Xarəzmşahlar dövləti


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

IV Yazı

Çingiz Xan ən böyük ordusunu hazırlayaraq üç tərəfdən hücuma keçdi.Məşhur sərkərdələri Sabutay Bahadur, Cebe Noyon,Baycu Noyon öndə,oğulları Cuçi Xan,Çağatay Xan və Ögedey Xan (Oqtay Xan) ikinci sırada idilər. Çingiz Xanın özü də üçüncü sırada yer tutmuşdu. Savaşa çıxmazdan əvvəl qurultay toplayan Çingiz Xan,ölərsə yerinə vəliəhd seçdiyi Ögedey Xanın Böyük Xan (Qaan) seçilməsini istədi və qurultay da buna qərar verdi.

Xarəzmşah Əlaəddin II Məhəmməd bu müharibədə yaxşı bir taktika işlədə bilməmişdi. Sərkərdələr arasında da taktika baxımından fikir birliyi yox idi. Xarəzmşahın böyük oğlu Cəlaləddin əsas ordunun çaylar ətrafında saxlanılması ilə oraya qədər uzun bir yol keçərək yorğun düşəcək monqol ordusunun orada məğlub edilməsini istəyir, sərkərdələr isə zərbə endirib sonra tez geri çəkilmək şəklində bir savaşın lazımi nəticə verəcəyinə inanırdılar. Xarəzmşah Əlaəddin II Məhəmməd monqollarla bir meydan savaşını nəzərə almadı. Hər şəhərin özünü qorumasını tapşırdı. Əvvəlki döyüşlərdən ona ruh düşkünlüyü gəldiyi bəlli idi. Ona görə geri çəkildi və beləliklə böyük şəhərləri asanlıqla, udulan loxmalar halında Çingiz Xana vermiş oldu.

Ani hücuma keçən Monqol ordusu sayının çoxluğundan istifadə edərək Xarəzmşahların torpaqlarının böyük hissəsini tutdu. Mavəraünnəhr,Buxara və Səmərqənd ələ keçirildi. Paytaxtın mühasirəsi başlayanda müqavimət göstərə bilməyəcəyini başa düşən Sultan II Məhəmməd Mazandarana qaçdı. Arxasınca onu təqib edən Monqol ordusu Xorasan və Mazandaranı ələ keçirə-keçirə sultanı təqib etdi.Xarəzmşahın tək qalibiyyəti Monqol qüvvələrinin əlinə keçməməsi oldu.

Xəzər dənizinə,Abaskun adasına sığınan Sultan Əlaəddin II Məhəmməd ailəsinin bir hissəsinin və xəzinəsinin monqolların əlinə keçməsi xəbərini aldıqdan sonra ağır xəstələndi.Adada ailəsindən oğulları Cəlaləddin,Azlaq,Ağşah və həyat yoldaşları var idi.Beləliklə Əlaəddin II Məhəmməd adada olarkən 1221-ci ildə oğlu və vəliəhdi Cəlaləddin Məgüberdini sultan elan etdi və öz qılıncı ilə tacını ona verdi.Bütün ailəsindən Cəlaləddinə tabe olmasını istədi və həmin ilin dekabrında vəfat etdi.

Müəyyən hadisələr sübut edir ki,Əlaəddin II Məhəmməd tez hiddətlənən bir şəxs olmuşdur.Bu hadisələrdən biri Sultan Osmanın öldürülməsi ilə bağlıdır.Belə ki, Sultan II Məhəmmədin qızıyla evlənən Osman onun qızına sərt davranması səbəbindən Xarəzmşahın qarşısına qılınc və kəfənlə çıxmasına baxmayaraq öldürülmüşdü.

