Rəsmi İrəvanın ideya dəyişikliyi fonunda - geosiyasi manevrləri


K.Əlioğlu

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a son səfəri ətrafında erməni siyasi və ekspert dairələrində ziddiyyətli hərəkətlilik müşahidə edilir. Bir qrup bu səfərin tam uğursuz olduğundan danışır, digəri isə müəyyən dəyişiklikdən bəhs edir. N.Paşinyanın özü isə Vaşinqtonda diaspor nümayəndələri ilə görüşdə ideoloji məqamları önə çəkib. Bu kontekstdə indi Cənubi Qafqazda Ermənistanın həyata keçirdiyi siyasətin prizmasından regional xarakterli bir sıra proseslərin təhlilinə ehtiyac vardır.

Köhnə erməni problemləri və Cənubi Qafqaz

Belə təəssürat yaranır ki, rəsmi İrəvan regional geosiyasi proseslərin fırtınalı dinamikasında özünü rahat hiss etmir. Erməni siyasi rəhbərliyinin xarici səfərlərdə apardıqları müzakirələr və onların sonradan erməni ekspertlər tərəfindən qiymətləndirilməsi bunun əlamətlərindən biridir. Nikol Paşinyanın Vaşinqtona son səfəri bu tezisin fonunda bir sıra baxımdan maraqlıdır.

No description available.

Ekspertlər N.Paşinyanın Donald Tramp tərəfindən qəbul edilməməsini İrəvanın xarici siyasətinin zəifliyi kimi qiymətləndirirlər. Erməni baş nazirin özü isə bəyan edib ki, öncədən belə bir görüş nəzərdə tutulmamışdı. Lakin N.Paşinyanın Vaşinqtonda ifadə etdiyi fikirlərin ümumi məzmunu göstərir ki, onun D.Trampla müzakirə aparmaq istəyi çox olub. Çünki N.Paşinyan, faktiki olaraq, Cənubi Qafqazda müstəqil erməni dövlətinin real mövcudluq şərtlərini gündəmə gətirib. Bu kontekstdə onun Vaşinqtona səfərində D.Trampla müzakirədə həmin mövzu yer almalı idi. D.Tramp isə buna laqeydlik göstərib. Bəs N.Paşinyan hansı məqamları önə çəkməyə çalışıb?

Birincisi, N.Paşinyan müasir erməni tarixində ilk siyasətçidir ki, hazırkı model üzrə müstəqil erməni dövlətinin bu regionda mövcud ola biləcəyinə şübhə etdiyini fundamental aspektdə dilə gətirib. Bu günə qədər hər bir erməni siyasi lideri özünü çox yekəxana, tarixi bildiyi forma və məzmunda izah etməklə və bu əsasda Ermənistanın dövlət olaraq real mövcud olmasının aksiom olduğunu nəzərə çarpdırmaqla aparırdı. Bura hətta Levon Ter-Petrosyan da daxildir.

İkincisi, ilk dəfədir ki, rəsmi İrəvan İkinci Qarabağ müharibəsində məğlub olmasının gözlənilən hadisə olduğunu qəbul etməklə yanaşı, ondan dövlətçilik üçün dərs götürməyin də vacibliyini vurğulayıb.

Üçüncüsü, yuxarıda vurğulanan iki özəllikdən belə nəticə çıxarılır ki, Ermənistanın müstəqil dövlət olması üçün mütləq surətdə indiyə qədər mövcud olan erməni milli ideyasında ciddi məzmun və məqsəd dəyişiklikləri edilməlidir. Yalnız bundan sonra Ermənistan milli və regional problemlərin həllində iştirak edə bilər.

Erməni siyasi ideyasının qəribə transformasiyası

İllərdir Azərbaycan politoloji fikrində əsaslı surətdə yer almış bir tezisi artıq erməni siyasi dairələri açıq söyləyirlər. Bu tezisin başlıca məzmunu ondan ibarətdir ki, digər şərtlərlə yanaşı, erməni dövlətçilik şüurunun böyük bir nöqsanı vardır. O da, ümumiyyətlə, dövlət qurmaq məsələsində ermənilərin nə özlərini empatiyada, nə də qonşulara münasibətdə gerçəkçi mövqe tuta bilməmələri ilə bağlıdır.

