II yazı
İnam Atanın (Asif Atanın) Doğa ilə (Təbiətlə) bağlı fikirləri birbaşa İnsanla bağlıdır. Mahiyyətcə Atanın Doğadan yazması elə İnsandan yazması deməkdir. İndiyə kimi əslində İnsandan və Doğadan ayrı-ayrılıqda danışıblar. Atada isə bunların mahiyyət doğmalığı Türk Ruhunun – İnsançılığının, Bəşəriliyin işığında axtarılır:
“İnsaniləşən dünya – təzələşən dünya olur. Burada maddiyyat ruhaniləşir.
Təbiət yenidən qiymətləndirilir.
İnsan təbiətdə maddiyyatdan artıq, böyük, yüksək olanı görür.
Təbiət Mütləq Mənanın ifadəsinə çevrilir; gözəllik, ülvilik, müqəddəslik keyfiyyətləri yaranır”.
İnsanlaşan – özündəki balacalıqlardan əl çəkən, yadlıqlardan qurtulan, nöqsanlarından arınandır. İnsan özünü tanıdıqca Doğanı (Təbiəti) tanıyır. İnsanla Doğa arasında qırılmaz bağ var.
Türk Ruhunda Doğada Doğadan artıq olanı görmək ənənəsi var.
Ata İnsanı ruhsal varlıq sayır, onu imkan (potensiya) baxımından gerçəklikdən üstün sayır.
Ruhsal varlıq olan İnsanın İnsani qanunlar əsasında yaşamasını qaçılmaz sayan Ata onun maddi ehtiyaclarını da nəzərə alır, ancaq bütün hallarda maddiyyatçılıqdan ötəliyini vurğulayır...
“Yalnız ruhani mövcudluq – insani mövcudluqdur”.
İnsani mövcudluq İnsanın gerçəklikdə varoluşunun əsasıdır; yalnız özü (İnsan) kimi var olan Doğanı anlayır, sevir, onu dəyərləndirir...
Cismani ehtiyacları əsas gətirərək Doğanı ardıcıl istismar etmək - əslində İnsanı istismar etmək deməkdir.
İnsan Doğadan ardıcıl bəhrələnməyə məcburdur, ancaq bu, üzvi, doğal biçimdə - Doğayaradıcı ruhda olduqda bəraətlənə bilər.
Ruhsallıq (İnsançılıq) yönü İnsan-Doğa ilişgilərinin balansını (uyğunluğunu) yaradır, nizamlayır, ömürləşdirir.
“Dünyanın insaniləşməsi – dünyanın ruhaniləşməsidir”.
Yəni dünyanın İnsanlaşması – Doğanın da İnsanlaşmasıdır. Bu, Doğaya ruhsal İnsanın gözüylə baxmaqdır, onu İnsan olaraq görməkdir.
“Sivilizasiyalı”, “inkişaf etmiş” dünyada Doğaya insani, yaradıcı, ədalətli baxış əslində belə olsun gərək.
Bu baxış Doğanı qurtara, ömrünü artıra bilər.
Yoxsa ki, bu gedişlə qarşıda Doğanı daha çətin, daha təhlükəli, ölümcül aqibət gözləyir.
Doğanı qurtaracaq yalnız bir qüvvə var – İnsanlaşmağa, İnsanlaşdırmağa əsaslanacaq İnsan.
“Öz Mahiyyətinə görə İnsan dünyanı Mütləq mənada insaniləşdirməliydi, ancaq gerçəklikdə o, dünyanı həm də mənimsəyir”.
Atanın Dünyabaxışında İnsan Doğaya İnsanlıq ölçüsüylə yanaşır, bu səbəbdən də özüylə onun arasındakı yadlıq aradan qalxır.
Ata bu gedişdə “Dünyanı Özümləşdirmək” ideyasını irəli sürür.
Bu, İnsan kimi var olmağın əsasıdır.
İnsan Dünyanı, Həyatı, Doğanı anlayan yeganə ruhsal varlıqdır.
Bu yerdə Ata öncə İnsanın Özümləşməsinin qaçılmazlığını əsaslandırır: “... insan onu maddiləşdirən, əşyalaşdıran, vəhşiləşdirən nə varsa, hamısından azad olmalıdır”.
Deməli, özüylədöyüş əməli gərəkdir, İnsanın özüylə üz-üzə qalması gərəkdir. Var olmağın yolu – özümlük imkanını aşkarlamaqdan – yəni içindəki Şərdən – hər cür yırtıcılıq çeşidlərindən qurtulmaqdır.
Atanın Dünyabaxışında bunun yolu aydın göstərilir:
“Özümləşmə balaca «Mən»in ölümü və böyük «Mən»in doğulmasıdır”.
Özümləşən İnsan – Təbiəti də özümləşdirir.
Özümləşdirmə - Doğanı “özününkü” sayıb onu istismar etmək yox, Doğa ilə ruhən doğmalaşmaqdır, onda İnsan, İnsanda Doğa görməkdir.
Beləliklə, Özümləşən İnsan Doğaya yanaşmada ağalığından əl çəkir, onunla doğmalaşır.
