Xarəzmşahlar dövləti


Elşən Mirşli
Gəncə şəhəri, tarixçi

II Yazı

İl Arslan

Tac-i Dünya və ya Əbül-Fəth İl-Arslan (XII əsr- 7 mart 1172,Ürgənc) 4-cü Xarəzmşah hökmdarı ( 1156-1172), Xarəzmşah Atsızın oğludu. Hələ atasının sağlığında vəliəhd seçilən Əbül-Fəth İl-Arslan, onun ölümündən sonra Xarəzmə qayıdaraq işləri tənzimləmiş və tax-tac uğrunda mübarizəyə başlamışdır.Belə ki, qardaşının Atabəyi olan Oğul bəyin rəhbərliyi altında bir qrup müxaliflər Atsızın ölümü ilə taxta onun oğlu Süleyman şahı gətirmək istəyirdilər.Xarəzmə gəldikdən sonra İl Arslanın ilk işi qardaşı Süleyman şahı həbs etdirib, Atabəy Oğul bəyi və tərəfdarlarını öldürmək olmuşdur.Daha sonra əmiləri İnal Xan və Yusifi, qardaşları Xitay Xan və Süleyman Şahı da öldürərək 22 avqust 1156-cı ildə Xarəzm taxtına çıxmışdı.Həyat yoldaşı Türkan Xatun da dövlətin idarə edilməsində mühüm rol oynamış və İl-Arslanın vəfatından sonra kiçik oğlu Sultanşahı taxta çıxarmışdır.Bu da böyük oğlu Əlaəddin Təkiş ilə hakimiyyət uğrunda çəkişmələrə səbəb olmuşdur.

İl Arslan səltənəti üçün təhlükələri ortadan qaldırmaq üçün əmiləri və qardaşlarını öldürərək bütün rəqiblərini aradan qaldırdı.Əbül –Fəth İl Arslanın hakimiyyəti Böyük Səlcuq Dövlətinin hökmdarı Sultan Səncər tərəfindən də tanındı. Çünki Səlcuq Dövləti çətin zamanlar keçirir,Səncər artıq Xarəzm bölgəsini nəzarəti altında saxlaya bilmirdi.Səlcuq təhdidindən də xilas olan İl Arslan,artıq Xarəzmşahlar Dövlətini şəriksiz və tam mənasıyla müstəqil hala gətirmiş oldu.

Böyük Səlcuq Dövləti zəifləmiş,Səlcuq Sultanı Səncər isə olduqca yaşlanmışdı.Hər şeyə baxmayaraq Səncərin varlığı Xarəzmşahların böyüməsinə maneə təşkil edirdi.Xarəzmşahların yüksəlişi yaşlanmış Sultan Səncərin vəfatından sonra mümkün oldu.Səncər 1157-ci ildə vəfat edincə onsuz da zəif düşmüş olan Böyük Səlcuq Dövləti tarix səhnəsindən silindi.Böyük Səlcuq İmperiyasının hakimiyyəti altında olan ərazilər,özünü Böyük Səlcuq Dövlətinin varisi olaraq görən Xarəzmşahların idarəsi altına girməyə başladı.Əvvəl Şərqi İran bölgəsi və Xarəzm bölgəsinin yaxın ətrafları Xarəzmşahlar Dövlətinin hakimiyyəti altına girdi.Sonrasında hakimiyyəti altına aldığı bölgələrdəki dövlət təşkilatlanması və fəth etdiyi bölgələrin hakimiyyətini sağlamlaşdıran İl Arslan,Xarəzmşahlar Dövlətini dörd başlı bir imperatorluq halına gətirdi.Xarəzmşahlar,artıq tam mənasıyla müstəqil və bölgəsində güclü bir nüfuz olaraq həddi-buluğunu isbat etmiş bir imperatorluq olmuşdu. İl Arslan, Xarəzmşahlar Dövlətinin sərhədlərini genişləndirərək Tus, Bistam və Damga bölgələrini də hakimiyyəti altına aldı (1170).İl Arslan ,Xarəzmşahların yüksəlişini və güclənməsini təmin etmişdi,ancaq şərqdəki Qarakitayların təhdidi dövlətin daha çox güclənməsinə imkan vermirdi.Qarakitaylara vergi vermək məcburiyyətində qalan və mümkün Qarakitay təhdidinə qarşı narahat olan El Arslan, ordu üzərindəki hazırlıqları tamamladıqdan sonra, Qarakitaylarla mübarizə aparmağa hazır hala gəlmiş və vergi almaq üçün gələn Qarakitay elçisinə vergi verməyəcəyini bildirərək üstü örtülü şəkildə olsa da, müharibə elan etmişdir.Qarakitaylar,gözlənildiyi kimi hücuma keçərək Nişapura doğru yola çıxdılar.Hərbi gücünün az olması səbəbinə görə Qarakitaylarla mübarizə aparmağın çətinliyini anlayan İl Arslan ,Qarakitayların hücum edəcəyi yolu su daşqınları ilə bataqlığa çevirmiş,beləliklə Qarakitaylar hücumu yarıda buraxaraq geri dönmək məcburiyyətində qalmışdılar.İl Arslan, Qarakitayları məğlub edə bilməmişdi,amma yenə də Qarakitay təhdidini bir müddət içində olsa da aradan qaldıra bilmişdi.

