AMEA Fəlsəfə və Sosoiologiya İnstitutu
“Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
I Yazı
Bu gün Turançılıq, Türkçülük şüurunun inkişafında yeni nəsil aydınların, elm adamlarının üzərinə daha ağır bir yük düşməkdədir. Azərbaycanda, Türkiyədə, Türküstanda bir sözlə, Türk Dünyasında milli şüurumuza yeridilən saxta tarixdən, ədəbiyyatdan, fəlsəfədən, xaotik düşüncələrdən deyil də, Türk-Turan irqinin min illər boyunca qoruyub içində saxladığı və yaşatdığı tarixdən, kültürdən, mədəniyyətdən, fəlsəfədən hərəkət etməliyik. Çünki Türk-Turan fəlsəfəsinə, Türk-Turan tarixinə, Türk-Turan düşüncə sisteminə, Türk-Turan ədəbiyyatına sahib çıxmadan, onun tarixi-fəlsəfi dərkinə varmadan əsla, türkçülüyün-turançılığın bütün Türklər üçün hansı önəm kəsb etməsini də dərk edə bilmərik. Dolayısıyla, ayrıca ələ alınan bir Türk dövlətinin fəlsəfəsi, tarixi, ədəbiyyatı, kültürünün yanı sıra, ortaq Türk-Turan fəlsəfəsi, Türk-Turan mədəniyyəti, Türk-Turan ədəbiyyatı və Türk-Turan tarixindən də bəhs edilməlidir.
Türk-Turan sivilizasiyasını ifadə etmək üçün də bunlara diqqət etməliyik:
1) Turan sivilizasiyası açısından Türk-Turan tarixi yenidən dəyərləndirilməli, Türk-Turan irqinin ortaq tarixi yazılmalı, zorunlu olaraq orta və ali təhsildə yer almalıdır.Türk-Turan tarixi qələmə alınarkən də Avropa, ABŞ, Rusiya, “İran İslam”, İsrail və digər xalqlara aid araşdırmaçıların əsərlərinin təsirindən uzaq durulması bir şərt o lmalı, əsasən Türk-Turan qaynaqlarına istinad edilməlidir. Özəlliklə, son iki yüz ildə Turan tarixinin yadelli araşdırmaçılar tərəfindən saxtalaşdırılması nəzərə alınmalıdır.
2) Türk-Turan sivilizasiyasının özünəməxsusluğu önə çəkilməklə yanaşı, Qərb sivilizasiyasına əsas alternativ olması da diqqətdə saxlanılmalıdır. Bizcə, bu gün dünyada Türk-Turan sivilizasiyası mədəni-fəlsəfi yükü baxımından özəl yerə malikdir. Turan sivilizasiyasını dünya düşüncə sisteminin nüvəsi kimi görmək lazımdır! Bu, elə bir nüvədir ki, onun varlığının duyurulması belə, dünyanın düzənini dəyişdirəcəkdir. Bu anlamda Türk-Turan sivilizasiyasının tarixi, mədəniyyət və elmi-fəlsəfi cəhətdən əsaslandırılması Qərb sivilizasiyasına qarşı ciddi bir alternativliklə yanaşı, Avropa mədəniyyətinin çürüklüyünü də aşkar edəcəkdir.
3) Burada başlıca meyarlardan biri də, Türk-Turan fəlsəfəsinin, Türk-Turan düşüncə sisteminin ortaya çıxarılmasıdır.Belə ki, tarixdə Hind, Yunan, Roma, Çin, Alman, İngilis, Fransız, Ərəb və başqa xalqların fəlsəfələri ilə yanaşı, onlardan heç də az dəyərə malik olmayan Türk fəlsəfəsi də olmuşdur. Çox yazıqlar olsun ki, Türk kültürü və Türk sivilizasiyası kimi Türk fəlsəfəsini bu günədək sistemli hala gətirməyi bacara bilməmişik. Əslində bir ulusun tarixi, kültürü, fəlsəfəsi bir bütündür, biri o birini tamamlar. Necə ki, yunanlar, çinlilər, hindlilər, fransızlar, almanlar və başqaları belə etmişlər.Hesab edirik ki, Türk-Turan fəlsəfəsinin ana xəttini Türklük, Tanrıçılıq və İnsanlıq dəyərlərinin vəhdəti, bütünlüyü təşkil edir. Yəni Türkün fəlsəfəsi Tanrıçılıq və İnsanlıq fəlsəfəsinin vəhdətidir. Bu anlamda İnsanlıq fəlsəfəsini Qərbin, Tanrıçılıq fəlsəfəsini isə Şərqin inhisarından çıxartmağın zamanıdır. Çünki Qərb “İnsanlıq fəlsəfəsi” üzərinə vurğu yaparaq irəli sürdüyü liberalizm, demokratizm, praqmatizm, marksizm adlı təlimlərlə dünyanın İnsanlıq ruhunu maddiyyatçılığa və mənfəətçiliyə sürükləmişdir.
