Kamal Adıgözəlov
Bəşər Əsəd rejiminin devrilməsinin intensiv təhlilini ekspertlər bir çox aspektlərdə aparırlar. Onlar bu hadisənin geniş bir geosiyasi məkana təsirində ortaq mövqedədirlər. Lakin bu prosesin hansı regiona necə nüfuz edəcəyi və hansı dövlətlərin ondan faydalana biləcəyi məsələsində mövqelər fərqlənir. Bütövlükdə Suriya məsələsinin Cənubi Qafqaza mümkün təsirləri bu səbəblərdən mürəkkəb bir qiymətləndirmə tələb edir. Lakin indidən aydındır ki, regionun əsas ölkəsi olan Azərbaycan bu proseslərdə yalnız müsbət kontekstdə iştirak edəcəkdir.
Yaxın Şərqdə güc balansı dəyişir
Suriyada sürətli hakimiyyət dəyişikliyi və ümumən bu ölkədə cərəyan edən son proseslər dünya miqyasında siyasilərin və ekspertlərin böyük marağına səbəb olub. Onlar Suriyada geosiyasi və siyasi olaraq nələrin baş verdiyini anlamağa çalışırlar. Ancaq 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycanın bununla da Cənubi Qafqaz regionunda yaratdığı böyük geosiyasi dəyişikliyi obyektiv qəbul etməyə gücləri çatmayanlar Suriyada 12 gün müddətində baş verən yeniləşməni doğru qiymətləndirəcəklərmi? Bunu zaman göstərəcək. Lakin indidən bəllidir ki, vəziyyət mürəkkəbdir və "yeraltı geosiyasi təkanların" meydana çıxması ehtimalı az deyildir.
Bütün hallarda biz məsələyə iki istiqamətdən baxmaq istərdik. Əvvəla, Suriya məsələsi bütövlükdə Yaxın Şərqdə baş verən geosiyasi və hərbi proseslərin kontekstində dərk edilə bilər. Çünki məsələ öncədən regional miqyasda Suriya rəhbərliyi qarşısında qoyulan şərtlər daxilində həll edilib. Orada isə iki seçim olmalı idi: birinci, B.Əsəd iqtidardan getməlidir, ikinci, B.Əsəd hakimiyyətdə qalmalıdır. Mübarizənin nəticəsi belə oldu ki, birinci şərti qoyan tərəf – Qərb, Türkiyə və İsrail qalib gəldi. Bu baxımdan Suriya Yaxın Şərq miqyasında gedən mübarizənin fraqmentidir.
Məsələnin digər tərəfi avtomatik müəyyən olunur. Yəni, mübarizənin digər düşərgəsi olan Rusiya, İran və 54 illik Əsəd klanı məğlub oldular. Deməli, Suriya regional və qlobal geosiyasi proseslərin bir fraqmenti kimi qəbul edilməlidir.
Bununla yanaşı, Suriya məsələsi ölkə vətəndaşlarının siyasi seçimi ilə bağlıdır. B.Əsədin hakimiyyətdən getməsini arzulayanların çox olduğu hamıya məlumdur. Lakin əhalinin siyasi təşkilatlanmasının rəngarəngliyi və mürəkkəbliyi onu göstərir ki, hələlik ümumi siyasi birlikdən söhbət gedə bilməz. Bu isə Suriyanın yeniləşməsinə baxmayaraq, Yaxın Şərq və ona qonşu olan regionlar üçün risklər əmələ gətirə bilər.
Bu iki tendensiyanın qarşılıqlı təsirləri fonunda Suriyada gedən proseslərin Yaxın Şərqi və qonşu regionları necə dəyişə biləcəyi məsələsi çox aktual görünür. Hər şeydən əvvəl, belə təəssürat yaranır ki, Suriyada baş verən dəyişiklikdən öz maraqları üçün istifadə etməyə çalışan böyük və xırda güclər kifayət qədərdir. İndiki mərhələdə onların sırasında İsrail və PKK/YPG fərqlənir. İsrail ordusu Suriyaya havadan və qurudan zərbələr endirir. Çoxlu sayda hərbi obyektlər və silah-sursat məhv edilir. O cümlədən Rusiyaya məxsus hərbi infrastruktur zərər görür. PKK/YPG isə tutduğu ərazilərin siyasi, hüquqi və hərbi sahibi kimi Suriyadakı yeniləşmə prosesinə qatılmaq fikrindədir və bunun üçün İsraillə də əlaqə yaratmağa hazırdır.
