İnam Ata (Asif Ata) ilə üz-üzə - fəlsəfə və fəlsəfəsizlik


Mütləqə İnam Fəlsəfəsinin Yaradıcısı, Ruhani Ocaq Atası, Dahi Azərbaycan Filosofu İnam Ata (Asif Ata) ilə “Fəlsəfə və Fəlsəfəsizlik” adlı Ruhanı Qovuşma (Təmas) olduqca gərəkli bir mövzuya həsr olunub. “Türküstan”ın sayğılı oxucuları burada Ata görümündə fəlsəfənin mahiyyəti, dünya fəlsəfəsinə münasibəti, “Azərbaycan Fəlsəfəsi” anlamının açımını, habelə bəşərin sabahında İnam Ata (Asif Ata) Fəlsəfəsinin xilas kimi əsaslandırılmasının şahidı olacaqlar.

SAYĞIYLA: İŞIQLI ATALI

II yazı

............................

(Əvvəli BU LİNKDƏ)

İndi bəziləri deyirlər ki, bəs Nəsimi də öz əsərlərində ayrı cür danışırdı. Bunlar çox şey tələb eləyirlər Nəsimidən! Ağıllarının ucundan! Bəs necə ola bilərdi ki? Xəlifətin o amansız dövründə öz fikrini söyləmək üçün belə vasitələrdən istifadə etmək məcburiyyəti vardı, zəruriyyəti vardı. Yoxsa onlar fikirlərinin heç bir vergülünü belə deyə bilməzdilər. Bir zaman Nəimidən, Nəsimidən ateist düzəldirdilər. Bu, baş tutmadı. İndi onlardan dindar düzəldirlər. Bu, ondan da pis! Hansı dində insan Allahdır? Kimi aldadırlar bunlar?

Azərbaycan fəlsəfəsinin çox böyük zirvəsi Muğamatdır ki, burda bütün Şərq fəlsəfəsinin canı var: Zərdüşt işığı var, Hürufilərin, Sufilərin ənəlhəqqi var; Hürufilərin ənəlhəqqi var, sufilərin kamillik idealı var.

Və nəhayət, Saz Fəlsəfəsi var. Bütün qalan nə varsa, onun Azərbaycan və Şərq fəlsəfəsinə dəxli var, amma çox şərti! Bəli, çox şərti! Öyrənməli budur! Məyər bu azdır? Fələkət ondadır ki, ağıllarının, idraklarının ucundan öyrənilməli olan azı itirib, öyrənilməməli olan çoxluğu qəbul eləyilər.

Mənim müasir Azərbaycan fəlsəfəsiylə və Şərq fəlsəfəsiylə təmasım, ümumiyyətlə, fəlsəfəylə təmasım İnam yönlü olubdur və bu yöndə mən çox bəhrələnmişəm böyük filosoflardan.

Sonrakı fəlsəfə və xüsusilə də XIX əsrdə guya yaranan materialist fəlsəfə - Axundov “fəlsəfəsi”; Axundov nə tənqidçidir, nə də filosofdur. “Kəmalüddövlə məktubları” yaxşı əsərdir, ancaq onun fəlsəfəyə dəxli yoxdur. Orada problem, orada fəlsəfi məsələ yoxdur. Dünya nədir? – sualına cavab yoxdur. İnsan nədir? – sualına cavab yoxdur. Yaxşı ateist bir əsərdir, amma bunun fəlsəfəyə nə dəxli var? Tənqidçiliyi də həmçinin. Melkum xana yazmaq ki, tənqid belə olmalıdır... Zərdüştü qoyuruq kənara, Buddanı qoyuruq kənara, Upanişadları qoyuruq kənara, Nəimini qoyuruq kənara, Nəsimini qoyuruq kənara!

Heç kim demir ki, onu tarixdən çıxart, amma hər halda Axundovun tarixinə düşməyə mən razı olmazdım. O, balaca tarixdir.

Eləcə də Axundovun komediyaları haqqında. Bəli, komediyada da həmçinin. Komediyası da özfəaliyyət səviyyəsindədir. Əsərlərinin heç birində ümumiləşdirmələr yoxdur. Hamısı gerçəkliyin zahiri tərəflərindədir, səthiliyindədir. Onun yumorunun heç bir dərinliyi yoxdur! Bu, kəşf olunan yumor deyil. O, hamının güldüyü yumordur. O, Cəlilin dərdi deyil, Sabirin dərdi deyil və sairə.

