Elşən Mirişli
Gəncə şəhəri, tarixçi.
V Yazı
Paytaxtı Təbriz olan Azərbaycan Xarəzmşahlar Dövlətinin qurulması
Xarəzmşah Cəlaləddin Menburun 1225-ci ildə Təbrizi fəth edərək özünün paytaxtına çevirdi. Azərbaycan Atabəyi Özbəyin Təbrizdə qalmış arvadı Məlikə Cəlaləddindən özünün, qulluqçu və nökərlərinin təhlükəsizliyini, var-dövlətinin isə toxunulmazlığını təmin etməyi, Xoy şəhərini onun adına bağlamağı xahiş etdi ki, Sultanın himayəsi altında orada qalsın. Cəlaləddin onun xahişini yerinə yetirdi və Məlikə Xoya göndərildi.
Təbrizdə olarkən Cəlaləddin özünü qayğıkeş və ədalətli hökmdar kimi göstərməyə çalışır, əhalini qəbul edir və onların şikayətlərinə baxırdı. O, camaata belə bir bəyanat verdi: “Siz görürsünüzmü, mən dağıdılmış Marağada necə abadlıq işləri görmüş, tikintilər aparmışam. İndi isə görərsiniz ki, mən necə ədalətli olacaq və sizin şəhəri abadlaşdıracam”.
Cəlaləddin rəis Nizaməddin ət-Tuğrayini şəhərin başçısı təyin etdi. O, yenə də əvvəlki kimi, təbəələrin işləri ilə məşğul olurdu. “Əvvəllər olduğu kimi onun göstərişləri yerinə yetirilir, məsləhətləri isə qəbul edilirdi. O, dövlət və maliyyə məsələlərinə qarışmırdı. O, təbəələrin ehtiyacına aid işlərlə məşğul idi. O, təbəələri təmin edir, sakit və hörmətcil əhvali-ruhiyyəsində olanların möhkəmliyi qayğısına qalır,qarışıqlıq salanların və axmaqların qarşısını alırdı.Halbuki o,hakimiyyətə malik deyildi və rəsmi vəzifəsi də yox idi”.
Cəlaləddin bir neçə müddət Təbrizdə qaldıqdan sonra, vəziri Şərəf əl-Mülkü şəhərdə qoyaraq gürcülərə qarşı savaşa çıxdı.
622-ci ilin şaban ayında (08.VIII-05.IX 1225) 70 minlik gürcü ordusu İvane Mxarqrdzelinin komandanlığı altında Azərbaycana hücum etmək üçün Dvin yaxınlığındakı Qərni qalasına toplaşdı. Ən-Nəsəvinin dediyi kimi,belə çoxlu qoşun toplamaqla gürcülər “öz qüdrətini və çoxluğunu sultana bildirmək məqsədini güdürdülər. Onlar ümid bəsləyirdilər ki, ola bilsin ki, Sultan Cəlaləddin sülh bağlasın və beləliklə onlar öz canını qartal hücumundan, coşğun dəniz girdabından qurtara bilsin.Buna görə də onlar yürüş üçün möhkəm hazırlanmış və Azərbaycan Atabəy dövlətinin süqut etdiyini unutmuşdular; axı bura onlar üçün ov yeri idi:onlar buraya ov üçün birlikdə və ayrı-ayrılıqda, cüt-cüt və tək-tək gəlirdilər”.
Cüveysinin verdiyi məlumata görə, Atabəy Özbəyin hakimiyyəti süqut edərək, “Sultan Cəlaləddinin əlinə keçdikdə gürcülər bu fikirdə idilər ki, onun torpağını ələ keçirsinlər,birinci növbədə sultanı oradan qovsunlar və Təbrizə yiyələnsinlər. Sonra onlar Bağdada yürüş etmək və xəlifənin yerinə öz katolikoslarını təyin etmək, məscidləri isə kilsələrə çevirmək niyyətində idilər”.
