Elmira Kənanın “Bir cüt ayaqqabı”sı haqqında


No description available.

Aygün YAŞAR

Son vaxtlarda düşünürdüm ki, müasir dövr ədəbiyyatı haqqında daha yazmayım. Çünki yazmaq istədiyim digər mövzlar var, xüsusilə tədris etdiyim orta dövr XIII-XVIII əsrlər Azərbaycan ədəbiyyatından mövzular məni “çağırır” elə bil. Müasir dövr ədəbiyyyatında yer almış, mətnlərini oxuduğum 50-yə yaxın müəllifin yazıları haqqında məqalələr yazıb nəşr etdirmişəm son illərdə. Düşünürəm ki, bu, bir ədəbiyyatşünas olaraq müasir ədəbiyyat qarşısında duyduğum mənəvi borc hissinin nəticəsidir və məncə, qənaətbəxş hesab oluna bilər. Çünki barələrində ədəbi tənqidin susduğu və yaxud diqqətindən yayındığı müəlliflərin əsərləri haqqında yazmaq mənim əsas məqsədim olub. “Müasir dövr ədəbiyyatından daha yazmayacağam” qərarımı Elmira Kənanın “Bir cüt ayaqqabı” adlı kitabı dəyişdi. Kitabı mənim üçün hədiyyə olaraq imzaladığı gündən düz bir il vaxt keçib. Hər kitabın öz zamanı olur, gözləyirəm ki, kitab nə vaxt özü oxunmaq istəyəcək. Bu kitab məhz bir ildən sonra oxunmaq “istədi”. “Bir cüt ayaqqabı” kitabı 2022-ci ildə “Elm və təhsil” nəşriyyatında çap olunub. Kitab şərti olaraq iki hissədən ibarətdir:”Şeirlər” və “Esse, hekayələr və xatirələr”.

Yazmaq ehtiyacı bəzən insana özünü qorumaq üçün verildiyini düşünürəm. Daxili aləmlə ətraf aləmin kontrastına dözməyəndə ruh bədənə sığmır, rahatlığını itirir, özünə yer tapmır. Bədənin sahib olduğu bəzi özünüqoruma instinkti kimi ruhun da özünüqoruma yolları var: meditasiya, dua etmək, səni anlayanlarla söhbət, musiqi, sənət, kitablar... Elmira xanıma bəxş olunmuş rəssamlıq və yazarlıq istedadları onun bu həyatda yaşayacağı acılardan qoruyan iki qanadı olub, yəqin ki... O qanadları onu çəkib qəm bataqlığından çıxarıb, Tanrıya yaxın sənət fəzasında süzdürməklə xilas edib...

“Bir cüt ayaqqabı” ilə özünü qələmə alıb Elmira Kənan. İlk səhifədəki “Dünyasını vaxtsız dəyişmiş oğluma həsr edirəm” cümləsindən acı təəssüf dolmuşdu qəlbimə. Həyatda bir insanın yaşaya biləcəyi ən ağır itki övlad itkisidir. Bütün analar bu duyğunun yanğısını yaxından və ya uzaqdan hiss edirlər. Yüngülcə xəstələnən övladına baxan ananın ürəyinin göynərtisi övlad itirən ananın hansı alovlarda külə döndüyündən xəbər verir. Bunu yalnız valideynlər hiss edə bilərlər. Övlada sahib olmaq bir valideynə cənnət xoşbəxtliyini bəxş edirsə, onu itirmək valideynə cəhənnəm əzabını bu dünyada ikən tanıtdırır. Bu alovun əzabıdır ki, Elmira Kənanın əksər mətnləri oğlu ilə bağlı yaşantılarından ibarətdir.

“Daha arzularım uça bilmir,

Qanadlarım qopub ağrılardan”...

...Zülmətə sarılmış künc-bucaqlar

Daha oğlum olmayacaq çünki...”