Ermənilərin özlərinin regiondakı yeri, rolu və missiyaları haqqında absurd təsəvvürlərə malik olması, həmin kontekstdə "soyqırımı" nağılı ilə baş aldatmaları və real siyasət çərçivəsində qonşu dövlətlərə qarşı gerçəkçi mövqe tutmalarının lazımlığı önə çəkilirdi. Erməni siyasi liderləri və toplumun əksəriyyəti isə bu həqiqi faktları nəinki qəbul etmirdilər, əksinə, daha böyük inkarçılıqla xam xəyallarında qalırdılar. Onlar bir xalq kimi regionda tayı-bərabəri olmayan müstəsna keyfiyyətlərə malik toplum olduqları yalanını yayırdılar.

Eyni zamanda, həmin xülya əsasında regionda ən sivil dövlət qurduqlarına inanırdılar. Qonşu dövlətlərə münasibətlərini də bu absurd iddia üzərində qurmağa çalışırdılar. Bu işdə onları kənardakı havadarları uçuruma daha sürətlə sürükləməkdə idilər. Nəhayət, belə bir yanlış yanaşmanı körükləyən ideoloji ilğım kimi "soyqırımı" nağılını müxtəlif aspektlərdə söyləməkdən yorulmurdular. İndi, N.Paşinyanın Vaşinqtonda söylədiklərinə görə, Azərbaycan cəmi 44 gün ərzində bu təhlükəli mifləri darmadağın etdi! Bu, siyasi və geosiyasi kontekstdə məsələnin prinsipial tərəfini ifadə edir.

Ermənistan regional labirintlərdə

İdeyada transformasiya etmək istəyi məsələnin yalnız bir tərəfidir. Çünki hər an real həyatda praktiki siyasi-diplomatik addımlarla dövlətin mövcudluğunu təmin etmək gərəkdir. Bu baxımdan hələlik erməni siyasi şüurunda nəzəriyyə ilə praktika arasında böyük uçurum var. Biri digərini tamamlamır. Praktiki addımlar nəzəri yanaşmalardan fərqlənir. Müşahidələr göstərir ki, praktiki siyasi və geosiyasi meydanda Ermənistan köhnə dolaşıq mövqeyindən çıxa bilmir. Bu da onu regional labirintlərdə vurnuxmaya sürükləməkdədir. Bir neçə fakt.

No description available.

N.Paşinyan Vaşinqtonda açıq etiraf edib ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən nəticə çıxarılmışdır ki, Ermənistan azad və müstəqil dövlət ola bilər. Yəni, hələ bu keyfiyyətdə deyildir, lakin məğlubiyyətin dərsləri bu prosesdə müsbət rol oynaya bilər. Bu prosesin praktiki müstəvidə iki aspekti Ermənistan üçün önəm daşıyır. Birincisi, dövlətçiliyə və onun təhlükəsizliyinə ideya münasibətinin yeniləşməsidir. İkincisi, kənar qüvvələr haqqında erməni siyasi şüurunda indiyə qədər mövcud olan təsəvvürün strategiyasının tamam dəyişməsi zərurətidir. Bu iki istiqamətin işığında rəsmi İrəvanın regional siyasətinin əsas cəhətlərinə nəzər salmaq olar.

Dövlətçiliyə və onun təhlükəsizliyinə olan ideya münasibətinin yeniləşməsi

Bu yeniləşmənin məzmununda iki cəhət mövcuddur. Birincisi, uydurulmuş tarixi keçmişdən qaynaqlanan "Ermənistan daha yüksək məqsədlərin dayağıdır" ideyasının uzun müddət beyinlərə hakim kəsilməsidir. İkincisi, "Ermənistan özlüyündə ali milli məqsəddir və ondan yüksəkdə başqa heç nə ola bilməz".

Dövlətçiliyə və onun təhlükəsizliyinə olan ideya münasibətinin transformasiyası birincidən ikinciyə keçid kontekstində başa düşülməlidir.

Bunların politoloji mənası dövlətçiliyə yanaşmada erməni şüurunda dəyişiklik edə bilər. Çünki əsas ideyanın obrazı və onun məzmunu dəyişir. Əgər birincidə tarixi-psixoloji əsası olmayan iddia, müstəsnalıq varsa, ikinci tarixi dövrün mahiyyətinə uyğun dövlət qurmaq kursunun strategiyasını konkretləşdirir.