Lakin müxtəlif qruplaşmaların Suriyanın ərazi bütövlüyünə zərər verməsini qəbul etməyən böyük güclər də vardır. Onlar Türkiyə, Rusiya, İran və Qərbdir. Onların hansılarının Suriya məsələsində səmimi olacağını zaman göstərəcək. Ancaq hələlik mənzərə belə görünür.
Qazananlar və uduzanlar
Maraqlıdır ki, bu məsələyə kənar faktorlara əsaslanmaqla qiymət verirlər. Buna görə də hamıdan çox Türkiyənin qazandığını deyib, Ankaranı digər geosiyasi güclərə qarşı qoymağa çalışırlar. Bu, kənardan verilən birtərəfli qiymətləndirmədir. Səbəbi isə Ankaranı qısqanmaqdan qaynaqlanır. Real olaraq qazanan Suriya xalqı və siyasi mühitidir. Çünki uzun müddətdir davam edən vətəndaş qarşıdurması sona çatıb. Siyasi mühitdə isə barışıq və birlik üçün yaxşı şərait yaranıb. Suriya xalqı yeni cəmiyyət qura bilər.
Geosiyasi güclərə gəldikdə isə hansı səbəblərdən Suriyanın sabitliyi, sakitliyi və bütövlüyü, məsələn, Rusiya və ya İranı qane etməsin? Əlbəttə, onları qane edir. Qərblə bağlı suallar çoxdur, lakin İsrail-Fələstin münaqişəsinin dəhşətləri fonunda onun da Suriyanın bütövlüyünə müsbət yanaşması mümkündür.
Bəs birtərəfli qiymətləndirmə əsasında Türkiyəni başqa güclərə qarşı qoymağın anlamı nədir? Bunu ən yaxşı azərbaycanlılar anlaya bilərlər. Çünki Azərbaycanın 2020-ci ilin payızından bu yana üzləşdikləri ilə Türkiyənin Suriya məsələsi həll olunandan sonra yaşamağa başladıqları bir-birinə çox bənzəyir. Azərbaycanı nədə ittiham edirdilərsə, bir qədər fərqli kontekstdə (çünki Suriya Türkiyə ərazisi deyil, Qarabağ isə qədim Azərbaycan torpağıdır) Türkiyəyə qarşı ittihamlar irəli sürürlər. Məhz bu kimi interpretasiyalar erməni ekspertlərin həyəcanına və narahatlığına səbəb olmaqdadır. Onlar müxtəlif səbəblər gətirərək haray salırlar: "qoymayın, türklər dünyanı tuturlar və Türkiyə Azərbaycan vasitəsilə Qafqazı təsir altına alacaq, Rusiya və İran isə bunun qarşını ala bilməyəcəklər". Buradan aydın olur ki, Suriya məsələsinin Azərbaycana təsirinin özəlliyi vardır və onun düzgün izah edilməsi vacibdir.
Yaxın Şərqdən Qafqaza
Əslində, bu iki region qədimdən bir-birilə sıx əlaqədədir. Din və ticarət burada ciddi rol oynayıb. Bunların yanında geosiyasət də vardır. İndiki mərhələdə isə bu regionların bir-birlərinə təsiri yeni səviyyəyə yüksəlib. Bunun səbəbləri çoxdur, amma onların üzərində geniş dayanmaq imkanı yoxdur. Lakin bir məqam aydındır ki, Yaxın Şərqdə baş verən geosiyasi və hərbi proseslərin Cənubi Qafqaza təsiri az deyildir. Azərbaycanın bu prosesdə yeri və rolunu düzgün anlamaq üçün bir xüsusiyyəti dərk etmək gərəkdir.
