Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
“Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi”
şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
I Yazı
Azərbaycan Türk fəlsəfəsi yalnız keçmişimiz, dünənimiz deyil, eyni zamanda bu günümüzlə, gələcəyimizlə birbaşa bağlı olduğu üçün onu araşdırmaq, təhlil etmək çox vacib və məsuliyyətli məsələdir. Ona görə ki, bu dövrdə Azərbaycan türklərinin ictimai-siyasi həyatı və mədəni-fəlsəfi mühiti yeni bir mərhələnin başlanğıcına təsadüf edir. Yeni mərhələdə isə əsas diqqəti çəkən məsələ odur ki, Azərbaycan türkləri bir tərəfdən yeni ictimai-siyasi və elmi-fəlsəfi həyata bütöv şəkildə daxil ola bilməmiş, digər tərəfdən Qərb mədəniyyətinin ciddi təsirinə məruz qalmışdır. Hər iki amil son iki əsrdə Azərbaycan Türk fəlsəfəsinin, tarixinin, mədəniyyətinin, ədəbiyyatının, siyasətinin başlıca problemləri sırasında qalmaqdadır. Əgər son iki əsrdə Azərbaycan xalqı maddi və mənəvi anlamda bütövlüyünü qoruya bilməmişdirsə, bu, dolayısıyla onun tarixinin, ədəbiyyatının, dilinin, mədəniyyətinin və fəlsəfəsinin yazılmasında yarımçıqlıq kompleksinin ortaya qoymuşdur. Bu, bir həqiqətdir ki, əgər hər hansı xalqın fəlsəfəsi, tarixi, ədəbiyyatı yarımçıqlıq kompleksi şərtləri altında yazılırsa, o zaman həmin xalqın, sözün həqiqi mənasında, milli ruhunu əks etdirə biləcək fəlsəfədən, tarixdən, ədəbiyyatdan, mədəniyyətdən söhbət gedə bilməz. Yəni natamamlıq kompleksi şərtləri altında yazılan hər hansı millətin tarixi, fəlsəfə tarixi, ədəbiyyat tarixi, mədəniyyət tarixi milli ruhdan başqa nə varsa hər şeyi özündə əks etdirir, ancaq milli ruh qarşısında gözlə görünən ya da görünməyən saysız-hesabsız sədlər çəkilir, divarlar hörülür.
Son iki əsrdir ki, Azərbaycan xalqı da məhz maddi-fiziki və milli-mənəvi parçalanma nəticəsində natamamlıq kompleksinə doğru sürüklənmiş, bu natamamlıq çərçivəsində də əsasən hər hansı doğma və yad tədqiqatçılar onun tarixini, fəlsəfəsini, mədəniyyətini, hüququnu, ədəbiyyatını yazmışlar və yazmaqdadırlar. Bir sözlə, XIX əsrin əvvəllərində Azərbaycan türklərinin ictimai-siyasi və fəlsəfi həyatında yeni mərhələyə qədəm qoyması onun maddi-fiziki və milli-mənəvi parçalanması fonunda baş vermiş, bununla da onlarla, bəlkə də yüzlərlə problemlərin təməli qoyulmuşdur. Hər halda Səfəvilər-Qızılbaşlar Türk dövlətinin süqutundan sonra onun yerində yeni imperiya quran Əfşarlar Türk dövlətinin az bir müddət ərzində uğursuzluğa düçar olması Azərbaycan türkləri üçün, bu günə qədər çözülməsi heç də asan olmayan ciddi ictimai-siyasi və elmi-fəlsəfi problemlərə yol açmışdır. Doğrudur, XVIII əsrin sonlarına doğru keçmiş Səfəvilərlə Əfşarlar dövlətlərinin qalıqları üzərində Qacarlar Türk dövlətinin meydana çıxması bu bölgədə yaşayan Türklər, o cümlədən Azərbaycan türkləri üçün yeni bir ümid işığı olub, bəlkə də bu günə qədər yaşadığımız və yaşamaqda olduğumuz problemlərin xeyli qisminə son verə bilərdi. Ancaq Qacarlar dövləti çar Rusiyası ilə Böyük Britaniyanın hərbi-siyasi oyunları nəticəsində keçmiş Səfəvilər Türk dövlətinin bütün ərazilərinə, o cümlədən Güney Qafqaza və Azərbaycanın