Gürcülər Cəlaləddinin həddə-qorxusuna cavab olaraq aşağıdakı məzmunda məktub göndərdilər: “Səndən daha geniş əraziyə,qoşuna və qüvvətli ruha malik olan sənin atanla o cür rəftar edən tatarlar bizim üzərimizə hücum etdilər. Onların rəftarı sənə bizdən daha çox məlumdur. Onlar isə sizin ölkəni işğal etdilər. Lakin biz tatarlara heç də onların düşündüyü kimi əhəmiyyət vermədik və onların da əsas fikri bizdən yaxa qurtarmaq idi”.
Gürcüstan çariçası Rusudana (1222-1245) Azərbaycan hökmdarı Özbəklə birgə Cəlaləddinə qarşı savaşmaq üçün danışığa başladı. Atabəyə göndərilən çariçanın məktubunda deyilirdi ki, əgər biz səninlə birləşməsək, o sənin ölkəni tamam tutacaq, sonra da mənimkini. Lakin Cəlaləddin Özbəyə əvvəlcədən xəbərdarlıq edib onları birləşməyə qoymadı.
Ordusu ilə Azərbaycandan hərəkət edən Sultan Cəlaləddin Dvin və Ani qalasını tutaraq, Qərnidə gürcü qoşunu ilə meydan savaşına çıxdı. Gürcülər 70 minlik qoşunla düşmənə güc gələ bilməyib məğlub oldular. Elə 20 min nəfər gürcü döyüşdə həlak oldu.Gürcülər elə bir ağır məğlubiyyətə uğradılar ki,bir daha özlərinə gələ bilmədilər.Çoxlu gürcü, o cümlədən məşhur döyüşçü knyaz Şalva Axaltsixeli əsir düşdü.
Qərnidəki qələbədən sonra Cəlaləddin öz qoşunlarını Gürcüstan əyalətlərinə göndərdi. Qoşunlar isə ölkəni xarabazarlığa çevirir, qarət edir və əhalini özləri ilə əsir aparırdılar.Bu hadisələr zamanı Azərbaycan Atabəylərinin keçmiş vassalları-Sürməri hakimləri Şərəfəddin Uzdərə və Hüsaməddin Xızır Cəlaləddinin yanında xidmətə keçdilər. Sürmərinin hər iki hakimi bələdçilər kimi aşırım və uçurumların dərinliklərindən gürcü torpaqlarına keçən yolları sultan qoşunlarına göstərirdilər.
Tiflisə yollanırkən Cəlaləddin öz vəziri Şərəf əl-Mülkdən böhtançı bir məktub aldı.Bu məktubda vəzir Təbrizin başçıları Şəmsəddin ət-Tuğrayi və onun qardaşı oğlu Nizaməddini onun özünü öldürmək cəhdində olmaqda, Sultana qarşı qiyam qaldırmaqda və Təbrizi Atabəy Özbəyə qaytarmaq niyyətində olmaqda taqsırlandırırdı. Ən-Nəsəvinin əsərindən göründüyü kimi,vəzir Şərəf əl-Mülk öz şöhrətinə cəmiyyətdəki mövqeyinə və tutduğu yerə həsəd apardığı adamlara böhtan və iftiralar atmaqla başlamışdı.
Şımsəddin ət-Tuğrayi və onun qardaşı oğlununun Təbriz əhalisi arasında böyük nüfuz qazandığını görən vəzir onlara böhtan yağdırır və Atabəy Özbəyin xeyrinə sui-qəsd qurmaqda Sultan qarşısında onları günahlandırırdı. Ən-Nəsəvi yazır ki, “Şəmsəddin ət-Tuğrayi mömin və ədalətli həyat tərzi keçirirdi, təbəələrinə qayğı göstərir, çalışırdı ki, qorxu çəkməsinlər, heç kimi haqq-ədaləti tapdalamağa icazə vermirdi. Əgər Təbrizdə qanuna əsaslanmadan əhalidən müəyyən tələblər və qeyri-adi vergilər tələb olunardısa, o zaman ət-Tuğrayi onları müdafiə etməklə yanaşı məmurları danlayır və hətta onları biabır edirdi.Şübhəsiz ki,qanunla hesablaşan bu adam vəziri təmin etmirdi, ona görə də o, yalançı və yaramazlar vasitəsilə ət-Tuğrayi və onun qardaşı oğluna böhtanlar edib Sultana xəbər göndərir”, və bu yolla onları aradan götürmək istəyirdi.
