I yazı
Mütləqə İnam Fəlsəfəsinin Yaradıcısı, Ruhani Ocaq Atası, Dahi Azərbaycan Filosofu İnam Ata (Asif Ata) ilə “Fəlsəfə və Fəlsəfəsizlik” adlı Ruhanı Qovuşma (Təmas) olduqca gərəkli bir mövzuya həsr olunub. “Türküstan”ın sayğılı oxucuları burada Ata görümündə fəlsəfənin mahiyyəti, dünya fəlsəfəsinə münasibəti, “Azərbaycan Fəlsəfəsi” anlamının açımını, habelə bəşərin sabahında İnam Ata (Asif Ata) Fəlsəfəsinin xilas kimi əsaslandırılmasının şahidı olacaqlar.
SAYĞIYLA: İŞIQLI ATALI
***
İNAM ATA (ASİF ATA)
SABAHDAŞLARA
Dedim ki, filosofun Sözü olmalıdır.
Dedilər ki, Sözlü olmaq günahdır.
Dedim ki, İdeyasız filosof səssiz xanəndəyə bərabərdir.
Dedilər ki, İdeya ağıla yükdür.
Dedim ki, filosofluq – yaradıcılıqdır.
Dedilər ki, filosofluq – yaradıcılığın şərhidir.
Dedim – fəlsəfə inkişaf etdirilməlidir.
Dedilər ki, fəlsəfə araşdırılmalıdır.
Dedim – zaman yeni fəlsəfi fikir tələb edir.
Dedilər ki, gərəkli fikirlər deyilib.
Dedim – bu, fəlsəfənin ölümü deyilmi?
Dedilər ki, yox, yeni aqibətidir.
Dedim – Azərbaycan fəlsəfəsi yaradaq.
Dedilər – bu, dəlilikdir.
Dedim – Şərq ənənələrinə üz tutaq.
Dedilər – bu, gerilikdir.
Dedim – klassiklərə ayıq nəzərlə baxaq.
Dedilər – bu, cinayətdir.
Dedim – əxlaq pozulur.
Dedilər – yeni əxlaq yaranır.
Dedim – özümüzdən ayrılırıq.
Dedilər – sabahımızı tapırıq.
Dedim – İnam azalır.
Dedilər – şübhəyə tapınırıq.
Dedim – qeyrət azalır.
Dedilər – qeyrət maddi deyil, qoy azalsın.
Dedim – Mütləqə inanmaq lazımdır.
Dedilər – nisbini Mütləq sayırıq.
Dedim – filosof zəmanəyə sığmaz.
Dedilər – zəmanə bizi görmür.
Dedim – fəlsəfədə düşüncə səviyyəsi əsasdır.
Dedilər – fəlsəfədə rütbə səviyyəsi əsasdır.
Dedim – Sokrat zəhər içdi.
Dedilər – biz meyi xoşlayırıq.
Dedim – Diogen İsgəndəri saymadı.
Dedilər – bizi sayan görünmədi.
Dedim – həqiqət hər şeydən qiymətlidir.
Dedilər – biz onu aramırıq.
.....................................
İşıqlı Atalı: - Müqəddəs Ata, məlumdur ki, Ocaq bəşərin Göy səviyyəsidir – bu vaxtacan olmayan, görmədiyi və ağlına belə gətirmədiyi. Ocağımıza qədərki Azərbaycan fəlsəfi fikir tarixinə Ata qiymətini bilmək istəyirəm. Azərbaycanda fəlsəfi fikir necə izhar olunub bizə qədər? Ata onlardan kimləri təqdir eləyir?
İnam Ata: - Çox yaxşı. Fəlsəfi əsasa, əmələ malik olmayan İnam - İnam deyil, İnamsızlıqdır. Biz deyəndə ki, İnamımız yalansızdır, cəfəngiyyatsızdır, həqiqidir, demək istəyirik o, fəlsəfəyə əsaslanır. Ancaq heç bir fəlsəfi idrak öz-özlüyündə İnam yaratmır. Fəlsəfi idrak Həqiqəti dərk edir. İnam isə Həqiqətə qovuşmaq tələb eləyir. Həqiqəti aqibətə çevirmək tələb eləyir. Həqiqət üçün döyüşmək tələb eləyir. Həqiqəti bəşəriyyətin aqibətinə çevirmək tələb eləyir. Və son nəticədə İnam vasitəsiylə Bəşəriyyətin dəyişməsini tələb eləyir. Fələsəfə də öz tərəfindən biliyə əsaslanır, ancaq biliyi təkrar eləmir. Elmlər ayrı-ayrı biliklər yaradırlar və bu, bilinməlidir, öyrənilməlidir.
Gerçəkliyin necə olmasını bilməlisən ki, inamını uydurmayasan. Ancaq heç bir elm öz-özlüyündə Mahiyyətin dərki deyil.
