Xarəzmşahlar dövləti


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

VI Yazı

Qalaların mühasirəsindən sonra vəzir Şərəf əl-Mülk Arana qoşun göndərdi. Qoşun dəstələri Muğanda yaşayan türkmən tayfası başçısı Kücət Arslanın var-dövlətini dağıtdılar.Buradan vəzir Şirvanşah torpağına soxulmaq üçün Kür sahilinə yönəldi. Şirvanşah dağlarda gizləndi, vəzir Azərbaycana qayıtdı. Burada o, Naxçıvanı onun sahibəsi Cahan Pəhləvan və Zahidə Xatunun qızı Cəlaliyyənin əlindən almaq qərarına gəldi, lakin şəhərin müdafiəçiləri vəzirin qoşunlarını geri oturtdular. O, bu dəfə Şəmiram qalasına tərəf getdi,lakin hacib Əli onun üzərinə hücum etdi. Şərəf əl-Mülk hətta şəxsi yüklü arabasını talenin hökmünə təslim edərək, Mərəndə çəkildi.

Vəzir Mərənddən Təbrizə yollandı, onu arxasınca gələn hacib Əli isə Xoyu tutdu.Naxçıvan özü hacibə təslim oldu. Hacib öz qoşununu Mərəndə doğru yönəltdi,oranı tutaraq Təbrizə tərəf yollandı.Bu zaman Sultan Cəlaləddin İraqdan qayıtdı və vəzir tərəfindən itirilmiş vilayətləri geri qaytardı. 1228-ci ildə Bərkəri döyüşündə hacib Hüsaməddin Əlinin qoşunları darmadağın edildi, özü isə güc-bəla ilə canını xilas edə bildi.

Sultan Cəlaləddinə qarşı Atabəy Özbəyin daha bir məmlükü-İzzəddin Balban əl-Xalxali çıxdı. Cəlaləddinin monqollarla döyüşdüyü üçün burada olmamasından və həmçinin hacib Hüsaməddin Əlinin Azərbaycana soxulmasından istifadə edən İzzəddin Xalxal əyalətini və qalasını,başqa ətraf qalaları ələ keçirdi.

İraqdan qayıdan Cəlaləddin İzzəddin Balabanı Firuzabad qalasında mühasirə edib təslim olmağa və bütün öz qalalarını ona verməyə məcbur etdi. İzzəddin Balaban o qədər güclü rəqib idi ki, Sultan Cəlaləddin 1228-ci il sentyabrın 14 –də Sürmərinin hakimi Hüsaməddin Xızıra məktub göndərdi ki, o da bunu öz növbəsində hacib Hüsaməddin Əliyə çatdırsın. Məktubun mətni belədir: “Cəlal əd-dünya vəd-Din Əbül Müzəffər Menburnu ibn Sultan Məhəmməd ibn Təkiş, Xarəzmşah, möminlər Əmirinin tərəfdarı, onun ünvanı belədir: “Qələbə yalnız Allahındır”,Bismillah ərrəhman ərrəhim!

Bil ki,səltənətin bütün işləri bizim məmlüklərə və ölkələrə göndərdiyimiz fərmanlar üzrə gedir.Biz Azərbaycana gələrkən qəti qərar qoymuşduq ki, əş-Şama doğru yol alaq, lakin bizim qalib bayrağımızı öz gözləri ilə görərkən İzzəddin Balabanın qiyamı ilə öz həddini aşdı. O,fürsətdən istifadə edərək öz ətrafında bəzi əmirləri topladı.Sirlər güzgüsü olan bizim qəti fikrimizcə, əvvəlcə yuxarıda adı çəkilən şəxsin qiyamının köklərini kəsmək lazımdır ki,bizim ali düşüncəmiz bu ölkənin işlərindən azad olsun. Hacib öz ordusu ilə bu hərbi səfərə qatılması onun özü üçün də şərəf olardı”.