Tezlklə Nizaməddin ət-Tuğrayi edam olundu, rəis Şəmsəddin ət-Tuğrayi zindana atıldı, onun var-dövləti isə müsadirə olunaraq vəzir tərəfindən mənimsənildi.Yalnız 1228-ci ildə Sultan öz işindən peşiman olub yenidən Şəmsəddin ət-Tuğrayini Təbrizədə canişini təyin etdi.Təbrizdə olarkən sultan Cəlaləddin şəriət qanunu pozaraq, Atabəy Özbəyin arvadının arzusunu yerinə yetirərək onunla nigah bağladı.Təbriz qazısı Qəvaməddin əl-Cindarı bu nigaha qarşı çıxdı, çünki Atabəy Özbək hələ öz arvadını boşamamışdı. Lakin yalançı şahidlər vasitəsilə Atabəy Özbəyin arvadı ilə nigahını pozdu və Sultan Məlikəyə evləndi “ .
Sultan Təbrizdən Məlikənin mülklərinə-Səlmas və Urmiya şəhərlərinə doğru yollandı. O, bu şəhərləri nahiyyələri ilə birlikdə Məlikəyə toy hədiyyəsi verdi.
Sultan Cəlaləddin yol boyu Gəncə,Beyləqan,Şəmkir və Şutur kimi şəhərləri tuta-tuta Tiflisə yönəldi.
Təbrizdən qaçmış Atabəy Özbək Gəncədə yerləşirdi. Onun Gəncədəki canişini rəis Cəmaləddin əl – Qumi “var-dövlət və pul sahibi idi,böyük qüdrətə və geniş hakimiyyətə malik idi”. O, şəhəri Sultanın əmiri Urxana təhvil verərək, “ona xidmət etməyə hazır olduğunu bildirdi”.
Özbək Gəncədən qaçaraq Əlincə qalasında gizləndi və Cəlaləddindən Gəncə əyalətinə mülkiyyət sahibi hüququnu aldı. Cəlaləddinin qoşunları soyğunçuluq və qarətlə məşğul olduqlarına görə Özbək ona şikayət məktubu göndərdi.Burada deyilirdi: “Mən bu rəftarı hətta öz yaxın adamlarıma da icazə verməzdim. Xahiş edirəm bu mahalla uzanmış əlləri gödəldəsən”. Sultan öz qoşunlarından Gəncə əyalətini mühafizə üçün dəstələr göndərdi. Naxçıvan yaxınlığındakı Əlincə qalasında olarkən Atabəy Özbək öyrəndi ki, Sultan “addım-adım” onun ölkəsini işğal edir. Özbək Sultanın onun arvadı ilə evləndiyini eşidənə qədər heç nə demirdi. Ona bu xəbəri gətirən adamdan soruşdu: “Bu Məlikənin razılığı ilə olub, yoxsa əksinə ? “ O cavab verdi: “Bu iş onun öz arzusu və bir neçə dəfə Məlikə tərəfindən elçi göndərilməklə olub. O, talaq mərasimində olan şahidlərə hədiyyələr verməklə onlara mərhəmət göstərdi”. Atabəyin vəziri Rəbibəddin Dəndan belə söyləyir ki, bu xəbərdən sonra Özbək başını balış üzərinə qoydu və o saat onun bədənindən hərarət artmağa başladı. Bir neçə gündən sonra o öldü “.