Siyasi-nəzəri olaraq birinci aspektdə başlıca hədəf özgə ərazilərinə haqsız iddianı reallaşdırmaq üçün başqaları tərəfindən yaradılmış qondarma Ermənistandan dayaq kimi istifadəyə əsaslanır. Bu absurd və xəyali iddia reallaşa bilməzdi, çünki uzaq strateji hədəf real olmayan təməl ideyaya – erməni müstəsnalığına əsaslanırdı. Burada şüurda Ermənistanın həqiqi erməni dövləti olmasına əminlik vardır. Bu əsasda da guya erməni dövlətçiliyini genişləndirib, regionda ən güclüyə çevirmək kimi absurd iddia yaranmışdı.

No description available.

Əgər N.Paşinyanın ifadə etdiyi transformasiya baş verəcəksə, erməni siyasi şüurunun məzmununda ciddi yenilik olacaq – Ermənistan adlı dövlətin olmasına şükür etməli və onun mövcud olmasına çalışmağın strateji hədəf olduğu qəbul edilməlidir.

Zəngəzur dəhlizi və İrəvanın regional siyasəti

Yuxarıda N.Paşinyanın, ümumiyyətlə, erməni ideyasının yeniləşməsi haqqında dövlətçilik kontekstində ifadə etdikləri Zəngəzur məsələsinə fərqli mövqedən baxmağa əsas verir. Real olaraq bu məsələ bütövlükdə İrəvanın regional siyasəti daxilindədir. Orada bir neçə aparıcı faktoru görürük. Əvvəla, İkinci Qarabağ müharibəsinin nəticələrini İrəvan ciddi surətdə nəzərə almağa məhkumdur.

İkincisi, Azərbaycan-Türkiyə tandeminin Zəngəzur dəhlizi ilə bağlı apardığı qətiyyətli siyasət Ermənistana olduqca ciddi təsir etməkdədir. Siyasi-diplomatik aspektdə onlar nə desələr də, Türkiyə-Azərbaycan birliyinin geosiyasi iradəsinə hörmətlə yanaşmağa məcburdurlar. Ermənistan baş nazirinin Amerika səfəri bu baxımdan bir nümunədir – orada N.Paşinyan, faktiki olaraq, Türkiyə-Azərbaycan tandeminin yaratdığı yeni geosiyasi reallığı qəbul etməkdən başqa yol qalmadığını dolayısı ilə bildirib.

Üçüncüsü, Ermənistanın qonşulara, o cümlədən İran və Gürcüstana münasibətləri də məhz bu reallığın təməlində yeni məzmun çalarları alır. Bir tərəfdən, Ermənistan İrana ehtiyatla yanaşır (Qərb faktoruna görə), digər tərəfdən isə, regionda tək görünməmək üçün Tehranla strateji tərəfdaş olmağa üstünlük verir. Bu, həm də Rusiyaya bir mesajdır, yəni, Kreml real strateji tərəfdaşlıq etmirsə, İrəvan ona regionda alternativ tapa bilər. Həm də bu alternativ Rusiyanın özünün strateji tərəfdaşlarından biridir.

Gürcüstanla da təqribən eyni məntiqlə əlaqələri inkişaf etdirmək arzusundadırlar. Baş nazir İrakli Kobaxidzenin İrəvana səfəri zamanı müzakirələrin ruhunda bu vardı. Həm də rəsmi İrəvan Tbilisiyə Qərblə münasibətləri bərpa etməyi tövsiyə edib. Bununla deyib ki, bütün hallarda stratejidə Rusiyaya tərəf dönmək fikri yoxdur. Əgər Gürcüstan həqiqi qonşu olmaq istəyirsə, Ermənistanın bu mövqe yeniləşməsinə qiymət verməlidir.Bununla Ermənistan regional geosiyasətə hələlik real müsbət töhfə verə bilmir. Onun manevrləri məhdud və müəyyən dərəcədə formal görüntü xarakteri daşısa da, addım-addım Azərbaycanın Vətən müharibəsindən sonra yaratdığı regional geosiyasətin şərtlərini qəbul etməyə doğru gedir. Bunun nə dərəcədə davamlı olacağını zaman göstərəcək!


MANŞET XƏBƏRLƏRİ