Kamal Adıgözəlov
Müasir tarixi mərhələdə gənc müstəqil dövlətlərin davamlı olaraq uğurlar qazanması çox çətin məsələdir. Bunu dünyanın nüfuzlu dövlət başçıları da etiraf edirlər. Xüsusilə Cənubi Qafqaz kimi dolaşıq və ziddiyyətli geosiyasi mənzərəyə malik olan regionlarda müstəqil milli siyasət yürütmək xüsusi məharət tələb edir. 2003-cü ildən bu yana Azərbaycanın keçdiyi yola xarici siyasətdə əldə edilən konkret nəticələr kontekstində nəzər saldıqda, çox müsbət bir mənzərəni görürük. Bu barədə ekspertlərin fikirləri maraq doğurur. Onların üzərində dayanmağa ehtiyac yoxdur. Lakin Azərbaycanın BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə evsahibliyi etməsi və səkkiz inkişaf etməkdə olan ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyə qəbul olunmasından sonra xarici siyasət kursuna daha bir ümumi baxışın olmasına ciddi ehtiyac yaranıb. Bu, faktiki olaraq, xarici siyasətdə düşündürücü və əhəmiyyətli trendləri aydınlaşdırmağa imkan verir.
Müstəqil xarici siyasət strategiyası
Dövlət başçısı İlham Əliyevin Azərbaycanda dövlət quruculuğunun bütün istiqamətlərində böyük nailiyyətlər əldə etdiyi ən yüksək siyasi dairələrdə yekdilliklə qəbul olunur. Azərbaycan Prezidenti nadir milli siyasi liderlərdəndir ki, müasir dövrün tələbləri və çağırışları səviyyəsində davamlı olaraq qələbələr əldə edir. Buraya xarici siyasət sahəsində qazanılan ciddi uğurlar da daxildir. Əlbəttə, bunun əsas səbəbi Azərbaycanın sözün həqiqi mənasında müstəqil xarici siyasət yürütməsindən ibarətdir.
XXI əsrin ilk onilliklərinin təcrübəsi göstərir ki, rəsmi Bakı bütün sferalar üzrə dərin düşünülmüş siyasi strategiya reallaşdırır və bu zaman regional miqyasdan qlobal səviyyəyə uğurlu keçidlər edə bilir. Bu, Bakının geniş geosiyasi məkanda enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyi üzvi surətdə əlaqələndirə bilmək qabiliyyətində özünü büruzə verir.
Bu siyasi strateji kursun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Burada tarixi təcrübə, geosiyasi reallıqlar və liderin yüksək şəxsi keyfiyyətlərə malik olması qarşılıqlı surətdə bir-birini tamamlayır. Eyni zamanda, çoxistiqamətli və tarazlaşdırılmış əsasda praqmatik və realist siyasət həyata keçirilir. İlham Əliyevin sistemli və ardıcıl yanaşmasını xalq tam dəstəkləyir. Həmin məqam Prezident İlham Əliyevin bütün mənalarda tam inklüziv legitim lider olduğunu bir daha təsdiqləyir.
Müstəqil xarici siyasət strategiyası Azərbaycanın ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformalarını uğurla sintez edə bilməsi ilə sıx bağlıdır. Son illər ekspertlər bu aspektə daha çox diqqət yetirməyə başlayıblar. Çünki bütövlükdə dünya miqyasında müstəqil dövlətin yalnız ikitərəfli və ya ancaq çoxtərəfli əməkdaşlıq platformalarına arxalanması qalıcı uğur gətirmir. Bunun fərqinə indi daha çox diqqət yetirilir. Ulu Öndər isə hələ keçən əsrin 90-cı illərində Azərbaycanın xarici siyasət kursunu müstəqil dövlət kimi məhz həmin özəlliyi nəzərə alaraq formalaşdırıb.
Çox əhəmiyyətlidir ki, Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq Ulu Öndərin bu xəttini mürəkkəb şərtlər daxilində XXI əsrdə böyük uğurla davam etdirir. Bu xətt milli, regional və qlobal səviyyələrin qarşılıqlı əlaqəsinin təmin edilməsi fonunda reallaşdırılmaqdadır. Məntiqi olaraq, Azərbaycanın regional və qlobal təşkilatlardakı fəaliyyəti konkret nəticələr verməkdədir.