İlk əvvəl baş verən hadisələrin orduda bir çaxnaşmaya səbəb olacağını düşündüyü üçün əsgərlərə paylanılan iqtaların və maaşların miqdarını artırmışdır.Daha sonra atası Atsız kimi bir siyasət izləyən İl Arslan İraq Sultanı ilə Xəlifə arasında münasibətləri yoluna qoymağa çalışmışdır. Günümüzdə onun Xəlifəyə göndərdiyi məktubların bir qismi qalmaqdadır. Burada o Xəlifəyə müraciət edərək bildirmişdi ki,Mavəraünnəhr və Xorasan ilə münasibətlər çox qarışıqdır və belə bir vəziyyətdə İraq Sultanı ilə münasibətləri yoluna qoymaq lazımdır.Bundan başqa biz Xəlifəyə göndərdiyi məktublardan görürük ki, İl Arslan “kafirlər” ilə mübarizə aparmaq üçün hər il müəyyən sayda qüvvə ilə onların üzərinə hücuma keçirmiş.O, Xəlifəyə müraciətində yazıb bildirir: “Biz İslam üçün böyük xidmətlər göstəririk”.Şübhəsiz ki, bu məktubların göndərilmə səbəbi Xəlifə tərəfindən rəsmən tanınmağa nail olmaq idi.Lakin bu məktublar bizə dövlətin idarə etmə siyasətində dinin yerini və İl Arslanın hökmdarlıq etdiyi Xarəzmdə idarəsindəki din anlayışını ifadə etməsi baxımdan diqqətə layiqdir.Bir digər mənbədə göstərilir ki, Sultan İl Arslan o zamanlar İmadəddin Müəyyad Aybanın hakimlik etdiyi Xorasan mərkəzində,Nişapurda öz adına xütbələr oxutdururmuş.

