Turan Uğur
AYB üzvü
“Türküstan qəzeti” üçün
Bu il Kıbrıs Barış Hərəkatının 50-ci ildönümü, noyabrın 15-də isə Kıbrıs türklərinin bağımsızlığının 41-ci ili tamam olur.Əslində, türk əsgərinin adaya çıxdığı gün iki hərəkatla – 20 iyul və 14 avqust 1974-cü il tarixlərində gerçəkləşib.
Bu, təkcə “Yaşıl ada” nın 38 faizinin türk mehmetçiyinin nəzarətinə keçməsi deyildi, bu, həm də özünü türk sayan hər kəsin şərəf, namus sınağından əla qiymət alması anlamına gəlir. Həmin şərəfli günləri yazdıqları üçün o çağlarda Türkiyənin baş naziri olmuş Bülənt Eceviti, onun müavini Nəcməddin Ərbakanı, Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşı, Kıbrıs türklərinin ideoloqları doktor Fazil Küçüyü sevgi və minnətdarlıqla anıram.Təbii ki, bir də mücahid Kıbrıs türklərinin fədakar döyüşlərini Yurd, Vətən naminə ən böyük ərməğan sayıram. Özümü bəxtiyar hesab edirəm ki, ötən ilin noyabrında bəndənizə də Quzey Kıbrısda - onun çeşidli şəhərlərində-Lefkoşada, Girnədə, İskələdə, Mağusada bulunmaq səadəti nəsib olub.Dövlət rəsmiləri ilə görüşmək, Yaşıl adanın şanlı və ağrılı mazisindən, habelə işıqlı istiqbalından bədii-sənədli filmlər hazırlamağın qüruru içindəyəm. İnancım budur ki,
“Yaşıl ada dastanı” adlı araşdırma-yazım hər bir türkə mən –
Turan Uğurdan qutsal bir ərməğan olacaq.
YAŞIL ADA DASTANI
( “Yaşıl ada dastanı” adlı araşdırma - yazını
“Kıbrıs Barış Hərəkatı”– nın 50-ci ildönümünə və noyabrın 15-i keçiriləcək ŞKTC-nin bağımsızlığının 41-ci ilinə həsr edirəm.İnancım budur ki, Quzey Kıbrıs Türk Cümhuriyyətini Türkiyədən sonra ilk rəsmən tanıyan dövlət məhz doğma Azərbaycanımız olacaq.Olması lazım, o mübarək günün yaxın vaxtlarda gələcəyinə içdən inanıram)
BÖLÜMLƏR
1 Kükrəyən tarix
2 Folklor –həm qılıncdır, həm qalxan
3 İki fədai –Biri doktor, biri advokat
4 Yaşıl adanın yaşıl xətti
5 Consonun məktubu
6 Ərənköyün ərləri
7 Demokratiya beşiyində diktatura
8 Müttəfiq elə müttəfiqdir!
9 Gözlədim də gəlmədin...
10 Yanlış da bir naxışdır
11 Savaşdan Barışa
12 Ayşə tətilə çıxsın!
13 Qardaşlığın adı – Kıbrıs
14 Yaşıl ada dastanı
(əvvəli BU LİNKDƏ)
Kantonlara giriş-çıxışlar qapanmışdı, Kıbrıs türklərinin tək pənah yeri isə yenə də Türkiyə idi.Bəli, Ərənköyün ərləri əlindən gələn hər bir şey etdilər ki, Türkiyədən gələn silahlı qüvvələrə kömək olsunlar.Onlardan biri də Qazi Həsən Əmirəli idi.
-Nədən Qazi Həsən Əmirəlinin adını çəkirəm?
-Çünki onunla şəxsən tanışam və “Sülh adası”
bədii-sənədli filmlərinin çəkilişlərində Qazidən müsahibə almaq bəndənizə də nəsib olub.O qədər ucaboylu, cüssəli olmasa da, ürəkli, hünərli birisi olub Həsən Əmirəli.Sinəsində Barış hərəkatının medalını gəzdirməmişdən öncə, köksündə Vətən sevgisini yaşadıb.
O tarixin qürunu yaşayan Həsən Əmirəli ilə olan müsahibənin bir hissəsini olduğu kimi yazıram.Bu müsahibə əsnasında Qazimiz həm kövrəlib ağlamsınır, həm də gözləri fərəhdən par-par parıldayırdı.
15 nəyabr 2023-cü il, Girnə, Olivia Palm hoteli.