Bütün bunların nəticələrini ekspertlər, adətən, aşağıdakı kimi qruplaşdırırlar: regional miqyasda yaranmış geosiyasi, siyasi və s. reallıqlara uyğun yeridilən siyasətdə uğurlar; regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda əldə edilən nailiyyətlər; BMT TŞ-yə müvəqqəti sədrlik hüququnun əldə edilməsi (2012-2013-cü illər); Qoşulmama Hərəkatındakı fəaliyyətdə qazanılan uğurlar; TDT-nin gücləndirilməsi; İkinci Qarabağ müharibəsi zamanı Prezident İlham Əliyevin uğurlu hərbi, diplomatik və informasiya mübarizəsi; Şuşa və Qarabağ Bəyannamələrinin imzalanması; Azərbaycanın COP29-a uğurlu sədrliyi, bütövlükdə COP29 çərçivəsində qəbul edilmiş qərarlar; Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi.
Əlbəttə, bunlar da bütün uğurları əhatə edən tam siyahı deyildir. Ancaq həmin faktlar ümumən bir müstəqil dövlətin həm xarici siyasətdə böyük uğurlar əldə etməsini, onun müstəqil kurs həyata keçirməsini və mürəkkəb şərtlər daxilində hərb meydanında, faktiki olaraq, böyük gücləri belə yenməsini ümumi şəkildə ifadə edir. Vurğulanan istiqamətlərin hər birinin üzərində ayrılıqda dayanmaq olar.
Regional reallıqlar fonunda aparılan siyasət
2003-cü ildən başlayaraq Azərbaycan milli və regional masştablarda həyata keçirdiyi siyasəti uğurlu surətdə əlaqələndirmək əsasında iki mühüm siyasi və geosiyasi nəticə əldə edib. Onlardan birincisi ölkədə qalıcı sabitliyə nail olmaqdan ibarətdir. Hazırda ölkəmiz mürəkkəb və ziddiyyətli geosiyasi regionda sabitlik və təhlükəsizliyin yeganə etibarlı məkanıdır. İkincisi, Azərbaycan milli səviyyədə əldə etdiyi uğurları səmərəli şəkildə regional miqyasa transformasiya etməklə təhlükəsizliklə əməkdaşlığı üzvi surətdə birləşdirib. Sonuncu tezisin işığında Azərbaycanın beynəlxalq səviyyədə qazandığı nailiyyətləri ayrıca vurğulamaq lazımdır. Bunun fonunda Azərbaycan kənardan olan riskləri və təhdidləri neytrallaşdırır və regionda sabitliyi təmin edən əsas güc kimi mövcudluğunu davam etdirir. Bununla Azərbaycan dünyanın böyük güclərinin belə regiona dağıdıcı təsirlərinin qarşısını alır.
Regionda mövcud olan real vəziyyətin fonunda Azərbaycanın son 21 ildə həyata keçirdiyi proqramlar sayəsində bir sıra böyük irəliləyişlər əldə edilib. Onların sırasında Azərbaycanın təkbaşına regionun ən riskli münaqişəsini həll etməsi xüsusi yer tutur. İndi bu reallıq bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsini müəyyən edir. Bu mənzərə konstruktiv mahiyyətlidir. Belə ki, Azərbaycan regional dövlət kimi nəinki mövcud reallıqlardan çıxış edir, hətta indi həmin reallığı özü yaradır. Bu prosesin öncəki mərhələlərdən fərqi isə rəsmi Bakının təhlükəsizlik, əməkdaşlıq və sülhsevərliyə üstünlük verən geosiyasi mühit formalaşdırmasından ibarətdir.
Keçən müddət ərzində digər nailiyyət Bakının Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb marşrutları üzrə dünya okeanlarını və qitələri birləşdirən nəqliyyat layihələrinin müəllifi olması ilə bağlıdır. Bununla Azərbaycan Cənubi Qafqazın qlobal enerji təhlükəsizliyinə töhfə verən dövləti halına gəlib. Onun tərkib hissəsi kimi isə ölkəmiz Avropanın enerji təchizatına ciddi fayda verir. Həmin kontekstdə Azərbaycanın nəqliyyat-logistika, informasiya-kommunikasiya proqramlarının təşəbbüskarı olması və həm də Ortaq Dəhliz layihəsinin həyata keçməsində geniş bir məkanda aparıcı rol oynaması diqqətdən kənarda qalmır.
Bütün bunlardan məntiqi olaraq xarici siyasətin başqa bir aspektinin aktuallığı ön plana çıxır. Bu isə regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda əldə edilən nailiyyətləri nəzərdə tutur.
