Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
“Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi”
şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
III Yazı
Azərbaycan xalqının fəlsəfə tarixində nəzərə alınmalı mühüm məqamlardan biri çar Rusiyası, Sovetlər Birliyi, “İran Pəhləvilər” və “İran İslam Respublikası” dövrlərinə aid məsələlərdən bəhs edərkən “dövrün şərtləri belə idi” prizmasını də nəzərə almaqla yanaşı, onu mütləqləşdirmək də doğru deyildir. Demək istədiyimiz odur ki, dövrün şərtlərini nəzərə almaqla yanaşı hər bir mütəfəkkirin fəlsəfi dünyagörüşlərində kim hansı mövqe tutubsa onu da olduğu kimi yazmaq, şərh etmək lazmdır. Əks təqdirdə Azərbaycan xalqının fəlsəfə və ictimai fikir tarixinə obyektiv yanaşma söz olaraq qala bilər. Bizim burada əsas məqsədimiz nə o dövrün şərtlərinə görə nəticə çıxarmaq, nə də indiki zamanın şərtləri altında mülahizələr yürütmək olmamalıdır. Bizcə, bir xalqın tarixini ya da fəlsəfə tarixini yazarkən göz önündə tutulmalı olan başlıca məsələ onun milli, dini və bəşəri ruhunun bütöv şəkildə cəmiyyətə çatdırılması bacarığıdır. Başqa sözlə, müstəmləkə ya da azad məmləkətdə yaşamaqdan, eyni zamanda milli və beynəlmiləl, milli və dini ideyalardan hər hansının təsiri altında olmasına baxmayaraq bir tarixçi ya da fəlsəfə tarixçisi ilk növbədə, millətinin tarixini ya da fəlsəfə tarixini yazdığını bir an olsun unutmamalıdır. Çünki bir toplumu var edən öncə onun milli, daha sonra dini və bəşəri kimliyidir.
Tədqiqatımızla birbaşa bağlı olan XIX-XX əsrlərdə Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixini ümumi kontekstdə ilk yazanların başında akademik Heydər Hüseynov gəlir ki, onun yaradıcılığı da yuxarıda qeyd etdiyimiz problemlərdən yan ötməmişdir. Sovetlər Birliyi dövründə yaşamış H.Hüseynov, 1949-cı ildə işıq üzü görmüş “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” əsərində Azərbaycan Türk mütəfəkkirləri A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, Mirzə Kazım bəy, H.Zərdabinin dünyagörüşlərini sovet ideologiyasına uyğun olaraq tədqiq etmiş, dövrün şərtləri altında onların “ateist”, “materialist” baxışlarını ön plana çıxarmağa çalışmışdır.
Sovetlər Birliyi dövründə Heydər Hüseynovla başlayan “Azərbaycan fəlsəfəsi tarixi”ni bu yöndə yazmaq ənənəsini davam etdirən Ziyəddin Göyüşov da Quzey Azərbaycanın “sovetləşməsi”ndən sonrakı dövrə aid yazdığı “Sovet Azərbaycanında fəlsəfi fikir” (1979) kitabında fəlsəfə tariximizi araşdırarkən eyni müddəalardan çıxış etmişdir. Həmin dövrdə “Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər” (1966) adlı ümumi icmal halında kollektiv yaradıcılığın məhsulu olan, qədim dövrlərdən XVIII əsr də daxil olmaqla, fəlsəfə tarximizdən bəhs olunan kitabda da “sovet ənənəsi” pozulmamışdır. Bir sözlə, bu kitabları oxuduqda əsasən məlum olmur ki, “Azərbaycan fəlsəfəsi tarixi” adı altında konkret hansı xalqın fəlsəfə tarixi yazılmışdır.
