Novruz bayramı necə təcəssüm olunub?
Əvvəla, deyim ki, Novruz haqqında bilgilərə Mahmud Kaşğarlının “Divani-Luğat-it Türk”, Ömər Xəyyamın “Novruznamə” , Nizamimülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” sində, daha neçə-neçə elmi və bədii əsərlərdə rast gəlirik.
Çağdaş dönəmdə isə istiqlal şairimiz Əhməd Cavad 20-ci əsrdə əziz bayramımıza ən çox silsilə etnoqrafik şeirlər həsr edən şairimizdir.
Şairin ”Çillə şərqisi”, “ Yaza xitab”, “Böyük çillə”, “Kiçik çillə”, “Yel baba”, “Boz ay”, “Dörd çərşənbə” şeirlərində əks olunan Novruz adətləri bu gün də oxunaqlıdır.
“Boz ay” şeiri – Əhməd Cavad
Gah bozarır, gah qızarır,
Gah qızarır, gah bozarır.
Günəş çıxır, tez də batır
Yazla - qışın arasında.
Hava meyxoş, hava sərin,
Qışla-Yazın arasında.
Bu nə qışdır, bu nə yazdır?
Soyuq çoxdur, isti azdır.
Günəş doğur, bəs Günəşin,
O istisi harda qalıb?
O həniri, hərarəti,
Yoxsa ondan qışmı alıb?...
Folklorşünas və etnoqraflar Məmmədhüseyn Təhmasibin, Mirəli Seyidovun, Bəhlul Abdullanın, Eybalı Mehrəliyevin, Asəf Orucovun, Qəmərşah Cavadovun yazılarında da milli bayramımıza abidə ucaldılıb.
Sovet vaxtı bir müddət dönəlgəsi dönmüş bayramımızın mətbu orqanlarda necə tərənnüm olunduğuna bir göz gəzdirək. Mərhum yazıçı-dramaturq, ictimai xadim
Şıxəli Qurbanovun bahar bayramına ikinci dəfə vəsiqə verən şəxsiyyətimiz olduğunu qeyd eləmək boynumuzun borcu olsun.”Bahar oğlu” nun inadkar cəhdlərindən, elmi araşdırmalarından, sonsuz çabalarından sonra Novruz üfüqlərində bir daha günəş doğmağa başladı.
1966-cı ildə dərc etdirmiş "Adət, ənənə, mərasim, bayram" adlı məqaləsində yazıçı, folklorşünas Məmmədhüseyn Təhmasib
“Abidələrdəki Novruzumuza”bu sayaq izah verir:
“Novruz bayramı öz mərasimləri ilə birlikdə zaman-zaman Azərbaycanda hakim kəsilmiş dinlərin hamısından çox sadə təsərrüfat bayramı, yəni qışın yola salınması, yazın qarşılanması mərasimi olub. Məhz elə buna görədir ki, xalqımız müxtəlif dinlərin, məzhəblərin, siyasi sistemlərin, ayrı-ayrı hökmdarların təsis etdikləri onlarla bayramları, mərasimləri unutmuş, bunu isə insan əməyə, zəhmətə, maddi nemətləri yaratmağa çağıran təsərrüfat bayramı kimi əsrlər boyu yaşatmış, indi də hər il həvəslə gözləyir, hörmətlə qarşılayır, xüsusi bir məhəbbətlə icra edir.”
Məmmədhüseyn Təhmasib kimi alimlərimizə, folklorşünaslarımıza minnətdar duyğular bəsləyirik ki, “təsərrüfat bayramı” adı altında olsa da, dəyərlərimizi mühafizə etməyə çalışıblar. Novruz bayramına “təsərrüfat donu”-nu biçmək bəlkə də o dönəm üçün ən optimal çıxış yolu idi.
Şah Xətainin, Pir Sultan Abdalın, Füzulinin, Məhdimqulunun, Şəhriyarın Novruzun gəlişi münasibətilə yazdıqları şeirlər də adda-budda mətbu orqanlarda dərc olunurdu.Ümumiyyətlə, Novruzla bağlı yazılan şeir nümunələri ədəbiyyatımızda “Bahariyyə” lər, yaxud “Novruziyyə”lər adlanır. Ta qədimdən bədii ədəbiyyatda və elmi əsərlərdə baharın vəsfi həmişə qoşa qanad olub.
İndi orta əsrlərdən pərvazlanıb düz 20-ci əsrə kimi qanad çalıram, yaxın keçmişimizin mətbu yazılarına nəzər yetirirəm.
