İnam Ata (Asif Ata) - ZÜLMƏTDƏN İŞIĞA


İnam Atanın (Asif Atanın) “Zülmətdən İşığa” əsərini “Türküstan” qəzetinin oxucularına təqdim edirəm. 31 il öncə yazılmış əsər yeni, bənzərsiz, qədimlik ənənəsi üstə ədəbiyyat örnəkləri yaratmağın ölçülərini verir.

Sayğıyla: İŞIQLI ATALI

***

1. İnsanilik cəmiyyətdən artıqdır, böyükdür, yüksəkdir.

Heç bir cəmiyyət insaniliyi tam ifadə etmir.

Tarixi cəmiyyətlərin, ictimai quruluşların əksəriyyəti insaniliyi təsdiq etməmişlər, ona qarşı çıxmışlar.

İnsanilik – cəmiyyətə sığmır.

Bədiiyyat əksər hallarda insana cəmiyyətin gözüylə yox, cəmiyyətə İnsaniliyin gözüylə baxıb: İnsaniliyi Məqsəd, Cəmiyyəti isə Vasitə sayıb və əsasən həmin vasitəni bəyənməyib, tənqid edib.

Bizdə cəmiyyət fetişləşib, mədh olunub, dünənə qarşı qoyulub. Bu mədhdə İnsan itib. Ümumi “şən”, “gülən” ictimai axında düşünən, danışan, qəmlənən, – yəni yaşayan İnsan – görünmür, bədiiyyat insanı cəmiyyətin kölgəsində itirir.

Şənlik, Fərəh, Gülüş səsində İnsaniliyin səsi eşidilmirdi, çünki tək Şənlikdən, Fərəhdən, Gülüşdən ibarət dövran yoxdur, İnsan həyatı hər bir zamanda ağır Yükdür, çətin əməldir.

Digər tərəfdən mədh olunan dövran – gülər, şən, fərəhli deyil, zorakı, qəddar, müstəbid, özgələşmə vədəsidir.

“Şən və gülər dövran” şüarında siyasi Yön var idi, ancaq həyat yox idi; – həyat hər cür siyasi yöndən artıqdır, genişdir – ona sığmır.

Cəmiyyət mədh olunanda həyata yer qalmır, insana yer qalmır, çünki həyat həmişə ağır yoldur, İnsanilik həmişə ağır yoldur.

Cəmiyyət İnsaniliyə bərabər ola bilməz, çünki İnsanilik ictimailikdən artıqdır, böyükdür, yüksəkdir.

Cəmiyyəti yaradan İnsandır və o, cəmiyyəti İnam, İdrak, Mənəviyyat və İradə əsasında yaradır.

İnsan ictimai münasibətlərin məcmuyu yox, yaradıcısıdır və heç bir cəmiyyətdə İnsanın mahiyyəti tam aşkara çıxmır; İnsani imkan gerçəklikdə heç vaxt tam realizə olunmur, insanlar öz daxili keyfiyyətlərinin çoxunu qəbrə aparırlar.

Məddahlıqda cəmiyyət ideallaşdırılır, həm də antihəyatlaşdırılır; dərdə, qəmə, kədərə qarşı yürüş əslində naqisliyin bəzədilməsinə və həqiqətin gizlədilməsinə xidmət göstərir. «Tel azaddır», «El azaddır», «Hər yan gözəldir», «Könlüm gülür, həyat gülür, el gülür» mədhində elin başının üstünü almış terror vahiməsi gizlədilirdi – antirealizm təsdiq olunurdu.

Məddahlıqda bir əfsanəçilik də görünür: Dünən bütöv Qara, bu gün – Tünd Ağ rənglərlə çəkilir.

Zülmətdən İşığa, Ələmdən Nəşəyə düşürdü lirik qəhrəman və yer, göy, dünya Fərəhli gülüşə qərq olurdu.

