Kamal Adıgözəlov
Hazırda dünyada müxtəlif sferalar üzrə fəaliyyət göstərən beyin mərkəzləri mövcuddur. Faktiki olaraq, müstəqil dövlətlərin hər birinin buna böyü ehtiyacı vardır. Beyin mərkəzləri cəmiyyətin və dövlətin fəaliyyətinin bütün aspektlərində mühüm sayılan və strateji xarakter daşıyan problemlərin sistemli və elmi əsasda təhlilini aparırlar. Bundan başqa, beyin mərkəzləri hər bir cəmiyyət və dövlət üçün aktual olan problemlərin müəyyən edilməsi və onların həlli yollarının göstərilməsi baxımından da əhəmiyyət daşıyırlar. Bu prizmadan Azərbaycan üçün çox vacib olan məqamlar haqqında danışmaq olar. Azərbaycanın təcrübəsi onunla bağlı müəyyən proqnozlar verməyə əsas yaradır. Bütün bunların fonunda Azərbaycanda beyin mərkəzlərinin fəaliyyətini politoloji aspektdə təhlil etməyə ehtiyacın yarandığını düşünürük.
Bəşəriyyətin intellekt çırağı
XX əsrin ikinci yarısından dünya birliyi insan zəkasından cəmiyyətin və dövlətin inkişafı üçün daha geniş və dərindən istifadə etməyə ehtiyacı duymağa başladı. Qərb dövlətləri buna çevik reaksiya verdi. Əslində, dünya tarixində elmdən həmişə sosial, siyasi, mədəni və mənəvi inkişafda istifadə edilib. Qədimdən Platon və Aristotelin fəlsəfəsində bu məqam daha qabarıq şəkildə özünü göstərir. Platon dövləti daha yaxşı filosofların idarə edə biləcəyinə qəlbən və məntiqi olaraq inanırdı. Aristotel isə məşhur makedoniyalı İsgəndəri özünün fəlsəfəsi ilə yetişdirib.
Lakin XX əsrin ikinci yarısından etibarən dünyanın intellektə olan ehtiyacı keyfiyyətcə fərqli bir şəkil aldı. Çünki artıq insan oğlunun fəlsəfi, elmi, politoloji, sosial və digər təfəkkür forması konkret hədəfə fokuslanmış formada dövlət və cəmiyyət quruculuğuna cəlb olunmalı idi. Obrazlı desək, dövlət və cəmiyyət özünə "elmin gözü" ilə baxmağa məhkum edilmişdi.
Məhz həmin mərhələdən başlayaraq peşəkar elmi və siyasi təfəkkürlə yanaşı, adi gündəlik şüurda da yeni termin kimi "beyin mərkəzləri", "beyin fabriki", "fikirlərin ehtiyatı", "informasiya-analitika mərkəzləri" və digər analoji terminlər dəbə mindi. Qərb cəmiyyətləri və dövlətçiliyinin xüsusi beyin mərkəzlərində araşdırılması ilə yanaşı, həm kəşfiyyat, həm də proqnostik xarakterli proqramların həyata keçirilməsinə üstünlük verildi. Etiraf etmək lazımdır ki, Qərb (xüsusilə ABŞ) bu aspektdə çox uğurlar əldə edib. Avropa, Rusiya, Yaponiya, Çin kimi dövlətlər də böyük təcrübə toplayıblar. Son illər qardaş Türkiyənin beyin mərkəzləri olduqca fəaldırlar və dəqiq tədqiqatları və proqnozları ilə hər kəsi heyran qoyurlar. Ümumiyyətlə, bütün dünyada beyin mərkəzlərinə ehtiyac strateji aspektdə qiymətləndirilməkdədir.
Ümumi halda onlara "beyin mərkəzləri" deyək. "Beyin mərkəzləri" anlayışının cəm halında işlədilməsi təsadüfi deyildir. Çünki ideyanın kökündə alternativlik mövcuddur. Bu o deməkdir ki, insan intellekti bir-biri ilə müqayisədə dövlət və cəmiyyət işlərində istifadə olunmalıdır. Burada hər hansı birinə mütləq üstünlüyün verilməsi halı olmamalıdır. Siyasi elita və ya ictimai fikir (bunlara "sifarişçilər" deyək) müxtəlif təhlil və proqnozların müqayisəsi əsasında qərar qəbul edə bilər. Bu özəllik də müasir dövrün tələbidir – plüralizm toplum həyatının bütün sferalarında kök salıb!