quzey hissəsinə sahib ola bilmədi. Bununla da Azərbaycan Türk torpaqlarının bir hissəsi çar Rusiyasının işğalı altında qaldı ki, bu da, yuxarıda da qeyd etdiyimiz kimi, onun yalnız gələcək ictimai-siyasi həyatında deyil, elm-mədəniyyət və fəlsəfə sahəsində də xeyli fərqliliklərə, problemlərə yol açdı. Hər halda Azərbaycan Türk torpaqlarının, Azərbaycan Türk xalqının çar Rusiyasının işğalı altında qalan bir hissəsi ilə, Qacarların tərkibində qalan böyük hissəsi arasında baş verən maddi-fiziki və milli-mənəvi ayrılıqlar, antitürk ideyaların da birbaşa təsiri ilə onların mütəfəkkirlərinin dünyagörüşündə yarımçıqlığa, natamamlığa, hətta qeyri-milli düşüncələrə (irançılıq, rusçuluq, avropaçılıq-qərbçilik və s.) yol açmış oldu.
Bu gün, Azərbaycanın elm xadimlərinin öhdəsinə düşən əsas vəzifə bir tərəfdən təxminən XIX əsrin əvvəllərindən çar Rusiyasının işğalı altında yaşamağa məcbur olan Azərbaycan Türk xalqının dünyagörüşü ilə, Qacarların tərkibində, ancaq onun ana sütununu təşkil edən türklərin, o cümlədən Azərbaycan türklərinin dünyagörüşündəki oxşarlıqları və fərqlilikləri çox həssaslıqla tədqiq edib obyektiv qiymətini vermək, digər tərəfdən bütövlükdə fəlsəfi və ictimai fikrimizin əsas inkişaf yollarını, onun mahiyyətini ortaya qoymaqdır. Bu anlamda son iki əsrdə ayrı-ayrılıqda yaşamağa məcbur edilmiş Quzey Azərbaycan türkləri ilə Qacarlar dövlətinin ana sütununu təşkil etmiş Türklərin bu dövr ərzində yaşadıqları ictimai-siyasi, ədəbi-mədəni, elmi-fəlsəfi mühiti ayrı-ayrılıqda ələ almaqdan daha çox bir bütünün, vəhdətin tərkib hisssi kimi tədqiq etmək lazımdır. Yəni çar Rusiyası ilə Qacarlar arasında bağlanmış 1828-ci il Türkmənçay müqaviləsindən sonra, bəlkə məcburiyyətdən bir çox hallarda vahid Azərbaycan türklərinin deyil də, Quzey Azərbaycan xalqının və Güney Azərbaycan xalqının tarixindən, iqtisadiyyatından, mədəniyyətindən, fəlsəfəsindən bəhs etmişik ya da etməyə davam edirik. Bizcə, artıq bu ənənəyə birmənalı şəkildə son verilməli, yəni vahid Azərbaycan xalqının tarixindən, iqtisadiyyatından, mədəniyyətindən, fəlsəfəsindən kitablar, əsərlər yazılmalıdır. Əlbəttə, bu, o demək deyil ki, biz XIX əsrin başlarından etibarən çar Rusiyasının işğalı altında qalan Azərbaycan Türk xalqının bir hissəsinin ya da Qacarlar dövlətinin ana sütununu təşkil etmiş Azərbaycan türklərinin böyük hissəsinin məcburən ayrı-ayrılıqda yaşamalı olduğu tarixi, fəlsəfəni, mədəniyyəti, ədəbiyyatı da mütləq şəkildə, heç bir məntiq olmadan vahidləşdirməli, bütövləşdirməliyik. Əsla belə bir şeyə yol verilməməlidir. Sadəcə, burada əsas məqsəd Azərbaycan Türk xalqının parçalanmadan sonra yaşadığı tarixi, fəlsəfəni, ədəbiyyatı, mədəniyyəti oxşarlıqları və ziddiyyətləri ilə yanaşı, vahid bir çatı altında ümumiləşdirməyi, bütöv şəkildə görməyi bacarmaq, yəni natamamlıq kompleksindən qurtulub təxminən 50-60 milyonluq vahid xalqın fəlsəfəsini, tarixini, ədəbiyyatını, mədəniyyətini yazmaq olmalıdır. Bu anlamda Azərbaycan da daxil olmaqla, böyük bir tarixi ərazidə hökm sürən Qacarlar dövlətinə və həmin dövrün Türk mütəfəkkirlərinə diqqətlə yanaşılmalıdır.