Şuşa Bəyannaməsindən sonra Azərbaycan-Türkiyə vahid geosiyasi güc olaraq Yaxın Şərq və Qafqazı da əhatə edən geniş bir məkanda çıxış edirlər. Deməli, Cənubi Qafqazda Azərbaycanı maraqlandıran və aktual hesab olunan məsələlərin hamısında avtomatik olaraq Türkiyə də iştirak etmiş olur. Eyni qayda ilə Türkiyənin Yaxın Şərqdə iştirak etdiyi geosiyasi və təhlükəsizlik məsələlərində Azərbaycan da iştirak etmiş olur.
Bu özəlliyə görə, rəsmi Bakı Suriya məsələsinə laqeyd qala bilməz. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıq bildirib ki, B.Əsəd rejimi Azərbaycana qarşı müsbət mövqe tutmamışdı. Hətta Ermənistanı bütün məsələlərdə dəstəkləmişdi. Belə olan halda Azərbaycan təbii ki, Suriyadakı yeniləşməyə dəstək verməlidir. Bu dəstək kimsəyə qarşı yönəlməyib. Azərbaycan Suriyada sülh, sabitlik, təhlükəsizlik istəyən hər bir qüvvə ilə əməkdaşlıq edə bilər.
Deməli, Suriya məsələsində Türkiyə ilə Azərbaycanın ehtimal olunan əməkdaşlığı heç bir dövlətə, o cümlədən Ermənistana qarşı yönəlməyib. Bir başqa prizmadan baxdıqda isə, əksinə, Azərbaycanın Suriya siyasətindən Ermənistan da faydalana bilər.
Məsələ Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaya bilməsi ilə bağlıdır. Sülh müqaviləsi imzalansa, Azərbaycan bütün sferalarda Ermənistanla əməkdaşlığa start verə bilər. Bu sırada təbii ki, Türkiyə də Ermənistanla münasibətləri müsbət məcraya yönəldəcək. Bu o deməkdir ki, rəsmi İrəvan, faktiki olaraq, Suriya məsələsinin həll olunmasından ikiqat fayda götürə bilir. Onlardan biri Azərbaycan xətti ilə Yaxın Şərqə çıxış, digəri isə Türkiyə xətti ilə həmin regiona nüfuz etmə şansıdır. Ermənistanda siyasi şüurun buna hazır olub-olmadığı başqa məsələdir.
Fürsətcil niyyətlər, xain məqsədlər
Rəsmi İrəvanın tərəddüdlü və reallıqdan uzaq reaksiyası həm də geosiyasi proseslərdə fürsət yoxsulluğu olanların təxribatları ilə bağlıdır. Məsələ belədir ki, müxtəlif saxta "ekspertlər" vasitəsilə bir "türk xofu" yaratmağa çalışanlar az deyillər. Onlar müxtəlif üsullarla fərqli kontekstlərdə Suriya məsələsini "Türkiyənin işğalı" kimi təqdim edirlər. Ermənistanda isə ənənəvi olaraq bu sayıqlamalara uyan şüurlar çoxdur. Nəticədə, erməni siyasi şüuru növbəti dəfə kənar təsirlərə tabe olaraq yanlış qərarlar qəbul edir.
Bu məqam onu ifadə edir ki, Suriya məsələsindən öz xəbis maraqları üçün istifadə etməyə çalışan qüvvələr bütövlükdə proseslərin müsbət istiqamətdə getməsinə əngəl olmaqdadırlar.
Bütün bunlar onu göstərir ki, Suriya məsələsinin Cənubi Qafqaza təsiri çoxaspektlidir. Onun regionu dəyişmə ehtimalı yerli dövlətlərin məsələyə hansı yöndən qiymət verəcəyi ilə bağlıdır. Burada proseslərin gerçək mahiyyətini kontekstdən çıxarıb, Azərbaycanı hansısa region dövlətinə qarşı addım atacağı ilə əlaqəli ittiham etməyə cəhd edənlər ciddi surətdə yanılırlar. Əksinə, Azərbaycan Suriya məsələsinin həllini Cənubi Qafqaz üçün müsbət faktora çevirmək qüdrətində olan yeganə region dövlətidir!