Gülüş əlindən insana yer tapılmırdı. Cəmiyyət cənnət kimi təqdim olunurdu, əslində isə insanilik üçün cənnətdən də dəhşətli cəhənnəm yoxdur.

2. İnsanilik – Sinfilikdən artıqdır, böyükdür, yüksəkdir.

Sinif – insanı tam ifadə etmir.

İnsanı İnsan eləyən İnam, İdrak, Mənəviyyat və İradədir.

Sinfi İnam yoxdur; İnam – İnsanidir.

Sinfi İdrak yoxdur; İdrak – İnsanidir.

Sinfi Mənəviyyat yoxdur; Mənəviyyat – İnsanidir.

Sinfi İradə yoxdur; İradə – İnsanidir.

Mülkədarlıq, kapitalistlik, fəhləlik, kəndlilik – insaniliyə bərabər deyil.

Vicdan, haqq, ədalət, özünütanıma, özünütəsdiq, qeyrət, namus, kişilik, qadınlıq, dostluq, sevgi, ümid, analıq, atalıq, ləyaqət, yurdsevərlik, bəşərsevərlik və s. sinfi qəlibə sığmırlar.

Sinfi ictimai aləm var, sinfi daxili aləm yoxdur.

Bizdə isə əksər hallarda təsvir sinfi səciyyədən kənara çıxmır: qəhrəmanlar insaniliyi yox, sinfi mənsubiyyəti, xüsusiyyəti təmsil edirlər; bədiiyyat sosioloji sxemə qurban verilir; Daxili aləmin qapısı oxucunun üzünə bağlanır, ədəbiyyat siyasətlə eyniləşir.

3. Sinfi ədəbiyyat yoxdur – ədəbiyyat İnsanidir.

Burjua ədəbiyyatı axtardım. Tapa bilmədim.

Kimdir burjua ədəbiyyatçısı?

Tolstoymu, Flobermi, Bayronmu, Getemi, Stendalmı, Balzakmı, Heminqueymi?

Burjua mənafeyini ifadə eləyən yazıçı tapmadım ədəbiyyatda.

Kafka, Coys – burjua ədəbiyyatıdırmı?

Burjua aləmini hərtərəfli özgələşmə, əşyalaşma dünyası kimi qiymətləndirənləri burjua yazıçıları saymaq olarmı?

Bədbinlik – burjua atributudurmu? Əksinə, burjua dəllalcasına nikbindir, öz yerini dünyada möhkəm sayandır, maddi qüdrətinə əmin olandır, sabahına inamlıdır.

Burjua humanizmi axtardım ədəbiyyatda. Tapa bilmədim.

Burjua həyat tərzi var, ancaq burjua insansevərliyi yoxdur; İnsansevərlik İnsani xüsusiyyətdir, Sinfi xüsusiyyət deyil. Sinfi həqiqət yoxdur, həqiqət – İnsanidir.

Sinfi bədiyyat yoxdur, Bədiyyat-İnsanidir.

4. İnsanın tərəfində olub ədəbiyyat – çətin məqamlarda.

İndiki sənət – antiinsani müstəbidliyə, caniliyə qarşı öz səsini ucaltmadı, totalitarizmlə döyüşmədi. Ədəbiyyatın siyasətləşməsi İnsaniliyin xeyrinə olmadı. İnsan ədəbiyyatın gözü qabağında tapdalandı, ədəbiyyat isə bunu siyasi qələbə saydı və vəsf etdi.

5. Bədiiyyatın siyasətləşməsi tənqidin ədəbi şərhlərində də özünü göstərir.

Oxuculara təqdim olunan bədii məzmun tarixi, siyasi məzmundan cüzi də olsa fərqlənmir; romanlar, povestlər, şeirlər, dramlar estetik mahiyyətdən məhrum olunurdu; tarix, sosiologiya, siyasət kitabları haqqında deyilənlərdən artıq heç nə deyilmirdi ədəbiyyat haqda.