İşıqlı Atalı: - Fəlsəfə nədir?
İnam Ata: - Fəlsəfə - Mahiyyətin, Mənanın dərkidir. İnsanın Mənasının dərkidir, Mahiyyətinin dərkidir. Və Həyatın Mahiyyətinin dərkidir. Yəni bu, o deməkdir ki, heç bir elm demir Dünya niyə yaranıb? Nə mənası var bu dünyanın yaranmasının? Və bütün bu dünyadakı olanları hansı birlik, hansı ümumi ideya, hansı ümumi mahiyyət birləşdirir? Bu sualların heç biri başqa canlılarda olmur. Bu sual yalnız İnsanda olur. Dünya nə üçün yaranıb? Niyə yaranıb? Onun bütün dövrlərə, zamanlara aid olan Mahiyyəti nədir, Mənası nədir? Mütləqçilik nədir, nisbilik nədir? Doğrudanmı, dünya elə nisbilikdən ibarətdir?
Və əgər dünya elə nisbilikdən ibarətdirsə, onda onun Mənası nədir bəs? Doğrudanmı, dünya elə keçicilikdən ibarətdir? Əgər dünya yalnız keçicilikdən ibarətdirsə, onda onun nə Mənası, nə Mahiyyəti? Doğrudanmı, dünya sonludan ibarətdir yalnız? Və doğrudanmı, dünya qeyri-kamillərdən ibarətdir? Təzahürlərdən ibarətdir? Hadisələrdən ibarətdir? Belə olduqda Dünya mənasızlaşır. Məlum olmur ki, bəs Dünya niyə yaşaya bilir?
Fəlsəfə öyrənir dərindən və başa düşür ki, dünyanın təzahürü, hadisələr nisbi ola bilər, amma Dünyanın mənası nisbi ola bilməz. Dünyanın Mənası Mütləqdir: yəni Əzəlidir, Əbədidir, Sonsuzdur, Kamildir. Və Dünya özünün bu Mənasından əmələ gəlib, Mahiyyətindən əmələ gəlib, Mütləqliyindən əmələ gəlib.
Yoxdan yaranan yox olardı çoxdan. Ona görə də Dünyadakılar ölür, Dünya ölmür. Həyatdakılar ölür, Həyat ölmür. İnsandakılar ölür, Bəşərdəkilər ölür, İnsan ölmür, Bəşər ölmür. Bu Həqiqəti təkcə bilik əsasında dərk eləmək mümkün deyil. Gərək biliyi aşasan və İdrakın öz gözüylə baxasan, bunu dərk eləyəsən. Bu səbəbdən də fəlsəfə - İnama aparan Yoldur. Elə ki, o, Mənanı dərk elədi, Mahiyyəti dərk elədi, onda sənin bu Dünyaya İnamın yaranır. Bilirsən ki, Dünyadakılar nə qədər keçici olsa da, o keçicilərin hamısının Əbədi Mənası var, Mahiyyəti var. Dünya oyuncaq deyil. Dünyadakılar, İnsandakılar, Həyatdakılar nə qədər ötəri olsalar da, o ötərinin arxasında Əzəlilik durur və Dünya oyuncaq deyil. Dünyadakılar, Həyatdakılar, Bəşərdəkilər nə qədər qeyri-kamil olsa da, bu qeyri-kamilin özünün Kamil Mahiyyəti var. Dünya oyuncaq deyil, Mahiyyətdir, Mənadır.
Və sonuncu. Dünyanın, İnsanın, Həyatın Əzəliliyi, Əbədiliyi, Sonsuzluğu, Kamilliyi həmin Mənanın, Mahiyyətin ifadəsidir.
Beləliklə də, fəlsəfə İnamın əsas mərhələsidir. Ona görə də fəlsəfəni öyrənmək, fəlsəfələşmək olmadan İnam yaratmaq mümkün deyil. O peyğəmbərlik ki əfsanələşib, o, fəlsəfədən, filosofluqdan başlayır. Sonradan idrakın artıq mahiyyətləşməsi, İnsaniləşməsi və həmin o idrakın yaratdığı Həqiqət – Vəcd, Vəhy ki, bunlar əfsanə deyil; hamısı fəlsəfəylə bağlıdır.
Təbiidir ki, hər filosof hələ İnam yaradıcısı olmur. Ancaq filosof olmayan yerdə İnam əvəzinə cəfəngiyyat yaradırlar və camaata onu təlqin eləyirlər.
Xalqın, bəşəriyyətin avamlığını, cəfəngiyyatçılığını təsdiq eləyirlər, son nəticədə bəşəriyyəti qaranlığa qərq eləyirlər. Bu, məsələnin bir tərəfi.
