BÖYÜK AĞACIN KÖLGƏSİ və MEYVƏSİ… - IV yazı


Əkbər QOŞALI

(Kulturoloji yorum. IV yazı)

Türk (Türk dünyası və ya Turan) mədəniyyəti, heç quşqusuz, tarixin ən güclü və təsirli mədəniyyətlərindən biri olub, bu gün belə bilirik, gələcəkdə də belə olması istəyindəyik. Ancaq “böyük ağacın kölgəsinin meyvəsindən çox olması” metaforasını tətbiq edərkən bir neçə əsas məqamı da diqqətdən qaçırmamaq gərəkdir:

Türk mədəniyyətinin “kölgəsi” –
yayılması və təsiri

Türk mədəniyyəti təkcə etnik və siyasi çərçivədə deyil, həm də dil, mifologiya, fəlsəfi dünyagörüşü və dövlətçilik gələnəkləri baxımından geniş coğrafiyaya yayılıb. Bu təsirin elementlərini bir çox sahədə görmək mümkündür.

Dövlətçilik və idarəetmə gələnəkləri:
Qədim Hun, Göytürk, Xəzər, Səlcuq, Osmanlı, Qaraqoyunlu, Ağqoyunlu, Teymurilər, Səfəvi və b. türk dövlətləri yalnız hərbi gücləri ilə deyil, həm də mərkəzləşmiş yönətim modelləri, qanunvericilik və siyasi fəlsəfələri baxımından dünya tarixində önəmli rol oynayıb. Örnəyi, Osmanlı dövlətçilik sistemi Batı Avropaya da təsir göstərib;

Dil və yazı mədəniyyəti:
Türk dilləri geniş bir coğrafiyada yayılsa da, uzun yüzillər içində sistemli şəkil alan ərəb-fars təsiri sonucunda bir çox türk xalqı öz qədim yazı gələnəklərindən bəlli həddə uzaq düşüb. Bununla belə, Orxon-Yenisey yazıları, Uyğur əlifbası, Osmanlı-Türk dili kimi mədəni miraslar dünya tarixində önəmli yer tutur;

Mifologiya və fəlsəfi təsirlər:
Türk mədəniyyəti şamanizmdən sufizmə, oradan isə klassik İslam fəlsəfəsinə keçid edərək müxtəlif mənəvi dünyagörüşlərini özündə toplayıb. Özəlliklə “Dədəm Qorqud”, “Qutadqu Bilik”, “Divanü Lüğət-it-Türk”, eləcə də, Əhməd Yəsəvi, Nəsimi, Yunus Əmrə, Füzuli, Mövlana və digər şəxsiyyətlərin irsi türk mədəniyyətinin ideya və mənəvi kölgəsini formalaşdırıb;

Musiqi və incəsənət:
Türk xalqları musiqi və sənətdə də önəmli izlər qoyub. Türküstan musiqisindən Osmanlı məqam (muğam) sisteminə, muğamdan türk rok və pop türlərinədək geniş bir spektr vardır. Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Müslüm Maqomayev, Barış Manço, Polad Bülbüloğlu, Fərrux Zakirov, Əzizə Mustafazadə, Dimaş və b. musiqiçilər ümumtürk mədəniyyətinin dünya miqyasında kölgəsini daha da genişləndirib və kimisi irsən, kimisi bilavasitə bu işi davam etdirməkdədir...

Türk mədəniyyətinin meyvələri – konkret uğurlar

Əgər kölgə genişdirsə, bəs konkret meyvələr hansılardır?
Bəzi tarixi dönəmlərdə türk mədəniyyətinin meyvələri yetərincə güclü olub. Özəlliklə Səlcuqlu dönəmində (XI-XIII yüzillər), Osmanlı İmperiyasının altun dönəmində (XVI-XVII yüzillər) və çağdaş Azərbaycan-Türkiyə-Türküstan inteqrasiyasında türk mədəniyyətinin gerçək təsiri müşahidə olunur.

