TALEH CƏFƏROV
ADPU-nun Ümumi Tarix və tarixin tədrisi
texnologiyası kafedrasının dosent əvəzi,
tarix üzrə fəlsəfə doktoru
(əvvəli BU LİNKDƏ)
Y.Yusifov yazır ki, “turukku” etnonimi “türk” tayfa adının erkən forması olmuşdur: “Erkən orta əsr yadelli qaynaqlarda “türk” adı ilə yanaşı“turukka” (hind qaynaqları), “trukki” (Xotan mənbələri), “druq//druqi” (Tibet qaynaqları) formaları işlədilmişdir. E.ə. II minillikdə akkad mixi yazıları etnonimin erkən, “turukki”, “turuki” formasını saxlamışdır. Bu onu deməyə əsas verir ki, e. ə. III–II minilliklərdə Azərbaycan ərazilərində bir sıra proto/erkən türk etnosları (lullubi/lullubey, kuti/quti, su, trukku /trukka və s.) yaşamış və onlar o dövrün siyasi hadisələrində yaxından iştirak etmişlər. B.Lansberqer kutilərin türk etnosu olması fikrini irəli sürmüş və buna uyğun olaraq quz/oquz türk tayfa adı kuti adının dəyişilmiş fonetik forması kimi qələmə verilmişdir. Kamal Balkan isə kuti hökmdar adlarının türk dillərindən izah olunduğunu təsbit etmişdir. Y.Yusifov kutilərin ağbəniz türk etnoslarından olduğu mülahizəsini irəli sürmüşdü. Beləliklə, Azərbaycanın ən qədim sakinlərindən biri prototürklər olmuş və onlar hələ biri digərindən fonetik cəhətdən çox da fərqlənməyən ümumtürk dilində danışmışlar. Lakin bu dövrdə qərb və şərq türk dillərini səciyyələndirən bir sıra fonetik əvəzləmələr artıq yaranmışdı.
Hind-Avropa dil ailəsinə daxil olan etnik qrupların ilk məskənləri barədə müxtəlif mülahizələr mövcuddur. Aparılan son tədqiqatlar göstərir ki, Hind-Avropa etnik qrupunun ilkin vətəni Şərqi Anadolu, Ön Qafqaz və Şimali İkiçayarası olmuşdur. Belə ki, e. ə. V–IV minilliklərdə burada ümumi Hind-Avropa dili mövcud olmuş, IV–III minilliklərdə, daha dəqiq desək, e. ə. 2500-cü ildə bu dil qrupu ana qaynaqdan qoparaq bir sıra dialektlərə parçalanmış (yunan, balt, slav və ari dillərinə) və müxtəlif ləhcələrdə danışan qrupun üzvləri, qərb, şimal və şərq istiqamətlərində hərəkət etmişlər. İlk olaraq, yunanların şimaldakı ana hissədən qoparaq e. ə. 2200-cü ildən etibarən Egey sahillərinə endikləri güman edilir. Karataya görə, ari qolunun ən gec e. ə. 2300-cü illərdə Hind-Avropa dillərindən ayrıldığı və e. ə. II minilliyin əvvəllərində iki müstəqil qola –İran və Hind qollarına bölündüyü qeyd edilir. E. ə. XVII əsrdə Orta Şərqdəki Hurri-Mittani dövlətinin rəhbər təbəqəsinin dilində sanskrit kəlimələrinin mövcudluğu bu bölünməni o zamandan da daha erkən baş verdiyini deməyə əsas verir. Daha sonra e. ə. 1800-cü illərdə onlar Xorasanla sərhəddəki əraziləri, eləcə də, Hindistandakı Harappa mədəniyyətini məhv etmişdilər. Qamkrelidze və İvanov arilərin Qərbi Türküstandan İrana enmələrini Hindistana gedişlərindən çox sonraya, e. ə. 1000 ilə aid edirlər. Arilərin yüz illərlə dəyişilməyən adət-ənənələri və təsərrüfat həyatı haqqında Kuzmina qeyd edir ki, arilər donuz saxlamayan və ətini yeməyən, dəvənin varlığı, at minmənin özəl rolu, at arabası və at kultu, od kultu və əkinçilik ilə heyvandarlığın qarışıq olduğu bir iqtisadi bütündür.
E. ə. III minillikdə Hind-Avropa dil ailəsinin parçalanması nəticəsində bir sıra dil qrupları (qədim Şumer, Sam, Elam, türk dilləri və s.) ayrıldılar. Son tədqiqatlar onu deməyə əsas verir ki, Hind-Avropa dil ailəsinin parçalanmasına qədərki mərhələdə Ön Asiyada prototürk dil birliyi mövcud olmuşdur. Çox güman ki, e. ə. VIII–VII minilliklərdə erkən türk dil qrupu parçalanmış və birliyə daxil olan xalqlar müxtəlif cinahlara doğru axınlar etmək məcburiyyətində qalmışlar. Erkən türklər qonşuluqdakı digər dil qruplarına aid xalqlarla ünsiyyət saxlamış və bir-birinin mədəni həyatına bu və ya digər formada təsir göstərmişdir. Y.Yusifov bu etnosların arasındakı qarşılıqlı leksik münasibətlərin erkən türklərin ilkin vətəni –Ön Asiyada baş verdiyi mülahizəsini irəli sürür.
