Nizami Məmmədov Tağısoy
professor
XX əsrin əvvəlləri qazax yazılı ədəbiyyatı son dərəcə mürəkkəb və ziddiyyətli ictimai-siyasi və mədəni-ədəbi şəraitdə inkişaf edirdi. Bu dövrdə sayca o qədər də çox olmayan qazax milli ziyalıları Rus imperiyasında güclənən inqilabi situasiyadan istifadə edərək öz müstəqilliyi və azadlığı uğrunda mübarizəyə başlamağa qərar verdilər. Heç şübhəsiz ki, bu istiqamətdə aparılan fəaliyyətdə qazax ədəbiyyatı xalqın maraqlarını qorumaqla onun mübarizəsinə dəstək verməkdə böyük rol oynayırdılar. Milli ziyalılar və qazax ədəbiyyatının ünlü nümayəndələri Çokan Valixanov, İbray Altınsarin və Abay Kunanbayev kimi böyük maarifçilərin ideyalarıı, demokratik ənənələri davam etdirməklə onlar həm də bütün qüvvələrini müstəmləkəçiliyə qarşı mübarizəyə yönəldirdilər. Onların ideyalarının həyata keçirilmisində Əhməd Baytırsınulı və Mircakıp Dulatovla yanaşı, qazax dilində nəşr olunan “Qazax” qəzeti (1923-1918), “Alaş-Orda” siyasi partiyası və cəmiyyəti üstün mövqedə dayanırdı.
Bu dövrlərdə Əhməd Baytursulı artıq qazax dililnin reformatoru kimi milli tarixə düşmüşdü. O, ərəb qrafikasına söykənən yeni əlifba yaratmışdı. Bundan sonra onun hazırladığı “Yeni imla” (“Жана емле”), “Oxu qaydası” (“Оky куралы”), “Dil qaydası” (“Til куралы”) kimi elmi-metodik xarakterli kitabları nəşr olunmuşdu.
Əhməd Baytursınulının silahdaşı Mircakıp Dulatov da xalqın azadlığı uğrunda mübarizə aparmaqla, həm də ədəbiyyat sahəsində böyük işlər həyata keçirirdi. Onun “Oyan, qazax” (“Оян, казак”) adlı nümünəsində xalq taleyinin ən mühüm problemləri qaldırılırdı. Dulatov Avropa, rus və digər ədəbiyyatların nümayəndələrinin əsərlərinin qazax dilinə tərcüməsində (Puşkin, Lermontov, Tukay, Şiller və b.), eyni zamanda qazax publisistikasının inkişafında nəzərəçarpacaq rol oynayırdı.
Qazax xalqının və onun mədəniyyətinin çiçəklənməsində Sultanmahmud Torayqırovun da yeri görünməkdədir. O, əsasən ədalətsiz həyatın çeşidli mənzərələrinin tənqid edilməsində, avamlığı və qaranlığı, mövhumatı lənətləyən əsərləri ilə daha çox diqqət mərkəzinə düşürdü. Onun “Tanışlıq” (“Taныcтыру”) poemasında M.Dulatov, Ə.Baytursınulı, Ə.Bukeyxanulı kimi milli mücahidlər “günəş”, “şəfəq” və “ay” adlandırılırdı. Soltanmahmud Torayqırov qazax ədəiyyatını onun bədii-estetik inkişafı yönündən istiqamətlərini ikişaf etdirirdi. Onun “Qəmər gözəl”, “Kimdır müqəssir?”, “Azmış həyat”, “Kasb” adlı poemaları, lirik şeirləri, publisistik məqalələri və tənqidi materialları bu sənətkarın bədi axtarışlarının çoxplanlı və rəngarəng istiqamətli olduğunu sübut etməkdədir.
Öz poetik ustalığını inkişaf etdirən və rəngarəngləşdirən XX əsrin əvvəlləri qazax ədəbiyyatı nümayəndələri, həm də tarixi mərhələnin bədii baxımdan təcəssümündə əvəzsiz rol oynayırdılar. Bu kontekstdə qazax ədəbiyyatında tənqidi realizmin inkişafında və maarifçilik ideyalarının möhkəmələnməsində Sabit Donentatevin (1894-1933), Məhəmmədcan Seralinın (1872-1939), İsfəndiyar Kubeyevin (1878-1956), Beket Uteileuovun (1883-1949), Arif Tanirbergenovun (1856-1924). Qumara Qaraşovanın (1876-1921), Turmaqambet İztleuovun (1882 – 1939), Berniyaz Kubeyevin (1899 – 1923), Narmambet Ormanbetovun (1870 – 1918) və başqalarıın rolu danılmazdır. Əgər S.Donentayevin yaradıcılığında kiçik süjetli şeir janrlarından və təmsilərdən istifadə olunurdasa, İ.Kubeyevin lirik şeirlərində daha çox həyat gerçəklikləri öz əksini tapırdı.