Dünyada beyin mərkəzi təcrübəsi
Bütövlükdə Amerikada analitik mərkəzlərin indiki anlamda tarixi XX əsrdən formalaşmağa başlayıb. Rusiyada əsas olaraq keçən əsrin 90-cı illərindən hazırkı anlamda özünü göstərməkdədir. Avropada da beyin mərkəzlərinin ictimai həyatda, siyasətdə istifadəsinin özünəməxsus tarixi mövcuddur.
Bunlarla yanaşı, bizim üçün maraqlı olanı XX əsrin ikinci yarısından başlayaraq, əsasən, Qərbdə beyin mərkəzlərinin cəmiyyət və dövlət üçün oynadıqları roldur. Burada başlıca istiqamət kimi siyasi proseslərdə elmi biliyin rolu məsələsi yer alır. Lakin sosial, iqtisadi, informasiya, kommunikasiya, kulturologiya, idarəetmə, ictimai rəyin öyrənilməsi və manipulyasiyası və s. kimi aspektlərdə beyin mərkəzləri fəaliyyət göstərirlər.
Hazırda ABŞ-da 2000-dən çox beyin mərkəzi fəaliyyət göstərir. Bir sıra məlumatlara görə, onların 300-dən çoxunu Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) idarə edir. Hətta keçmiş kəşfiyyatçıların başçılıq etdiyi tanınmış beyin mərkəzləri vardır. Nümunə kimi "Stratfor"u göstərə bilərik. Bu analitik qurumu 1996-сı ildə MKİ-nin təcrübəli kadrlarından Corc Fridmanın yaratdığı məlumdur. Mərkəzi bəzən "kölgə MKİ" adlandırırlar. Deməli, indiki mərhələdə Amerikada və bütövlükdə Qərbdə beyin mərkəzləri siyasi elita, hakimiyyət və dövlətlə sıx əlaqədə çoxaspektli fəaliyyət göstərir.
Bu prosesin detallarına varmaq fikrində deyilik, çünki real olaraq mürəkkəb prosesdir. Ancaq XXI əsrin gəlişi ilə beyin mərkəzlərinin müstəqil dövlətlərdə funksiyaları daha da aktuallaşıb.
Azərbaycan təcrübəsi
Azərbaycanda artıq müəyyən beyin mərkəzləri təcrübəsi mövcuddur. Bakıda 2022-ci ildə beyin mərkəzlərinin I Forumu keçirilib. Forumda vurğulanıb ki, ABŞ-ın Pensilvaniya Universitetinin "Global Go To Think Tank" 2020-ci il hesabatına görə, dünyada 11 min 175 beyin mərkəzi mövcuddur. Onların təqribən 2000-i ABŞ-ın payına düsürsə, dünyanın geridə qalan hissəsinin 9 minə yaxın beyin mərkəzinə malik olduğu aydınlaşır. Bu rəqəmi BMT-nin 200 üzvü arasında bölsək, hər bir müstəqil dövlətə təqribən 45 beyin mərkəzi düşür. Lakin ABŞ ilə yanaşı, güclü və böyük dövlətlər daha çox sayda beyin mərkəzlərinə malikdirlər. Bu halda müstəqilliyini əldə etmiş normal dövlət üçün 20-30 beyin mərkəzi normal görünür. Bu statistik məlumata görə, 2020-ci ilə qədər Azərbaycanda 20 beyin mərkəzi vardı. 2008-ci ildə isə onların sayı 13 idi. Deməli, inkişaf vardır. "Lakin Azərbaycanda fəaliyyət göstərən heç də bütün beyin mərkəzləri bu qiymətləndirmə sisteminə daxil olmadığından rəqəmin daha böyük olduğunu deməyə əsas verir. O cümlədən "son illər Azərbaycanda beyin mərkəzi kimi fəaliyyət göstərmək istəyən qeyri-hökumət təşkilatlarının sayı da artmaqdadır. Hazırda QHT statusunda fəaliyyət göstərən beyin mərkəzlərinin sayı 30-a yaxındır. Onlardan 20-yə yaxını dövlətlə sıx əməkdaşlıq edənlər, digər 10-a yaxını isə tam müstəqil və ya siyasi qüvvələrə bağlıdır".
