Kamal Adıgözəlov
IV məqalə
Şübhə yoxdur ki, Avropa İttifaqı (Aİ) dünyanın ən potensiallı təşkilatlarından biri kimi qəbul edilir. Bu təşkilat həm ərazisinə, həm də demoqrafik imkanlarına görə çox perspektivli hesab olunur. Aİ-də kifayət qədər inkişaf etmiş ölkələr vardır. Təşkilatın tarixi də uğurlarla zəngindir. Bunlarla yanaşı, XX əsrin ikinci yarısı və XXI əsrin əvvəlləri göstərdi ki, Aİ bir sıra mühüm istiqamətlər üzrə başqa böyük güclərdən geridə qalır. Bunun səbəblərini Avropa filosofları, siyasətçiləri, sosioloqları araşdırırlar. Onlar təhlil nəticəsində müəyyən qənaətlər əldə ediblər. Ancaq Aİ üçün dayanıqlı inkişaf modeli hələ də müəyyən edilməyib. Problemin bu tərəfinin də müxtəlif səbəbləri göstərilir. Bir neçə yanaşmanın müqayisəsi fonunda Aİ-nin perspektivlərinin təhlilinə böyük güclərin qlobal miqyasda rəqabəti fonunda nəzər salmağa ehtiyac yaranıb.
Aİ və yeni çağırışlar: cavabsız suallar
Avropa İttifaqı prinsipcə elə bir gücdür ki, onu məhdud sayda parametrlərlə xarakterizə etmək reallığa adekvat olmazdı. Qlobal güc statusuna iddialı olan təşkilat kimi, Aİ çoxlu sayda əlamətlərə malik olmalıdır. Bu prizmadan baxdıqda, təşkilatın XXI əsrin gəlişi ilə xeyli çətinliklərlə üzləşdiyini hətta Avropanın tanınmış ekspert və analitikləri etiraf edirlər. Filosoflar və politoloqlar isə daha ümumi səviyyədə təşkilatın yeniləşmə zərurəti və onun qarşısında duran problemləri vurğulayırlar. Öncəki məqalələrdə biz məsələnin bu tərəfinin bir sıra xüsusiyyətləri üzərində dayanmışıq.
Aİ ilə bağlı avropalı tədqiqatçılar bir neçə problemin işığında təşkilatın gələcəyinə nəzər salırlar. Onların sırasında Aİ-nin qlobal strategiyasının transformasiyası xüsusi yer tutur. Bu məsələ son bir neçə onillikdə dünyada müşahidə edilən geosiyasi proseslərin yeniləşməsi ilə bağlıdır. ABŞ, Çin və Rusiyanın həmin prosesdə fəallığının artması Brüsseli də düşündürməkdədir. Aİ mütəxəssisləri məsələyə daxili və xarici faktorların əlaqələri kontekstində yanaşırlar. Bu zaman Avropanın beyin mərkəzlərinin təhlilləri, proqnozları və təklifləri önəm kəsb edir. Faktiki olaraq, Brüssel gələcəyə həmin araşdırmaların işığında baxır.
Onların sırasında Aİ-nin strateji düşüncə mədəniyyətinin transformasiyası, təşkilatın strateji sənədlərinə müraciət, Aİ-nin strateji avtonomluğunun müzakirəsi və s. kimi aktual məsələlər vardır (bax: Михайленко, В.И. Европейская (ЕС) критическая аналитика в поисках ответов на новые вызовы // Вестник Кемеровского государственного университета. – 2022, т. 24, № 3, – с. 326-332). Bunların fonunda uğurlu federalizm modelinin axtarışı ayrıca yer tutur.