Burada öz əksini tapmış ən önəmli məsələlərdən biri də, çar Rusiyasının işğalı altında qalan Azərbaycanın quzeyindəki xalqımızın bundan sonarkı həyatının hansı formada davam etməsi ilə bağlı problemlərin, yəni bütün sahələrdə (sosial, iqtisadi, təhsil, mədəni və s.) baş vermiş dəyişikliklərin mümkün olduğu qədər obyektiv şəkildə qiymətləndirilməsidir. Yəni bizlər bu məsələni, Azərbaycanın quzey torpaqlarının çar Rusiyasının işğalı altında qalmasını SSRİ dövründəki olduğu kimi, heç bir halda mütərəqqi hadisə kimi qələmə verməməli, eyni zamanda bu məsələdə həddən artıq ifrata vararaq, o dövrdə hər hansı bir müsbət məsələ olubsa onu da görməzdən gəlməməliyik. Ancaq bütün hallarda çar Rusiyasının işğalı altında ya da SSRİ-nin tərkibində birgə yaşamağa məcbur olduğumuz dövrdə baş vermiş istənilən “müsbət məsələ”yə də həssaslıqla yanaşılmalıdır. Şübhəsiz, bir tərəfdən Rusiyaya münasibətdə həssaslıq nümayiş etdirmək, digər tərəfdən isə milli maraqlarımızı qorumaq bir çox hallarda böyük quzey imperiyasının mənafeləri ilə üst-üstə düşmür. Bütün hallarda bizlər tariximizi, ədəbiyyatımızı, fəlsəfə tariximizi millətimizin bu günü və gələcəyi üçün qələmə alırıqsa, o zaman öncə, milli maraqlarımızın hər şeydən bir addım öndə olması bir an olsun unudulmamalıdır. Bir sözlə, Azərbaycan xalqının fəlsəfə tarixi qələmə alınarkən Rus-Sovet metodologiyasından və həmin dövrün təfəkküründən uzaq durulmalı, Qərb metodologiyasına isə həssaslıqla yanaşılmalıdır. Çünki birinci metodologiya qədər Qərb metodologiyası da Türk mədəniyyəti və İslam-Şərq mədəniyyəti ilə xeyli dərəcədə uzlaşmır.
Bizcə, yalnız çar Rusiyasının, Sovet Rusiyasının işğalı altında qalmış Azərbaycanın quzey hissəsindəki xalqımızın, onun mütəfəkkirlərinin deyil, eyni zamanda Qacarlar dövlətinin əsas sütunu kimi uzun müddət önəmli təsir gücünü qoruyub saxlamış Azərbaycanın güneyindəki xalqımızı, onun mütəfəkkirlərinin dünyagörüşünün də obyektiv şəklildə və milli maraqlarımız da nəzərə alınmaqla ciddi tədqiqatlara ehtiyacı vardır. Hər halda Təbriz mərkəzli Azərbaycan vilayəti Qacarlar dövlətinin ictimai-siyası həyatında əsas rol oynadığı kimi, Azərbaycan Türk mütəfəkkirləri elm-mədəniyyət və fəlsəfi mühtin formalaşmasında da öncüllər sırasında olmuşdur. Yəni çar Rusiyasının işğalı altında olan Azərbaycanın quzeyində yaşayan mütəfəkkirlərimiz kimi, Azərbaycanın güneyində öz soydaşlarının qurduqları Qacarlar dövlətinin tərkibində yaşayan aydınlarımız da elm-mədəniyyət və fəlsəfi mühitdə ön cərgədə olmuşlar.