«İnqilabi nəzəriyyənin, partiya rəhbərliyinin kütlələrə təsiri, xalq hərəkatının şüurlu və mütəşəkkil bir şəkil alması, Bakı fəhlə hərəkatında fəal iştirakı romanda canlı və doğru verilmişdir» («Azərbaycan sovet ədəbiyyatı»). Bu səciyyəvi şərhdə ədəbi məzmun yoxdur, ancaq bu yoxluq siyasətləşən ədəbiyyata yarayır.

6. İnsanilik Mühitdən artıqdır, böyükdür, yüksəkdir. Əks təqdirdə İnsan naqis mühitə pərçimlənib qalardı, onu dəyişdirə bilməzdi.

İnsanilik kollektivdən artıqdır, böyükdür, yüksəkdir. Əks təqdirdə İnsan naqis kollektivə pərçimlənib qalardı, onu dəyişdirə bilməzdi.

Ehkam mühiti, kollektivi Mütləq meyara çevirib: onlara qarşı çıxmaq – günah sayılır; mühit – kollektiv haqqı təmsil eləyir, onlarla döyüşən haqla döyüşür ehkamda.

Kollektivlə Fərdin münaqişəsində kollektiv doğru, Fərd Yanlış sayılır; beləliklə də kollektiv fetişləşir. Fərdə qarşı kollektiv Zorakılıq bəraətləşir, Fərd kollektivdə itir.

Əslində isə insaniliyin əsası, bünövrəsi fərdiyyətdir, şəxsi özümlükdür. Mühitin ünsürü səviyyəsinə enən insan – İnsaniliyini itirir; Mühitləşən İnsan – İtirilmiş İnsandır, fərdiyyətə qarşı duran.

Mühit ağalığı ictimai ağalıq formasıdır; Mühitin Fərdə qarşı Mənəvi istismarı yaranır. Yəni mühit insanın ləyaqətini mənimsəyir, onu tapdayır. Mühitlə döyüşmək – qəhrəmanlıq tələb eləyir, ancaq vicdan, haqq, ədalət, heysiyyət adi adamları da mühitə qarşı qoyur; onlar öz adi ağılları, duyğuları, iradələriylə mühitə sığmırlar, ondan kənara çıxmağa can atırlar, öz dünyalarını yaratmaq istəyirlər, ancaq qanadları mühitin dəmir qapılarına dəyib qanayır. Təbiidir ki, onlardan qəhrəmanlıq tələb eləmək olmaz; mühitin qulu ola bilməyənlər – mühitin ağalığını ləğv edə bilmirlər, ancaq onun antiinsaniliyini aşkara çıxarırlar və bununla da insaniliyə xidmət göstərirlər.

Ehkam isə Fərdin Mühitlə münaqişəsini əksər hallarda həyatın təhrif olunması sayır. Ehkama görə Mühit pis ola bilməz, o, bizim mühitimizdir, sosialist gerçəkliyidir; yalnız Fərd, ayrı-ayrı adamlar pis ola bilərlər və həmin pis adamların üzərində qələbə labüddür, çünki mühit yaxşılarındır – Xeyir Mütləq qələbə çalmalıdır, çünki o, öz mühitində döyüşür, Şər mütləq məğlub olmalıdır, çünki o, özgə mühitdə fəaliyyət göstərir.

Bu səbəbdən Mühitə sığmamaq – əcayib görünür. Ehkamın tərtib etdiyi sxemdə Mühit fərdin qanadıdır; Gerçəklikdə həmin qanad qanayırdı. Bu səbəbdən də Ehkam həqiqəti gerçəkliyin təhrifi sayır; – əslində həyat ədəbiyyatdan qovulur; fərd dərdi, şəxsiyyət dərdi, yanar ürəklər, zəkalar dərdi, arzular, ümidlər dərdi, çiyninə zindan kimi düşən Zorakılıq dərdi, eyniləşmə, əşyalaşma dərdi həqiqətsizlik sayılır.