Regional və beynəlxalq təşkilatlarda əldə edilən nailiyyətlər
Xarici siyasətin regional aspekti indi ən mühüm istiqamətlərdən biri kimi qəbul edilir. Bunun bir səbəbi müasir geosiyasi proseslərdə regionalizmin əhəmiyyətinin artmasıdırsa, digər səbəb eyni regionda yerləşən dövlətlərin daha geniş münasibətlər qurmalı olmasının aktuallaşmasıdır. Azərbaycan müstəqil dövlət kimi regional siyasətində ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformasına üstünlük verir, eyni zamanda, bir sıra regional təşkilatlanma modellərinin təşəbbüskarıdır. Bu sırada nümunə kimi "3+3" formatını göstərmək olar. Ekspertlər bu platformanın perspektivinə inanırlar.
Bundan başqa, rəsmi Bakı "Qafqaz Evi" ideyasını irəli sürüb. Prezident İlham Əliyev Cənubi Qafqazda əməkdaşlıq və təhlükəsizliyə çox ciddi diqqət yetirir.
Azərbaycan regional təşkilatlardakı fəaliyyətini böyük uğurla beynəlxalq təşkilatlarda həyata keçirdiyi siyasətlə uyğunlaşdırır. Həmin kontekstdə bir regional və iki beynəlxalq təşkilatda Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər salmaq olar.
TDT-nin gücləndirilməsi
Hazırda Azərbaycan sözün həqiqi mənasında Türk Dövlətləri Təşkilatının (TDT) inkişafında stimulverici güc rolunu oynayır. Türk dünyasının real zəmində inteqrasiya olunması istiqamətində irəli sürülən təşəbbüslərin əksəriyyətinin müəllifi Azərbaycan Prezidentidir. Eyni zamanda, bu, siyasi-diplomatik fəallıqda da özünü göstərir. Onun nəticəsi kimi TDT-də müxtəlif sferaları əhatə edən konkret layihələr həyata keçirilir. Nümunə üçün enerji, nəqliyyat-logistika, gömrük, informasiya-kommunikasiya və s. sahələri göstərə bilərik.
Son illər isə Azərbaycan türk dünyasının mədəniyyət, elm, təhsil kimi sferalarda əməkdaşlığının yeni səviyyəyə yüksəldilməsində xüsusi rol oynayır. Bu proses artan sürətlə davam etdirilir.
Azərbaycan Prezidenti türk dövlətlərini əhatə edən yeni enerji layihələri və Orta Dəhliz kimi qlobal əhəmiyyətli proyektlərin reallaşmasında ciddi rol oynayır.
Bütün bunların fonunda Azərbaycanın TDT-də təhlükəsizlik və ortaq müdafiə sisteminin yaradılması ilə bağlı apardığı siyasət böyük rəğbət qazanıb. Həmin çərçivədə Azərbaycan-Türkiyə və Azərbaycan-Özbəkistan-Qazaxıstan strateji tərəfdaşlıq sazişlərinin imzalanması əhəmiyyətlidir.
Nəhayət, TDT kontekstində Azərbaycan üçün Şuşa və Qarabağ Bəyannamələrinin imzalanması xüsusi əhəmiyyət daşıyır. Çünki bu iki sənəd Azərbaycanın türk dövlətləri ilə münasibətlərini müasir dövrdə hüquqi olaraq rəsmiləşdirir. Bu baxımdan Şuşa Bəyannaməsi iki türk dövlətinin strateji müttəfiqliyinə hüquqi və siyasi məzmun verirsə, Qarabağ Bəyannaməsi bütün müstəqil türk dövlətlərinin əlaqələrini tənzimləyir.
Hər iki strateji sənədin Azərbaycanda imzalanması isə böyük rəmzi məna daşıyır. Bu nailiyyətin təməlində Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsində uğurlu hərbi, diplomatik və informasiya mübarizəsi aparması dayanır. 44 gün müddətində bütün dünya bu prosesi heyranlıqla izlədi.
Bir çoxları nə baş verdiyini tam anlaya bilmədi. Lakin gerçəklikdə Azərbaycanın Müzəffər Ali Baş Komandanının verdiyi çox düzgün, çevik və nəticəverici hərbi qərarları, dünyanın bir sıra güclü, ancaq qərəzli dairələrinə ünvanladığı incə diplomatik mesajları və sözün həqiqi mənasında təkbaşına apardığı uğurlu informasiya müharibəsi sonda dumanlı başları ayıltdı.
Bununla yanaşı, Mərkəzi Asiya türk dövlətləri cəsarətləndi, Azərbaycanı bir uğur nümunəsi kimi qəbul etdi. Qarabağ Bəyannaməsinin məzmununa həm də bu prizmadan baxmaq lazımdır! Həmin sənəd, faktiki olaraq, türk dövlətlərinin inteqrasiyasına Azərbaycanın verdiyi töhfələrin yerini və rolunu yaxşı ifadə edir!