1228-ci ilin ortalarında Xarəzmşah qiyamçılara qarşı hərbi səfərə başladı. Məğlub olan Balaban qaçıb Furuzabad qalasına girdi və orada gizləndi. Tezliklə Balaban hacib Hüsaməddin Əlinin tərəfinə keçdi və onun qoşununun köməyi ilə Cəlaləddinə qarşı çıxdı. Lakin hacib Əli onu tələyə salmağa və edam etdirməyə müvəffəq oldu.Bu vaxt 50 minə yaxın çadırdan ibarət qıpçaq tayfası Cəlaləddinə xidmət etməyə gəldi.Sultan onların köməyi ilə Dərbəndi ələ keçirməyə cəhd göstərdi.Bu cəhd boşa çıxdı.Vəzir Şərəf əl-Mülk isə Şirvanşahlardan Quştasin vilayətini almağa müvəfəq oldu. Bəlkə də vəzir Şirvan torpaqlarının zəbt etməkdə davam edəcəkdi,lakin Şirvanşah onu qabaqladı və “dəvət gözləmədən” Sultanın yanına yollandı, o, “belə hesab edirdi ki, sultanın əlini öpmək, ayaqlarına yıxılmaq onun üçün şərəflidir və bu iş talenin qəzavü qədərindən müdafiə və qara gün üçün isə ehtiyacdır”.

Vəzir Sultana “Şirvanşahı həbs etmək və onun ölkəsini Sultanın başqa mülklərinə birləşdirmək məsləhətini verdisə də, Cəlaləddin bununla razılaşmadı, bütün qanun qaydaya riayət edərək Şirvanşahı fəxri libaslarla yola saldı”. Sultanın tərcümeyi-halını qələmə alan ən-Nəsəvi yazır ki,o,özü Şirvanşah üçün Şirvan mülkünə sahibliyi haqqında tərifnamə (tövqi) tərtib etdi.

Sultan Cəlaləddin (1220-1231) Gürcüstana ikinci böyük yürüşünü başladı. Bunu eşidən gürcü kraliçası Rusudana “Şərq və Qərb qoşunlarını döyüşə çağırdı.Sultan Cəlaləddin Borçalıda düşərgə salmışdı. Sultanın mühafizə postları gürcüləri gördükdə ona xəbər verirdilər. O, irəli hərəkət etdi və dəhşətli savaş başlandı.Əvvəlcə gürcülər qələbə çalırdılar, lakin Allah gürcülərə qarşı qəzəblənmişdi,bu qəzəbini heç cür soyuda bilmirdi, onların günahlarını yadına salmışdı.Yenə də gürcü çarının qoşunları məğlub olub qaçdılar.Sultan Cəlaləddin yenidən Tiflisə gəldi. Qarət etməyə bir şey qalmışdısa, o, qarət və məhv etdirdi”.

Gürcü qoşunlarını darmadağın etdikdən sonra Cəlaləddin əsas ordusunu Xilatın mühasirəsinə göndərdi və ilyarımlıq mühasirədən sonra, yəni 1230-cu il aprelin 14-də o,bu qalanı ala bildi.

Xilatın alınması Sultan Cəlaləddin Xarəzmşahın son hərbi qələbəsi idi. Konya Sultanı Əlaəddin Key-Qubad Xarəzmşahdan vədə almaq istəyirdi ki, onun torpaqlarına soxulmasınlar.Belə bir zamanət əldə etməyən və Xarəzmşahı Kiçik Asiya (Anadolu), Suriya və Şimali Mesopotomiyadakı bütün kiçik sülalələr üçün təhlükəli hesab edən Konya Sultanı Xarəzmşaha qarşı ittifaq yaratdı.Bu birliyə Dəməşq hakimi əl-Malik əl-Əşrəf, Hüms hakimi əl-Mənsur İbrahim Şirkuh, Xortabirt hakimi Nurəddin Ürtük Şah, Hələb hakimi Şəmsəddin Savab, Məyyəfəriqin Sultanı əl-Müzəffər Şihabəddin Qazı və Bənyəs Sultanı əl-Əziz Osman daxil oldu.

Cəlaləddin və hökmdarlar ittifaqı arasında başlıca döyüş avqust ayının 10 –da 1230-cu ildə baş verdi. Xarəzmşah ordusu darmadağın edilərək pərakəndə düşdü. Cəlaləddin özü Xilatda gizləndi, sonra qalan qoşununu Azərbaycana çıxartdı.

Sultan əmirlərinin bir hissəsi müttəfiqlər tərəfindən əsir alınmış,bir hissəsi isə öz hökmdarını atıb, “onu acgözlər üçün ov, ac qurdlar üçün yem qoyaraq” Muğana qədər qaçmışdılar.