Təbiidir ki, mən dünya fəlsəfəsini öyrənmişəm və burada bir natamlıq, birtərəflik görmüşəm indikilərin fəlsəfəyə münasibətində. Guya ki, fəlsəfə başlayır Avropada, təxminən Heraklitin vaxtında. Sonra bizim eradan qabaq dördüncü əsrdə Sokratın, Platonun dövründə, Aristotelin dövründə çiçəklənir və bundan sonra təzə fəlsəfə yaranır: Bekon fəlsəfəsi və xüsusilə alman fəlsəfəsi – Kant, Hegel, Fixte, Şellinq. Sonra da Marksizim fəlsəfəsi yaranır.
Mən onda sual verirdim: əgər fəlsəfə təkcə elə Platonun, Aristotelin dediyidirsə, Avropanın dediyindən başqası yoxdursa, fəlsəfə çox natamdır. Bunlara hörmətimiz var, ancaq çox suallara cavab tapa bilmir.
Və mən Şərq fəlsəfəsini öyrəndim. Böyük hind ruhunu öyrəndim. Yenə gördüm ki, Avropasentrizm, avropaçılıq burada da imkan daxilində Şərqi inkar etməyə cəhd göstərir. Deyirlər, niyə şeirlə yazılsın fəlsəfə? Niyə Unanişadlarda, Gitalarda bədiyyat bu dərəcədə olsun? Belə də fəlsəfəmi olar? Sırf formal nöqteyi-nəzərdən hind fəlsəfəsini, Şərq fəlsəfəsini ya tam inkar eləyirdilər, ya da onu bir giriş sayırdılar...
Ümumiyyətlə, bu, böyük bir söhbətdir. Hegel kimi bir düha da bütün Şərq ədəbiyyatını ədəbiyyatın ilk tarixi, girişi hesab eləyirdi. Bu, gülməlidir! O sxem onu gətirib belə bir gülməli vəziyyətə çıxarırdı. Və mən öyrəndim Şərq fəlsəfəsini.
Qətiyyən Avropanı inkar eləmədim, amma o natamlıq ki, bütövlüklə hər şey ağılla bağlıdır, o natamlığı burada aradan qaldıra bildim. Çünki hind fəlsəfəsində Həqiqəti təkcə ağılla dərk eləmirlər. Bütün daxili aləmlə dərk eləyirlər – duyğularla, iradəylə, mənəviyyatla... Bu, peyğəmbərliyə daha yaxındır. Və bu nöqteyi-nəzərdən mən həm də özümüzün fəlsəfəmizə, əsil fəlsəfəmizə qovuşdum. Zərdüştçülüyə qovuşdum.
Zərdüştçülükdə fəlsəfə bədii səviyyədədir. Mən bunu fəlakət saymıram, əksinə, üstünlük sayıram. Zərdüştün əsas ideyası iki dünya ideyasıdır – dualizm: Əhrimən Dünyası və Hürmüzd Dünyası. İşıq Dünyası və Qaranlıq Dünyası ideyası idealizmin canıdır. Sonradan Platon eradan qabaq dördüncü əsrdə deyəndə ki, bu dünya ideya dünyasının kölgəsidir, Zərdüştdən çıxış eləyirdi.
İndi elə bir fəlsəfə tarixçisi yoxdur bunu inkar eləsin ki, Platon da, o birilər də Şərqdən öyrəniblər. Midiyadan öyrəniblər, maqlardan öyrəniblər. Ancaq bunu elə təsdiq eləyirlər ki, inkar alınır. Odun İşıq məsələsi, Oddan yaranan İşıq ideyası! İnsanın kamilləşmə tələbi. Bizim eradan əvvəl VI əsrdə qoyulmuş tələb!
İnsanın gərək ağlı təmiz olsun, duyğusu təmiz olsun, əli təmiz olsun! Elə burada demək istəyirəm ki, Zərdüşt haqqında deyilən eybəcərliyə inanmayın! Kamillik idealını bir tələb kimi Bəşərin qarşısında qoyan, irəli sürən Peyğəmbər murdar ola bilməzdi. Bu, fantaziyadır. Bu, ərəblərin fantaziyasıdır. Ərəblər özlərinin rəqiblərinə qarşı div kini, dəvə kini bəsləyiblər həmişə. Babəkə elədikləri eybəcərliyi ondan əvvəl Zərdüştə qarşı eləyiblər.
Azərbaycan fəlsəfəsinin ən yüksək zirvəsi Hürufilikdir, Hürufilərdir. “İnsan Allahdır” ideyası. Zahirən bunu deyənlər olubdur, amma necə deyiblər? Hökmdarları Allah sayıblar, hökmdarlar özlərini Allah sayıblar. Məsələn, Kaliqula özünü Allah hesab eləyirdi. İsa Peyğəmbəri həm İnsan, həm də Allah oğlu hesab eləyirdilər. Amma hər şəxsin Dünyanın nəticəsi olması İdeyası, hər bir sifətin Quran olması ideyası təəccüblü, heyrətamiz dərəcədə təzə idi!
(ardı var)