BMT TŞ-yə müvəqqəti sədrlik hüququnun əldə edilməsi (2012-2013-cü illər)
Bu, Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq təşkilatda əldə etdiyi ən böyük diplomatik və siyasi qələbələrdən biridir. Çünki bir sıra böyük güclər birmənalı olaraq ermənipərəst mövqe tuturlar və bu ədalətsizlik indi də davam edir. Azərbaycan lideri buna görə iki vəzifəni paralel şəkildə yerinə yetirməli idi.
Onlardan biri Azərbaycanın hüquqi, demokratik və müstəqil dövlət kimi haqlı olduğunu sübuta yetirməklə bağlıdır. Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq daha intensiv və əhatəli formada bunu dünyada təşviq etdi. Artıq 2012-ci ildə BMT-nin əksər üzvləri Azərbaycanın haqlı olduğuna əmin idilər.
İkinci vəzifə bu əminliyi BMT-nin rəsmi sənədində təsbit etməklə əlaqəli idi. Məhz buna görə də həmin dövrdə Azərbaycanın BMT TŞ-nin müvəqqəti üzvlüyünə səsvermə (təşkilata üzv olan 155 ölkə Azərbaycanı dəstəklədi!) yolu ilə seçilməsi və orada çox ədalətli və səmərəli fəaliyyət göstərməsi Azərbaycan diplomatiyası və liderlik ənənəsində xüsusi hadisədir. KİV-də bu məqam kifayət qədər araşdırılıb.
Qoşulmama Hərəkatındakı (QH) fəaliyyətdə qazanılan uğurlar
Azərbaycan 2011-ci ildən üzvü olduğu Qoşulmama Hərəkatının fəaliyyətinə yeni dinamika, əhatə və məzmun gətirib. Bu, özünü xüsusilə 2019-2023-cü illərdə QH-yə Azərbaycanın sədrliyi müddətində göstərib. Prezident İlham Əliyev ədalətli, obyektiv, səmərəli, humanist və birləşdirici təşəbbüsləri ilə bütün dünyada ölkəmizin nüfuzunu daha da yüksəldib. QH-dəki fəaliyyət, şübhəsiz, Azərbaycan liderinin çox böyük uğurlarından biridir. Bu təşkilatda Azərbaycan, praktiki olaraq, regional miqyası aşaraq qlobal masştabda haqsızlıq və antihumanizmə qarşı addımlar atır. Bunun nəticəsidir ki, indi dünyanın bir sıra müstəmləkə dövlətləri neokolonializmə qarşı ciddi mübarizə aparırlar. Bütövlükdə dünyada ksenofobiyaya və ədalətsiz siyasətə qarşı da hərəkat güclənir.
Bunlardan başqa, Azərbaycan Prezidenti QH çərçivəsində qlobal siyasətdə yeni liderliyin nümunəsini nümayiş etdirir. Bunlar bütövlükdə həm Azərbaycanın dövlət kimi, həm də onun rəhbəri İlham Əliyevin lider olaraq obyektiv obrazının təsdiqində ciddi rol oynayır. İndi COP29 hadisəsinə məhz bu kontekstdə nəzər salmaq faydalı olar.
Azərbaycanın COP29-a uğurlu sədrliyi
Bu hadisə Azərbaycanın milli və regional səviyyədən qlobal miqyasa çox uğurlu geosiyasi, siyasi, diplomatik və informasiya transformasiyasının bariz nümunəsidir. COP29-un Bakıda təşkili asan məsələ deyildi. Çünki Azərbaycan, faktiki olaraq, total xarakter alan və güclü mənbələrdən qaynaqlanan informasiya təxribatlarını neytrallaşdırmalı, eyni zamanda, bir təşkilatçı dövlət kimi mükəmməl davranmalı idi. Nəhayət, ən əhəmiyyətlisi, Bakıdakı müzakirələrin konkret nəticəsi olmalı idi.
Bu üç məqamın vəhdətdə yerinə yetirilməsi geosiyasi aspektdə həm də ona görə vacib idi ki, Azərbaycan 2003-cü ildən bu yana davamlı olaraq müstəqil siyasəti ilə uğurlar qazandığını dünyaya göstərmişdi. Dövlətimizin artıq uğurlu siyasət yürütdüyü inkar edilə bilməzdi. Buna görə də bədxahlar bu imicin qlobal miqyasda özünü tam təsdiq edə bilməsinin xofunu yaşayırdılar.