İl Arslanın taxta çıxdığı il 1156-cı ildə ramazan bayramında Mərvə səfər edən Sultan Səncər tərəfindən göndərilən fərman ilə İl Arslanın Xarəzmşahlığı da təsdiq edilmişdir.Lakin 1157-ci ildə Sultan Səncərin ölümü ilə İl Arslan Xorasanda ümumilkdə Şərqi İranda Səlcuq hakimiyyətinə son vermiş və Şərqi İranın ən qüdrətli hökmdarına çevrilmişdir.Bəhs edilən dövrdə Oğuz üsyanının təsirləri hələ də özünü göstərməkdə davam edirdi. Sultan Səncərə tabe olan ərazilərdəki xanədanlıqların hökmdarları öz ərazilərini genişləndirməyə səy göstrirdilər.İraq Səlcuq Sultanı Qiyasəddin Məhəmməd nüfuzunu Xurasana qədər duyuracaq bir qüdrətdən məhrum idi.Sultan Səncərin ölümü ilə bağlı İl Arslanın əmri ilə bağlı 3 günlük matəm elan edilmişdi.Bundan istifadə edən İl Arslan artıq müstəqil siyasət yeritməyə başladı. Belə ki, Xarəzmşahlar artıq “Sultanın bəndəsi” deyil,sadəcə dostu idilər.Əlaəddin Əbülmüzəffər Atsızın nail olmağa çalışdığı vassal olmaqdan qurtularaq müstəqil dövlət qurmaq istəyini artıq oğlu Sultan İl Arslan gerçəkləşdirmişdi.Bəhs edilən dövrdə Xorasan hakimi İmadəddin Aybanı dəstəkləyən Azərbaycanın I Böyük Atabəyi Şəmsəddin Eldəniz (1136-1175) Nişapur ətrafındakı fəalyyətlərinə görə İl Arslanı öz dövləti üçün təhdid olaraq görürdü.Bu səbəbdən tərəflər 1167-ci ildə Bistam yaxınlığında qarşı-qarşıya gəlmişdilər. Bu savaşdan qalib ayrılan isə İl Arslan olmuşdur.Artıq 1167-ci ildə İl Arslanın ordusu bütün Xorasanı öz hakimiyyəti altına alacaq gücdə idi. Nişapuru özünə paytaxt elan edən İl Arslan Tuz, Bistam, Damqan ətrafı əraziləri ələ keçirsə də Xorasan hakimi İmadəddin Ayba ilə olan mübarizədə məğlub olmuş və sadəcə Dihistanı əlində saxlaya bilmişdir. Bu tarixlərdə Xarəzmşah İl Arslan özünü Mavəraünnəhr Karluqlarının hamisi elan edərək bölgənin işlərinə müdaxilə etməyə başlamışdı. Hətta Karluq əmirlərindən Ayaz bəyin ölümündən sonra onun oğlu Şəmsülmülk qaçaraq Xarəzmşahlara sığınmış İl Arslan da onu müxtəlif həddiyə və lütflərlə qəbul etmişdir. Öz qızını da Şəmsülmülk ilə evləndirən İl Arslan onu orduya komandan təyin etmişdir. Buna baxmayaraq Karluqlar onun Mavəraünnəhrdəki fəaliyyətindən narahat idilər və çox keçmir ki, Xarəzmşahlar üzərinə hücuma keçdilər.Ayyar bəyin komandanlığı altındakı Xarəzm ordusu bu savaşda məğlub olmuşdular. İl Arslanın dövrünün son mühüm hadisəsi Qarakitaylarla olan müharibədir.1171-1172-ci ildə Xarəzmşahlar Qarakitaylara vergi verməkdən boyun qaçırması nəticəsində onların hücumuna məruz qalmışdır.Xarəzmşahlar hər zaman olduğu kimi bu müharibələrdə də,savaş meydanını su ilə doldurma taktikası işlətsə də, məğlubiyyətdən xilas ola bilməmişdilər. Nəticədə də xəstələnərək paytaxtı Ürgəncə qayıdan Sultan İl Arslan 7 mart 1172-ci ildə burada da vəfat etmişdir.