Bunlar onu göstərir ki, Azərbaycanda beyin mərkəzləri kifayət qədərdir. Onların inkişaf etdirilməsi fəaliyyətlərinin stimullaşdırılması və dövrün tələblərinə uyğun proqramların həyata keçirilməsi ilə əlaqəlidir. Bu kontekstdə Forumda dövlət qurumları və beyin mərkəzləri arasında əlaqələr aktual problem kimi müzakirə edilib. Proqnostik aspektdə isə aparılan müzakirələr və verilən təkliflərin təhlili növbəti addımlar üçün istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Digər tərəfdən, beyin mərkəzlərinin cəmiyyətdə təbliğinin yeni səviyyəyə yüksəldilməsi məsələsi də müzakirə edilib.
Bunlardan başqa, Azərbaycanda beyin mərkəzlərinin yaradılması və fəaliyyətində o da nəzərə alınır ki, indiki mərhələdə beynəlxalq münasibətlər daha dinamik yeniləşmə tempinə və mürəkkəbləşmə mexanizminə malikdir. Bu səbəbdən qlobal proseslər getdikcə daha gözlənilməz, proqnozlaşdırıla bilinməyən xarakter alır. Həmin sırada regional münaqişələrin həlli, qlobal siyasi-iqtisadi böhranın doğurduğu sosial narazılıqlar, iqlim dəyişməsi, təbii və texniki kataklizmlər və s. kimi neqativ tendensiyaların təhlili və proqnozlaşdırılması xüsusi aktuallıq kəsb edir.
Azərbaycan artıq vurğulanan istiqamətlər üzrə də öz təcrübəsini dünya ilə bölüşə bilir. Bakı həm dövlətlərarası münaqişəni öz gücünə həll etmək, həm də qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə kollektivçilik göstərmək təcrübəsinə malikdir. COP29 bunun əyani nümunəsidir. Bu isə onu göstərir ki, Azərbaycanın beyin mərkəzləri aktiv şəkildə bu təcrübələri təhlil etməli və onun təbliğini həyata keçirməlidirlər. Burada dövlətlə beyin mərkəzlərinin sıx əməkdaşlığı mühüm şərtdir.
Qərbi Azərbaycan məsələsi
Bütün bunların fonunda başqa bir aktual faktor üzərində düşünmək zəruridir. Məsələ onunla bağlıdır ki, müasir mərhələdə beyin mərkəzləri dövlətin "gələcəyin idarə edilməsi" strategiyasının tərkib hissəsini təşkil edir. Həmin keyfiyyətdə beyin mərkəzlərinin dövlət idarəçilik sisteminin aparıcı komponentinə çevrilməsi faktdır. Beyin mərkəzlərinin ölkədəki fəaliyyətinə bu aspektdə yanaşdıqda, onların Qərbi Azərbaycan məsələsində daha fəal mövqe tutmasına ciddi ehtiyacın olduğu qənaətinə gələ bilərik. Çünki Azərbaycanın müstəqil dövlətçiliyi üçün strateji əhəmiyyəti olan bu məsələnin müxtəlif aspektlərdə tədqiqi son dərəcə vacibdir.
Beyin mərkəzləri Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və mənəvi-əxlaqi dəyərlərinin sistemli elmi tədqiqi ilə dünyada bu məsələnin real mahiyyəti haqqında düzgün təsəvvürlərin formalaşdırılmasına ciddi töhfə verə bilərlər.
Onların apardıqları araşdırmalar, gəldikləri nəticələr və verdikləri təkliflər dövlətin strateji siyasətində əhəmiyyətli rol oynaya bilər. Bunlardan başqa, beyin mərkəzləri dünya miqyasında Azərbaycan dövlətinin Qərbi Azərbaycan məsələsində fəaliyyətinin gerçək məzmununun təbliği istiqamətində konkret işlər görə bilərlər. Əlbəttə, bu fəaliyyətin bütövlükdə dövlətimiz və cəmiyyətimiz üçün böyük faydası ola bilər!