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, XIX-XX əsrdə Azərbaycanda fəlsəfə yoxa çıxsa da, xüsusi bir hadisə kimi çox istedadlı yazıçılar peyda oldu. Əsasən, Cəlil Məmmədquluzadə, Sabir ki, onlar öz əsərlərində cəhalətə qarşı döyüşürdülər. Mənim gözümdə Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri dünya səviyyəsində komediyanın, dərdli komediyanın ən bariz nümunələrindən biridir. Təkrar eləyirəm, təbiidir ki, bu, filosofluq deyil, folosofluq ayrı şeydir. Amma Sabirsiz, Cəlilsiz, xüsusilə Hüseyn Cavidsiz - onun yaradıcılığı başdan-ayağa fəlsəfəylə doludur - Azərbaycanda filosofluq inkişaf eləyə bilməzdi. Mən bunları öyrəndim, onlardan yazdım, çox şey qazandım, bəhrələndim. Məncə, sualına cavab tapdın.

İşıqlı Atalı: - İstəyim budur ədəbi fikir – fəlsəfi fikir məsələsini Ata açsın. Bir də görürsən, hansısa yazıçı haradansa fəlsəfi fikri öz əsərinə gətirir, bədiyyatıyla onu genişləndirir, zənginləşdirir və həmin şəxsi filosof hesab eləyirlər. Yəni filosofluq bu qədərmi asandır?

İnam Ata: - Fəlsəfə ən çox ədəbiyyata yaxındır, çünki hər ikisində gerçəklikdən üstün olmaq imkanı var. Hər ikisində gerçəkliyi ötmək imkanı var. Bu cəhətdən fəlsəfə bəziləri fikirləşdiyi qədər riyaziyyatdan daha çox ədəbiyyata, xüsusilə musiqiyə yaxındır. Ona görə də ədəbiyyatçı əgər yaxşı ədəbiyyatçıdırsa, o, istəsə də, istəməsə də fəlsəfi fikir söyləyəcək. Amma fəlsəfənin ədəbiyyatdan fərqi ondadır ki, fəlsəfə Həqiqəti dərk eləyir. Çox böyük əzab hesabına. Ədəbiyyat fəlsəfənin dərk elədiyini vəsf eləyir, ya da müəyyən mənada həmin o Həqiqətə yaxınlaşır. Ancaq demək olmaz ki, ədəbiyyat hansısa bir ideyanı dərk elədi. Bu, səhvdir. Ona görə də ən yaxşı yazıçı belə, şair belə ədəbiyyatı fəlsəfəylə eyniləşdirməməlidir. Bizdə kim ki, bir ağıllı fikir dedi o, “filosof”dur. Nə yaman asan şeymiş bu filosofluq? Bəli, “mütəfəkkir” olur. Nə qədər bizdə “mütəfəkkirlər” var. Görəsən, o “mütəfəkkirlər” nə deyib? Hansı ideyanı deyiblər? Ona görə deyirlər ki, ədəbiyyat elə bəsimizdir. Neyləyirsən fəlsəfə yaradırsan? Bu da bizim zəifliyimizdəndir. Və bu zəifliyin yaratdığı hal İdrakla çulğalaşıb. Təkrar eləyirəm, Füzuli əslində eşq dini yaradıb. Mən dini burada avamlıq mənasında, xurafat mənasında yox, İnam mənasında deyirəm. Lakin Füzuli heç bir əsərində filosof deyil. Onun məqsədi ideya yaratmaq deyil, eşqi vəsf eləməkdir ki, o, din səviyyəsinə qalxsın. Bu vəsfin səviyyəsi elə şeirin səviyyəsidir. Füzulinin dahiliyi gözəl Həqiqət vəsfindədir. Həqiqətin dərki isə filosofun işidir.