S.Əliyarlı dünya türkoloqlarının yalnız bir hissəsinin Altay bölgəsini türklərin ilkin vətəni saydığını, qalanlarının onların bu bölgəyə Ön Asiyadan sonralar gəldiyini yazmaqdadırlar. O, fikirlərinə davam edərək yazır ki, 20-30-cu illərdə başlıca olaraq Avropa alimləri erkən türklərin izlərini Ön Asiyanın uzaq keçmişində axtarmaqda idilər. Şumercənin türkcə ilə “əqrəba” olması haqda ilk dəfə alman professoru Fritz Hommel yazmışdır. Ankara Universiteti Dil və Tarix-coğrafiya fakültəsində Şumeroloji kafedranı professor Beno Landsberqer açmış, e. ə. 2150–1950-ci illərdə Mesopotamiyada hökm etmiş kutilər barəsində: “türklərlə ən yaxın münasibətdə olan, hətta bəlkə də eyniyyət göstərən qəbilə budur” fikrini yazan ilk şəxs olmuşdur”.
Bu gün də tarixçiləri ən çox düşündürən məsələlərdən biri türklərin ilkin Və-təni problemi ilə bağlıdır.Türk adının ilk dəfə göytürk yazılarında çəkilməsi də diqqət mərkəzindədir. Nemethdən fərqli olaraq, bütün Qərb tarixçiləri türkləri Monqolustanda axtarmaqdadırlar. Grosset türk, monqol və tunquz dillərinin bir-birindən çox fərqləndiyini, eyni zamanda bu xalqların bir-birindən uzaqda təşəkkül tapdığını, Asiyanın şimal-şərqində formalaşdığını qeyd edir.
Ligeti isə türklərin ilkin vətənini Altay dağlarının şərqi ilə lokallaşdırır. Klyaştornı isə türkün ilkin vətəni kimi Cənubi Sibir və Mərkəzi Asiyanı qeyd edir. Tanınmış ABŞ türkoloqu P.Qolden də türklərin ilkin vətənini Mərkəzi və Şərqi Monqolustan bölgəsində axtarır. Türk tarixçisi Faruk Sümer isə türklüyün vətənini Sibirin içərilərində, Baykal, Ankara və Yenisey bölgələrində olduğunu güman edir.
Hüseyn Baykara isə türkün ilkin vətəninin daha geniş coğrafiyanı əhatə etdiyini və İssık gölü ilə Altay arasındakı sahəni, şərqdə Ötükənə, qərbdə Aral gölünə qədər uzandığını qeyd edir.
Türkiyəli tarixçilər içərisində türklərin ilkin vətəninin daha çox qərbdə olduğu fikrini ən çox Qəfəsoğlu yazır və Xəzər dənizinin şimal-şərqindəki bozqırları işarə edir. O.Karatay isə ata yurdun Cənubi Ural bozqırlarında olması fikrini müdafiə edir. Onun fikrincə, Fin-Uqor dillərinə yaxınlığı ilə seçilən türk dilləri monqolcadan əsaslı surətdə fərqlənir. Həmçinin, Karatay türk və monqol dillərinin 6-7 min il əvvəl ayrıldığını qeyd edir. Starostin də Altay dil ailəsinin parçalanmasını e. ə. VI minilliyə aid edir. Türk tarixçisi Osman N.Tuna isə ana türkcənin 8352 il öncə formalaşdığı fikrini irəli sürür. Malloriyə görə, türkcə V əsrdə Altay dağlıq bölgəsində danışılan, sonradan geniş coğrafiyaya yayılan bir dildir. Ən yeni araşdırmalar aparan Dıbo yanlış olaraq ilkin türkcədəki alaçıq, altun, gümüş, dəmir, bəy, bitik, denk, don, sir və inci kimi kəlimələrin çincədən keçdiyini qeyd edir. Qeyd edək ki, türkcəyə monqolcadan heç bir kəlmə keçməmiş, əksinə türk dilindən monqol dilinə xeyli söz keçmişdir. Məhz bu mənada dilçilər türk dilinin mühafi-zəkar bir dil olduğunu qeyd edirlər.
Renfrevin Anadolu, Qamkralidze və İvanovun Azərbaycan, Koppersin Qərbi Türküstan və Narainin Şərqi Türküstan, K.T.Laypanov və İ.M.Miziyevin isə İdil-Ural bölgəsi olaraq qeyd etdiyi ata yurdların hər biri qədim türklərin təşəkkülü və formalaşması baxımından olduqca qiymətlidir. Problemlə bağlı müasir qərb elminin başlıca qənaəti Qara dənizin şimal əraziləri olan –Atalkuz ilə Karpatdan Cənubi Urala qədər uzanan ərazilərdə birləşmişdir...
(ardı var)