AMEA Fəlsəfə və Sosoiologiya İnstitutu
“Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
IVYazı
İbrahim peyğəmbər (təxminən e.ə. 2-ci minilliyin əvvəlləri – e.ə. 1813-1638). Bizcə, İbrahim peyğəmbərdən də Türk bilgəsi kimi bəhs etmək olar. Çünki İkiçayarası mədəniyyət bölgəsində yaşamış, Şanlı Urfada dəfn olunmuş İbrahim peyğəmbərin Türk kökənli olması ehtimalı çoxdur. Həniflik dininin, yəni təktanrıçılıq inancının bu bölgədə yenidən yayılmasında mühüm rol oynayan İbrahim peyğəmbərə yəhudilərin və ərəblərin də sahib çıxmasını təbii qarşılamaq lazımdır. Çünki yəhudilər və ərəblər bir tərəfdən İbrahim peyğəmbərin xanımlarına (yəni Sara xanım yəhudi, Həcər xanım isə ərəb kökənli olmuşdur) dayanaraq, digər tərəfdən isə həniflik dininə görə öz etnik mənşələrini ona bağlayırlar.
İbrahim Peyğəmbərin atasının isminin Azər olması, Azərin də Nuh peyğəmbərin nəslindən olması diqqətimizi çəkir. H.Qəzviniyə görə də Əzərbaz/Azərabad adlı peyğəmbərlik iddiasında olan (Nuh peyğəmbərin nəslindən olan) birisi, yaşadığı ərazidə od məbədi tikdirmiş, hətta ondan sonra bu ərazi Azərbaycan adlanmışdır (26, s.77). İbn əl-Muqəffa də eyni mülahizəni irəli sürmüşdür: «Azərbaycan adı Azərbaz ibn İran ibn əl-Əsvad ibn Sam ibn Nuh mənşəyindəndir. Ona Azərbaz ibn Beyvarasif də deyirlər» (177b, s.36). Orta əsr Azərbaycan mütəfəkkiri Xaqani də «Töhfətül-İraqeyn» poemasında «Azər» sözünü, İbrahim peyğəmbərin atası Azər kimi yad etmişdir (88, s.82). Doğrudan da, Quranda Əl-Ənam surəsinin 74-cü ayəsində Azər İbrahim peyğəmbərin atasının adı kimi çəkilir: “(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm” (104a, 199). İstinad etdiyimiz Quranı ərəb dilindən Azərbaycan türkcəsinə çevirən V.Məmmədəliyev və Z.Bünyadov kitabın şərhlər bölümündə İbrahim peyğəmbərin atası Azərlə bağlı aşağıdakı izahı veriblər: «Bu ad Elazardan əmələ gəlmişdi. İbrahimin (Avraamın) atasının adı Terax olub. Onu öz nökəri Yeliyezerlə qarışdırırlar» (104a, 51). Bakıxanov da Xaqani kimi «Azər» sözünün mənasını həm İbrahim peyğəmbərin atasının adı, həm də “od” mənasında işlətmişdir: “Hər Azərdən Xəlil olmaz cahanda, Əgər olsa, hər od bir gülüstanidir” (42, s.276).
Aran (təxminən e.ə. 2-ci minilliyin əvvəlləri). İbrahim peyğəmbərin çağdaşı və qardaşı olduğu güman edilir. Aranın İbrahim peyğəmbər qədər olmasa da, ancaq müdrik və bilgə birisi olması haqqında bilgilər vardır.
Dədə (Ata) Qorqud (təxminən e.ə. 2-ci minilliyin sonları - 1-ci minilliyin əvvəlləri). Dədə Qorqudun bir müdrik kimi Tanrıçılıqdan İslama keçid arasında bir körpü rolu oynaması sonrakı dövrün məhsulu olsa da, burada düşündürücü məqamlar da vardır. Əgər Dədə Qorquda da əsasən Tanrıçılığın (Göy Tanrı) etiqadları öz əksini tapmışdırsa, o İslamı qəbul etməklə onların sintezindən, yəni keçmişlə gələcəyin bütövlüyündən çıxış edir. Bir sözlə, Dədə Qorqud İslam dininə tapınmaqla Türkün ata-baba dinlərindən imtina etmir, tək Tanrıçılıq dini sisteminin yeni bir mərhələsinə qədəm qoyulmasına inanır. Bununla da, türklərin Islam dinində də özlərini tapacaqlarına müdrikcəsinə qərar vermiş olur.
Əslində Dədə Qorqud sadəcə, Tanrıçılıqdan İslama keçid üçün tarixi “gənc”ləşdirilmiş tanrıçı bir müdrikdir. Çünki Dədə Qorqudun yaşadğı zamanla İslamın meydana gəldiyi dövrlər arasında böyük bir zaman kəsiyi var. Ancaq nəzərə alsaq ki, Dədə Qorqud bütün dövrlərdə tanrıçılığı təbliğ edən qamların ümumiləşdirilmiş bir adıdır, o zaman onun Tanrıçılıqdan İslama keçid məsələsində də görünməsi təbiidir. Burada önəmli olan Tanrıçılıq fəlsəfəsini təbliğ edən Qamın, yəni Dədə Qorqudun tək Tanrıçılıq düşüncəsindən kənara çıxmamasıdır.
Toksar (Sak-İskit). Miladdan öncə 7-ci əsrin ikinci yarısı, 6-cı əsrin əvvəllərində yaşamış Toksar Türkün Saka boyundan olan bilgələrindən biridir. Toksar uzun müddət Afinada yaşmış və burada da ölmüşdür. Samosatlı Lukian (2-ci əsr) “Skit və ya qonaq” hekayəsində Toksardan bəhs etmiş, onun ölməmişdən öncə Afinada digər soydaşı Anaxarsla görüşdüyünü yazmışdır.
Anaxars. Miladdan öncə 7-6-cı əsrlərdə yaşamış, ata tərəfdən Sak-Türk kökənli, Saqat çarlığının şahzadəsi olan Anaxars Ellin mədəniyyətinin və fəlsəfəsinin təsiri altında olmuşdur. “Yeddi müdrik”dən biri hesab olunan Anaxarsın Sak-Türk kökənli olmasını, ancaq uzun müddət ellinlər-yunanlar arasında yaşamasını bir çox yunan-roma tarixçiləri və filosofları da təsdiq edirlər. Bununla bağlı müəyyən qədər araşdırmalar aparan Firudin Ağasıoğlu yazır ki, ellinlərin Anaxarsa olan böyük hörməti Herodotun “Tarixi”, ”Sicilyalı Diodorun “Kitabxana”, Eforun “Ümumdünya tarixi”, Plutarxın “Yeddi müdrikin ziyafəti”, Diogen Laertli “Məşhur filosofların həyatı və fikri”, Seneka “Lutsiliyə əxlaqi məktublar”, Klavdi Elian “Müxtəlif hekayələr” və başqa əsərlərdə öz əksini tapmışdır. F.Ağasıoğlu yazır: “Anaxarsın fəlsəfi görüşləri, didaktik fikirləri, zərb məsələ çevrilmiş deyimləri, müdrik kəlamları, elmi əsərləri barədə xeyli məlumat vardır. Onun əsərləri bizə gəlib çatmasa da, antik müəlliflərin əsərlərində onun yaradıcılığından bəzi iqtibaslar vardır. Təəssüf ki, Azərbaycan fəlsəfi fikir tarixindən bəhs edən alimlər xalqımızın soykökündə dayanan saqaların bu ulu filosofundan xəbərsizdirlər” (10, s.120).