...“Balası ölmüş anaları

Allah vurub deyəsən”

Vaqif Səmədoğlunun “Məzarıma bir cüt ayaqqabı qoyun, Bir ayağıyalın geyib getsin” misraları da oğlu yeriyə bilmədiyi vaxtlarda Elmira Kənanı dilə gətirmişdi:

“Son dayanacaqda ayaqlar da eynidir-

Qaçanı da,

Qaça bilməkdən məhrum olan ayaqlar da,

Kaş ki ayaqlarımı verə bilsəydim...-

Bu dünyanı bircə kərə,

Gəzə bilsəydi ayağıyalın

Qaçmaqdan dabanları çat-çat olsaydı...

Oynamaqdan yorulsaydı ayaqları...

Neynirəm o ayaqqabıları, ey şair...

Yeriyə bilməyən oğul anasının gileyiydi bu...

Misralar ağlayır, səslər fəryad edir Elmira Kənanın şeirlərində. Hələ dilə gətirmədiyi, misralara tökmədiyi, kitablara yazmadığı neçə-neçə ağrılarının yalnız bir qismidir bəlli ki. Oğlunun heç zaman köhnəlməyəcək, tozlanmayacaq, cırılmayacaq təzə ayaqqabıları gözdağı oldu anaya. Sonra o ayaqqabılar baş qoyub ağlanılacaq bir doğma adamın çiyinləri kimi ananın dərdinə dərddaş olacaqdı. Bəlkə, elə buna görə ürək sözlərinin toplandığı kitabına da “Bir cüt ayaqqabı”dan daha uyğun ad ola bilməzdi.

Elmira Kənan sükunət adamı deyil, hər zaman harasa tələsir, qaçır, gedə bilməyəndə belə getməyi düşünür, qaçmaq istəyir. Bu hərəkətlilik onun mətnlərində də özünü qabarıq göstərir:

...Harasa getmək istəyirəm,

İstər gündüz, istər gecə...

...Bir arzum var,

Çıxıb uzaqlara gedim.

İlim-ilim itmək üçün

Yollar arasında kol olmaqdan canımı xilas edim...

...Dünyadan vaxtsız getmək üçün

Qadın özünə gor axtardı...

... Anlamadın ki, o gecə

Mənim də səndən başqa kimsəm yox...

Və çıxıb getdim o gündən...

Elmira Kənanın sətirlərində arzular, gözləntilər bitməyib. Bəlkə də, arzular, gözləntilərdir onu yaşadan. Yaxşı ki, belədir:

“Haradasa hələ də zəng gözləyən biriləri var.

Sən də onlardan biri...”

“Doğmalar əlindən hərdən qaçsam da,

Gözlərdən yayınıb uzaqlaşsam da,

Bəzən də təkliklə qucaqlaşsam da,

Doyunca sevilmək, sevmək istədim”.

“Əsgər” şeiri də fərqli duyğulardan yaranıb. Əsgər sevgilisi, əsgər anası ola bilməməyin təəssüfünü dilə gətirdiyi şeir gözəl poetik nümunə kimi fərqlənir.

“Bir əsgər sevgilim olmadı,

Yolunu gözləyim gündüz-gecə,

Dua edim sağ-salamat qayıtsın...

Bir əsgər oğlum da olmadı,

İsti corab toxuyum göndərim ona,

Bayramlarda sovqat hazırlayım

Paltarlarını öpüb bağrıma basım,

Əsgər anası kimi qürur duyaraq

Dost-tanış, qohumlar arasında

Oğluma ətirli bir gül axtarım.

Özüm də əsgər olmadım,

Mərd oğullarla birgə

Torpaqlarımızı qaytarmaq üçün düşmənə meydan oxuyaq,

Keçək hücuma.

Qələbə çalaq, qalib gələk biz.

Bir ovuc torpağı gözümə sürtüm.

Zəngəzur torpaqlarına ayaq basaraq

Ana Vətən deyərək mən də hayqırım

Nə əsgər, nə qələbə, nə xoşbəxtlik

Olmadı...”

Bir hissəsini verdiyimiz bu şeir 2019-cu ildə yazılıb. Elmira Kənanın Ana Vətən, qələbə, doğma yurd arzusu indi şirin reallıqdır. Şükür ki, yalnız əsgərlərimizin bizə bəxş edə biləcəyi bu xoşbəxtliyi xalq olaraq yaşamaq nəsibimiz oldu.