QAZİ HƏSƏN ƏMİRƏLİ: “Çanaqqala dastanı necə ki, Türkiyənin qəhrəmanlıq dastanı olub, Ərənköy dastanı da Quzey Kıbrıs Türk Cümhuriyyətinin təməl daşı olmuşdu.Eyni şəkildə, bu qəhrəmanlıq dastanı Can Azərbaycanın da təməl daşı olan Şuşa Zəfəri ilə bağdaşmaqdadır.Biz tələbələrin də Ərənköyə çıxıb necə savaşdığımızı anlatmaq istəyirəm.
Biz - Kıbrısda yaşayanlar hamımız ayaqdaydıq.Neyləyəcəyimiz məchuldur, ya öləcəkdik, yaxud da dənizə töküləcəkdik, təslim olmaq yoxdur.Komandirimiz bizə bu cür dedi:
“Siz birər mərmi əlinizdə saxlayın, savaşın! Tanrı yardımçınız olsun!”
Denktaş bəy bildirdi ki:
“Bu anda biz çox zor durumdayıq, Türkiyənin savaş təyyarələrinin gəlməsi lazımdır.Əgər bu dəfə də mücbir (özündən asılı olmayan) səbəblərə görə Türkiyə ordusu gələ bilməsə, o zaman türklük uğruna canımız fəda olsun”
TURAN UĞUR: Amma gəldilər və qurtardılar Kıbrısı.Allah rəhmət eləsin, həm Bülənt Eceviti, həm Rauf Denktaşı sevgi və sayğı ilə anırıq.Sinənizdə medal görürəm, sayın Qazimiz.Nə vaxt aldınız bu medalı?
HƏSƏN ƏMİRƏLİ: Ərənköyə çıxan biz döyüşçülərə Güvənlik qüvvətləri medal vermişdilər.O medal da mənim köksümdə olan medaldır.
DEMOKRATİYANIN BEŞİYİNDƏ DİKTATURA
(7-ci bölüm)
1967-ci ildə hərbçilər Yunanıstanı ələ keçirdilər.Beynəlxalq aləmdə dışlanan Yunanıstan yalnız qaldı.Avropa Birliyi Yunanıstanla münasibətləri tamamən kəsdi.
Yunanıstan hökuməti isə “iştaha diş altındadır”- deyib Kıbrısda tamahları ilə baş yarmağa davam elədilər.
O dönəmdə Türkiyənin baş naziri olmuş Süleyman Dəmirəl cəsarətli addımlar atdı.
Yunan hökumət üzvləri ilə sərt danışdı.
Yunanlar isə başqa fikirdə idilər:
“Türkiyə və Yunanıstanın dostluğuna mane olan Kıbrıs ixtilafı var.Bu ixtilaf ortadan qaldırılsa, dostluq davam edər.Bu nifağın ortadan qalxması üçün Kıbrısın Yunanıstana ilhaq edilməsi lazımdır.Dünənin uşağı Kollias, illərin təcrübəli siyasətçisi Dəmirəldən görün, nə istəyirdi.
Baba adamdır Dəmirəl, sakincə həmkarını dinlədi, bir az qeyzləndi, sonra xəfifcə gülümsədi və qayət soyuqqanlıqla dedi:
Süleyman Dəmirəl:
(Həmin dönəmdə Türkiyənin baş naziri)
“Türkiyə ilə Yunanıstan qonşudur.Barış içində yaşamalıdırlar, əlbəttə.Bu iki ölkənin bir-biri ilə yaxşı münasibətdə olması lazımdır.Ancaq nəticəni yanlış çıxardınız, Kıbrısın Türkiyəyə bağlanması qayəsi daha yaxşı olar.Çünki Kıbrıs Türkiyəyə
65 km məsafədə, Yunanıstana isə 965 km məsafədə yerləşir.Türkiyədəki rumlar zəngindir, Yunanıstandakı türklər isə fəqirdir.Biz azlıqda olan rumlara daha yaxşı baxarıq, siz azlıqda olan türklərə yaxşı baxmazsınız.
Bizə yaraşanı da budur”
Diktatorların dəstəyi ilə rumlar qırğınlara başladı.Yenə bütün faciələrin başında Qrivas durmuşdu.Kimsəyə xəbər vermədən atəş başladı.Rumlar güneydəki bir neçə türk köyünü təslim etdilər.Hərbi xuntanın Kıbrısı ələ keçirmək istəyi önündə Ankara hökuməti sipər rolunu oynadı.
