Rusiyanın türk-müsəlman əhalisinin siyasi təşkilatlanması - XX əsrin əvvəllərində


No description available.
TALEH CƏFƏROV

Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosent əvəzi,
tarix üzrə fəlsəfə doktoru

(əvvəli BU LİNKDƏ)

Rusiya müsəlmanlarının ilk iki qurultayı “İttifaqi-Müslimin” partiyasının strukturu ilə bağlı məsələləri tamamilə həll edə bilməmişdi. Bu məsələ üçüncü qurultayda öz həllini tapdı. Qeyd edək ki, üçüncü qurultayın çağırılması haqqında qərar 1906-cı ilin iyulun 10-da I Dumanın müsəlman fraksiyası üzvlərinin geniş iclasında qəbul edilmişdi. Daxili İşlər Nazirliyindən üçüncü qurultayın keçirilməsinə dair rəsmi icazə alınmışdı.

Rusiya müsəlmanlarının III qurultayı 1906-cı il avqustun 15-21-də Nijni-Novqorodda, Oka çayında lövbər salmış “Qustav Struve” gəmisində saat 12-də (bəzi mənbələrdə isə Sənətkarlar klubunun böyük zalında) toplandı. Partiyanın “Nizamnamə” və “Proqram”ını hazırlamış Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə keçirilən qurultayda 800 nümayəndə, eyni zamanda müsəlman qəzetlərinin naşirləri iştirak edirdilər. Qurultayda Ə.Topçubaşov tərəfindən hazırlanmış partiyanın 11 bölmə və 79 maddədən ibarət proqramı qəbul edildi. “Rusiya Müsəlmanları İttifaqı” Xalq partiyasının proqramının siyasi hissəsi kadet partiyasının proqramına uyğun hazırlanmışdı. Eyni zamanda hər biri 15 nəfərdən ibarət iki komissiya (təhsil və dini işlər üzrə) yaradıldı. Komissiya sədrlərinin məruzələri əsasında 33 maddəlik “Məktəb islahatı” və 13 maddədən ibarət dini siyasətin təkmilləşdirilməsi haqqında qərar qəbul edildi.

Qurultayın gündəliyinə bir çox həlli vacib olan məsələlər daxil edilmişdir. Daxili İşlər nazirinə ünvanladıqları bildirişdə mətbuatda şəriətə zidd fikirlərlə mübarizə aparmaq, mollaların, müftilərin və şeyxülislamların xalq və ruhanilər tərəfindən seçilməsi və onların maddi vəziyyətinin yaxşılaşdırılması, məktəb və mədrəsələri mollaların əlindən alıb xalqın ixtiyarına vermək və abadlaşdırmaq, eləcə də ruhanilərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün tələb olunan ianələri toplamaq, təhsil üçün atılacaq addımlar və fondların yaradılması kimi məsələlər öz əksi-ni tapmışdır. Qurultayın qərarları bütün müsəlman mətbuatında dərc edilirdi. Qurultayda Cənubi Qafqazda milli münaqişələrə son qoyulması haqqında qətnamə qəbul olundu. İttifaqın Dövlət Dumasında müsəlman fraksiyasının fəaliyyətinə rəh-bərlik edəcək 15 nəfərdən ibarət Mərkəzi Komitə və onun nəzdində 3 nəfərlik daimi büro seçildi. Qurultayda həmçinin Ə.Topçubaşov MK-nın və büronun üzvü seçilmişdir. Partiya üzvləri arasından müxtəlif təbəqələr içərisindən çıxmış şəxslər var idi. Onlardan hüquqşünaslar, elm adamları, pedaqoqlar, məktəb rəhbərləri, eləcə də fəhlələr və s. var idi.

Qurultayın mühüm məsələlərindən biri də təhsillə bağlı idi. Təhsil komissiyasının qəbul etdiyi 33 maddəni belə ümumiləşdirmək olar:

1. Bütün kəndlərdə müsəlman uşaqlarının təhsili üçün məktəblər açılsın;

2. İnsanların çox olduğu yerlərdə məktəblər açılsın;

3. İbtidai siniflərdə təhsil ana dilində olmalı, rus dili məcburi olmamalı, yu-xarı siniflərdə fənn olaraq proqrama daxil edilməlidir;

4. Rusiyadakı müsəlman məktəblərində vahid proqramın həyata keçirilməsinə səy göstərilməlidir;

5. İbtidai təhsil hər bir müsəlman qız və oğlan üçün icbari olacaqdır;

6. Müəllimlərin, o cümlədən qadın müəllimlərin hazırlanması üçün məktəblər açılacaqdır;

7. Mədrəsə dərslərinə fənn dərsləri də daxil edilməlidir;

8. Ədəbi türk dilinin öyrənilməsinə önəm verilməlidir.