XX əsrin əvvəllərində yazıb yaradan qazax şair və yazıçılarının poetik oriyentasiyası və bədii axtarışları heç də bir-birinin eyni deyildi. İstedadların çoxluğu onların yaradıcılıq kredosunun müxtəlifliyinin və rəngarəngliyinin göstəricisi idi. Odur ki, bu dövrdə yazıb-yaradan müəlliflərin orijinallığından bəhs etdikdə Məşhur Yusifin (Kopeyevin) (1858 -1931), Nurcan Nauşa Nauşabayevanın (1859 – 1919), Makış Kaltayevin (1869-1916) və b. danışmaq mümkündür. Onu da bildirək ki, adlarını çəkdiyimiz sənətkarların realist üslubda qələmə aldığı əsərlər həmin dövrün adekvat panoramını yaradırdı. Məhz belə məzmunlu Məşhur Yusifin nəşr etdirdiyi “Sarı Arka kimə məxsusdur” (Kazan, 1907) kibabı konfiskasiya edilir, naşirini isə iri məbləğdə cərimələyirlər. Məşhur Yusifin əlyazmaları içində şifahi xalq yaradıcılığı nümunələri ilə yanaşı, qazax şairlərinin əsərlərindən xeyli örnəklər yer almışdır. Qazax şairlərinin digər bir qrupunun yaradıcılığında dastan və qissələrə daha çox meyil etmə hiss edilirdi. Bu baxımdan onların Şərq və türk xalqlarının şifahi yaradıcılıq nümunələrindən qidalanma xüsusilə ön plana çıxırdı. Onların sırasında Yusifbəy Şeyxislam ulı (1854-1936), Şadi Cahangir ulı (1855 – 1933), Akılbəy Sabaulı (1880 – 1919) və digərlərini göstərmək olar. Bu şairlərin qeyd edilən örnəklərə müraciəti, onlardakı maraqlı süjet xətləri tarixi hadisələrin dolğunluğında mühüm rola malik idilər. Bu tipli əsərlər sırasında “Qız Cibək”, “Munlıq-Zarlıq”, “Seyfül-Malik”, “Qasım-Comərd”, “Orga-Gülşə”, “Harun ər-Rəşid”, “Qəmər zaman”, “Bozcigit”, “Tahir və Zöhrə”, “Nazim” və b. kimi nümunələr göstərilə bilər.
XX əsrin əvvəllərində xalq həyatı və onun tarixində baş vermiş olayları işıqlandıran əsərlərə də yer verilirdi. Bu baxımdan İqılman Şorenonın (1871-1932) “İsatay-Məhəmbət” poemasının adını çəkə bilirik.
Nəzərdən keçirdiyimiz dövrdə akın-nəğməkarların da yaradıcılığı qazax mədəniyyəti ənənələrinin inkişaf etdirilməsində nəzərəçarpacaq rol oynayırdı. Belə sənətkarlar sırasında Bircan, Axar-sere, Mühit və d. ənənələrini davam etdirən Cayau Musa Baycanılı (1835 – 1929), Baluan Şolak Baymirzə ulı (1864 – 1919), Madi-Bapu ulı (1880 – 1921), Mayra Vəliqızı (1896 – 1926), İmamyusif Kutpanlı (1863 – 1929), Əsəd Naymanbəy ulı (1867 – 1923), Ukilı İbray Sandıbay – Şakərim Xudayberdi ulı (1856 – 1932), Kənan Azərbayev (1884 – 1976) və b. yeni istiqamətli, demokratik xarakterli nəğmə-jırlar yaratdıqlarını qeyd edə bilərik. Bu dövrdə ədəbiyyata gələn gənc istedadlar Maqjan Cumabay, Saken Seyfullin, Beimbet Maylin və b. əsərlərinin məzmununda azadlıq ideyalarını və demokratik-maarifçi istiqaməti inkişaf etdirməyə daha çox meyilli idilər. Odur ki, hesab edirik ki, XX əsrin əvvəllərində inkişaf etdirilən qazax ədəbiyyatı həmin tarixi epoxanın və xalq həyatı panoramının sonrakı dövrlərə çatdırılmasında ən mühüm bədii salnamə rolunu oynaya bildi.
XX əsrin əvvəllərində Qazaxıstanın digər ölkələrin və xalqların mədəniyyəti ilə mədəni əlaqələri getdikcə güclənirdi. Əgər əvvəllər, xüsusilə Abay dövründə Şərq və türk ədəbiyyatı qazaxlar üçün daha doğma və yaxın idisə, XX əsrdə şair və yazıçı-demokratlar rus və Qərbi Avropa klassikasına müraciəti daha çox ön plana çəkirdilər. Nəticədə A.S.Puşkinin “Yevgeni Onegin”, “Kapitan qızı”, “Dubrovski”, M.Y.Lermontovun, L.N.Tolstoyun, İ.A.Krılovun və başqalarının əsərləri qazaxcaya tərcümə olunaraq oxuculara çatdırılırdı.
Bundan başqa prof. Derbisalinin qeyd etdiyi kimi, qazax ədəbiyyatının tatar ədəbiyyatı ilə əlaqələri də nəzərdən keçirdiyimiz dövrdə yetərincə genişlənir və dərinləşirdi. Qazaxıstanda tatar qəzetləri və jurnallarının yayılması ilə qazax xalqı Q.Tukay, M.Qafuri, Q.İbrahimov, A.Qalimovun və başqalarının əsərləri ilə yaxından tanış olma imkanı əldə edirdilər. Odur ki, qazax ədəbiyyatının inkişafında tatar ədəbiyyatının həmin dövrdə rus və dünya ədəbiyyatı arasında körpü rolunu oynadığını da burada qeyd etməliyik. Bununla belə, söyləməyə ehtiyac vardır ki, XX əsrin 20-ci illərindən başlayaraq qazax ədəbiyyatının nəzərəçarpacaq inkişafına Saken Seyfullin, Beimbet Maylin və İlyas Cansuqurov kimi bədii təfəkkür sahibləri daha çox pozitiv təsir göstərirdilər.