Bugünün, gələcəyin vicdanına ismarıclar - “TÖRƏNİN İZİNDƏ”


Əkbər QOŞALI

Hər bir millətin varlığını qoruyan əsas sütunlar vardır. Türk dünyasında bu sütunlardan biri törədir. Törə, sadəcə keçmişin yadigarı deyil, həm də gələcəyə yön verən (necə deyərlər) canlı dəyərlər sistemidir. Türk toplumları tarixin sərt sınaqlarından keçsə də, törə sayəsində kimliklərini və mədəni dəyərlərini yaşada biliblər.

Bu gün ARB-də (eləcə də, Qafqaz TV, ELTV-də) yayımlanan, dostum-qardaşım Eltən Törəçinin aparıcısı olduğu “Törənin izində” verilişi, məhz bu kültür kodlarını üzə çıxarmaq, onların çağdaş toplumlarda necə yaşadıldığını və hansı çağırışlarla üzləşdiyini araşdırmaq məqsədilə hazırlanır. Lakin bu layihə təkcə bir televiziya verilişi deyil, həm də türk kimliyini çağdaş qlobal dünyada qorumaq üçün kulturoloji bir platformadır: tərtibatı, geyim-geçimi, süsü, simgələri, bir-birini itələməyən boyalar qurultayı, əlbəttə, say-seçmə qonaqları… bir sözlə, hər kəsi, hər şeyi ilə…

Əgər biz törənin özünün mahiyyətinə, tarixin dərinliyinə baş vursaq qürur dolu bir aləmə varmış olarıq.
Ziya Göyalp, Bahaəddin Ögəl və Lev Qumilyovun nəzəriyyələri törənin mahiyyətini anlamaq üçün bizə bələdçi ola bilər.
Ziya Göyalp (1876-1924):
Törəni kültürün hüquq və əxlaq normativləri sistemi kimi yorumlayır.
O, “Türkçülüyün əsasları” əsərində törənin dövlət və toplumun varlığını qoruyan əsas hüquq və mənəvi dəyərlər sistemi olduğunu vurğulayır;
Bahaəddin Ögəl (1923-1989):
“Türk kültürü tarixi” əsərində törəni hüquq və mənəvi kodlaşdırma sistemi kimi təqdim edir.
O, törənin dövlət yönətimində, ictimai sabitliyin qorunmasında və sosial bağların tənzimlənməsində əsas mexanizm olduğunu göstərir;
Lev Qumilyov (1912-1992):
“Etnogenez və yerin biosferi” kitabında törəni etnosun yaşamasını təmin edən əsas faktor kimi qiymətləndirir.
Onun fikrincə, törə türk etnosunun tarixi davamlılığını təmin edən sosial normativlər sistemidir.

Bütün bu yanaşmalar bir daha göstərir ki, törə sadəcə keçmişdən gələn qaydalar toplusu deyil, həm də türk ulusunun gələcəyini bəlirləyən strateji əsasdır. Nə yaxşı, nə yaxşı, bunu “Törənin izində”kilər yaxşı-yaxşı öyrəniblər, öyrəndiklərini də ustuf-ustuf öyrədirlər…

Göytürklər, Hunlar, Səlcuqlular, Osmanlılar, Teymurilər, Səfəvilər və b. türk dövlətləri törəni hüquq və əxlaq sistemi kimi qəbul edərək öz yönətim modellərinə tətbiq ediblər.
-Göytürklərdə törə – xaqanlıq yönətiminin əsasını təşkil edirdi. “Kül Tigin” abidəsində yazılan “Türk ulusu üçün gecə yuxusuz qalıb, gündüz fədakarlıq etdik” sözü törənin dövlətçilikdəki sorumluluq dərəcəsini göstərir;
-Osmanlıda törə – “Orxan Qanunları” və “Fatih Qanunnaməsi” ilə hüquqi çərçivəyə salındı, “örf və şəriət” prinsipi ilə uzlaşdırıldı;
-Teymurilərdə törə - Əmir Teymur törəni qoruyaraq, onu yazılı qanunlarla kodlaşdırmış və ədalət, hərb nizamı, sosial sabitlik prinsiplərinə əsaslanan bir dövlət modeli qurmuşdu. Törə, Teymurilər dönəmində yalnız hüquqi və siyasi sistem deyil, həm də kültürün və ictimai dəyərlərin qoruyucusu kimi fəaliyyət göstərirdi;
-Səfəvilərdə törə – dövlətin ideoloji əsaslarından biri idi və türk-sufi sintezində önəmli yer tuturdu.

Çağdaş toplumlarda törənin qarşılaşdığı özəl durumlar, çağırışlar vardır.
Qloballaşma və texnologiyanın inkişafı törənin çağdaş dünyada digər kateqoriyalarla uyumunu tələb edir. Sizcə, sosial media, süni intellekt və informasiya axını törəni yaşatma və ya dəyişdirmə yönündə yeni çağırışlar yaratmırmı?

Bəs bu informasiya bolluğunda milli kimlik və törə necə qorunmalıdır?
“Törənin izində” proqramı məhz bu suallara cavab axtaran bir intellektual platforma rolunu oynayır. Burada türkçülük, dil birliyi, ortaq tarix, kültür kodları və simvollar dartışma mövzusuna çevrilir.

Törənin çağdaş dönəmdə yaşadılması üçün 3 əsas (strateji) yol vardır. - Bu yollar yalnız oxuduqlarımızdan, öz düşüncəmizdən deyil, həm də “Törənin izindən” aldıqlarımızdır:

Dil və ədəbiyyat:
-Türk xalqlarının ortaq yaddaşı törəni dastanlar, nağıllar, ata sözləri və folklor vasitəsilə qoruyub.
Bu gün isə televiziya, kinomatoqrafiya və elektron media törənin yeni nəsillərə çatdırılmasında əsas vasitələrdən biri olmalıdır.

Ailə və sosial struktur:
-Ailə, törənin əsas daşıyıcısıdır.
Lakin urbanizasiya, fərdi həyat tərzinin geniş yayılması və texnologiyanın təsiri törənin (hətta!) ailə içində ötürülməsini çətinləşdirir.

Dini və etik dəyərlər:
-İslam kültürü ilə sintez olunmuş türk törəsi, etik və əxlaq sisteminin formalaşmasında önəmli rol oynayıb.
-Bu sistemin çağdaş etik dəyərlərlə necə sintez olunacağı əsas suallardan biri olaraq qalır.

Beləliklə:
-Törə sadəcə keçmişə bağlı anlayış deyil, həm də Türk dünyasının gələcəyə miras qoyacağı - gələcək nəslin vicdanına ismarlanan ideoloji və sosial modeldir;
-Bugünkü informasiya toplumunda törənin qorunması, onun (belə demək olarsa) statik bir gələnək kimi yox, canlı bir sistem kimi yenidən ayarlanmasını (köklənməsini) tələb edir;
-Bu, öyrədicilik (maarifçilik), mediada milli-mənəvi dəyərlərin qorunması və kulturoloji yanaşmaların geniş tətbiqi ilə mümkündür;
-“Törənin izində” proqramı sadəcə bir televiziya layihəsi deyil, həm də milli kültürü yaşatma missiyasıdır;
-Törənin izində olmaq – sadəcə tarixi borc deyil, həm də kulturoloji və türkoloji bir zərurətdir!

TÖRƏMİZ VAR OLSUN!


MANŞET XƏBƏRLƏRİ