Ancaq Sovetlər Birliyi dağılıb Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdikdən sonra digər sahələrdə (tarix, ədəbiyyat, dil və s.) olduğu kimi, fəlsəfə tarixçiliyi sahəsində də Qərb-Sovet ideoloqlarının uydurduqları naməlum ya da qarışıq “Azərbaycan” kimlikli deyil, məhz Türk kimliyi mahiyyətinə uyğun olaraq kitablar, dissertasiyalar yazılmağa başladı. Belə kitablardan biri də, AMEA-nın müxbir üzvü, f.e.d. Zakir Məmmədovun qələmə aldığı qədim dövrlərdən XIX əsr də daxil omaqla böyük bir dövrü əhatə edən “Azərbaycan fəlsəfəsi tarixi” (1994) kitabıdır. Yalnız bu kitabda nisbətən Türk nüvəli Azərbaycan xalqına aid fəlsəfə tarixinin öz əksini tapdığını görə bilərik. Eyni zamanda, insaf naminə deməliyik ki, “Azərbaycan fəlsəfə tarixi”nin son dövrünü, yəni 19-20-ci əsrləri özündə müəyyən qədər əhatə edən kitablardan birinin müəllifi olan prof. Ağayar Şükürov da, öz əsərində nisbətən Türk nüvəli Azərbaycan xalqının fəlsəfə tarixini əks etdirməyə çalışmışdır. Ancaq ümumilkdə “Fəlsəfə” ya da “Fəlsəfənin əsasları” kitablarının əksəriyyətində “Azərbaycan fəlsəfəsi”ndən bəhs olunarkən çox zaman məlum olmur ki, burada konkret hansı xalqın fəlsəfəsindən ya da fəlsəfə tarixindən bəhs olunur. Daha doğrusu, bu kimi kitablardan belə bir nəticə çıxarmaq olur ki, “Azərbaycan fəlsəfə tarixi” adı altında xaotik bir fəlsəfə tarixi şüurlara yeridilir.
Hər halda müstəqilliyimizin bərpasından sonra akademik şəkildə “Azərbaycan fəlsəfə tarixi”nin ən qədim dövrlərdən 18-ci əsr də daxil olmaqla, böyük bir dövrünü əhatə edən 4 cildliyinin ilk iki cildi nəşr olunub ki (“Azərbaycan fəlsəfə tarixi”nin XIX-XX əsrlərini əhatə etməli olan 3-4-cü cildlər isə hələ də, işıq üzü görməmişdir), bu kitabları oxuduqda burada konkret bir deyil, bir neçə xalqın sintezindən ibarət olan Azərbaycan xalqının fəlsəfəsindən bəhs olunması açıq şəkildə ifadə edilmişdir. Bu baxımdan “Azərbaycan fəlsəfə tarixi”nin ilk iki cildində razılaşmadığımız əsas məqamlardan biri, Azərbaycan xalqının bir neçə xalqdan (qafqazdilli, irandilli və türkdilli) törəmiş “mələz” bir xalq kimi qələmə verilib “Azərbaycan fəlsəfəsi”ni də həmin “mələz” xalqın məhsulu kimi dəyərləndirilməsidir: “...Azərbaycan fəlsəfəsi dedikdə əsas etibarilə Azərbaycanda məskunlaşmış qafqazdilli, türkdilli, irandilli etnosların üzvi birləşməsi zəminində formalaşmış Azərbaycan etnosunun (xalqının) fəlsəfi görüşləri nəzərdə tutulur. Azərbaycan xalqının fəlsəfəsi və bütövlükdə mədəniyyəti etnik kökləri sayəsində tarixən qafqazdilli, türkdilli, irandilli mədəni bölgələrin mədəni ənənələri ilə əlaqədar olmaqla yanaşı eyni zamanda onların müəyyən mənada davamı olmuşdur”.[1] Bu sətirlərin müəllifi, əməkdar elm xadmi, f.e.d. Zümrüd Quluzadə Azərbaycan fəlsəfə tarixi elmi qarşısında duran problemlərə həsr etdiyi başqa bir məqaləsində də təxminən eyni fikirləri irəli sürmüşdür: “Qarşımızda duran problemlərdən biri də Azərbaycan fəlsəfə tarixini türkdilli, irandilli və Qafqaz dilli xalqların fəlsəfə tarixləri ilə əlaqədə tədqiq etməkdir”. [2]