Ordu gücü ilə əldə etdiyi qalibiyyətlər səbəbindən məğrur bir insana çevrilmişdi. Əsirlərə qarşı olduqca mərhəmətsiz idi.Şərqi İranda apardığı müharibələr zamanı əsir aldığı sərkərdələri (Atabəy Səd, Məlik Məhəmməd və vəzir Rəbubiddin Əbdülqasım) çovğan oyunu bitənə qədər ayaq üstə saxlamışdı. O işğal etdiyi ölkələrin hakimlərinin bəzilərini öldürür və bəzilərini isə əsir şəklində Xarəzmə gətirərək, həbsə atırdı. Bu səbəbdən paytaxt “hökmdarlar və şahzadələr həbsxanasına “ çevrilmişdir.

Cəlaləddin Məngburnu (Türkməncə Menburun)

Cəlaləddin Məngburun Xarəzmşahlar Dövlətinin sonuncu hökmdarıdı. Xarəzmşah Əlaəddin II Məhəmmədin oğludu.Cəlaləddin Xarəzmşahın adı mənbələrdə “Manqburnu”, “Məngburnu”,bəzən də “Menburun” şəklində keçir. ”Menburun” qədim türkcədə “böyük burunlu” deməkdir.Məngburun isə “Burnunda Doğum izi olan” mənasına gəlir. Bu adlar arasında mənbələrdə yer alan fərqin Cəlaləddinin adının tam oxunmamasından irəli gəlməkdədir.Həmçinin, “manq” türklərdə boy adı mənasını da verməkdədir. Xarəzmşahların sonuncu hökmdarı olan Cəlaləddin Xarəzmşah,Əlaəddin II Məhəmmədin böyük oğludur. Anası Türkman cariyəsi Ayçiçək Xatundur. Xarəzmşah Menburun atasının zamanında, Qəznə, Herat, Qarcistan və Sicistana vali (məlik) olaraq göndərilmiş, ancaq Sultan II Məhəmməd daha sonra onu öz yanına almış və onun yerinə Kəlbər Məliki uyğun görmüşdür. Xarəzmə monqol hücumundan bir müddət əvvəl Xarəzmşah Əlaəddin II Məhəmməd, anası Türkan Xatunun sözləri ilə, anası Kanqlı qadın olan Azlaq şahı vəliəhd təyin etdirmiş və ona Xarəzm, Xorasan, Mazandaran kimi mühüm əyalətləri vermişdi. Azlaq şahdan daha qalibiyyətli olan və dövlət idarəetməsini anlayan Cəlaləddinlə onun qardaşı Rüknəddin Gursancdının yox, Kanqlı qadının övladı Azlaqın vəliəhd təyin edilməsi Xarəzmşah Əlaəddin II Məhəmmədin anası Türkan Xatunun dövlətdə olan iqtidarının göstəricisidir. Monqolların Xarəzmşahlar Dövlətinə olan yürüşləri ərəfəsində Əlaəddin Xarəzmşah, Xəzər dənizində Abaskun adasına sığınmışdı. Bu xaxt Türkan Xatunu da monqollar əsir alınca, Cəlaləddinin vəliəhdlyində qarşısındakı əngəl ortadan qalxdı. Atası Əlaəddin II Məhəmməd burada həyat yoldaşları, övladları Ağşah və Azlaqın yanında Cəlaləddini Sultan elan edərək öz qılıncını və tacını ona verdi.Bir müddət sonra Əlaəddin II Məhəmməd Xarəzmşah vəfat etdi.

Çingiz Xanla savaş

Atasının vəfatından sonra Cəlaləddin qardaşları ilə birlikdə Səmərqəndə dönərək xalqa öz sultanlığını elan etdi. Bir müddət sonra iki şahzadə əmirlərlə razılaşaraq Cəlaləddini öldürməyi planlaşdırır.Ancaq Cəlaləddin, sadiq əmirlərdən İnanc Hunun vəziyyəti ona bildirməsi ilə Xorasanın dağlıq ərazisinə üz tutdu. Monqol yürüşlərindən Xarəzmi tərk edən digər şahzadələr isə monqollarla döyüşdə öldürüldülər. Bu hadisələrdən sonra Cəlaləddin Pərvana tərəf ordusu ilə hərəkət etdi.