Mühit allahlaşır – İnsan bəndələşir, kölələşir, kölgələşir.

7.Ehkama uyan ədəbiyyatda insan həyatı çox vaxt istehsalatla eyniləşdirilir; az qala tarla insanı, zavod insanı, sex insanı yaranır.

Süjet istehsalatlaşır, bədii problem istehsalatlaşır, münaqişə istehsalatlaşır. Təzə istehsal üsuluna həsr olunur əsər; geri qalmış kolxozun qabaqcıl kolxoza çevrilməsinə həsr olunur; unudulur kəndliylə torpaq arasındakı özgələşmə, mədhdə zəhmətkeş həyatı itir, insan tarlalaşır, zavodlaşır, sexləşir. Əməkçi surətində insan kölgələşir.

8. Ehkam xüsusi bir realizm icad edib: həyatın müsbət tərəflərinin təsdiqi əsas məqsəd sayılır.

Ümumi tendensiyanı, gedişatı, mahiyyəti tənqid etmək olmaz, ayrı-ayrı hadisələri tənqid etmək olar və həmin hadisələri mahiyyətin, gedişatın ifadəsi kimi yox, qeyri-təbiilik, anomaliya, yaxud köhnə dünyanın qalığı kimi qiymətləndirmək olar. Əks təqdirdə əsər antirealist (gerçəkliyin təhrifi) sayılır. Təzə, xüsusi realizm vasitəsiylə həyat həqiqətiylə döyüşürlər, antirealizm təsdiq olunur; normativ realizm ehkamı yaranır; sosializm idealının təsdiqi naminə həqiqətdən keçmək, həyatı Ehkamın təsdiq etdiyi həyat normativliyinə bərabərləşdirmək.

Xüsusi realizm realizmi ədəbiyyatdan silir.

9. Şərqiliyimizdən uzaq düşdük.

Hürmüzd İşığından ayrıldıq. Ənəlhəqqdən ayrıldıq. Ülvi Eşqdən ayrıldıq.

İnsanın ruhani mahiyyətindən ayrıldıq. Ruhsuzluğa düçar olduq.

10. Ədəbi mühitə siyasətbazlıq sirayət eləyib

Rəqibi sıradan çıxarmaq üçün idealları müdafiəyə qalxırlar, ideoloji ittihamlar arxasında xudbin niyyətlər, mənsəbpərəstlik, şöhrətpərəstlik gizlənir; bədiiyyat ustalığına yiyələnməmişdən qabaq intriqa ustalığına yiyələnirlər; əqidə döyüşü pərdəsi altında qatilləşirlər; həmkarlarından böyük düşmən tanımırlar; xəbisliyi mübarizliklə «doldururlar», – fəlakətli, qəbahətli, antihumanizm yaranıb ziyalılar arasında. Ədəbi, elmi bürokratizm çiçəklənib; rütbə, dərəcə, vəsiqə istedadı üstələyir; dissertasiya janrı qabiliyyətsizlik ordusu yaradıb; diplom hakim olub mühitə; biliyə vaxt tapa bilməyən dissertasiya ustaları dissertasiyaya vaxt tapa bilməyən bilik ardıcıllarına şəst göstərirlər. Fikirsiz, ideyasız, əsərsiz, üslubsuz vəsiqəçilər yarışı başlayb – hərarətli.

11. Ənənə və müasir sənət

Müasir sənət ənənədən hələ üzübəri bəhrələnib, onun daxili məziyyətlərinə, idraki-bədii mahiyyətinə çatmayıb.

Nizamidən necə bəhrələnib muasir ədəbiyyat?

Ülvi qəhrəmanlar, ruhani pafos, müdriklik, aforistik üslub, zəngin obrazlar səviyyəsindən uzaq.

Dəbdəbə sayıldı çox vaxt bu məziyyətlər, realizmə yad – çığlın təmtəraq, mücərrəd mühakiməçilik sayıldı.