Böyük ölkənin gərək həm də fəlsəfəsi böyük olsun, həm şeiri böyük olsun, həm musiqisi böyük olsun, həm elmi böyük olsun, hətta siyasəti belə böyük olsun, iqtisadiyyatı böyük olsun. Biz elə kor tutduğundan buraxmayan kimi, lovğacasına bircə şeyi bilirik ki, bizim ədəbiyyatdan başqa ədəbiyyat yoxdur. Bu, doğrudan da belədir. Və bir kontrast əmələ gəlir: ədəbiyyatda Füzuli, fəlsəfədə Fuad Qasımzadə. İndi müasir filosoflar haqqında yəqin sualın olacaq. Bəli, musiqidə muğamat, Üzeyir Hacıbəyov, fəlsəfədə Həsən Şirəliyev. Bütün yaradıcılıqlarını götürsən, “O dedi, bu dedi”. Heç əməlli-başlı şərh də yoxdur.

Qəribə bir vəziyyət. Səsi olmayan xanəndəni xanəndə saymırlar. Fikri olmayan filosoflar yetişib. Bu, təkcə, bizim dərdimiz deyil, məncə, Rusiyaya da aiddir. Rus da Belinskisini, Çernışevskisini o qədər qaldırdı ki, elə bildilər Çernışevski filosofdur. Rusiyada fəlsəfə XX əsrin əvvəllərində (Berdyayevdə və Solovyovda) başladı. Tez də onun arası kəsildi. Rus xalqının da fəlsəfəsi yoxdur. Fəlsəfəsi olmayan xalqın heç zaman düzgün yerişi olmayacaq. Məncə, sualına cavab tapdın.

İşıqlı Atalı: - Atamız bir dəfə dedi ki, Azərbaycan Fəlsəfə tarixini yazanda fərəhlərimizin fəlsəfəsini, yəni əsasən, Zərdüştü, Babək halının fəlsəfəsini, muğamat, Füzuli və Hürufilikdən - Ocağımıza qədərki zirvələrdən yazmaq lazımdır. Azərbaycan fəlsəfəsi ki deyirik, Bəhmənyardır – filan... Bunlara Aristotelizm təsir eləyib. Bu haqda, Mütləqim.

İnam Ata: - Bəhmənyar, o birilər; bunlar ərəb mədəniyyətilə ellinizmi birləşdiriblər. Ola bilsin ki, Bəhmənyarın Azərbaycan fikrinə bir təsiri var. İbn Sinada, Fərabidə, onda və başqalarında orijinallıq yoxdur. Çox azdır. Şərq burada ellinləşib – yunanlaşıb. Bəli, belə baxanda Azərbaycanda filosoflar çox olub. Amma fəlsəfə nədir? Fəlsəfə ən azı orijinal fikir deyilmi? Bəhmənyar nə deyibdir orijinal? Bu səbəbdən də “Azərbaycan fəlsəfə tarixi”ni bu saat bəlkə yazmaq lazım da deyil. Əgər yazmaq lazımdırsa, onu məncə, Zərdüştdən başlamaq lazımdır, sonra onun ən yüksək zirvəsini – Hürufilərdən yazmaq lazımdır. Qoy o qədər də böyük həcmli olmasın. Belə bir faciəvi vəziyyət yaranıb: Azərbaycan fəlsəfəsi müəyyən dövrdə inkişaf eləyib, sonra inkişafdan tam qalıb və ya yox olub.

İşıqlı Atalı: Mütləqim, fəlsəfədə dahilik, özünəməxsusluq nədir?

İnam Ata: - FƏLSƏFƏDƏ DAHİLİK – ƏZƏLİ, ƏBƏDİ, SONSUZ, KAMİL İDEYA KƏŞF ELƏMƏKDİR. Elə ideya ki, onu sonradan dəyişdirə bilməyəsən, elə ideya ki, o, bir dövrü yox, bütün dövrləri əhatə eləsin, çünki iki həqiqət olmur. Ona görə də fəlsəfədə dahi çox azdır. Elə ideya tap ki, o, bütün dövrləri əhatə eləsin. MÜTLƏQ HƏQİQƏT VƏ MÜTLƏQƏ İNAM!

İşıqlı Atalı: Bəzi “fəlsəfəçi”lərin nitsşeçiliyinə və freydçiliyinə Ata münasibəti.