Atabəy Müzəffərəddin Əbu Nəsr Özbək ibn Məhəmməd ibn Atabəy Eldəniz ət-türki əs-səlcuqi ət-Toğrulun ölümü ilə Azərbaycan Atabəyləri dövləti öz mövcudluğunu itirdi. Şəmsəddin Eldənizin övladlarının hakimiyyəti altında olan ərazilər-Azərbaycan, Aran, Şirvan və Gürcüstan və sair yerlərdə hökmdarlıq edən Xarəzmşah Cəlaləddin Menburunun hakimiyyəti altına keçdi. Azərbaycan Xarəzmşahlar Dövlətinin yaranış tarixi 1225-ci ildi. Bu,1231-ci il avqustun ortalarınadək davam etdi və həmin il Cəlaləddinin qoşunları tatarlar (monqollar) tərəfindən darmadağın edildi, özü isə öldürüldü.
623-cü ilin məhərrəm və səfər aylarında (yanvar-fevral 1226-cı il) Sultan Cəlaləddin Tiflisə yürüş etməyə hazırlaşırdı. 623-cü il (9.III.1226) rəbi əl-əvvəl ayının 8 –də şəhər Sultan Cəlaləddin Menburunun qoşunu tərəfindən alındı.
Atabəy Müzəffərəddin Özbəyin ölümündən sonra onun və Məlikə Xatunun oğlu Qızıl Arslan Xamuş Gəncəyə Sultan Cəlaləddinə xidmət etməyə gəldi.O, Ruin-Dej qalasının sahibəsi, Atabəy Əlaəddin Körpə Arslan əl-Əhmədilinin (1174-1208) nəvəsi Sülafə Xatunla evlənmişdi. Atabəy uzun müddət Sultanın sarayında qaldı. Lakin hadisələrin coşğunluğunda Sultan onu tamamilə unutdu. O, isə Sultanın qərargahını tərk edərək Əlamut qalasına İsmaililərin başçısı III Məhəmmədin (1221-1255) yanına getdi və orada da öldü. Xamuş və Sülafə Xatunun oğlu Atabəy Nüsrətəddinin adı IV Elxan Arqun Xanın (1284-1291) Azərbaycandakı hərəkətləri əlaqədar olaraq Cüveynidə xatırlanır.
1226-cı ildə Atabəy Özbəyin məmlükləri Bəklik əs-Sədidi və Seyfəddin Sunqurca Sultan Cəlaləddinə qarşı qiyam qaldırdılar, onların bu çıxışı uğursuzluqla nəticələndi-Sultan onları Xoy ətrafında mühasirə edərək təslim olmağa vadar etdi. Məğlubiyyətə uğramış məmlüklər Sultana xidmət etməyə başladılar. Lakin 1229-cu ildə Bəklik əs-Sədidi və Seyfəddin Sunqurca Atabəyin başqa məmlükləri, o cümlədən Nəsirəddin Ağ-Quş və başqaları ilə birlikdə Sultana qarşı çıxdılar. “Onlar Təbriz ətrafında çadırlar qurdular. Hakimiyyətdən əsər-əlaməti qalmayan, izi-tozu və ruhu itən əvvəlki Atabəylər sülaləsini yenidən bərpa etməyə çalışırdılar. Onlar Qotur qalasında bir nəfərlik zindanda qalan məlik Xamuşun oğlu Nüsrətəddini azad etməyi qərara aldılar ki,ondan tələ yemi kimi istifadə etsinlər.Onu hökmdar (Sultan) elan edərək onlar münasib fürsət gözləməyə başladılar.
