K.Əlioğlu
Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar Azərbaycan və bütövlükdə regionla bağlı atdığı addımlar müəyyən təəssüratlar yaradır. Görünür, burada dünya miqyasında özünü göstərən bir sıra geosiyasi hadisələrin də təsiri vardır. Belə ki, N.Paşinyan bu dəfə Azərbaycanla kommunikasiyaların açılması kontekstində "təkliflər"lə çıxış edib. Onun "təklifləri"nin həyata keçməsi imkansızdır. Lakin onların haradan və nə üçün ortaya atıldığının geosiyasi anlamı vacibdir. Bunun fonunda ekspertlərin diqqətini Azərbaycanın regional addımları çəkməkdədir.
Paşinyanın məqsədləri
"Qozbeli qəbir düzəldər", amma erməni siyasi şüurunu tarixin dərsləri də düzəldə bilmir. Xarici görünüş siyasətçinin daxili aləmini nə dərəcədə ifadə edir, bilmirik, lakin N.Paşinyana baxanda düşünürsən ki, üzünü təraş etməsə idi, daha yaxşı olardı. Üzütüklü və saqqallı olanda qozbelə daha çox oxşayırdı, düşünürdük bəlkə...
Ancaq indi görünür ki, jurnalistliyə yeni səviyyədə baş vurmağa başlayıb – vaxtaşırı cəfəngiyatlarla dolu məqalələr yazır. Son məqaləsində də adəti üzrə absurd tələblər ortaya qoyub. Onlar birbaşa Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı olduğuna görə, üzərində dayanmaq lazım gəlir.
Məsələ həm də onunla əlaqəlidir ki, Donald Tramp hakimiyyətə gələndən sonra dünyanın müxtəlif regionlarında, o cümlədən Cənubi Qafqazda mövcud vəziyyəti ciddi surətdə dəyişə biləcəyindən bəhs edənlər var. Görünür, N.Paşinyan da erməni küyçülüyü ilə o axına düşüb və bəlkə də regionun tarixində növbəti erməni siyasi hiyləsinin əsaslarını qoyur.
Uzunmüddətli müşahidələr göstərir ki, N.Paşinyan kənardan idarə olunur. O, hazırda Qərb siyasi dairələrinin direktivlərini yerinə yetirir (buna əminik). Lakin Rusiyanın təhlükəsizlik təminatı üzərində oturmaqda davam edir. Bu o deməkdir ki, N.Paşinyanın fikrincə, Moskva bütün hallarda ümumilikdə Ermənistanı məhv olmağa qoymayacaq. Buna əminlik D.Trampın hakimiyyətə gəlişindən sonra daha da artıb. O mənada ki, D.Tramp Ukraynada olduğu kimi, Qafqazda da Rusiya ilə münasibətləri pozacaq addım atmayacaq. Əsas səbəbi ABŞ-ın dünya miqyasında yeni geosiyasi oyuna başlamasıdır və həmin gedişatda Moskvaya xüsusi status nəzərdə tutur.
Digər tərəfdən, N.Paşinyan Fransa Prezidenti Emmanuel Makronun Avropadakı iddialarından müştəbeh olmaqdadır. Ona elə gəlir ki, Parisin Avropada mövqeyi gücləndikcə Ermənistanın Qafqazda söz demək şansı artır. Hətta Fransa Avropanın təhlükəsizliyini üzərinə götürən dövlət kimi qəbul edilsə, İrəvan Cənubi Qafqazda istədiyi hərəkəti edə bilər. Amma avropalı siyasətçilər E.Makronu "ağılsız" kimi təqdim edirlər.
Nəhayət, N.Paşinyan son zamanlar atdığı addımlarda daxili auditoriyaya "işləyir". O, müxalif qüvvələrin arqumentlərini sıradan çıxarır. Göstərir ki, onların dedikləri kimi, Ermənistanın maraqlarını satmır, əksinə, bütün imkanlardan istifadə edərək həmin maraqları qoruyur. Mediada dərc edilən son iki məqaləsinin hədəfi budur.
Uğursuz manevrlər
Sosial şəbəkələrdə N.Paşinyanın son məqaləsinin Azərbaycanla Türkiyə arasında maraqları toqquşdurmaq istiqamətində uğursuz bir cəhd olduğu vurğulanır. Bizcə, doğru qiymətləndirmədir. Politoloji bucaq altında bu məqamı aydın görmək mümkündür.
N.Paşinyan öncə özünü konstruktiv və regional miqyasda düşünən siyasətçi kimi təqdim edir: Naxçıvana yol verməyə razıdır! Yəni, o, guya hansısa dövlətin qarşısını kommunikasiya aspektində alan deyil, mane olmaq fikri yoxdur, ancaq…
İkincisi, N.Paşinyan bir dövlətin başçısıdır və başqaları kimi, o da həmin dövlətin maraqlarını qorumalıdır. Yəni, bu məqamda özünü erməni milli maraqlarının müdafiəçisi kimi göstərir.
Üçüncüsü, N.Paşinyan bu miqyasla guya kifayətlənmir – Türkiyə ilə də münasibətlərin normallaşmasına çalışır.
Dördüncüsü, bütün bunları nəzərə alaraq, "hamı üçün sərfəli olan variant" təklif edir.
Bu "variant"ın mahiyyəti Azərbaycanla kommunikasiyaların açılmasının dəhliz deyil, dövlətlərarası yol statusunda olması ilə bağlıdır. Konkret olaraq, Azərbaycan sürücüləri Laçın istiqamətində Ermənistan sərhədini keçir və onun ərazisində Türkiyə yük maşınları ilə əvəz olunur, sonra həmin türk maşınları sərhəddə Marqara keçid məntəqəsindən keçir. Həmin məntəqənin Zəngəzur dəhlizinə aidiyyəti yoxdur.