Xarəzmşah üzərində qələbədən sonra, Konya Sultanı Key-Qubad və onun müttəfiqləri onunla sülh bağlamağa və hücuma keçən monqollara qarşı birgə mübarizə aparmaq üçün danışıqlar aparmağa cəhd göstərərək,ondan xahiş etdilər ki, Xilat uğrunda mübahisəni kəsməyə and içsin. Əvvəlcə, Xarəzmşah inad göstərdi, lakin monqolların Azərbaycana yetişdiyini eşidən kimi müttəfiqlərə and versə də, Sürmərinin onlara təslim etməkdən boyun qaçırtdı,belə ki,bu şəhər və onun ətrafı hələ qədimdən Azərbaycana mənsub edilirdi.

Yəssə-Çəməndə Cəlaləddinin darmadağın edilməsini eşidən İsmaililərin başçısı Əlaəddin III Məhəmməd Xarəzmşahı öz dövlətinin mövcudluğu üçün təhlükə sayaraq, “monqollara Cəlaləddinin zəifliyi və qaçmağa üz qoyduğu haqqında xəbər çatdırdı və onlara qələbə zəmanəti verərək zəifləmiş Sultana qarşı getməyə tələsdirdi”.Belə bir xəbəri alan monqollar (tatarlar) 9 sentyabr 1230-28 oktyabr 1231 Azərbaycana soxuldular. Onlar tez bir zamanda ölkəni işğal etdilər. Cəlaləddin isə yaxın keçmişdə düşmənçilik etdiyi və məğlubiyyətə uğratdığı bütün hakimlərə kömək üçün müraciət etməyə məcbur oldu.

Öz məktubunda o yazırdı: “Monqol qoşunu çox böyükdür,bu dəfə həmişəkindən çoxdur, qonşu ölkələrin döyüşçüləri isə onlardan qorxur. Əgər siz mənə canlı qüvvə və döyüş sursatı ilə kömək göstərməsəniz,mən bir divar kimi yıxıla bilərəm və sizin onlara qarşı durmağa imkanınız olmaz. Özünüzə, uşaqlarınıza və bütün müsəlmanlara rəhm edərək, hər biriniz öz bayrağı ilə qoşun verin,bizim sazişimiz onlara (tatarlara) çatarsa, heç olmazsa bir azca zərbə almış olarlar və öz qoşunlarımız da bundan ruhlanıb dirçələr.Əgər bu baxımdan hər hansı bir etinasızlıq göstərillərsə, özünüz görərsiniz ki, nələr olacaqdır və lazımi dərs alacaqsınız”.

Xarəzmşah üzərində məhv olmaq təhlükəsi yaranarkən,onun vəziri Şərəf əl-Mülk ona qarşı fitnəyə əl atdı. O,öz hökmdarının adına təhqiredici sözlər yağdıraraq qonşu torpaqların hökmdarlarına məktub yazıb, onlardan Cəlaləddinin hakimiyyətinə mənsub olan torpaqları öz əlinə keçirməkdə ona kömək etmələrini xahiş etdi. “O (vəzir), onlardan özü üçün Aran və Azərbaycanın hökmdarı olmaq razılığını almaq istəyirdi, lakin xütbəni onların adına oxutduracaqdı. O, Əlaəddin Key-Qubada və əl-Əşrəfə məktub göndərərək onlara qarşı özünün tam tabeliyini ifadə etməklə yanaşı öz sultanını köməksiz zalım adlandırdı”.

Bu məktubların bir hissəsi Cəlaləddinin əlinə düşdü,vəzirin taleyi həll olunmuş oldu o, həbs edildi və sonra edam olundu.

Monqolların plan üzrə Azərbaycan şəhərlərini işğal etdiklərindən xəbər tutan bütün yaşayış məntəqələri təzminat verərək özlərini xilas etməyə başladılar,belə ki, onların müqavimət göstərməyə imkanları yox idi. Müqavimət təşkil edə biləcək adamları da yox idi, çünki “bütün müsəlman hökmdarları öz sığınacaqlarında qorxudan titrəyirdilər”. Monqollar Marağanı tutaraq, öz adətləri üzrə əhalisini qılıncdan keçirtdilər. İbn əl-Əsir bu faktı qeyd edərək yazırdı ki, “Cəlaləddin, müsəlman ölkələrinin hökmdarlarından bir nəfər də olsun monqollara qarşı müqəddəs müharibə aparmaq arzusunda olduğunu görmür, çünki onların hər biri öz əyləncələri, oyunları ilə və təbəələrə zülm etməklə məşğul idi”.