Sultanşah

Səltənətin əsas varisi olan Əlaəddin Təkiş, Nişapur şəhərinin kənarında olurdu.Kiçik qardaşı Sultanşah, bu fürsəti qiymətləndirərək özünü 8 mart 1172-ci ildə Xarəzmşahlar Sultanı və Böyük Xaqan elan etdi.5-ci Xarəzmşah hökmdarı oldu. İl Arslanın böyük oğlu Əlaəddin Təkiş,qardaşının hökmdarlığını qəbul etmədi,ancaq birinci hərəkət etdiyinə görə səltənət ordusunu arxasına alan Sultanşaha qarşı təkbaşına mübarizə aparması mümkün deyildi.Qardaşını taxtdan endirmək üçün, qədim düşmənləri olan Qarakitaylardan kömək istədi. Xarəzmşahlara qarşı düşmən münasibət bəsləyən Qarakitaylar əlbəttə bu fürsəti dəyərləndirmişdilər. Qarakitayların yardım üçün göndərdikləri ordunun başına keçən Əlaəddin Təkiş, Nişapura girərək qardaşını taxtdan endirdi və səltənət məqamına keçərək özünü Sultan elan etdi.Sultanşah ,Qarakitay ordusuna qarşı dayana bilməmiş və şəhərdən qaçmaq məcburiyyətində qalmışdır. Bir ildən sonra təkrar səltənət mübarizəsinə girişən Sultanşah, İraq Səlcuqlarının hökmdarının vəkili Ayaba ilə razılaşaraq Əlaəddin Təkişi devirmək üçün Nişapura girdi. Sultanşahın bu sınağı uğursuzluqla nəticələndi və Ayaba da döyüşdə öldürüldü.Sultanşah isə bu hadisədən bir müddət sonra səltənətdən imtina edərək Dihistana qaçdı (1174).Sultanşah 1187-ci ildən ölümünə qədər Xarəzmşahlar dövlətini ələ keçirməyə çalışdı.

Əlaəddin Təkiş

5-ci Xarəzmşahdı.1172-1200-cü illər ərzində Xarəzm Sultanı olmuşdu. Təkiş, qüdrətli və güclü bir hakimiyyət yaratdı.Xarəzmşahlar dövləti nizam, intizamı və təşkilatlanmasıyla tam mənada bir impratorluq halına gəldi.Hakimiyyəti ələ keçirmək üçün istifadə etdiyi Qarakitaylarla münasibətlərini kəsərək mübarizəyə girişdi.Əvvəllər verdikləri dəstək üçün Qarakitaylara vergi verməyi qəbul edən Təkiş, vergi almaq üçün gələn Qarakitay elçisinin məğrur və özündən razı rəftarlarına qəzəblənərək öldürmüş və beləliklə Qarakitaylara açıqca müharibə elan etmişdir. Qarakitaylar da, İl Arslan dövründə yarımçıq qoyduqları Xarəzm səfərini tamamlamaq üzrə Xarəzmşahlar Dövlətinin paytaxtı Nişapura hücum etdilər.Təkişin yaratmış olduğu yeni Xarəzm ordusu əvvəlkindən çox daha güclü idi.Çoxsaylı Qarakitay ordusu ilə birbaşa savaşa girişən Təkiş,bu mübarizədə Qarakitaylara ağır bir məğlubiyyət yaşadaraq uzun illərdir ki,mövcud olan Qarakitay təhlükəsinə qarşı ilk əhəmiyyətli uğuru əldə etmişdir.Türk yurdlarını 150 il boyunca təhdid edən Qarakitayların qərbə irəliləyişləri bu zəfərlə aradan qaldırılmış oldu.

Təkiş,ondan asılılığını bildirməsinə baxmayaraq qardaşı Sultanşahdan narahat olurdu.Bu səbəbə görə,fövqəladə bir vəziyyət olmadıqca Nişapuru tərk etmirdi və buna görə də,strateji hücumlarda ordusunun başında ola bilmirdi.Sultanşah,1187-ci ildə vəfat etmiş və beləliklə də, səltənət təhlükəsi ortadan qalxmışdır.Təkiş Xan da, məqsədinə çataraq daha rahat hərəkət edə biləcək vəziyyətə gəlmişdi.Artıq ordusunun başına daha rahat bir şəkildə keçə bilən Təkiş,Şərqi İran və Xorasanı hakimiyyəti altına alaraq sərhədlərini genişləndirmişdir.Xarəzmşahların genişlənməsi Böyük Səlcuq Dövlətinin davamçılarından olan İraq Səlcuqlarının Sultanı III Toğrul Xanı (1176-1194) narahat edirdi.III Toğrul Xan,İraq coğrafiyasında güclənmiş və İslam Xəlifəsi hesab edilən Abbasi Xəlifəsinin müdafiəsini boynuna götürmüşdü.Əldə etdiyi uğurlarla Xilafət mövqeyinin siytasi səlahiyyətlərini əlində saxlayan III Toğrul Xan,hakimiyyəti altındakı bölgələrə doğru genişlənməkdə olan Xarəzmşahlara qarşı müharibəyə başlayaraq şəxsən ordunun başına keçib Xarəzmşahlar ilə döyüşə başlamışdır. Əlaəddin Təkiş Xan, III Toğrul Xanın ordusunun sayına bərabər olan qüvvə ilə başladığı savaşı qazanaraq III Toğrul Xanı savaş meydanında öldürmüşdür.III Toğrul Bəyin ölümündən sonra İraq Səlcuqluları yıxılmış və Böyük Səlcuq Dövlətinin hakimiyyəti altındakı coğrafiyada varlığını davam etdirən İraq Səlcuqlarının hakimiyyəti altında olan ərazilərdə Xarəzmşahlar dövlətinin sərhədlərinə daxil olmuşdur (1194).