Belə bir mənzərə yaranır. Azərbaycanın yük maşınları Ermənistana rəsmi İrəvanın müəyyən etdiyi istiqamətdən daxil ola bilərlər. Sonra onlar Türkiyə yük maşınları ilə əvəz olunurlar. Azərbaycan maşınları oradan geri qayıdırlar. Bu, iki istiqamətdə baş verir. Deməli, faktiki olaraq, Azərbaycan bu variantda Ermənistan kommunikasiya şəbəkəsindən "üçüncü ölkə" statusunda istifadə edə bilər.
Aydındır ki, rəsmi İrəvan, ac toyuq yuxusunda darı gördüyü kimi, yuxu görür. N.Paşinyanın bu erməni hiyləsi bu dəfə o dərəcədə ibtidai məntiqə əsaslanır ki, ona gülməkdən başqa reaksiya ola bilməz. Çünki Ermənistan Azərbaycanla müharibədə darmadağın olmuş, haqsız bir dövlət kimi əməkdaşlığa can atmalıdır. Müxtəlif üsullarla sülhdən yayınmağa çalışmamalıdır. Lakin onun havadarları erməni cəmiyyətini növbəti dəfə uçuruma sürükləyirlər və İrəvana elə gəlir ki, Bakı bunu anlamır.
Ən azı, Ermənistan hakimiyyətinin sərhədi üçüncü tərəf vasitəsilə qorumaq planından imtina etməməsi buna sübutdur. Hələ də N.Paşinyana elə gəlir ki, Aİ-nin "mülki missiyası" doğrudan da sərhədi qoruya bilər.
Əvvəla, Ermənistan sərhədinə hansı dövlətin təhlükə törətdiyini biz bilmirik. Bütün hallarda o, Azərbaycan deyildir.
İkincisi, əgər Ermənistan özü sərhədini qoruya biləcəyinə əmin deyilsə, necə müstəqil dövlətdir? Müstəqil olmayan dövlətin xarici siyasəti daim başqalarından asılı olur. Bu da regionda risk və təhdid yaradır. Deməli, rəsmi İrəvanın manevrləri regional miqyasda risk və təhdiddən başqa bir şey yaratmır.
Azərbaycan-Gürcüstan-Türkiyə konfiqurasiyası
Ekspertlər bu barədə çoxdan danışırlar. Bu üç ölkə praktiki addımları ilə Cənubi Qafqazda geosiyasi sabitliyi, təhlükəsizliyi və əməkdaşlığı təmin edə biləcəklərini nümayiş etdirirlər. Hazırda tərəflər bu məsələni Orta Dəhliz kontekstində nəzərdən keçirirlər. Yəni, obrazlı desək, Cənubi Qafqazın "üçtərəfli əməkdaşlıq formulu" yalnız regional miqyası əhatə etmir. Çindən başlayan marşrutla onlarla dövlətin maraqlarını özündə daşıyan və Orta Dəhlizlə Zəngəzur Dəhlizini birləşdirə bilən "yol qövsü" ilə yeni geosiyasi abı-hava yarada biləcək proyektdir. Bu proyektdə N.Paşinyanın kiçik layihələri bir element kimi yer ala bilər. Bununla Azərbaycanın həmin layihədə iştirakı özlüyündə əhəmiyyətli mesajları ehtiva edir.
Birincisi, Azərbaycan Türkiyə və Gürcüstanla Cənubi Qafqazın lider dövləti kimi təhlükəsizlik və əməkdaşlıq platforması yaradır. Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Türkiyədən öncə Azərbaycana səfər etdi. Ankaradakı təmaslarında isə vurğuladı ki, üçtərəfli əməkdaşlıq Bakı-Tbilisi-Əruzum və Bakı-Tbilisi-Qars kimi layihələrin üzərində bərqərar olur. Bu layihələr Bakı-Tbilisi-Ceyhanla birgə Azərbaycanın enerji strategiyasının məhsullarıdır. Yəni, Azərbaycanın həyata keçirdiyi layihələr hazırda strateji əməkdaşlığın bazası rolunu oynayır.
İkincisi, Türkiyənin xarici işlər naziri Hakan Fidan vurğulayıb ki, "Türkiyə, Azərbaycan və Gürcüstan artıq çoxdandır ki, yüksək strateji funksiyası olan olduqca vacib layihələrin inkişafında iştirak edirlər". Yəni, artıq tərəflərin bu istiqamətdə təcrübəsi mövcuddur. Eyni zamanda, indiki əməkdaşlıq platforması növbəti mərhələnin başlanğıcıdır.
Üçüncüsü, layihələrin həyata keçməsi regionda sülhün təmin edilməsi üçün geniş imkanlar açacaq. Bu o deməkdir ki, Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqazda sülhün bərqərar olmasında koordinasiyalı fəaliyyət göstərməkdə qərarlıdırlar.
Dördüncüsü, bu əməkdaşlıq platforması regional konteksti aşaraq Avropa və dünya bazarlarının inkişafına töhfə verəcəkdir. Həmin kontekstdə Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq platforması Xəzər-Qara dəniz regionunda bir sıra layihələri reallaşdırmağa yeni imkanlar yaradacaq.
Beləliklə, Azərbaycan bu mərhələdə də rəsmi İrəvanın mürtəce mövqeyini konkret layihələr və əməkdaşlıq platformaları ilə neytrallaşdırır. Bunun fonunda N.Paşinyanın daha kimlərə ümid edə biləcəyi maraqlı geosiyasi məqamlardandır.