Pərvan Savaşı

1221-ci ildə Pərvan Savaşında Cəlaləddin Menburunun ordu gücünün 60.000 ilə 70.000 arasında olduğu bildirilir.Çingiz Xan sərkərdəsi Şiqi-Kutuqu Cəlaləddini ovlamaq üçün göndərdi, lakin yeni başlayan sərkərdəyə 30.000- 40.000 qoşun verdi.

Şiqi-Kutuq monqolların davamlı uğurlarından sonra özünə həddindən artıq arxayın idi və o, tez bir zamanda daha çox olan Xarəzm ordusuna qarşı meydan savaşına girdi. Döyüş monqol süvariləri üçün yararsız olan dar vadidə gedirdi. Cəlaləddin atlı oxatanlara atdan enib monqollara atəş açmağı əmr etmişdi. Ərazi dar olduğu üçün monqollar normal taktikalarından istifadə edə bilmirdilər. Türkman oxatanları isə onları dəhşətli surətdə ovlayırdılar. Monqolların bütün cəhdlərinə baxmayaraq bu ölümcül zərbələrdən xilas ola bilmədilər.Şiqi-Kutuq ordusunun əksəriyyətini itirərək məğlubiyyətə uğradı. Çingiz xan, 4 tümen əsgərin məğlub olduğu xəbərini aldı.

Cəlaləddinin Pərvan Savaşından sonrakı mübarizəsi

Cəlaləddin Pərvan yaxınlığındakı qələbədən sonra Nişapur,Zuzan və Bustdu monqollardan təmizləyib Qəznəyə çatdı. O, Qəznədə xalq tərəfindən böyük bir sevinclə qarşılandı.Bəzi tarixçilər bu müharibədə kimin qalib gəldiyini tam olaraq bildirirlər.Əbdürrəhman Şərəf, Cəlaləddinin bu savaşda silah və əsgərlərinin çoxunu itirdiyini,dövlətin atəş içində olduğunu yazır. Şərəf bu döyüşdə Cəlaləddinin ordusunu “Böyük su tufanı”, Çingiz Xanın ordusunu “Atəş tufanı” adlandıraraq döyüşün vahimətini bildirir. Cəlaləddinin sonrakı savaşları sonunda ordusu ilə arasında qənimət bölüşdürmək zamanı yaranan qarışıqlıqdan istifadə edən monqollar, yenidən hücuma keçdi.Bunu görən Cəlaləddin Menburun,Sindi keçərək Hindistana sığındı.

Sindin sahillərinə Çingiz xanın əsas ordusunun əsgərlərinin yetişməsindən sonra monqollarla savaş apardı. Gərgin keçən meydan savaşının sonunda Cəlaləddin məcburiyyət qarşısında anası ilə həyat yoldaşının monqollara əsir düşməməsi üçün əsgərlərinə onları çaya atmağı əmr etdi və onların çayda boğulmasını qəmli bir şəkildə izlədi.Daha sonra minik atı ilə çayın sahilinə keçmək istədi.Çayın sərt axıntısına baxmayaraq,Cəlaləddin çayı keçdi. Bunu görən Çingiz Xan onun haqqında demişdir: Belə bir atanın belə bir oğlu olmalıdır. Su və atəş kimi iki bəla girdabından özünü xilas edərək sahilə çatdı.

Cəlaləddin Hindistana gəldikdən sonra,Dehli hökmdarından qala biləcəyi ərazi istədi.Burada Usakun hakimi Qabacın qızı ilə siyasi olaraq evləndi.