Dağda, Meşədə, Səmada (Göydə), Dənizdə, Çiçəkdə, Torpaqda, Suda, Günəşdə, Səhərdə, Gecədə, Yazda, Yayda, Payızda, Qışda... İnsan görmək – Doğanı yaşatmaqdır.
İnsan yaşatdığı, var etdiyi Doğayla birlikdə var olacaq, Həyatı (Yaşamı) mənalı olacaq...
İŞIQLI ATALI
***
İNAM ATANIN (ASİF ATANIN) TƏBİƏTLƏ BAĞLI GÖRÜŞLƏRİ
(Əvvəli ötən sayımızda)
İNSAN TƏBİƏTDƏ ÖZÜNÜ TAPANDA – TƏBİƏT İNSANİLƏŞİR. İNSAN TƏBİƏTƏ QOVUŞANDA – TƏBİƏT İNSANİLƏŞİR...
...Səhər yoxdur: təzə açılan ümid var, təzə çırtlayan sevinc var, təzə yeriyən qayğı var, təzə bəslənən arzu var, təzə qövr edən əzab var, təzə sevilən Aşiq var!
Səhər – insaniləşib!
Qürub çağı yoxdur: İnsan hüznü, İnsan yalqızlığı, İnsan qəribliyi, İnsan kövrəkliyi var.
Qürub çağı – insaniləşib!
Gecə yoxdur: İnsan pünhanlığı, İnsan mərhəmliyi, İnsan etirafı, İnsan sirri var.
Gecə – insaniləşib!
Meşə yoxdur: Sehrli sükut, doğma səs, ülvi möhtəşəmlik, ucalıq ehtirası var.
Meşə – insaniləşib!
Qış yoxdur: İnsan sərtliyi, İnsan soyuqluğu, İnsan təmizliyi var.
Qış – insaniləşib!
Yay yoxdur: İnsan ömrünün qızğın çağı var.
Yay – insaniləşib!
Payız yoxdur: İnsanın cavanlığıyla ayrılmaq mərasimi var.
Payız – insaniləşib!
İnsan təbiətdə özünü tapanda – təbiət insaniləşir. İnsan təbiətə qovuşanda – təbiət insaniləşir.
İnsaniləşmə – təbiətin özümlüyünü, müstəqilliyini ləğv etmir.
Həmin müstəqillik, özünəməxsusluq yeni məna kəsb edir. İnsaniləşən təbiət özünü yeni səviyyədə təsdiq edir.
İnsaniləşən təbiət – ruhaniləşir.
Təbiəti insaniləşdirən İnsan özüylə təbiət arasındakı yadlığı aradan qaldırır.
İnsaniləşən – doğmalaşır.
İnsan yad dünyada yaşaya bilməz!
Təbiəti özümləşdirməklə o, özünün daxili, ruhani ehtiyacını ödəyir.
Özümləşdirmənin gerçəklik səviyyəsində təbiət yalnız nisbi mənada insaniləşir.
Günəş – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Səma – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Dəniz – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Dağ – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Çiçək – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Yol – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Çöl – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Bulaq – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Bahar – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Səhər – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Qürub çağı – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Gecə – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Meşə – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Qış – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Yay – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Payız – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.
Əslində gerçəklikdə ümumi hal kimi maddi faydalanma məziyyəti ruhani məziyyətdən daha çox sevilir, daha yüksək qiymətləndirilir.
Yalnız Özümləşmənin Mütləq səviyyəsində təbiət tam insaniləşir.
Ancaq həmin səviyyə – insanın cismani imkanlarından kənardadır.
Bu baxımdan, Təbiəti Mütləq mənada İnsaniləşdirməyə can atan İnsan öz arzusuna heç vaxt tam çatmır.
Qəribə vəziyyət yaranır.
Təbiəti tam İnsaniləşdirmək üçün insan öz cismaniliyindən əl çəkməlidir.
Bu, insanın ölümü deməkdir.
Yaşayan insan – Təbiətin Mütləq İnsaniləşməsinə can atır – onun nisbi insaniləşməsinə nail olur.
TƏBİƏTLƏŞƏN İNSAN
Özünə sığmırsan, özündə qala bilmirsən, özündən kənara çıxırsan, qəlbində Günəşə Eşq yaranır – Günəşləşirsən!
Özünə sığmırsan, özündə qala bilmirsən, özündən kənara çıxırsan, qəlbində Səmaya Eşq yaranır – Səmaviləşirsən!
Özünə sığmırsan, özündə qala bilmirsən, özündən kənara çıxırsan, qəlbində Dağa Eşq yaranır – Dağa çevrilirsən!
Özünə sığmırsan, özündə qala bilmirsən, özündən kənara çıxırsan, qəlbində Dənizə Eşq yaranır – Dənizləşirsən!
Özünə sığmırsan, özündə qala bilmirsən, özündən kənara çıxırsan, qəlbində Yollara Eşq yaranır – Yollara çevrilirsən!
Özünə sığmırsan, özündə qala bilmirsən, özündən kənara çıxırsan, qəlbində Bahara Eşq yaranır – Baharlaşırsan!
(ardı var)