Onu da bilməliyik ki, fərqli dövlətlərin, yəni doğma və yad dövlətlərin tərkiblərində yaşamalarına, yaratmalarına baxmayaraq bütün Azərbaycan Türk mütəfəkkirləri əsasən, vahid amala, vahid ideyaya xidmət etmişlər. Burada vahid amal, vahid ideya deyə bəhs etdiyimiz Azərbaycan türklərinin birləşməsi və dövrün şərtləri altında yeniləşməsidir. Biz görürük ki, Azərbaycan türklərinin, onun mütəfəkkirlərinin dünyagörüşündə milli bütövlük məsələsi, yəni yeniləşmə və Azərbaycan milli ideyası ətrafında birləşmə daima əsas fəlsəfi, ictimai-siyasi məsələ olmuşdur.
Ümumiyyətlə, XIX-XX əsrlərdə yaşamış Azərbaycan Türk mütəfəkkirlərinin yaradıcılıqlarında fəlsəfənin hansı şəkildə öz əksini tapması daima mübahisə ya da müzakirə obyekti olmuşdur. Belə ki, bir qisim tədqiqatçılara görə bu dövrdə Azərbaycanda sırf fəlsəfəyə aid əsərlər çox az olmuş, dolayısıyla da Azərbaycanda fəlsəfədən və filosoflardan çox az bəhs etmək olar. Bununla bağlı qeyd etməliyik ki, birincisi, Azərbaycan xalqı ancaq bugünkü Azərbaycan Respublikasından ibarət deyil. Bu anlamda A.A.Bakıxanov, M.F.Axundzadə, H.b.Zərdabi, M.Ə.Rəsulzadə, N.Nərimanov, Ə.b.Hüseynzadə, Ə.b.Ağaoğlu qədər S.Ə.Nəbati, M.Ə.Talıbzadə, M.Xiyabani, M.Şəbüstəri, C.Əfqani, S.C.Pişəvəri, C.Heyət də Azərbaycan Türk mütəfəkkirləridir. İkincisi, yeni dövrdə bütün dünyada mütəfəkkirlərin əsas fəlsəfi yaradıcılıqları ontoloji və qnoseolojidən çox sosial fəlsəfə, tarixin fəlsəfəsi, sosial psixologiya, sosiologiya, politologiya, antropologiya və buna uyğun məsələlər olmuşdur. Bu anlamda Bakıxanov, Zərdabi, Əfqani, Hüseynzadə, Rəsulzadə, Şəbüstəri, Heyət və başqa Azərbaycan Türk mütəfəkkirləri A.Şopenhauer, F.Nitsşe, K.Marks, F.Engels, Z.Freyd, U.Ceyms, A.Toyenbi, M.Haydeger və başqa Qərb mütəfkkirləri qədər filosof, yəni bilgə adına layiqdirlər. Başqa sözlə, Azərbaycan Türk mütəfəkkirlərini düşüncələrində ümumiləşdirmələr aparıb, sonra da bu fəlsəfə deyil, fəlsəfə yalnız ontoloji və qnoseoloji məsələlərə həsr edilmiş əsərlərlə bağlıdır, deyib mənasız iddialar irəli sürmək kökündən yanlışdır. Çünki fəlsəfə dediyimiz, ən azı hərfi mənada müdriklik ya da müdrikliyə sevgidirsə, hikmətsevərlikdirsə, o zaman insan, cəmiyyət, millət, dövlət, siyasi əqidələr, mənəvi dəyərlər, sosial münasibətlər və digər məsələlər ümumilikdə onun tərkib hissəsidir.