Prezidentin müsahibəsi: verilən mesajlardakı strateji hədəflər


K. Əlioğlu

Azərbaycanın dövlət başçısı İlham Əliyevin bu il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə irəli sürdüyü fikirlər maraqlı və aktual məsələləri əhatə edir. Onların ekspertlər tərəfindən təhlili davam edir. Bu xüsusda müsahibənin müxtəlif aspektlərdə təhlilinin davam edəcəyini proqnozlaşdırmaq olar. Burada başlıca məqamlardan biri Azərbaycan dövlətinin maraqlarına uyğun tezislərin məzmunu ilə bağlıdır.

İlham Əliyev – Cənubi Qafqazın lideri

Dövlət başçısı İlham Əliyevin yerli telekanallara müsahibəsi siyasi təhlilçilərin gündəmində xüsusi yer tutmaqdadır. Həmin müsahibənin əsas tezisləri çox müxtəlif aspektlərdə təhlil edilir. Prezident müsahibədə regional və qlobal geosiyasətin ən aktual məsələlərini yeni baxış bucağından mənalandırıb. Onların hər birinin xüsusi əhəmiyyəti vardır. Çünki müsahibədə Azərbaycan lideri proseslərə həm ümumi səviyyədə, həm də Azərbaycanın milli maraqları kontekstində qiymət verib. İlham Əliyevin hadisələri sistemli, ardıcıl və ədalətli şəkildə izah etdiyi aydın görünür. Bu aspektdə bir sıra mühüm məqamlar özünü göstərir ki, onları da vurğulamaq zəruridir.

No description available.

Öncə, Prezidentin regional və qlobal geosiyasi proseslərə sistemli yanaşdığı və vahid məntiqi çərçivədə izah etdiyi aydın görünür. Müsahibə milli, regional və qlobal miqyaslarda baş verən hadisələrin Azərbaycanın maraqları prizmasından eyni dərəcədə təhlilini ifadə edir. Nəzəri və praktiki cəhətdən bu xüsusiyyət çox əhəmiyyətlidir.

Dövlət başçısının müsahibəyə daxili siyasi proseslərdən başlaması tamamilə məntiqidir. Çünki hər bir müstəqil dövlət, ilk növbədə, daxili sosial-iqtisadi göstəriciləri ilə özünü təsdiq etməlidir. Bu baxımdan Prezident İlham Əliyevin 2024-cü ilin yekunlarını qiymətləndirməsi əhəmiyyətli məqamdır. İlham Əliyev bununla bağlı verilən suala cavabında deyib: "Keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq".

Hazırda dünyada müşahidə edilən çox ziddiyyətli və qeyri-sabit proseslərin fonunda Azərbaycanda ÜDM-in 4 faiz artması təbii ki, ciddi nəticədir. Burada əsas xüsusiyyətlərdən biri qeyri-neft sektorundakı müsbət inkişaf dinamikası və bütövlükdə bir neçə ildir ki, davam edən yüksəliş xəttinin mövcudluğudur. Dövlət başçısı bununla daxili siyasətin başlıca məqamlarına üç aspektin sintezində yanaşır.

Birincisi, dünya miqyasında geosiyasi, geoiqtisadi, siyasi, enerji, nəqliyyat-kommunikasiya və s. sferalarda proseslərin daxili ziddiyyətliliyinin kəskinləşməsi. Bu vəziyyət hər bir müstəqil dövlətdən daxili siyasətə xüsusi yanaşma tələb edir. Azərbaycan üçün həmin xüsusiyyət digər iki faktorun qarşılıqlı əlaqəsində əyaniləşib.

İkincisi, ümumi inkişaf tempinin saxlanması mühüm göstəricidir. Bu proses davamlı olaraq özünü göstərir. Yəni, 2024-cü ilin nəticələri, əslində, uzun illərdir aparılan siyasətin məntiqi nəticəsi, həyata keçirilən islahatların gözlənilən yekunu kimi təsəvvür edilə bilər. Bu da Azərbaycanda ardıcıl inkişaf siyasətinin davam etdiyini və onun 2030-cu il strateji inkişaf kursuna tam uyğun olduğunu göstərir.

Üçüncüsü, qeyri-neft sektorunun dinamik inkişafına nail olunub. Bu, çox mühüm aspektdir. Çünki məhz neft və qeyri-neft sektorlarının ahəngdar inkişafı sayəsində ölkəni ciddi total böhrana düşməkdən xilas etmək mümkündür. Avropa dövlətlərinin təcrübəsi bunu sübut edir.

Bununla dövlət başçısı ölkənin daxili inkişafda əldə etdiyi nəticələrin xarici siyasətin regional, regionlararası səviyyələrində, beynəlxalq təşkilatlar və qlobal miqyaslarda münbit nəticəverici mühit yaratdığını ifadə edib!