Nəsimidən necə bəhrələnib müasir ədəbiyyat?

Ənəlhəqq səviyyəsindən, sığmazlıq ülviyyətindən, ruhani qüdrətindən, vəcdli idrakdan, müqəddəslik ehtirasından uzaq. Bunlar bəyənildi, təqdir olundu – ötüb keçən məqam kimi, mənəvi həyatın üzvi tərkib hissəsi kimi yox.

Füzulidən necə bəhrələndi müasir ədəbiyyat?

Ali məhəbbət ehtirasından, ehtiyacından, səcdəsindən, bəlasından uzaq; Leylisiz, Məcnunsuz keçindi ədəbiyyat, «müasir sevgiyə» uyğun gəlmədi Məcnunluq, ağıllara yaramadı dəlilər.

Füzuli zinət kimi sevildi, çörək kimi sevilmədi.

Muğam üstə nikbin şüarlar oxuyuruq: unuduruq ki, muğamın cövhəri qəmdir, qəm üstündə şüar oxumazlar; – şuxluq da muğama uyuşmur. Şux qəzəllərdə muğam hərcayiləşir, «müasir muğam» düzəldirik – muğamın ziyanına.

Şərqiliyimizdən utanırıq, şərqli olmağı az qala qəbahət sayırıq.

Ənənəyə qarşıyıq mahiyyətcə – ənənədən dəm vura-vura ənənəsizləşirik.

12. Dünyəvilik və Xəlqilik

Sənətdə Dünyəvilik İdrakın, Mənəviyyatın və Bədii Biçimin səviyyəsi ilə ölçülür, yəni dünyəvi sənət o sənətdir ki, onun ifadə etdiyi məzmun, təsdiq elədiyi mənəvi aləm və nail olduğu biçim Dünyəvi səviyyədə olsun.

Dünyaya yayılmaq, dünyada tanınmaq, dünya tərəfindən təqdir olunmaq sənətin dünyəviliyini müəyyən eləmir.

Füzuli lirikası öz bədii idraki səviyyəsi etibarilə nadir dünyəvi hadisədir. Ancaq dünyada Füzulidən daha artıq tanınan, təbliğ olunan liriklər var və onlar əslində şairimizdən daha az dünyəvidirlər.

Nəsimi həm şəxsiyyət, həm də sənətkar kimi Dünyanın birinci simalarındandır.

Ancaq dünyada Nəsimidən qat-qat çox tanınan, sənətkarlar, qəhrəmanlar var ki, onlar Nəsimidən qat-qat az dünyəvidirlər.

Avropamərkəzçilik əsasında Dünyəvilik stanrdartı icad olunub.

Dünyəviliyin meyarı – xəlqilikdir.

Dünyaya sığmayan – Vətənə sığır.

13. Sənətdə Tənqidi təmayül həyatdakı eybəcərliyə qarşı Ruhani müqavimət yaradır.

Sənətin İctimai və Mənəvi Qəbahətə qarşı müqaviməti hədsiz dərəcədə zəifdir.

Eybəcərlik sənət sarıdan elə bir nigarançılıq çəkmir.

Qəbahətin “sənət” adlı Yağısı yoxdur.

Eybəcərlik sənətdən qorxmur, çünki sənət eybəcərliklə döyüşmür, eybəcərliyin mahiyyətini açmır, ehkam «həyatımızda köklü, barışmaz ziddiyyətlər yoxdur» - deyə bağırır, eybəcərliyi sənətdən qoruyur.

Ədəbiyyatın müsbətçiliyi artdıqca həyatın mənfiliyi artdı. Həyatda mənəviyyat qıtlığı – həm də cəmiyyətdə ədəbiyyat qıtlığı deməkdir.

Qaranlıqlar Yarılsın! Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

15-ci il, Bakı (fevral, 1993).


MANŞET XƏBƏRLƏRİ