Azərbaycan Xarəzmşah Cəlaləddin Mengburnun hakimiyyəti altında

Monqollar Xarəzmşahlar dövlətini dağıtdıqdan sonra, Sultan Əlaəddin II Məhəmmədin oğlanları atalarının dövlətinin hissələrini təşkil edən ölkələrə tərəf yollandılar və hər birisi ata tərəfindən vəsiyyət olunmuş əraziyə sahiblik etməyə başladı. Qiyasəddin Pir Şah Əcəm İraqını tutub , buradan qonşu ölkələrə yürüş etdi. Belə ki, 1224-cü ildə o, Azərbaycana yürüş edərək Marağaya və Müzəffərəddin Özbəyin başqa mülklərinə hücum etdi. Özbək isə müqavimət göstərməyə qüvvəsi və qabiliyyəti olmadığından təzminat verməklə məsələni qurtarmaq istədi.Bu məqsədlə o, Pir şahın hüzuruna bir neçə elçi göndərib, sülh bağlamağı xahiş etdi. Nəhayət, Pir şah sülh şərtlərini qəbu edib, Atabəyin bacısı Cəlaliyyə ilə evləndi. Naxçıvan bu zaman Cəlaliyyənin pay torpağı hesab olunurdu.

Bundan sonra Qiyasəddin Pir şah öz qoşunlarını Reyə çəlkdi. Burada onunla Atabəyi və qaynı İfan Taisi arasında nifaq düçdü və nəticədə İfan Taisi 50 minlik ordu ilə kənara çəkildi.

Onların arasındakı nifaqdan istifadə edən Özbək Pir şaha təslim olmaqdan boyun qaçıraraq,ona qarşı çıxdı. Eyni zamanda Pir şah İfan Taisini məğlub edərək onu geriyə - Azərbaycana çəkilməyə məcbur etdi. Burada İfan Taisi Özbəyin icazəsi ilə qarətkarlığa və qırğına başladı, sonra isə qışı Aranda keçirmək üçün Xəzər dənizi sahilində dayandı.

Qışı keçirərək İfan Taisi ikinci dəfə Azərbaycan ərazisini qarət etməklə məşğul oldu,sonra isə Abbasi Xəlifə Ən-Nasirin əmri ilə Həmədana tərəf hərəkət etdi ki,bura başqa vilayətlərlə birlikdə ona Xəlifə tərəfindən iqta sifəti ilə pay verilmişdi.Burada İfan Taisi Hindistandan gəlmiş Cəlaləddin Məngburnun qoşunları tərəfindən mühasirəyə alınaraq darmadağın edildi və özü əsir alındı.

Sultan Cəlaləddin Xəlifəyə göndərdiyi məktubuna cavab almayıb qoşunları ilə İraqa doğru irəlilədi. Qoşunların bir hissəsi Bərdə və Bəksəyi tutaraq Bəsrəyə çatdı. Bəsrədə onlara qarşı şəhərin şihnəsi Mil Təkin çıxdı.Bəsrənin iki aylıq mühasirəsindən sonra, Xarəzmşah qoşunu şəhərdən kənara çəkdi və tezliklə Xəlifənin ordusu ilə qarşılaşdı. Cəlaləddinin monqollara qarşı Xəlifədən kömək almaq niyyətində olduğunu Abbasi Xilafət ordusu komandanı əmir Quş Teymura xəbər vertməsinə baxmayaraq, əmir ona qarşı çıxdı, lakin Xarəzmşah tərəfindən məğlub edildi.

Xəlifə qoşunlarının darmadağın edilməsi xəbəri Bağdada çatanda, şəhərdə tələsik istehkamlar tikməyə və müdafiəyə hazırlaşmağa başladılar.Cəlaləddinin dəstələri Bağdad ətrafına həmlələr edərək əhalini talan edir və atları onların əlindən alırdı.12 gün Bağdad ətrafında qaldıqdan sonra Cəlaləddin öz qoşununu Azərbaycana tərəf çəkdi.