Təbriz monqollar tərəfindən mühasirə edilərkən şəhər əhalisi monqollarda “xeyirxahlıq hissi yaratmaq və özlərini onların nifrət və qəzəbindən xilas etmək” fikri ilə şəhərdə qalan xarəzmliləri öldürmək qərarına gəldilər. Lakin rəis Şəmsəddin ət –Tuğrayi “qan tökmək və xeyirxahlığı məhv etmək niyyətində olan qaragüruhçuluğa qarşı çıxaraq xarəzmliləri müdafiəyə başladı.Beləliklə o,böyük qan tökülməsinin qarşısını aldı. Təbriz şəhərində qan su yerinə axardı,var-dövləti və pulları kisələrlə, xurcunlarla qarət edərdilər”.

Monqollar Təbrizə yaxınlaşarkən,rəis Şəmsəddin öldü,əhalinin təkidi ilə Cəlaləddinin canişini Bəhaəddin ibn Bəşir Yarbay tərəfindən şəhər onlara təslim edildi.

Monqollar Arana girərkən Gəncə əhalisi xarəzmlilərə qarşı çıxış edərək, onları qılıncdan keçirir və ölənlərin başlarını monqollara göndərirdi. Sultan Cəlaləddin monqollar tərəfindən pərakəndə salınmış qoşunlarını toplamağa cəhd göstərərək, Gəncəyə yollanmaq və monqollarla savaşmaq niyyətində idi. O,bir neçə min xarəzmli toplaya bildi və Ağdam yaxınlığındakı Qarqarçay yanında məskən saldı.

Monqol qoşunlarının komandanı Çormaqun Noyon Sultana elçi göndərərək təslim olmasını təklif etdi, lakin Sultan monqolların elçisi Fəxrəddin Həmzə və ən-Nişapurinin öldürülməsi əmrini verdi və qoşununu Gəncə üzərinə apardı.

1231-ci il Gəncə Üsyanı

Gəncədə Xarəzm məmurlarına qarşı xalq üsyanı qalxmağa başladı.Hüquqları tapdalanmış yerli feodallar da bu üsyanda iştirak edirdilər.1231-ci ildə Gəncədə Xarəzmşah Cəlaləddinə qarşı güclü üsyan baş verdi.Nisəvi Cəlaləddinə yazırdı ki, mənim ən çox qorxduğum şey baş verdi.Gəncədə pis əlamət özünü göstərir. Ağır vergilərdən bezmiş camaat xarəzm məmurlarını öldürməyə başladılar. Üsyana Bəndər adlı bir nəfər başçılıq edirdi.

Cəlaləddinin Gəncə şəhərdəki qarnizonu qovulandan sonra şəhər gəncəlilərin əlinə keçdi. Qarqarçay yanından hərəkət edən Cəlaləddin ordusu ilə Gəncə ətrafına gəldi. Sultan üçün daxili narazılığı ləğv etmək vacib idi. Danışıqlara o, katibi Nisəvini və yeni vəziri Xanbərdini göndərdi.Xarəzm ordusu Gəncədən bir qədər aralı, Sir adlanan yerdə dayandılar və üsyançılara təslim olmağı təklif etdilər.Əks-təqdirdə onlara ağır cəza verəcəklərini bildirdilər: “Qoy hər bir kəs təsəvvür eləsin ki, göz yuxuya, qəlb rahatlığa həsrət qalanda necə olur, üstəlik də yığdığı var-dövlətin hamısı gedə...” Lakin Bəndəri, nə də gəncəliləri mübarizədən döndərə bilmədilər. Sultan bir neçə gün ərzində üsyançıları tabe etməyə cəhd göstərdi.Nisəvi yazırdı ki,onlara xəbərdarlıq oxunanda barmaqları ilə qulaqlarını tutur,paltarlarına bürülənib öz sözlərində dururdular.Yalnız dəfələrlə gəncəlilərə satqınlıq edən şəhər rəisi Sultan Cəlaləddin tərəfə növbəti dəfə keçdi.