İnam Ata: - İndiki şöhrətçilərin, özlərini savadlı göstərmək istəyənlərin fəaliyyyəti əsasında nitsşeçiliyi və freydçiliyi az qala fəlsəfənin böyüklüyü kimi qələmə verirlər. Özlərinin erudisiyalarını göstərirlər. Guya erudisiya böyük şeydir? Əslində Freyd və Hitsşe İnsana qarşı ehtirasdır. Bunlar əhvali-ruhiyyə səviyyəsidir. Ata bunları filosof hesab eləmir bu səbəbdən. Nitsşenin fövqəlinsanının əxlaqı meyitlər üzərində yüksəlmək əhvalıdır. Həmin əhvalı faşizm ifadə elədi. Əgər marksistlər Nitsşeni tənqid eləyirdilərsə, düz eləyirdilər. Marksizmin tənqidində çox şey vardı, amma özündə heç nə yox idi. Freydizm insanı heyvanla eyniləşdirir, onun əsas cəhətini heyvanlıqda görür: seksuallıq tüğyanı yaradır.

Qərb fəlsəfəsinin çox istedadlı nümayəndələri olub. Onların Ataya xeyri dəyib.

İşıql Atalı: - İnam Fəlsəfəsi haqqında Ata sözü.

İnam Ata: - İnam Fəlsəfəsinin canı, mahiyyəti aşağıdakından ibarətdir. Dünya nə yoxdan yaranıb, nə də cisimdən yaranlb. Çünki yoxdan yaransaydı, onun Mənası olmazdı. Cismin öz Mənası var. Dünya özündən, Mahiyyətindən yaranlb. Heç kəs onu yarada bilməzdi. Çünki Mütləqliyi yaratmaq olmaz. Dünya Mütləqlikdən yaranlb. Mütləqlikdən doğulub. Bəli, nisbilik var. Dünyanın mahiyyəti var və nisbi təzahürü var. Təzahürü saxlayan, Təzahürü yaşadan Mahiyyətdir. Dünyanın Təzahürü keçicidir. Dünyanın Mənası əbədidir. Bu səbəbdən də Dünya özü Əbədidir. O, Mənasına görə Əbədidir. Dünyanın Mahiyyəti Əzəlidir. Onun Təzahürü Ötəridir. Ötərini yaşadan Əzəlidir, çünki ötərilik ölür, Əzəlilik isə qalır. Dünyanın Təzahürü sonludur, Mənası, Mahiyyəti Sonsuzdur. Ona görə də Sonlu ölür, Sonsuz qalır. Dünyanın Təzahürü qeyri-kamildir. Mənası, Mahiyyəti Kamildir. Dünyanın, Həyatın, İnsanın qeyri-kamilliyinin arxasında Kamillik durur. O Kamillik yaşadır Dünyanı. Ona görə həm materializm inkar olunur, həm də xurafat. Həm də idealizm. Bizim fəlsəfəmiz Mütləqçilik Fəlsəfəsidir.

İkinci, İnsan məsələsi. Bizim fəlsəfəmizdə İnsan özündə Mütləqilik gəzdirən, bu səbəbdən də gerçəklikdən, şəraitdən, mühitdən, cəmiyyətdən, zamandan üstün olan, Mütləqləşməyə meyl eləyən və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır. Bu səviyyədə Mütləq İdeya olmayıb. Bu, müasir fəlsəfənin bədbinliyinə və dinə qarşıdır.

Və üçüncü, Dünyanı dərk etmək, onu başa düşmək, anlamaq, son nəticədə İnama gətirib çıxarmaq. Hələlik heç bir dövrdə fəlsəfə gəlib İnama çatmayıb. Özün görürsən ki, bunun hər biri bir aləmdir və qısa şəkildə bizim fəlsəfəmizin canı budur.

Qaranlıqlar Yarılsın! Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

İşıqlı Atalı: - Atamız var olsun!

İNAM ATAYLA RUHANİ TƏMASDA OLDU: İŞIQLI ATALI.

Tarixi: 24 Qismət günü, Köçəri ayı 16-cı il (24 fevral, 1995-ci il) Bakı.


MANŞET XƏBƏRLƏRİ