Bütün bunlar regional sülh gündəliyi, Böyük Qayıdış, D-8-ə üzvlük, Qərb dövlətləri ilə münasibətlər, COP29-a evsahibliyi, Yaxın Şərq, ayrıca Suriya məsələsi, Azərbaycan-Türkiyə münasibətləri kimi vacib mövzulara keçid üçün zəmin yaradır.

Azərbaycanın təşəbbüsləri və regional sülhün təmini

İlham Əliyevin həm İkinci Qarabağ müharibəsinin mahiyyətinə, həm antiterror tədbirlərinə, həm də Qazaxın 4 kəndinin işğaldan azad edilməsinə konkret yanaşması vardır. Dövlət başçısı bunlarla bağlı ifadə edib ki, "…biz bu məsələdə ədalətə nail olduq, ərazilərimizi bərpa etdik". Ərazilərin bərpasına ədalətə nail olmaq prizmasından yanaşılması siyasətdə humanitarlığın göstəricisidir. Çünki əgər lider fəaliyyətinin strateji məqsədi kimi ədaləti görürsə, o, humanitar, yaradıcı və fəzilətli siyasət yeridir.

No description available.

Müsahibədə bu mövqeyini davam etdirərək ölkə rəhbəri daha konkret yanaşma ortaya qoyur. İlham Əliyev bəyan edir: "Mən artıq bildirdim ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir. Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. ...Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz".

Bu fikirlərdə düşündürücü və aktual mesajlar mövcuddur. İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmini məsələsinə rəsmi İrəvanın çox ciddi hadisə kimi baxmasını tövsiyə edir. Yəni, bu, davamlı, effektiv və qətiyyətlə həyata keçirilən siyasətin nəticəsi kimi dərk edilməlidir. Buna görə, birincisi, Ermənistan silahlanmanı dayandırmalıdır, ikincisi, silahlanma olsa-olsa Ermənistan üçün yeni təhlükələr yaradacaq, üçüncüsü, Ermənistanı silahlanmaya təhrik edənlər sona qədər onun arxasında dayana bilməyəcəklər.

Bunlar Azərbaycanın regional miqyasda yeni təşəbbüsləri və sülh prosesinə baxışıdır. Onun məzmunu göstərir ki, ölkə rəhbərliyi yenə də humanitarlıq və ədalətlilik mövqeyindədir və ondan zərrə qədər də kənara çəkilmək fikrində deyildir!

Güclənən Azərbaycan

Müsahibənin geosiyasi məna çalarları və orada ifadə olunan fikirlərin əhatə dairəsi o qədər genişdir ki, bir təhlil yazısında hər birini ifadə etmək mümkünsüzdür. Ancaq onların hamısını bir tezisdə ümumiləşdirmək olar. Prezident İlham Əliyevin müsahibəsinin ümumi ruhu, bizcə, belədir: "Dostların yanında və dost olmaq istəməyənlərin qarşısında daim güclənən Azərbaycan dövləti vardır"! Azərbaycan bütün istiqamətlərdə regional və qlobal səviyyələrdə qətiyyətli davranmaq potensialına və gücünə malikdir. Hər bir dövlət bu gerçəkliyi etiraf etməklə Bakı ilə münasibətlər qurmalıdır. Buraya ən yaxın müttəfiqimiz və qardaş dövlət olan Türkiyədən tutmuş, ən uzaq Amerika və Çinə qədər hər kəs daxildir.

Azərbaycanın hesablaşmaq lazım gələn bir güc kimi mövcudluğu Cənubi Qafqazın geosiyasi simasını dəyişməkdədir. Hətta Türk Dövlətləri Təşkilatı (TDT) timsalında regionlararası məkanda Azərbaycanın imzası vardır.

Deməli, bu baxımdan Azərbaycan hazırda geosiyasi aktor kimi yeni imic qazanıb və bu, onu, faktiki olaraq, növbəti səviyyədə fəallığa təhrik edir. Bakının Suriya ilə bağlı bəyan etdiyi mövqeyə məhz həmin gerçəklik kontekstində baxmaq lazımdır. O cümlədən COP29 və Böyük Qayıdışla bağlı atılan addımlar həmin rakursdan maraqlı məzmun almış proses təsiri bağışlayır.

Böyük Qayıdışın bir geosiyasi özəlliyi

Müsahibədə Prezident İlham Əliyev aydın və yığcam şəkildə Böyük Qayıdışın fəlsəfəsinin ana müddəasını ifadə edib. Ölkə rəhbəri deyib: "Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq – bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir".

Bu fikirlər göstərir ki, Böyük Qayıdışın ideyasında Qarabağ, Zəngəzur və Naxçıvan vahid məkan kimi təsəvvür edilir. Azərbaycan bu mənada hər qarışında birləşir. Həmin mövqedən isə Qərbi Azərbaycana cəmi bir addım qalır! Yəni, müsahibədə, əslində, Böyük Qayıdışın daha geniş anlamının ideya bazası mövcuddur! Bu baxımdan həmin müsahibə həm də strateji mahiyyətli tezislərin yığcam ifadəsidir! Zəfərlər davam edir!


MANŞET XƏBƏRLƏRİ