Həmin kontekstdə onu vurğulayaq ki, hələ keçən əsrin 80-ci illərində filosof Yurgen Habermas Avropa İttifaqı üçün perspektivli birlik modelini təhlil edib. Orada Y.Habermas bir neçə sual qoyub. Həmin sırada avropalıların həmrəyliyi və ictimaiyyətin qərar qəbuletmədə aktiv iştirakı məsələsi xüsusi vurğulanırdı. Y.Habermas hər iki məsələdə Aİ-nin lazım olan mövqeyi tutmadığını yazır. Deməli, filosofa görə, Aİ perspektivli birlik modeli axtarışlarını davam etməlidir (bax: Хабермас, Ю. Ах, Европа. Небольшие политические сочинения, ХI. М.: Издательство "Весь Мир". 2012, 160 с.).
Başqa avropalı tədqiqatçılar bir qədər də dərinə gedərək Aİ-nin qarşılaşdığı problemlərə ümumi bir baxış formalaşdırmağa çalışırlar. Bu kontekstdə Entoni Giddensin "Avropanı gələcəkdə nə gözləyir?" sualı diqqəti çəkir. Britaniyalı sosioloq yazır ki, "indi Aİ öz tarixində ağır bir böhran keçirir ki, bu, onun mövcudluğuna təhlükə yaradır". Həmin təhlükə "bütün dünyaya təsir edə bilər”. Bundan başqa, dünya üzrə yeni ayırıcı xətlər yaranır və "İttifaqın populyarlığı aşağı düşür" (bax: Гидденс, Э. Неспокойный и могущественный континент: что ждет Европув будущем? М.: Издательский дом "Дело" РАНХиГС, 2015, – 240 с.)
Bu qiymətləndirmənin fonunda E.Giddens iki sualı önə çıxarır. Birincisi, Aİ-nin necə idarə edildiyi sona qədər aydın deyildir. İkincisi, Aİ-də maliyyə siyasəti düzgün qurulmayıb. Buradan Avropanın iki mühüm suala cavab axtarması zərurəti meydana gəlir.
Kissincerin səsləndirmədiyi sual
Henri Kissincer bir zamanlar ümumi sual edib ki, ABŞ-da kimə müraciət etməyi bilmirəm, çünki əminliklə heç bir rəsmi şəxs cavab verə bilmir. Yəni, rəsmilər səlahiyyətlərini yerinə yetirmək üçün kifayət qədər xarizmaya və xalq legitimliyinə malik deyillər. E.Giddens hesab edir ki, bu sual, əslində, müasir mərhələdə Aİ-yə də verilməlidir. Çünki təşkilatda kimin real səlahiyyətə və legitimliyə malik olduğunu müəyyən etmək çətindir. O cümlədən Aİ xalq legitimliyi olan və səsvermə ilə seçilən prezidentə malik olmalıdır. Bu məsələ isə həll edilməmiş qalır. Deməli, Aİ-nin gələcəyi ilə bağlı əmin bir fikir söyləmək çətindir – kimə müraciət etmək lazım gəldiyi aydın deyildir!
Belə çıxır ki, avropalı alimlər təşkilatın idarə edilməsində problemlər görür, bunun səbəblərindən biri kimi xalqın etibar etdiyi və tam legitim saydığı liderin yoxluğunu göstərirlər. Maraqlı və düşündürücüdür. Avropa İttifaqı lider krizisindədirsə, onun səbəbləri daha dərində ola bilər. Məhz bu kontekstdə digər sual meydana gəlir.
Avropada bank sektoru səmərəlimi işləyir?
Bu sual 2012-2013-cü illərdə Aİ-nin rəsmi dairələri tərəfindən səsləndirilib. J.Evinq və J.Kanterə görə, əsas sual bundan ibarətdir ki, Aİ üçün "dövlət başçıları və bank dairələrinin qapalı dairəsini dağıtması lazımdır" (bax: Jack Ewing and James Kanter. A Troika for Europe faces own crisis of confidence // International Herald Tribune. 2013, 10 June).