Sultan görəndə ki, könüllü təslimə daha ümid yoxdur, üsyanı qoşunu ilə yatırmaq qərarına gəldi. Şəhər ətrafındakı bağlardan birində yerləşib yenə “təslim olsalar, tam bağışlanacaqlarını” vəd edərək gəncəliləri yola gətirməyə çalışdı. Lakin bu, cəsur gəncəlilərə heç təsir etmədi Bəndər əsil xalq mübarizi kimi məqsədinə çatmaq üçün möhkəm dayanmışdı.Bir neçə gündən sonra üsyançılar sultanla açıq döyüşə girməyi qərara aldılar.Təkrar öyüdlərə cavab olaraq gəncəlilər xarəzmlilər üzərinə hücum çəkdilər və az qala Sultan çadırınadək çatacaqdılar. Üsyançılar bağa girib onun çadırına bir neçə ox atdılar (bu,açıq döyüşə işarə idi). Cəlaləddinin yaxşı silahlanmış və müxtəlif savaşlardan çıxmış ordusu var idi. Onlar amansızlıqla üsyançıları biçməyə başladılar. Qoşun gəncəliləri qıra-qıra şəhərə girdi.

Bir də belə hadisə eşitməmək üçün Cəlaləddin şəhərin tanınmış zadəganlarını yanına çağırıb üsyanın təşkilatçılarının siyahısını istədi. 30 adamın adı verildi. Onlar Sultan sarayının darvazası önündə amansızcasına öldürüldülər.Başları vuruldu,bədənləri isə əhali çox olan yerə-şəhər darvazasının önünə gətirildi ki, bu dərs başqalarına da görk olsun.

Bəndər öz xalqının azadlığı uğrunda, ağır istismardan öz doğma şəhərini azad etmək uğrunda mübarizə aparan üsyan başçısını siyahıdan seçidi. Səlcuq Məhəmmədin Gəncəyə qoyduğu qızıl Sultan taxt-tacını dağıtdığına görə onu dəhşətli cəzaya məruz qoydular.Bəndərin bədəni hissələrə bölündü-bu, nümunəvi cəza tədbiri idi.Beləliklə Bəndərin başçılığı ilə Gəncə üsyanı amansızlıqla yatırıldı.

Qonşu ölkələrin hökmdarlarına yazdığı məktubların cavabını gözləyən Cəlaləddin 17 gün Gəncədə qaldı, ancaq onlar tərəfindən kömək gələcəyinə ümidi qalmamışdı. Gəncə onun axırıncı müvəffəqiyyəti oldu.

Azərbaycan Xarəzmşahlar Dövlətinin süqutu

Monqollarla döyüşmək əvəzinə Sultan öz qoşunlarını bütün ölkəyə səpələdi, onun ordu hissələri təkcə Aran və Gürcüstanı deyil,Konya Sultanlığının torpaqlarını da qarət edir və bu da həmin ölkələrin hökmdarlarını daha da amansızlaşdırırdı.

Aranı tərk edən Cəlaləddin Kiçik Asiyaya (Anadolu) yollandı, o,buradan kəsmə yol ilə İsfahana qayıtmaq istəyirdi. Məyyəfəriqin yaxınlığında monqollar Sultanın düşərgəsini əhatəyə aldılar, əsgərləri tərəfindən tərk edilmiş Sultan dağlara qaçdı. Məyyəfəriqin əyalətinin Əyibər kəndi yaxınlığında kürdlər Sultanı ələ keçirdilər və öldürmək istədilər. Elə ki, Cəlaləddinin Sultan olduğunu bildilər, istədilər ki, ondan pul alıb,buraxsınlar. Lakin bu kənddə qardaşı xarəzmlilər tərəfindən öldürülmüş bir kürd meydana çıxdı. O, nizə ilə Sultanı öldürdü. Bu hadisə 1231-ci il, avqustun ortalarında baş verdi.Beləliklə, Cəlaləddin Menburunun 1225-1231-ci illər arasında Azərbaycanda yaratdığı Xarəzmşahlar dövləti də mövcudluğunu itirdi.Bəydili Oğuz Boyunun qurduğu Xarəzmşahlar Dövləti 1077-1231 tariximizdə və Türk tarixində öz izini əbədi qoydu və dövlətçilik tariximimizdə özünəməxsus yer tutdu.

Son


MANŞET XƏBƏRLƏRİ