Folklorşünas Bəhlul Abdulla “Kommunist” qəzetinin 24 fevral 1989-cu il tarixli nömrəsində “Novruz gəlir” məqaləsində yazırdı:
“Boz ay “Çilləbeçələr” ə bölünür, etiqada görə çərşənbələrdən birinci üçünə “oğru”, ikinci üçünə isə “doğru buğ”, yaxud “doğru üskü”, sonuncuya isə “İlaxır çərşənbə” deyilir”.
Professor, mərhum alimimiz Mirəli Seyidov həmin ilin, elə həmin qəzetin “4 mart buraxılışı”-nda “Yaz-Günəş” sərlövhəli məqaləsində xalqımızın bu qədim bayramını zoomorfik dünya ilə əlaqələndirib.
Bir ağacım var,
on iki budaqlı,
otuz iki yarpaqlı... tapmacası buna misaldır.
Yalnızam...
“Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa, əllərinə keçən quru çırpıları, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı. Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın. Aylarla yığdıqlarını bir gecə üçün xərcləyənlər də var idi”.
Bu əlvan cümlələr İsmayıl Şıxlının “Dəli Kür” romanındandır. Romandakı həmin məqamları ona görə qabardırıq ki, Novruz bayramı günlərində doğulan İsmayıl Şıxlının “Dəli Kür” əsərində bu bayram fundamental şəkildə ehtiva olunub. Elə İsmayıl Şıxlı sevgisini bir azda təhtəlşüumuzda mürgüyə qalmış mental kodlarımızda aramalıyıq, sovet ideologiyasının ənənələrimizi qamçıladığı zamanda, Novruz bayramını ədəbiyyatımıza gətirən kişi idi İsmayıl müəllim, ədəbiyyatımıza, sonra da kinomuza.
“Dəli Kürdən” bəhs edirəm sizə, bayram şölənlərinin, göstərilərinin, adətlərinin təbii, sanballı, kaloritli çıxması üçün, Novruz səhnələrinin çəkilişində yazıçı özü şəxsən iştirak etmiş, baca-baca gəzmək, xurcun atmaq kimi təzahüratlara diqqət kəsilib, necə deyərlər, hər şeyi seçib-sonalamışdı, İsmayıl Şıxlı.
Yazıçı Əzizə Cəfərzadənin məqalələrində də Novruz əzəmətini görə bilirik.”Bayatı düşüncələrim”, “Xıdır Nəbi”, “Novruz” məqalələrində bu bayramın siqləti apaydın cizgilərlə görünür.
“Abidələrdəki Novruz” bizim Novruzdur, içimizin, dışımızın, yazı-pozumuzun Novruzudur. Bu səbədən hər birinizin Çılqayak, Nevruz, Mart 9-u, Ulus günü, Novruz, Baş bahar, Mart bozumu, Sultan Nevruz, Ergənəkon, Əkin bayramınız mübarəkdir, əziz ulusumuz.Diləyim budur ki,
Novruz bayramı axşamında qaşlarınız yox, tonqallarınız çatılsın! Bu il çatılacaq ocaqlarımız Turana doğacaq günəşin növbəti işartıları olsun, Novruz bayramı kimi başımız uca olub qədim Mezolitə dayansın.
Yalnızam...
Yeri gəlmişkən, bu yazı boyunca mən piyada idim, folklorumuz isə atlı.
O qədər yüyrək idi ki, ona çata bilmədim, amma bundan pərişan olmuram, əksinə sevinirəm. Çünki atlı olan folklorumuz, bayramlarımız gedib bu morofonun sonunda mütləq bizi gözləyəcək. Ona çatmaq arzusu ilə yansam da, içimdə bir azadlıq eşqi baş qaldırır. Bu, içimdəki naqolaylıqdan, beynimdəki suallardan azad olmaq, arınmaq duyğususdur.
Suçlardan arınmış könlümə bu an bir ifadə yaraşır:
“Əbədi körpə”- əbədi körpə olmaq folklorla iç-içə olmaq təmizlənmək, məsum qalmaqdır Novruz təki.
Axı o da köhnə ilə sağol deyib, yeni ilə qədəm qoyanda eyzən bizim kimi əbədiləşir, çocuqlaşır, körpələşir.
Körpələşmək isə yenidən məsum olmaq, suçsuz olmaqdır.Diri qalmağımız üçün bundan gözəl nə ola bilər ki?! Zatən yazın da əsas qayəsi budur: diriltmək!
Dürlü-dürlü nəşəsi var,
Yaradandı: tişəsi var.
Yazın bircə peşəsi var:
-Diriltməkdir, diriltməkdir!
Diri olamaq, bir olmaq eşqi ilə...
Bayramınız mübarək!
Daha yalnız deyiləm!
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur