Kamal Adıgözəlov
V məqalə
Dünyada geosiyasi proseslərin yeni səviyyədə sürətlənməsi və daha çox ziddiyyətli məqamlarla müşayiət olunması böyük güclərin mövqelərinə müəyyən korrektələr etməsi məsələsini daha da aktuallaşdırıb. Xüsusilə son illər genişlənmə və inkişaf nümunəsi axtarışında olan Avropa İttifaqı xeyli fəallaşıb. 2024-cü ilin dekabrından təşkilat, faktiki olaraq, kadrların yenilənməsi vasitəsilə daha səmərəli fəaliyyət müstəvisinə keçməyə başlayıb. Bunun fonunda mütəxəssislər təşkilatın gələcəyi ilə əlaqədar proqnozlarını davam etdirirlər. Mövcud yanaşmaların işığında məsələnin bu tərəfi ilə bağlı bir sıra əhəmiyyətli məqamlara nəzər salmağa çalışaq.
Aİ-nin "yeni oyanışı"?
Avropa İttifaqının (Aİ) XXI əsrin ilk onilliklərində mövcudluğu və inkişaf ssenariləri, sözün əsl mənasında, bir "macəra"ya dönüb. Neçə illərdir ki, bu təşkilatın rəsmiləri və Qərbin çoxlu sayda analitik mərkəzləri problemləri araşdırırlar, lakin vahid mövqe formalaşmayıb. Bizim məsələ ilə bağlı silsilə məqalələrimizdə onun müxtəlif aspektləri təqdim edilir. Aparılan təhlillər Aİ-nin mümkün təkamül ssenariləri və perspektivləri ilə əlaqəli bir neçə məqamı qruplaşdırmağa imkan verir.
Öncə onu qeyd edək ki, Aİ-nin yeniləşməsi demək olar ki, aksiom kimi qəbul edilir. Mütəxəssislərlə yanaşı, rəsmilər də bu ehtiyacdan bəhs edirlər. Deməli, bu təşkilatın yaradılışından bu yana elə dəyişikliklər baş verib ki, Aİ-nin özünün dəyişməsi məsələsi aktuallaşıb.
İkincisi, Aİ-nin yeniləşmə ehtiyacından hər kəsin danışması onu göstərir ki, başlanğıcda onun sürətlə dəyişən geosiyasi mühitə çevik reaksiya verə bilmək mexanizmləri olmayıb.
Üçüncüsü, Aİ-də uzun müddətdir ki, prosesləri düzgün istiqamətləndirə biləcək lider mövcud deyildir. Bu, ən yüksək səviyyədə belə etiraf edilir. İndiki mərhələyə qədər təşkilata liderlik edənlər öncədən hazırlanmış standart idarəetmə sxemlərindən kənara çıxa bilməyiblər. Bu da zaman keçdikcə reallıqla Aİ-nin idarə edilməsi arasında uçurum yaradıb.
Dördüncüsü, təşkilat daxilində öncədən təbii kimi təsəvvür edilən inteqrasiya modeli iflasa uğrayıb. Keçən əsrin sonlarından başlayaraq, bütövlükdə təşkilat daxilində inteqrasiya prosesinin perspektivsizliyini düşünənlərin sayı artıb. Məhz bu kimi şübhələrdən də "Breksit" yarandı. Və onun başqa dövlətlərə də təsiri istisna edilmir.
Beşincisi, Aİ özünün inkişaf kursunu yüksək intellekt və yeni texnologiyalar üzərində qura bilməyib. Buna təşkilatın elm və təhsildə tələb olunan səviyyəyə yüksələ bilməməsi də ciddi təsir göstərməkdədir. O cümlədən Aİ-nin ekspertləri ABŞ, Çin və Yaponiyadan təşkilatın ciddi surətdə geridə qaldığından narahatdırlar.
Altıncısı, Aİ təhlükəsizlik məsələsində dünyanın digər qlobal gücləri ilə münasibətlərini konstruktiv və müsbət nəticəverici məcraya yönəldə bilmir. Bu ziddiyyət indi də özünü göstərir və təşkilatın müdafiə sistemini yeniləmək cəhdlərində, müxtəlif istiqamətlərə yeni sərmayə qoyuluşlarının çevik mexanizmlərinin axtarışında, Aİ-nin özünün ordusunun yaradılmasında və bütövlükdə Amerikadan asılılıqdan yaxa qurtarmaq cəhdlərində öz əksini tapır.
Bütün bunları politoloji kontekstdə necə ümumiləşdirmək mümkündür? Bir sıra tədqiqatçılar problemi Aİ-nin "yeni oyanışı" ifadəsi ilə təqdim etməyə çalışırlar (bax: məs., Марко Шварц. Расширение ЕС: новое пробуждение? / "IPG – Международная политика и общество", 12 декабря, 2024). Özü də konkret bir məsələ aspektində "oyanış"dan bəhs edilir. Həmin məsələ təşkilatın genişlənməsidir. Ancaq burada da strukturlaşma, funksionallaşma, qərar qəbuletmə və tərkibcə genişlənmə arasında müəyyən ziddiyyətlər mövcuddur ki, onların fonunda həmin prosesin həqiqətən oyanış ola biləcəyinə şübhələr yaradır. Bu məqam üzərində hazırkı şərtlər daxilində geosiyasi aspektdə geniş dayanaq.
İnkişaf ssenariləri
Məsələnin bu aspekti, adətən, belə xarakterizə edilir: "Aİ uzunmüddətli staqnasiyadan sonra necə inkişaf edə bilər?". Buradan belə qənaətə gəlmək olur ki, mütəxəssislər və siyasilər təşkilatın, faktiki olaraq, uzunmüddətli böhran keçirdiyini etiraf edirlər. Məhz bu uğursuzluğa görə də onu yeniləşdirmək arzusundadırlar. Problemə xüsusilə 2024-cü ilin sonlarında həyata keçirilən kadr dəyişikliyi kontekstində nəzər salınır.
Ekspertlər yazırlar ki, "dekabrın 1-dən (2024-cü il nəzərdə tutulur – K.A.) Avropa İttifaqı yeni siyasi dövrə qədəm qoyur" (bax: məs., От центра к краю: ЕС выбирает право / Baku Network, 1 декабря, 2024). Əsas səbəb kimi isə Avropa Komissiyasının (AK) yeniləşmiş kadr sistemi ilə fəaliyyət mərhələsinə keçməsi göstərilir. Bu nəticəyə uzun müddət davam edən ciddi müzakirələr, kuluar çəkişmələri, siyasi intriqalar sayəsində gəlindiyi vurğulanır. Yəni, proses elə səviyyədə təqdim edilir ki, sanki təşkilatın gələcək taleyi birbaşa bu dəyişiklikdən asılıdır.
Həm də ona görə ki, yeni kadrlara yaxın beş il müddətində təşkilatın gələcəyini müəyyən etmək tapşırılıb (bax: əvvəlki mənbəyə). Əsas fəaliyyət istiqamətləri kimi isə xarici siyasət, iqlim strategiyası, müdafiə və rəqəmsal transformasiya müəyyən edilib. Deməli, Brüsseldə inanırlar ki, vurğulanan sferalarda köklü dəyişiklik təşkilatı staqnasiyadan (total tənəzzül) çıxarıb davamlı inkişaf relsinə sala bilər.
Yeni tərkibdə Kai Kallas Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi təyin edilib. Təşkilatın tarixində ilk dəfə olaraq müdafiə məsələləri üzrə komissar postu müəyyən edilib ki, ona da Andrius Kubilius başçılıq edəcəkdir. Teresa Ribera isə iqlim və rəqabət üzrə komissar təyin olunub. Onun əsas işi Aİ-nin davamlı inkişafını təmin etməkdən ibarətdir.
Ekspertlər digər dəyişikliklərdən də bəhs edirlər. Yuxarıda vurğulanan istiqamətlər yeni mərhələdə prinsipial rol oynamalıdır. Göründüyü kimi, Brüssel bu dəyişikliklərə böyük ümid bəsləyir. Əlbəttə, işin nəticəsi xeyli dərəcədə kadrların necə işləməsindən asılıdır. Lakin mütəxəssislər və siyasilərin bir qismi Aİ üçün vəziyyətin daha əhatəli olduğuna inanırlar. Onlar nəyi nəzərdə tuturlar?
Onlar arqument kimi, əsasən, təşkilatın fəaliyyətinin hüquqi bazasının tələb olunan səviyyədə olmadığını gətirirlər. O cümlədən Aİ-nin inkişaf strategiyasında prinsipial dəyişikliklərin vacib olduğu qeyd edilir. Hətta Emmanuel Makron belə "Aİ-nin beyni ölüb", o, "intellektini itirib" kimi, buna bənzər ifadələr işlədib. Deməli, müasir dünyada hər hansı böyük iddiaları olan təşkilatın qalıcı inkişaf etməsi üçün beynəlxalq mühit məsələsi daha ciddi nəzərə alınmalıdır. Bu istiqamətdə isə Brüssel ABŞ, Çin və Yaponiyadan çox geridə qalmaqdadır.
Bu deyilənlərdən mühüm bir qənaət hasil olur: mövcud funksional imkanlarla kadr dəyişikliyinin müsbət nəticə verəcəyinə ümid etməkdə risk vardır. Ən azı, Aİ-nin Rusiya istiqamətində aqressiv kurs götürə biləcəyi ehtimalının çox olması dünyanı barışmaz düşərgələrə ayırmaq deməkdir. İndiki mərhələdə Avropa üçün bu nə dərəcədə perspektivlidir? Yəni, belə yanaşma daha güclü olmaq əvəzinə, daha güclü düşmən qazanmağa aparıb çıxarmayacaq ki?
Bunlarla yanaşı, mövcud qanunvericilik bazası innovativ inkişafı, sıçrayışlı tərəqqini, elm və təhsildə rəqabətədavamlılığı necə təmin edəcək? Çünki Aİ-nin vurğulanan istiqamətlərdə strateji seçimi inkişaf və yeniliyə deyil, mövcud olanı tənzimləməyə hədəflənib. Bu da sərmayə qoyuluşundan çox, prosesləri elə tənzimləməyi nəzərdə tutur ki, Aİ zərər görməsin. Bu yanaşmanın perspektivsizliyi artıq Aİ-də ən yüksək səviyyədə dilə gətirilir.
Paradokslar burulğanında
Belə çıxır ki, Aİ, faktiki olaraq, bir neçə aspektdə özünü göstərən paradokslardan və dəyişmə uyğunsuzluqlarından yaxa qurtara bilməyib. Ona müxtəlif yenilikləri tətbiq etmək istəyirlər. Müxtəlif səviyyələrdə məruzələr hazırlanır, o cümlədən genişlənmə ilə sıçrayışlı inkişafı əlaqələndirməyə cəhdlər edilir. Artıq bir neçə dövləti təşkilata daxil etməklə onu gücləndirmək qərara alınıb. Həmin sırada bir neçə Balkan ölkəsinin və müəyyən dərəcədə Ukraynanın adı çəkilir. Növbədə olan başqa dövlətlər də diqqətdən kənarda qalmırlar.
Ancaq hazırkı geosiyasi situasiyada belə dəyişiklik uğur qazana bilərmi? Məsələn, aydın deyildir ki, Aİ-nin müdafiə məsələsi üzrə komissarının indi təyin edilməsinin fonunda ciddi ziddiyyətlərlə dolu Ukrayna və Balkan istiqamətlərində necə uğur əldə etmək olar? Hələlik genişlənmə üçün nəzərdə tutulmuş dövlətlərin müxtəlif sferalar üzrə imkanları tam aydın deyildir. Deyək ki, Albaniya və Çernoqoriya tezliklə təşkilata üzv olsalar, onların müdafiəyə faydası nədən ibarət olacaqdır və bu, təşkilatın ümumi fonuna necə uyğunlaşacaqdır? Aydın deyildir. Baxmayaraq ki, genişlənməyə məsul şəxs indi sloveniyalı Marta Kosdur.
Eyni qaydada başqa istiqamətlərdə də paradoksları tapmaq olar. Bu isə onu göstərir ki, Aİ, verilən vədlərə baxmayaraq, hələ də qapalı dairədə hərəkətdədir. Real inkişaf perspektivi çoxməchullu tənlik təsiri bağışlayır. Yəni, Aİ hələ də necə yeniləşməli olduğunu dəqiqləşdirə bilmir!