Cəlaləddinin vəziri Şərəf əl-Mülk onların Təbrizdə olduğunu və “cırcıra kimi şəhərə yayılıb ziyan və bəla törətdiyini bilərkən” onlara qarşı Xarəzmşah ordusu ilə savaşa hazırlaşdı. Təbriz yaxınlığında “qılınclar sınan və nizələr cingildəyən bu döyüşdə” Atabəy tərəfdarları darmadağın edilərək qaçmağa üz tutdular. Ağ-Quş və Bəkliyi çarıxma çəkdilər. Ən-Nəsəvinin verdiyi məlumata görə, “Aran və Azərbaycan qiyama meyl edənlərdən və tabe olmaqdan boyun qaçıranlardan təmizləndi. Suldan Cəlaləddin Menburun vəzir Şərəf əl-Mülkdən belə bir xəbər aldı ki, Atabəy Özbəyin keçmiş və Sultanın indiki arvadı Məlikə guya “Atabəy tərəfdarlarına hakimiyyət vəd edərək onları Sultana qarşı qızışdırır”. Əslində isə vəzir Məlkəyə nifrət edir və müxtəlif yollarla ona böhtan atmağa çalışır, onun var-dövlətini, mülklərini və xəzinəsini ələ keçirməyə can atırdı.Vəzirin böhtanlarından yaxa qurtarmaq üçün Məlikə Xoyu tərk edərək Tala qalasında gizləndi. Şərəf əl-Mülk tezliklə Xoya gələrək Məlikənin bütün var-dövlətini müsadirə etdi.
Məlikə iki dəfə vəzirin nifrətini yumşaltmağa cəhd göstərdi, lakin vəzir onun tamamilə tabe olmasını tələb edirdi. Öz cəhdlərinin uğursuzluğunu yəqin edən Məlikə kömək üçün Əyyubi əl-Malik əl-Əşrəf Musanın Xilatdakı canişini Hüsaməddin Əliyə müraciət etdi. O, isə öz qoşunu ilə Xoy və Məlikəyə mənsub olan qonşu qalaları tutdu. Mərənd və Naxçıvan əhalisinin xahişi ilə Hacib Hüsaməddin Əli bu şəhərlərə də sahib oldu. İbn əl-Əsirin sözləri ilə desək, o, daha çox yaşayış məntəqələrini tuta bilərdi, lakin Sultan Cəlaləddinin xəzinəsini ələ keçirib,vəzir Şərəf əl-Mülk qızını isə əsir alaraq Xilata qayıtdı. Haciblə birlikdə onunla evlənən Məlikə də getdi. Şərəf əl-Mülkə gəldikdə isə qorxaq və qəddar olan bu adam Təbrizə qaçdı.
Məlikə qaçandan sonra Şərəf əl –Mülk Atabəy Özbəyin tərəfdarları gizlənən qalaları ələ keçirməyi qərara aldı.Bunun üçün o,qorxutmaq,intiqam almaq, adamları pulla satın almaq və sairə metodlardan istifadə edirdi. Dizmar qalasını onun əsas mühafizə başçılarını fəxri paltarlar, qızıl və hədiyyələr verməklə də ələ keçirdi. Sonra o, Atabəy Özbəyin baş hacibi Nəsirəddin Məhəmmədi həbs edərək Qəhrəm qalasını ondan aldı və böyük məbləğdə pul ələ keçirdi. Elə bu vaxt Sultanın Gəncədəki canişini Seyfəddin Qaş-Qara öldü və vəzir Qaş-Qaranın naibi Şəmsəddin Gərşəsbin əlindən Hərk və Cərəbərd qalalarını aldı. Dərə-Dej qalasını ələ keçirərək o,uzun müddət Ruin- Dej qalasını mühasirəyə aldı.Qala sahibəsi Sülafə Xatun vəzir Şərəf əl –Mülkə onunla evlənməsi şərti ilə təslim olmağa razılıq verdi. Ancaq Sülafə Xatun gözəl olduğu üçün Sultan Cəlaləddinin özü evləndi və qala toxunulmamış qaldı. Şərəf əl-Mülk Urmiya gölündə olan Şahi qalasını ələ keçirməyə cəhd etdisə də, uğursuzluğa uğradı.
Cəlaləddin paytaxtın Təbriz elan edilməsinə baxmayaraq Gəncəni özünə ikinci iqamətgah seçdi,burada özü və vəziri Şərəf əl-Mülk özlərinə xüsusi saray seçdilər. Divan üçün xüsusi ev ayrıldı.Burada Cəlaləddin diplomatik münasibətləri qaydaya salmaq üçün gələn səfirləri qəbul edirdi.
Ardı var