Diogen Laertli “Məşhur filosofların həyatı və fikri” əsərində yazır ki, Anaxars Saqa və Ellin adətləri, onların həyat tərzi və hərb sənəti barədə yazmışdır. Diogen əsərinin “Skit Anaxars” bölməsində göstərir ki, Anaxars Qnurun oğlu, Saka çarı Kaduidin qardaşıdır. Anası Ellin qızı oldğu üçün yunan və saka dillərini dərindən bilən Anaxars e.ə. 594-cü ildə Afinaya gələrək Solonun tələbəsi olmuşdur. O, çox sonralar Saka çarlığına geri dönmüş, ancaq burada Ellin adət-ənənələrini təbliğ etdiyi üçün öldürülmüşdür (10, s.122-124).
Qara Sülük (Ulu Turuk). F.Rəşidəddinin “Oğuznamə”sində qam-şaman ifadəsi işlədilməsə də Yuşi Xoca və onun oğlu Qara Sülük (Uluq Turuq) əslində yol göstərən və gələcəyi görən qam-şamanlar idi (146, s.15). Qara Sülük Oğuz xaqanın məsləhətçisi, qəbiləbirləşməsinin başçısı kimi ən çətin anlarda çıxış yolu tapırmış. Bu baxımdan elin bilicisi olan qam-şamanlar daha çox türk xaqanlarının məslhətçisidir; müdrik, ideya və düşüncə başçısı kimi dövlətin gələcək taleyini izah edən və yol göstərəndir [152, s.126-27). Bir sözlə, ictimai həyata, əxlaq normalarına göz qoyan, soyunun-qəbilənin düşünən beyini olan qam-şamanlar əsasən Dədə-Qorqud kimi gələcəkdən xəbər verirmişlər. Qam-şamana bu cür keyfiyyətlər isə göydən gəlir, göyqurşağı kimi bədənlərinə daxil olurmuş.
Qam Ata/ Qaumata (e.ə. 6-cı əsr). Əhəmənilərə üsyan qaldıran Qam Ata/Qaumata da turanlı kimi iranlılara qarşı savaşmışdır. Zatən bir çox bilginlər Qam Atanın soyunu, eyni zamanda 6 mada tayfasından biri olan maqları turanlı kimliyində vermişlər. Bu bir həqiqətdir ki, Qam Ata öldürüləndə perslərdən başqa bütün xalqlar ona görə ağlamışlar (9, s.361-363).
Mani. 7 cildlik «Azərbaycan tarixi»nin 2-ci cildində maniliklə bağlı yazılır ki, III əsrdə Sasani dövlətində əsası Mani tərəfindən qoyulan «bu hərəkat dövlətin bütün vilayətlərinin, o cümlədən Azərbaycanın sosial və dini həyatına təsir etdi» (29, s.102).
Sovet dövründə nəşr olunmuş «Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər»də yazılır ki, Maninin anası bir müddət İranda hakim olmuş arşakilər sülaləsindən, Məzdəkin atası isə suriyalı Bəmdad olmuşdur (250, s.31-35). Sovetler Birliyi dövründə Ziya Bünyadov da maniliyi və məzdəkiliyi əsasən, mifik İranla əlaqələndirmişdir. “Maninin ənənəvi tərcümeyi-halında çoxlu uydurma var” (45, s.166), deyən akademikə görə bu təlim III əsrdə Sasanilərin tərkibində olan İraqda meydana gəlmişdi. SSRİ dövründə nəşr olunmuş Azərbaycan Sovet Enskilopediyasının 6-cı cildində də qeyd olunur ki, Mani haqqında bilgilər müxtəlif və ziddiyyətlidir. Mənşəcə iranlı Maninin Həmədandan Babilə köçüb gəlməsi isə ehtimal olunur (25, s.344).
Çoxcildlik “Azərbaycan fəlsəfə tarixi”nin 1-ci cildində də bu dini-fəlsəfi təlimlərin Azərbaycan xalqına təsirindən bəhs olunsa da, onlar daha çox İran xalqına, İran mədəniyyətinə aid edilmişdi (240, s.41). «Fəlsəfə ensiklopedik lüğət»də də maniliyin yaradıcısı Maninin iranlı olduğu qeyd olunur: «Həmin təlimi mənşəcə iranlı, əsilzadə ailənin oğlu rəssam Mani, III əsrin 40-cı illərinin əvvəllərində Ktesifonda (Mədaində; Mesopotamiyada) təbliğ etməyə başlamışdır» (71a, s.260).
