Bir qələm, bir dəftər, bir can gətirdim…


Əkbər QOŞALI

Ədəbiyyatımızın seçilən nümayəndələrindən biri olan Əməkdar incəsənət xadimi, unudulmaz şair Əli Tudə ədəbiyyat tarixinə yalnız poeziya örnəkləri ilə deyil, həm də yüksək mənəvi dəyərlərə əsaslanan bədii prinsipləri ilə daxil olub. Bu gün şairin doğumunun 101-ci ildönümü tamam olur. İstər öz sağlığında, istər vəfatından sonra, istərsə də, 100 illik əlamətdar yubiley ilində, şairin zəngin irsi dəyərləndirilib, onun yaradıcılığının xalqımızın mədəni yaddaşında oynadığı rol müxtəlif aspektlərdən incələnib.

Həyat və yaradıcılıq yolu

Əli Tudə (Əli Tudə Cavadzadə; 31.01.1924, Bakı – 26.02.1996, Bakı) XX yüzilin ortalarında Azərbaycanın intellektual və mədəni mühitində özünəxas bir yer tutub. O, xalqın keşməkeşli həyatını, o taylı-bu taylı Azərbaycanın doğal gözəlliklərini və vətən sevgisini poetik təfəkkürün ön planına gətirərək, milli poeziyamızın lirik gələnəklərini davam etdirib və yeni məzmunla zənginləşdirib. Onun şeirlərinə xas humanist dünyagörüşü, estetik incəlik və fəlsəfi yanaşmalar çağdaş oxucular üçün də güncəldir.

Əsas mövzular və bədii üslub

Poeziyası həyatın müxtəlif aspektlərini ehtiva edən sənətkarın məhsuldar yaradıcılığında üç əsas istiqamət özəlliklə diqqət çəkir. -

Vətənə sevgi və milli dəyərlər:
Onun vətən mövzusunda yazdığı şeirlər Azərbaycanın təbii gözəlliklərini, milli ruhunu və xalqın qürur qaynağını bədii biçimdə təsvir edir.
Örnəyi, “Mən nə gətirdim?” adlı şeirində vətən sevgisinin doğal gözəlliklərlə süslənmiş obrazı yaradılır:

Mən öz qardaşıma mehman gələndə,
Bir qələm, bir dəftər, bir can gətirdim.
Dağların döşünü toplar dələndə,
Bir ləkə düşməyən vicdan gətirdim.

Mən onu günəşdən təmiz saxladım,
Canımdan, gözümdən əziz saxladım,
Bu kiçik qəlbimdə dəniz saxladım,
Bir xilqət görmədi, pünhan gətirdim.

İnsanın daxili dünyası və hisslər aləmi:
Əli Tudə şeirlərində insan psixologiyasını, sevgi və ayrılıq hisslərini bədii zərgər dəqiqliyi ilə qələmə alıb.
Bütöv Azərbaycanlı şair görək daha nə gətirib:

Ucuz tutmasınlar bu sovqatımı,
Hissimi, duyğumu,
ehsasatımı,
Mən öz varlığımı, öz həyatımı
Doğma qardaşıma qurban gətirdim.

Ürək daş deyildir, bir parça ətdir
Bəs onu yaşadan hansı qüdrətdir?
Bir arzu, bir ümid, bir məhəbbətdir,
Mən o məhəbbətdən nişan gətirdim.

Tarixi və sosial mövzular:
Əli Tudə öz dönəminin ictimai qayğılarına da biganə qalmayıb, xalqın ağrı-acılarını ifadə edən və inkişafa çağıran şeirlər yazıb. Yenə “Mən nə gətirdim?” ritorikasına qayıdaq:

Qardaşım, illərlə istədin ki sən
Öz ana yurdumda azad olum mən…
Lakin cəlalımı dağıtdı düşmən,
Tək sənə, tək sənə güman gətirdim.

Yenə Azərbaycan qan ağlayır, qan
O azad olmasa, yaşamam, inan!
Gərək mən Təbrizə qayıdan zaman
Deyəm ki, təzə bir dövran gətirdim.

Tudə irsinin önəmi

Şairin əsərləri yalnız bir dönəmin poetik abidəsi deyil, həm də bütövlük ədəbiyyatımızın gələcəyi üçün mənəvi və estetik təməl daşlarından biridir. Onun poeziyasında yer alan mənəvi dəyərlər çağdaş oxucunun həyatına ilham verə biləcək gücdədir.

Ədəbiyyata təsiri

Azərbaycan şeirində dərin lirizmi və vətəndaş mövqeyi ilə seçilən Əli Tudə yaradıcılığı həmkarları və gənc şairlər üçün örnək olub. Onun şeirindəki bədii ifadə vasitələri, səmimi ton və məzmun zənginliyi Azərbaycan poeziyasının ən gözəl örnəklərindən biridir.

Ötən il 100, bu il 101…

Əli Tudənin 100 illik yubileyi, yalnız bir şairin irsini dəyərləndirmək üçün deyil, eyni zamanda, çağdaş gəncliyi ədəbiyyatın ruh dərinliyi ilə tanış etmək üçün bir fürsətdir. Onun irsinin araşdırılması və təbliği, o taylı-bu taylı Azərbaycanın bütövlük mədəniyyətinin öyrənilməsi yönündə atılan önəmli işlərdəndir. Şairin vəfalı oğlu Natiq Cavadzadənin hazırladığı və nəfis tərtibatla nəşr etdirdiyi “Əli Tudə. Əsərlər” çoxcildliyi, eləcə də, sənətkarın şəxsiyyəti, mühiti, yaradıcılığı haqqında seçmə yazıların toplandığı kitab bu baxımdan özəl diqqət, təqdir və şükranlığa layiqdir.

Əli Tudə, o tay-bu taylı Azərbaycan poeziyasının mənəvi sütunlarından biri kimi həmişə xalqın qəlbində yaşayacaqdır. Onun irsi, yalnız bir xatirat deyil, eyni zamanda Bütöv Azərbaycan amallı nəsillərin mənəvi yoluna işıq salan mayaklardandır.

Şair ruhuna alqışlar!


MANŞET XƏBƏRLƏRİ