Buna qarşı isə Ermənistandan alət kimi istifadə etməklə müxtəlif iftiralar və şantajlar ortaya atıldı. Onların Azərbaycandakı qulbeçələri indi ədalət məhkəməsi qarşısında cavab verirlər. Əsası isə odur ki, ABŞ və Fransa başda olmaqla, bu ədalətsiz planları quranlar güclü Azərbaycan dövləti və onun yeni güclü və ədalətli lideri ilə qarşı-qarşıya gəldiklərinə tam əmin oldular! Bu, onlar üçün pis xəbər ola bilər, lakin müasir Azərbaycan müstəqil dövlətinin bütün dünyaya töhfə verə bilmək potensialının çox yüksək olduğunun təsbiti kimi, bizim qürur mənbəyimizdir!
Azərbaycan BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını həm yüksək səviyyədə təşkil etdi, həm də yekunda müsbət razılıqlara gəlindi. Onların sırasında üzv dövlətlərin iqlim məsələsinə vəsaitləri tələb olunan səviyyəyə yüksəltməklə bağlı ortaq mövqeyə gəlməsini ekspertlər Azərbaycan diplomatiyasının ciddi uğuru kimi ayrıca vurğulayırlar. BMT və dünyanın ədalətli siyasi liderləri Prezident İlham Əliyevin bu uğurunu birmənalı vurğulayır və dövlətimizin başçısına, xalqımıza daha böyük uğurlar arzulayırlar! Təbii ki, bu cür yüksək qiymət tarixi olaydır! Lakin bu da son deyildir və Azərbaycan xalqı artıq başqa bir böyük uğurun qürur hissini yaşamaqdadır.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlük
D-8 üç qitəni əhatə edir. ÜDM-i 4 trilyon ABŞ dollarından artıqdır. Ticarət dövriyyəsi 130 milyard dollar həcmindədir. Demoqrafik göstəricisi yüksəkdir. Təşkilata üzv olan ölkələrin əhalisinin sayı dünya müsəlmanlarının 60 faizini təşkil edir – 1,2 milyarddan artıq insanı əhatə edir. D-8-in böyük iqtisadi potensialı vardır. "İslam səkkizliyi" kimi xüsusi məna daşıyır. Çünki sürətlə inkişaf edən müsəlman dövlətlərini birləşdirir və perspektivdə onun qlobal güc mərkəzlərindən biri olmaq ehtimalı yüksəkdir. Azərbaycanın bu təşkilata üzvlüyü birbaşa Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin məntiqi nəticələrindən biridir. Təsadüfi deyildir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın üzvlüyünü "qardaş Azərbaycan təşkilatı gücləndirəcək", yəni bu, bir uğurdur, kontekstində təqdim edib.
Prezident İlham Əliyevin D-8-ə üzv olan dövlətlərin başçılarına ünvanladığı məktubların məzmunu bir daha göstərir ki, Azərbaycan müstəqil, düşünülmüş, siyasi varisliyə dayanan təmkinli siyasəti ilə böyük təşkilatlarda layiqli yerini tutmaqda davam edəcəkdir.
D-8-ə üzvlük Azərbaycanı həm Cənubi Qafqazda bənzərsiz uğur əldə edən dövlət kimi bir daha təsdiq edir, həm də TDT, MDB, İƏT, QDİƏT kimi təşkilatlarda ciddi statusunu daha da gücləndirir. Onların sırasında xüsusilə Azərbaycanın TDT və MDB daxilində fəaliyyətini yeni səviyyəyə yüksəltməsi üçün əlavə imkanlar yaradır.
Yalnız onu vurğulayaq ki, MDB-də Azərbaycandan başqa D-8 üzvü olan dövlət yoxdur, TDT-də isə Türkiyə ilə yanaşı, ancaq Azərbaycan vardır! Bu fakt onu göstərir ki, türk dünyasında Azərbaycan xüsusi yer tutur. Təşkilatın gələcəyi bir çox mənada onun fəaliyyətindən asılıdır.
Beləliklə, Azərbaycanın xarici siyasətinin son 21 ildə əldə etdiyi bir sıra nailiyyətlərin ümumi ifadəsi də göstərir ki, Prezident İlham Əliyev dövlət başçısı və siyasi lider kimi dövlətimizi uğurlardan uğurlara aparır. Bu prosesin davam edəcəyinə xalqın böyük əminliyi vardır! Azərbaycan öz rəhbəri və liderinə dərindən inanır və etibar edir!