Qurultay 15 avqust gününün Rusiya müsəlmanları arasında bayram edilməsini qərarlaşdırdı. Rusiya müsəlmanlarının IV qurultayının 1907-ci il avqustun 10-da Nijni-Novqorodda keçirilməsi qərara alındı. Lakin III qurultayın buraxılmasından sonra şərtlər birdən-birə çox dəyişdi. Hökumətin təzyiqləri İttifaqın parçalanmasına səbəb olmaqla yanaşı, Rusiya türklərinin liderlərindən olan Ə.İbrahimov, Y.Akçura, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə və digərləri ölkələrini tərk etmək məcburiyyətində qaldılar. Ancaq çətinliklərə baxmayaraq, 1907-ci ildə IV qurultayın keçirilməsinə bəzi cəhdlər olsa da bir nəticəsi olmamışdır.

1914-cü ildə Dumada fəaliyyət göstərən Müsəlman Fraksiyasinin rəhbəri K. M.Tevkilev və üzvləri E.Axtamov, Ə.H.Bayterekov, M.Y.Cəfərov və G.H.Yenikevin səyi və hökumətin təsdiqi nəticəsində iyunun 15-25-də Peterburqda Rusiya müsəlmanlarının IV qurultayının keçiriləcəyi bildirilmişdir.

İyunun 15-də başlanan qurultaya cəmi 40 nümayəndə dəvət olunmuşdu. 11 gün davam edən qurultayda Ə.Topçubaşov qurultayın müəyyən çətinliklərlə toplandığını əsas gətirərək hər hansı tələb irəli sürmək və qərar qəbul etməyin müm-kün olmadığını bildirmişdi. Qurultayda dini məsələlər ön plana çəkilmiş, siyasi məsələlərin müzakirəsinə yol verilməmişdir.

Bütövlükdə, Rusiya Müsəlmanları İttifaqının yaradılması, ardından partiyaya çevrilməsi, nizamnamə və proqramının qəbul edilməsi, buraya əksər türk xalqlarının ziyalılarının dəvət edilməsi və digər amillər türklərin siyasi oyanışına, onlar arasında milli özünüdərk, müstəqil düşüncənin daha da güclənməsinə, türkçülük məfkurəsinin alovlanmasına gətirib çıxardı.

Rusiyanın türk-müsəlman əhalisi 1905-1907-ci illər inqilabı dövründə. İnqilab ərəfəsində hökumətin həyata keçirdiyi torpaq siyasəti nəticəsində əhalinin əksər hissəsi istifadə etdikləri torpaqlardan məhrum edilmişdi. Türküstanda hər il artırılan vergilər dövlət xəzinəsini doldurmaq vasitəsinə çevrilmişdi. Çarizmin əsas gəlir mənbəyi təbii sərvətlərlə yanaşı, həm də torpaq vergisi idi. Əhalidən müxtəlif adlarla əlavə vergilər toplanırdı. Şəhər əhalisi daşınmaz əmlaka görə dövlət vergisi ödəməli idi. Vergilərin bütün ağırlığı həmişəki kimi yoxsulların (kəndlilər, xırda sənətkarlar və s.) üzərinə düşürdü. Bu isə onların haqlı narazılığına və çıxışlarına səbəb olurdu. İlkin mərhələdə baş verən bu kimi çıxışlar iqtisadi xarakter daşıyırdı.

1905-1907-ci illər inqilabı ərəfəsində Rusiyada inqilabi əhvali-ruhiyyə yüksəldikcə siyasi düşüncələrinə görə sürgün olunanların sayı durmadan artırdı. Hətta Türküstanın yerlı hakimiyyət orqanları buraya sürgün edilən tələbələrə bel bağlamadığından bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişir. Təxmini hesablamalara görə, bu dövrdə Türküstana siyasi məhbus kimi sürgün edilənlərin sayı 400 nəfərdən çox olmuşdu.

İnqilab ərəfəsində Türküstan diyarında gizli siyasi dərnəklər yaranmaqda idi. Daşkənd, Aşqabad, Qızıl Arvad və Səmərqənddə isə artıq gizli sosial-demokrat təşkilatları fəaliyyət göstərirdi. Bu qeyri-leqal təşkilatlar Rusiya və Cənubi Qafqaz sosial-demokrat təşkilatları ilə əlaqə yaratmışdılar. Müxtəlif məzmunlu qadağan olunmuş kitablar gizli yollarla Türküstana gətirilərək yayılırdı. Maraqlıdır ki, gizli iş aparan sosial-demokratların əksəriyyəti ruslardan ibarət idi. Onlar hökumət əleyhinə nəşr olunmuş vərəqələri xalq arasında yayaraq sosial narazılığı daha da artırırdılar. İnqlab dövründə Daşkənd və Vermidə (Alma-Ata) gizli mətbəə fəaliyyət göstərirdi.