Elm və texnologiya alanında da önəmli adlar vardır:
Örnəyi, Əli Quşçu, Biruni, Cəzəri, Fərabi, Hazini, Xarəzmu, İbni Firnas, İbni Xaldun, İbni Xeysəm, İbn Sina, Katib Çələbi, Uluqbəy, Kaşğarlı Mahmud, Tusi, Piri Rəis və b. elmə böyük xidmətlər göstərib. Çağdaş dönəmdə isə mərhum bilginlər - Lütfizadə, Azad Mirzəcanzadə, Osman Sinanoğlu, eləcə də, Nobel ödüllü Əziz Sancar və texnoloji yeniliklərdə rol oynayan Elyaz Babayev, Səlcuq Bayraqdar kimi simalar bu mədəniyyətin (necə deyərlər) yeni meyvələri hesab oluna bilər;

Çağdaş dönəmdə yeni inkişaf dalğası:
Türk dünyasının birləşməsi və yeni institutların qurulması (TDT – Türk Dövlətləri Təşkilatı və s.), ortaq televiziya platformalarının yaradılması (TRT-Avaz, Türk dünyası festivalları və s.), birgə iqtisadi layihələrin həyata keçirilməsi Türk dünyasının yeni dönəmdə gerçək(çi) meyvələr vermək potensialını göstərir.

Kölgənin meyvədən böyük olmasının nədənləri

Türk mədəniyyətinin kölgəsinin geniş, lakin meyvələrinin bəzən az görünməsinin bir neçə səbəbi var. -
Mərkəzsizləşmə və parçalanma:
Tarix boyu türk mədəniyyətinin daşıyıcıları çox fərqli coğrafiyalara yayılıb və müxtəlif siyasi sistemlər altında inkişaf edib. Bu isə birgə fəaliyyətin və inteqrasiyanın çətin olmasına səbəb olub;

Dış təsirlərin dominantlığı:
Fars, ərəb, rus və Avropa təsirləri türk mədəniyyətinin bəlli dönəmlərdə öz mahiyyətini tam ifadə etməsinə əngəl olub. Osmanlı dönəmində ərəb-fars təsiri, Sovet dönəmində isə rus-sovet ideologiyası türk kimliyinin təcallalarını bəlli həddə məhdudlaşdırıb;

Keçmişə həddindən artıq bağlılıq:

Bəzi hallarda türk mədəniyyətinin intellektual mühiti keçmişin şanlı mirasına həddindən artıq bağlanaraq yeni meyvələr yetişdirməkdə çətinlik çəkib…

Çağdaş mədəniyyət ürətimində rəqabət zəifliyi:

Batı dünyası çağdaş dönəmdə kütləvi mədəniyyət və pop-kultura alanında dominant olduğu üçün Türk dünyası bir qədər geri planda qalıb. Lakin son dönəmlərdə türk serialları, musiqisi və kinoları bu tendensiyanı dəyişməyə başlayır.

Bəli, Türk dünyası mədəniyyətinin kölgəsi meyvəsindən daha böyük olub, çünki onun təsiri yalnız konkret uğurlardan deyil, böyük bir sivilizasiya fenomeni kimi yayılmasından ibarətdir. Lakin son dönəmlərdə meyvələrin yenidən yetişməsi sürəci güncəl fazaya keçir.

Bəs ən əsas sual nədir? - Sual budur:
Türk mədəniyyəti yalnız kölgəsi ilə yaşamağa davam edəcək, yoxsa yeni meyvələr yetişdirmək üçün özünü çağdaş dönəmə uyğun şəkildə inkişaf etdirəcək? Cavab, əlbəttə, yeni texnologiyalar, elmi uğurlar və mədəniyyətin uyğunlaşma, uyğunlaşdırma və keçid yetənəyindən asılı olacaq...


MANŞET XƏBƏRLƏRİ