Çar Rusiyası dövründən başlayaraq ortaya çıxan bu problem yalnız Azərbaycan xalqının fəlsəfə və ictimai fikir tarixinin tədqiqində deyil (История азербайджанской философии, т.1. Баку: Элм, 2002.. (ответственный ред. З.А.Кулизаде); Məmmədov Zakir. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, “Şərq-Qərb”, 2006; Həbiboğlu Vəli. Qədim türklərin dünyagörüşü. Bakı, “Qartal”, 1996; Hüseynov Heydər. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən. Bakı, “Şərq-Qərb», 2007; Ələkbərov Faiq. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış. İki cilddə, I cild. Bakı, “Təknur”, 2011; Ələkbərov Faiq. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış.İki cilddə, I cild. Bakı, “Elm və təhsil”, 2014.),eyni zamanda elmin digər sahələrində, o cümlədən tarix,ədəbiyyat, dilçilik, etnoqrafiya, mifologiya, politologiya və başqalarında da özünü büruzə vermişdir.
Bizcə, “Azərbaycan fəlsəfə tarixi” adlı kitablarda ya da digər əsərlərdə (o cümlədən, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı və b.) çar Rusiyası-Sovet Rusiyası-Avropa ənənəsinin davamı olaraq, Azərbaycan Türk xalqını üç ayrı-ayrı etnoslardan törəmiş bir xalq kimi təqdim edib, “Azərbaycan fəlsəfəsi”ni də bu metodla yazmaq birmənalı şəkildə yolverilməzdir. Çünki “Azərbaycan” ideyası, ya da “Azərbaycan məsələsi” Türklüyün eyniyyəti kimi meydana çıxmışdır, qafqazdilliliyin ya da irandilliliyin yox. Bunu, Azərbaycan Cümhuriyyətinin qurucusu, mütəfəkkir-filosof Məhəmməd Əmin Rəsulzadə çox dəqiq ifadə etmişdir: “Güney Doğu Qafqaz torpaqlarının bütünlüklə Azərbaycan adı altında yaranmış siyasi quruluşlarda olması tutalqasından (sübutundan – F.Ə.) başqa Azərbaycan türklərinin yaşadıqları bir ölkə olduğu üçün buraya Azərbaycan deməkdə heç bir sıxıntı görülməmişdir. Bu adın yeni Türk Cümhuriyyətinə verilməsində ən böyük tutalqa sözsüz bu türklük olmuşdur”. [3]
Bu anlamda “Azərbaycan etnosu” ya da “Azərbaycan xalqı” anlayışları istər tarixi-coğrafi, istərsə də elmi-mədəni anlamda dünən olduğu kimi bu gündə Türklüklə, Türk kimliyi ilə bağlıdır. Başqa sözlə, Azərbaycan Türk mədəniyyətinə, Azərbaycan Türk fəlsəfəsinə, Azərbaycan Türk tarixinə mənsubluqla qafqazdilliliyi, irandilliliyi, ərəbdilliliyi, rusdilliliyi buraya aid etmək doğru deyildir. Çünki biz, tarixən də bu gündə “Azərbaycan” adlı istənilən dəyərin (fəlsəfi, tarixi, mədəni, iqtisadi, siyasi və s.) ilk növbədə, türklüklə, Türk-Oğuz ya da Türk-Qıpçaq kimliyi ilə bağlı olduğunu öz adımız kimi dəqiq bilirik. Ona görə də, bizim üçün “Azərbaycan fəlsəfəsi”, “Azərbaycan tarixi”, “Azərbaycan mədəniyyəti”nin sinonimi ya da eyniliyi Türklüklə bağlıdır. Bir sözlə, bizim üçün doğma Türk dili ilə yanaşı, eyni zamanda digər dillərdə də yazıb yaratmış Dədə Qorqud, Bəhmənyar, Baba Kuhi, Nizami Gəncəvi, Xaqani, E.Miyanəci, Qul Əli, N.Tusi, Nəimi, Nəsimi, Füzuli, M.Şəbüstəri, Ş.İ.Xətayi, Rəcəbəli Təbrizli, Saib Təbrizi, Yusif Qarabaği, A.A.Bakıxanov, C.Əfqani, H.Zərdabi, M.Hidəci, M.M.Şükuhi, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, H.Hüseynov, S.C.Pişəvəri, M.Şəhriyar, C.Heyət və başqa mütəfəkkirlərimizin hər biri Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin nümayəndələridir.