Cəlaləddin Azərbaycan sərhədlərinə çatar-çatmaz Marağa əhalisindən məktublar aldı. Məktublarda onlar “dövlətin böyük ağalarının və xanımların özbaşınalığı ucundan törənmiş biabırçı zülümkarlıqdan xilas olmaq üçün “Cəlaləddinin tezliklə gəlməsini xahiş edirdi. “Onlar bu səbəbə görə dözürdülər ki, gürcülər caynaqları ilə Marağadan yapışmış, Atabəy Özbək isə öz zəifliyi üzündən mülkünü və toxunulmazlığını qoruyub müdafiə edə bilmirdi”.Bu zaman Atabəy Özbək dövlət işlərindən tamamilə uzaqlaşmış, Azərbaycan Atabəyləri dövlətinin həqiqi sahibi isə onun arvadı- İraqın axırıncı Səlcuq Sultanı III Toğrulun qızı Məlikə olmuşdur. Marağalılar“qadının zorakalığından” danışanda məhz onu nəzərdə tuturdular.

9 sentyabr 1225-ci ildə Sultan Cəlaləddin müqavimət görmədən Marağanı aldı.Marağada olarkən o, Azərbaycanla həmsərhəd olan ölkələrin dövlət başçıları ilə əlaqə saxlamağa cəhd göstərdi.1225-ci ildə o, Konya sultanı Əlaəddin Keyqubada, Cazirə hakimi əl-Malik əl-Əşrəf Musaya, Dəməşq hakimi əl –Malik əl-Müəzzəm İsaya və Misir hakimi əl-Malik əl-Kamilə məktub göndərdi. Cəlaləddin Azərbaycanı fəth etdiyini və Gürcüstanı işğal etmək niyyətində olduğunu öz məktublarında xəbər verməklə, öz qərb və cənub qonşuları ilə normal münadsibət saxlamaq və onlarla baş verə biləcək toqquşmaların qarşısını qabaqcadan almaq məqsədini güdürdü.

Cəlaləddin Marağadan sonra başqa şəhərlər kimi, monqollar tərəfindən dağıdılmış Ucan şəhərinə tərəf yollandı.

Hələ Marağada olarkən Sultan Cəlaləddin Atabəy Özbəyin Təbrizdəki canişini rəis Şəmsəddin ət –Tuğraiyə məktub göndərərək, qoşunlarının Təbrizə girməsinə və orada azuqə almasına icazə istədi. Rəis icazə verdi, ancaq xarəzmlilər tez bir zamanda soyğunçuluqla məşğul olmağa başladılar.Onların bu hərəkəti əhali arasında narazılığa səbəb oldu.Onlar Cəlaləddinə şikayət məktubu yazdılar. O, isə öz şihnəsini qoşun dəstəsi ilə Təbrizə göndərib qarətçiliyə son qoydu.Lakin Təbrizə girən dəstə də öz xeyrinə talançılığa başladı, əhali yenidən Sultana şikayət etdi. Belə olduqda Cəlaləddin Təbrizə qoşun yeridərək onu mühasirəyə aldı. Şəhər ətrafına hücum mancaqları, həmlə pilləkənləri, mühasirə ləvazimatı düzüldü, bütün şəhərətrafı ağaclar doğranırdı.

Yeddi gün ərzində şəhər əhalisi rəis Nizaməddin ət-Tuğraiyinin (Şəmsəddinin qardaşı oğlu) başçılığı altında xarəzmlilərlə qarşı savaşdı və yalnız xarəzmlilər şəhər divarına yanaşdıqda ondan aman istədilər. 1225-ci ildə Təbriz Cəlaləddin tərəgfindən ələ keçirildi. Azərbaycan Atabəyi Özbəyə gəlincə isə o, hələ Cəlaləddin Marağada olarkən Təbrizdən Gəncəyə qaçmışdı.1225-ci ildən 1231-ci ilə qədər Təbriz şəhəri və Azərbaycan ərazisində yerləşən Cəlaləddin Məngburnun Xarəzmşahlar dövlətinin paytaxtı oldu. Beləliklə, Türküstandakı Xarəzm torpaqları işğal edildiyindən Xarəzmşah Türkman Dövləti köçərək Azərbaycan ərazisində yerləşdi.

Ardı var.


MANŞET XƏBƏRLƏRİ