Professor Yusif Rüstəmov da maniliyi azərbaycanlıların islamaqədərki dinlərindən biri hesab edərək türk xalqlarının həyatında mühüm rol oynadığını qeyd etmişdir: «Manilik türk xalqlarının, o cümlədən azərbaycanlıların islamaqədərki dinlərindən biri olmuş və öz tərəfdarlarının həyatında əhəmiyyətli rol oynamışdır» (149a, s.58).
Rafail Əhmədli isə maniliyin banisi Manini həm türk, həm də Azərbaycan mütəfəkkiri adlandırmışdır (66, s.24). Ona görə, «manilik özünə qədər Azərbaycanda olan türkdilli xalqların və dövlətlərin [elam, kas (kaz) qut (quz), Turukki, Aratta, Manna, Midiya] yaratdığı dini, fəlsəfi, siyasi bir mədəniyyətin davamı idi… Manilik Türk dühasının yaradıcılığının təzahürlərindən biridir» (66, s. 26).
Məzdək. Professor Ağayar Şükürov məzdəkiliyin banisi Məzdəkin tərcümeyi-halı, harada doğulması ilə bağlı isə o yazır ki, bu barədə dəqiq məlumat yoxdur: “İlk dəfə öz fikirlərini qədim Azərbaycan şəhəri Həmədanda yayan Məzdək, həm Maninin radikal cərəyanının və həm də zərdüştlüyün ictimai ideyalarını inkişaf etdirmişdir” (164, s.176). Akademik Ziya Bünyadov isə yazır ki, Məzdək V əsrin sonunda İranda yaranmış dini-fəlsəfi və sosial təlim olan məzdəkiliyin banisidir və fikirlərini Həmədanda yaymağa başlamışdır. Məzdəkin şəxsiyyəti haqqında məlumatın az olduğunu bildirən akademik qeyd edir ki, onun doğulduğu yerin İstəhr, ya da Təbriz olduğu göstərilir (45, s.194). Akademik Heydər Hüseynov manilik barədə heç bir qeyd etməsə də, onun məzdəkiliklə bağlı fikirlərindən belə çıxır ki, insanlar arasında bərabərliyi təbliğ edən bu təlim Azərbaycanda yaranmış və əsas mərkəzi də Azərbaycan (Muğan, Qaradağ və b.) olmuşdur (86, s.13-14).
Azərbaycan Sovet Enskilopediyasının 6-cı cildində də qeyd olunur ki, Məzdəkin vətəni Nisu, Madarayya və başqa yerlər göstərilsə də, o, ideyalarını Həmədanda yayıb: «Məzdəkilik – V əsrin sonunda İranda yaranmış, sonralar Azərbaycanda və bir sıra qonşu ölkələrdə geniş yayılmış dini-fəlsəfi və sosial təlimdir» (25, s.483).
“Azərbaycan fəlsəfə tarixi”nin 1-ci cildində isə yazılır ki, məzdəklik hərəkatının adı “onun əsasını qoyan Məzdəklə (təq. 470-529-cu illər) bağlıdır, mənşə etibarilə o, suriyalı idi” (240, s.43). «Fəlsəfə ensiklopedik lüğət»də də məzdəkiliyin əvvəlcə İranda yarandığı, sonralar Azərbaycanda və bir sıra qonşu ölkələrdə yayıldığı bildirilir (71a, s.276). Prof. Nizaməddin Şəmsizadə Məzdəkin etnik kimliyi məsələsinə toxunmasa da, yazır ki, mifik təsəvvür və zərdüştizmdən sonra məzdəkizm Azərbaycan ideologiyasının ideya qaynaqlarından birini təşkil edir (168, s.28). Prof. Rafail Əhmədli də Mani kimi Məzdəkin də azərbaycanlı, Azərbaycan türkü olması fikrini söyləmişdir.