Maliyyə sektoru ilə bağlı məsələnin bu cür qəti və kəskin qoyulması təsadüfi deyildir. Bunun bir tərəfi 2007-2008-ci illər maliyyə böhranına bağlıdırsa, digər tərəfi XXI əsrin çağırışları ilə əlaqəlidir. Həmin kontekstdə avropalılar yeni texnologiyaların tətbiqi və sərmayə qoyuluşunu xüsusi vurğulayırlar.
Yeni texnologiyalar
Brüssel hesab edir ki, Aİ yeni texnologiyaların tətbiqində Amerika və Çindən geri qalır. Çünki texnoloji tədqiqatlar lazımi səviyyədə aparılmır. Hətta bir sıra mütəxəssislər bütövlükdə Avropa elminin böhran içində olduğunu vurğulayırlar. Onun səbəblərindən biri kimi Aİ-də elmi təşkilatlanmanın müasir tələblərə uyğun olmadığı göstərilir. Nəticədə, Avropa başqa aparıcı dövlətlərdən geridə qalır. Texnologiyaların yaradılması və tətbiqi səviyyəsi onlardan aşağıdır. Bu qüsur aradan qalxmayana qədər Aİ-nin qlobal aparıcı gücə çevrilmək şansı çox aşağı olaraq qalacaqdır. Ancaq yeni texnologiyalar böyük sərmayə tətbiqini tələb edir. Bunun həyata keçməsi üçün isə Aİ uyğun qərar qəbuletmə mexanizminə malik olmalıdır. Məsələnin bu tərəfi ilə də bağlı suallar çoxdur.
Sərmayə qoyuluşu
Sərmayə qoyuluşunun müasir tələblərə cavab verməsi üçün Aİ-nin çevik idarəetmə sisteminə malik olması vacib şərtdir. Bu kontekstdə idarəetmə strategiyası dəyişməlidir. İndiyə qədər təşkilat üçün tənzimləmə üstünlük təşkil edirdi. Yəni, Aİ-də belə hesab edirlər ki, mövcud potensial və real imkanları tənzimləmək kifayətdir, yeni mexanizmlər bunun fonunda meydana gələ bilər və hər hansı yeni mexanizm hazırlamağa ehtiyac yoxdur.
Lakin təcrübə göstərir ki, Avropa İttifaqı bu aspektdə digər aparıcı güclərdən geridə qalmaqda davam edir. Buna görə də sərmayə qoyuluşu strateji əhəmiyyətli məsələ kimi qarşıda durur. Brüssel hələlik bu məsələni də həll etməyib.
Ciddi rəqabət şəraitində
Belə görünür ki, Avropa İttifaqı böyük güclərlə ciddi rəqabət şəraitində olduğunu getdikcə daha böyük miqyasda anlayır. Rəqiblər kifayət qədər yaradıcı fəaliyyət göstərirlər. Aİ də buna uyğun fəaliyyət kursu seçməlidir. Lakin hələlik təşkilat belə bir yeniliyi həyata keçirə bilmir. Müəyyən dərəcədə yeni elementlər meydana çıxır. Bunlar isə kifayət etmir. Real vəziyyəti Mario Draqinin bu ilin sentyabrında təqdim etdiyi məruzə də təsdiq edir. Məruzədə yuxarıda vurğulanan məqamların hamısı yer alıb.
Bununla yanaşı, Aİ-nin hazırda özünəməxsus fəaliyyət üsulu və seçim potensialı olduğunu unutmaq lazım deyildir. Bu baxımdan təşkilat digərlərindən fərqli strategiya müəyyən etməlidir. Təşkilat daxili inteqrasiya ilə xarici siyasətdə uğurlu fəaliyyəti uyğunlaşdıra biləcəkmi? Brüssel yeni səviyyədə gücə çevriləcəkmi? Təşkilatın inkişafı baxımından bu suallara cavab axtarışları davam edir. Etiraf etmək lazımdır ki, tutarlı cavab formalaşmayıb.