Bu qələbədən sonra Xarəzmşahlar tarixlərinin ən geniş sərhədlərinə çataraq İraq, İran və Xorasan bölgələrində hakim hala gəlmişdilər.Əlaəddin Təkiş Xanda özünü təkrar Səlcuq Dövlətinin xələfi elan edərək Bağdad Xəlifəsindən səltənət mənşuru (Fərman) aldı.Təxminən 100 ildir Abbasi Xilafəti mövqeyinin qoruyuculuğunu daşımış olan Səlcuqlar,son Səlcuq Dövləti olan İraq Səlcuqlarının da yıxılması ilə Abbasilər qoruyucusuz qalmışdı.Özünü Səlcuqların varisi elan edən Təkiş,bu vəzifəyə də sahiblənərək,həm Bağdadda olan Xilafətin,həm də Abbasi sülaləsinin (750-1543) qoruyuculuğunu boynuna götürmüşdür.Bu vəzifənin məsuliyyətinə görə bölgədə Xilafətin müxalifi olan İsmaililər ilə mübarizə işinə başlamışdır.İsmaililər, Xilafət hakimiyyətinə etiraz edərək mövcud xəlifələrin hakimiyyətlərini rədd edir və üsyanlar qaldırırdılar.Getdikcə güclənən bu üsyan hərəkatının mənsubları bəzi qalaları ələ keçirərək Xilafət mövqeyinin hakimiyyətini zəiflədirdilər. Təkiş, II Toğrul zamanında həll edilə bilməyən bu problemi həll edərək İsmaililərin ələ keçirdiyi qalaları geri alaraq İsmaililik axınlarının Xəlifə üzərindəki təzyiqini ortadan qaldırmışdı.

Təkiş Xan,Xəlifənin müdafiəsi vəzifəsini öz üzərinə götürdükdən sonra genişlənmə siyasətini yavaşlatmış,gücünü bu vəzifəyə cəmləmiş və qalan ömrünü Abbasi Xilafəti mövqeyinə xidmət edərək keçirmişdir.1200-ci ildə vəfat edincə yerinə oğlu Əlaəddin II Məhəmməd keçdi.

Xarəzmşahlar Dövləti Təkişin hakimiyyəti illərində öz siyasi inkişafının ən yüksək zirvəsinə çatır.Həm Qarakitaylarla savaş, həm də Xorasanın müdafiəsi üçün Seyhun çayı ətrafında yaşayan Qanqlı-Qıpçaq boylarının hərbi dəstəyindən istifadə etmək istəyən Təkiş bu məqsədlə onlarla nigah əlaqələri yaratmış və dövlət idarəsində hakim olan Türkman Bəydilli Boyunun daşıdığı əmir vəzifələrinə Qanqlı-Qıpçaq Boylarından da bəzi əmirlər təyin etmiş və mühüm vəzifələr vermişdir.

Ardı var.


MANŞET XƏBƏRLƏRİ