Beləliklə, milli tariximiz, milli fəlsəfəmiz, milli ədəbiyyatımız, milli dil tariximiz, milli mədəniyyətimiz yazılarkən burada Türk kimliyi əsla gözardı edilməməlidir. Məsələn, milli fəlsəfi tariximiz yazılarkən “Azərbaycan fəlsəfə tarixi” deyil “Azərbaycan Türk fəlsəfə tarixi” ya da ən azı “Azərbaycan xalqının fəlsəfə tarixi” anlayışı önə çəkilməli, bu anlamda yalnız Quzey Azərbaycan xalqının deyil, Güney Azərbaycan da daxil olmaqla vahid Azərbaycan Türk xalqının fəlsəfə tarixi ələ alınmalıdır. Bu zamanda özündən əvvəlki fəlsəfə tarixinin davamı kimi, Azərbaycan Türk ziyalılarının fəlsəfi düşüncədə ortaya qoyduqları mənəvi-zehni əmək qeyd olunmalıdır. Başqa sözlə, qeyri-müəyyən ya da qarışıq bir xalqın fəlsəfi düşüncəsi deyil, konkret olaraq Azərbaycan Türk xalqının fəlsəfi düşüncə tarixi yazılmalıdır. Təbii ki, tarix boyu Azərbaycan türkləri ilə yanaşı azsaylı etnik qrupların, etnosların nümayəndələri arasında da müəyyən fəlsəfi fikir payı sahibləri olubsa, həmin kitablarda yer almalıdır. Ancaq bütövlükdə Azərbaycan xalqının fəlsəfəsi dedikdə, burada söhbətin ilk növbədə, Azərbaycan Türk mütəfəkkirlərinin fəlsəfi irsindən getdiyi açıq şəkildə ifadə olunmalıdır.
Hazırda əski dövr və orta çağ Azərbaycan Türk fəlsəfə tarixinə həsr olunmuş kitablarda, dissertasiyalarda deyil, eyni zamanda XIX-XX əsrlər Azərbaycan Türk fəlsəfə tarixinə aid əsərlərdə də həmin ciddi nöqsanlara rast gəlmək mümkündür. XIX-XX əsrlərdə milli fəlsəfə tariximizlə bağlı ayrı-ayrı dövrləri, mütəfəkkirləri həm “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin əməkdaşları, həm də digər tədqiqatçılar işləmişdilər ki, yuxarıda vurğuladığımız ümumi nöqsanlar burada da vardır. Hər halda bu bir həqiqətdir ki, istər “Azərbaycan fəlsəfə tarixi” adlı kitablarda, istərsə də bu məsələyə həsr olunmuş digər tədqiqat işlərində milli fəlsəfə tarixindən çox əsasən, qeyri-milli ya da kosmopolit fəlsəfə tarixi öz əksini tapmışdır.
[1] Quluzadə Zümrüd. Ön söz // Azərbaycan fəlsəfə tarixi. I cild. Bakı: “Elm” nəşriyyatı, 2012, s.14