1904-cü ildə müxtəlif sosial-demokrat dərnəkləri vahid qrupda birləşmişdi. Həmin ilin yayında bir neçə sosial-demokrat qrupun birləşməsi nəticəsində RSDFP-nin Qızıl Arvad təşkilatı yaradılmışdı.

Türküstan fəhlələrinin ilk siyasi çıxışları 1904-cü ilin mayın 1-də qeydə alınmışdır. Rusiyanın daxili quberniyalarından buraya köçürülmüş kəndli və tələbələr də inqilabi ideyaların yayılmasında mühüm rol oynayırdılar. Lakin Rusiyanın mərkəzi quberniyalarından yayılan inqilabi ideyalar ucqarlarda yerli əhali tərəfindən lazımi səviyyədə mənimsənilmədiyindən kütləvi xarakter almamışdı. Bu isə Türküstanda inqilabın lokal şəkildə inkişafına təsir göstərmişdi.

1905-ci il yanvarın 12-də Türküstan fəhlələrinin ilk kütləvi çıxışları başlandı. Yanvarın 19-da Səmərqənddə Demurovun mətbəə fəhlələrinin qələbə ilə başa çatan çıxışı baş verdi. Demurov 10 saatlıq iş gününü azaldaraq 9 saata endirmiş, pulsuz tibbi xidmət, fəhlələrin işdən çıxarılmasının bir ay əvvəl xəbər verilməsi və s. nəzərdə tutan sənədi imzalamışdı. 1905-ci il fevralın 18-də Daşkənddə dəmiryol fəhlələrinin tətili baş verdi. Dəmiryolçuların əsas tələbləri iş saatının azaldılması və əmək haqqlarının artırıması olsa da, siyasi təkliflər də irəli sürülmüşdü. 1905-ci mayın 1-də Aşqabad, Krasnovodsk və digər şəhərlərdə də tətil hərəkatı vüsət almışdı. Oktyabr ayında Orenburq-Daşkənd dəmiryolu xəttlərini tətil hərəkatı bürümüşdü. Aşqabad və Daşkənddə tətil komitələrı yaradılmışdı.

İnqilab illərində Qazaxıstanda Krımdakı “Gənc tatarlar”a bənzər gizli və ya açıq şəkildə fəaliyyət göstərən bir çox qruplar mövcud idi. Rus məktəblərində, cədidçi kazanlıların açdıqları məktəblərdə oxuyan şagirdlərin sayının artması, İstanbulla təmas, “Tərcuman” qəzetinin təsiri, dəmiryollarının çəkilişi ilə xarici mühitlə əlaqələrin asanlaşdırılması kimi faktorlar siyasi partiyaların qurulmasına kifayət etməsə də, türk ziyalılarının artmasına öz təsirini göstərmişdir. Elə buna görə də 1905-ci il inqilabı Türküstanda və qırğız-qazax çöllərində yaşayan türklərdə həyə-can yaşatdı. 1905-ci ilin iyununda təxminən 14500 nəfər qazax türkü Karkarali Di-viziyasının Kuyandı yarmarkasında toplandı. Ə.Bokeyxanoğlunun sədrliyi ilə açıq havada keçirilən toplantıda “Rus hökumətinə torpaq, mülk, din azadlığı və mədəniyyət məsələlərinə aid ərizə göndərilməsi” qərara alınmış və nümayəndələr seçilmişdir. Toplantıya qatılanların türkçü və qərbçi olaraq ikiyə ayrıldığı, türkçü qru-pun çoxluq təşkil etdiyi üçün bu qrupun qərarların qəbulunda daha çox təsiri olduğu qeyd edilmişdir.

Bəhs olunan dövrdə bir qrup qazax ziyalısı və tayfa başçılarından ibarət heyətin Peterburqa getdiyi və çar II Nikolaydan “qazax steplərinin istismarını dayandırmaq, məhkəmələrdə və yerli idarələrdə rus dili ilə yanaşı, qazax dilini də istifadə etmək üçün icazə istədikləri” məlumdur. İstəkləri yerinə yetirilməsə də qazax heyətinin ən böyük qazancı Duma seçkiləri öncəsi liberal Kadet partiyası ilə əməkdaşlıq edərək barışıq əldə etmək idi. Kadetlərlə əməkdaşlıq etmək qərarı 1905-ci ilin dekabrında keçirilən kazak konfransında qəbul edilmiş qərarla dəstəklənmişdir.

(ardı var)


MANŞET XƏBƏRLƏRİ