Elmira Kənanın, ümumiyyətlə, böyük qəlbə sahibliyi oradan bilinir ki, övlad itkisinə rəğmən yenə həyat dolu qadın olmağı bacarır. Bu iradəsinə, gücünə görə o, hər kiçik problem üçün ah-uf edən insanlara nümunə ola bilər. Onun “Ömür karvanı” şeirindəki kimi sönmüş çırağın özü boydadır ümidi. O çıraq əlindədirsə, onun yenidən alışmağı gözləniləndir. Ümid çırağının işığı azala bilər, amma ömür yolu boyunca o çıraq sönməz. Elmira xanımın bir ana olaraq ümid çırağı isə fəxri olan qızıdır. Qızının- istedadlı, savadlı balamız təhsil üçün uzaqların qəribliyinə sinə gərən Tellinin xoşbəxtliyi onun ömrünə günəş kimi işıq saçsın və Kənan adlı yarasına məlhəm olsun...

Esselər, hekayələr, xatirələri də hər biri səmimi olduğu üçün çox maraqlı və təsirlidir. “Hər gün, hər gecə göz yaşlarımdan sünbül hörürəm. Bir hörük analıq, digər hörük isə qadınlıq” (”Zaman və göz yaşları”) - deyən Elmira Kənanın nəsri də qəlbinin çırpıntıları ilə yazılıb.

Elmira xanım həm də gözəl müəllim və ziyalıdır. Çünki o nəinki öz şəxsi dərdlərini düşünür, eləcə də tələbələrinin, xalqın, dünyanın yaşadığı ağrı-acılara biganə deyil, öz fikirlərini dilə gətirə biləcək, etiraz səsini yüksəldə biləcək, dünyada, cəmiyyətdə baş verən ictimai-siyasi, iqtisadi proseslərə fərqindəliyi olan azad ruhlu insandır. Ruhunun azadlığı ona qarşı bir ziyalı kimi hörmət hissi yaradır. Azad ruh, azad söz, azad baxış onun bu xalq üçün, bütün insanlar üçün ən böyük arzusudur sanki. “Bu insanlar azad deyildi. Onların “Azad qadın” HEYKƏLİNDƏN nə fərqi ola bilərdi ki?...”Şüurlarda inqilab”...Öz-özünə pıçıldadı...Yenə bir körpə doğuldu. Zəncirlər içində...

Saxtakarlıq, riyakarlıq, xəyanət, ədalətsizlik Elmira Kənanın yazılarından boylanan dərdlərin adıdır. Hüquqları tapdanmış qadınlar, kişi kimi olmaq istəməyən qadınlar, qadın kimi xoşbəxt olmaq, sevib-sevilmək, uca tutulmaq istəyən qadınların etirazı var bu esselərdə, hekayələrdə. Eyni zamanda ata sevgisi, ana heyranlığı, bacı-qardaş istiliyi, ailə bağlılığı duyulur mətnlərin əksəriyyətində. Biri-birindən maraqlı yazılmış bütün mətnlərindən (“Bizim Cəbiş müəllim”, “Sınıq kasa”, “Söz var”, “Zəmanə”, “Bəlkə bir çay içək?”, “Onu bağışlmaq olarmı?”, “Bir ayaqqabı sənin həyatını dəyişə bilər” , “Tarakanlar” , “Çaqqallar”, “Arzunun arzuları” və s.) oxucu olaraq zövq aldım. O zövqdür ki, daha yazmamaq qərarımı dəyişdirdi və məni yenidən fikirlərimi qələmə (klaviaturaya) almağa vadar etdi.

“Sarı çiçək” essesində Allaha ərizə yazan Sarı çiçək əslində elə müəllifin özüdür. Mən də Sarı çiçəyə- Elmira Kənana qoşulub yazımı Yaradana dua və xahişlə bitirirəm:

Ümidvarıq ki, qara buludlar tezliklə yox olacaq. Günəş qəlbimizdə mürgüləmiş baharı şəfəqlə oyadacaq.

İmza: Sarı çiçək.”


MANŞET XƏBƏRLƏRİ