Baxmayaraq ki, o zaman Türkiyənin silahlı qüvvələri yetərli deyildi.Dəmirələ qədər hazırlıq görülməmişdi.Necə olubsa, Kıbrısda müharibə olar ehtimalına üstünlük verilməmişdi.Yenə araya Lindon Conson girdi, müvəqqəti olsa da, savaş yerini barışa verdi.Yunanlar Kıbrısdan qüvvələrini çəkdi və Türkiyə müdaxiləyə gərək görmədi.Amma Türkiyə ayıldı, anladı ki, bir gün bu müdaxilə mütləq olacaq və buna hərdaim hazır olmaq lazımdır.
Süleyman Dəmirəl bütün komandirlərə əmrini vermişdi.
Çıxarma gəmiləri hazırlansın, 48 ədəd tank, 15 min dənə paraşüt alınsın, 150 helikopter əldə edilsin.Savaş təyyarələri isə mütləq şəkildə alınmalı idi.Türkiyə ciddi şəkildə hazırlığa başladı.Bunlar olmasaydı Kıbrıs bilmərrə itirilərdi.
1974 uğurlarının rəhnində, 1967-ci ildəki Dəmirəlin uzaqgörənliyi və siyasi başarısı dayanmışdı. Məncə, bu faktor çox vaxt gözdən yayınır, halbuki bu amilin önəmi qətiyyən kiçildilə bilməz. 12 min nəfərlik yunan alaylarının Kıbrıs adasından ayrılması isə Dəmirəlin fövqəladə nailiyyəti sayılmalıdır.
MÜTTƏFİQ ELƏ MÜTTƏFİQDİR!
(8-ci bölüm)
1973-cü ildə Yunanıstanda vətəndaş müharibəsinin başlaması, hərbçilərə qarşı olan təpkilərin, təzyiqlərin artması Kıbrısda əlverişli bir ortam yaratdı.Hərbi xunta son günlərini yaşayırdı.Rumlarla Yunanıstan hökuməti arasında nifağın şiddətlənməsi lap göydəndüşmə oldu.Həmin günlərdə Kıbrıs qaynar qazanı xatırladırdı.Bu qazanı qaynadanların başında isə yenə Makarios gəlirdi.Makarios artıq hər kəsə ziyanlı bir şəxs idi.Onun yaşamağı hamıya rahatsızlıq verirdi.Ölümünə fərmanı isə yunan hökuməti vermişdi, əvəzinə Nikos Samson Kıbrısın başına gətirilmişdi.Türkün qanına əli batmış rum canisi Samson Makariosu öldürmək niyyətində idi.Şans yepiskopun üzünə güldü.Üç mühafizəçisinin müşayiəti ilə iqamətgahından qaçırılan Makarios Maltaya sığındı.
Nikos Samsonun adaya rəhbər qoyulması isə bardağı daşıran son damla oldu.Türklərə düşmən kəsilmiş Samsonun mazisi kirli olduğu qədər də, dəhşətli idi.1964 -1967-ci illər Kıbrıs faciələrində bu qaniçənin əməlləri hələ unudulmamışdı.
15 iyul sabahında radiolar bar-bar bağırmağa başladı ki, Makarios ölmüş, yerinə Samson gətirilmişdi.Yağışdan çıxıb, yağmura düşmüşdü Kıbrıslı türklər.
Rauf Denktaş:
-“Ey Allahım, dedim, aman Makarios getməsəydi dedirdəcəyin günü də yaşadacaqdın bizə?”
Davamlı olaraq Türkiyəyə mesajlar verən Denktaş bunun qarşısını almasaq, artıq Kıbrıs türkləri üçün hər şeyi bitmiş sandı.Baş nazir “Qaraoğlan” ləqəbli, ruhunu sevgi ilə andığım Bülənt Ecevit isə Afyona səfər etməkdə idi.O, səfər boyu ancaq Kıbrısın halını, müqəddaratını düşünmüşdü.
“Qara xəbər tez duyulur” - demişlər.
Ecevit zəmanətçi dövlətlərdən biri kimi həmən İngiltərəyə yollandı.Kıbrısa birlikdə müdaxilədə bulunmaq daha manidar sayılırdı.ABŞ Türkiyəni haqlı gördü bu epizodda, əlbəttə, “Müttəfiq elə müttəfiqdir!” prinsipi qüvvədə idi. Dövlət katibi Henri Kissincerin tək əndişəsi isə Yunanıstanla savaşın başlama ehtimalı idi.
(ardı var)