4) Əsas məslələrdən biri də Türk-Turan sivilizasiyası açısından Türk düşüncəsi olan Tanrıçılıqla İslamlığın oxşar və fərqli cəhətlərinin dəyərləndirlməsinə də ciddi ehtiyac vardır.Çünki bu gün də Türklük və İslamlığın biri-birinə zidd olması, İslam dininin Türklüyün inkişafında əngəl olması kimi fikirlər mövcuddur. Bir məqama diqqət yetirək ki, doğrudan da son əsrlərdə Türk mədəniyyəti daha çox İslam mədəniyyətinin tərkib hissəsi kimi verilmişdir. Biz, bunu heç də doğru görmürük. Orta çağda İslam mədəniyyəti anlayışının içində Türk mədəniyyəti özünü yetərincə ortaya qoya bilməmişdir. Çünki Orta Çağda İslam dininə daxil olan Türk xalqları müsəlmanlıqları ilə milli mənşəyini bərabər tutmuş, bu anlamda bir çox əməllərini İslam mədəniyyətinin adına yazmışlar. XX əsrin başlarında islamlığın türklüklə eyniləşdirilməsi məsələsinə toxunan Azərbaycan Türk aydını Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Türkcə qəzetə çıxartdıq - adına müsəlman qəzetəsi dedik. Türkcə teatrlar, operalar düzəltdik - ünvanlarını müsəlman teatrosu və müsəlman operası dedik. Məktəb açdıq - rus-müsəlman məktəbi adını verdik. Cəmiyyətlərimizin sifətləri yenə “müsəlman” kəlməsindən ibarət oldu. Halbuki elədiklərimizin hamısı türkcə olub və Türk asari-mədəniyyəsini diriltmək üçün idi. Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsil milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmiş, həmən “müsəlman” adına qənaət eləmişdik. Hələ, də etməkdəyiz” (136, s.469).
Türk sivilizasiyasını araşdıran Rahid Uluselin fikrincə, Türk sivilizasiyasına İslam sivilizasiyası daxilində baxılması doğru deyil, çünki Türk xalqlarının islamaqədərki dövründə ən azı minillik sivilizasiya damğası vardır. Rahid Ulusel yazır: “Yalnız dini oriyentasiyasına görə dünya Türk milli dövlətlərinin və xalqlarının yaratdığı Türk sivilizasiyasının İslam sivilizasiyası tərkibinə daxil edilməsini elmi cəhətdən əsaslandırılmamış sayırıq. Çünki Türk sivilizasiyası və onu təşkil edən milli mədəniyyətlər islam dünyası ilə nə qədər yaxın tarixi təmas, müştərək inkişaf ənənəsinə malik olsa da, həm identiklik, həm də universallıq keyfiyyətlərinə, dünyəvi-ümumtürk oriyentasiyasına görə “İslam sivilizasiyası” çərçivəsinə sığmır” (176b, 15).
Deməli, əslində bir millətin hər hansı dinə üz tutması, onun olmuş ya da olan mədəniyyətinin aradan qaldırılması demək deyil, sadəcə ona yeni bir məna qatması anlamında dərk edilməlidir. Bu baxımdan Türk-Turan xalqlarının xeyli bir qisminin İslam dinini qəbul etməsini uğurlu hesab edən aydınlarımızla yalnız ona görə razılaşırıq ki, Türk-Turan irqi öz daxilindəki dini baxımdan ideoloji düşmənçilikdən xeyli dərəcədə uzaqlaşmışdır (83, s.226). Ancaq bununla yanaşı, türklər sonralar İslamla bağlı olan məzhəb qovğalarından da qurtula bilməmişdir. Hər halda son dönəmlərdə Osmanlı xəlifəlik məsələsinə görə, əsasən yarıərəbləşmiş, Bizans mədəniyyətinin təsiri altında qismən yarıavropalaşmış, Səfəvilər və Qacarlar isə İslam dini adı altında əslində fars şiəliyinin, zərdüştizm məsələsində isə Hind-Avropa-İran mədəniyyətinin təsirinə məruz qalmışdır.
Ümumiyyətlə, Türk xalqlarının İslam dinini qəbul etdikdən bir neçə əsr sonra milli kültürdən daha çox islamlıq üzərində köklənməsi, bunun XIX əsrin əvvəllərinə qədər davam etməsi, həmin dönəmdən sonra isə İslam mədəniyyəti təsiri altında qalmaqla yanaşı Qərb mədəniyyətinə meyil göstərməsi ciddi məsələlərdəndir. Maraqlıdır ki, həmin dövrdən etibarən də Türk aydınları arasında Qərb mədəniyyətinə alternativ düşüncə sistemi kimi də daha çox İslam mədəniyyəti irəli sürülür. Bizcə, Türk-Turan xalqlarının Qərb mədəniyyəti ilə İslam mədəniyyəti arasında seçim qarşısında qalması çıxış yolu deyildir. Çox maraqlıdır, Qərb mədəniyyəti Türk-Turan xalqları üçün demokratiklik, sivillik, tolerantlıq, liberallıq anlamında cəlbedici göründüyü halda, İslam mədəniyyəti isə ümmətçilik, əxlaqlıq, mühafizəkarlıq, mənəviyyatlılıq baxımından ortaya qoyuur. Belə olduğu təqdirdə Türk-Turan xalqlarının bir çox aydınları çıxış yolunu İslam mədəniyyəti ilə Qərb mədəniyyətinin uzlaşmasında axtarmış olurlar.
Təxminən bir əsr yarımdır ki, əsasən Turan-Türk xalqları mütəfəkkirlərini və böyüklərini (Namiq Kamal, C.Əfqani, Əli Suavi, Ş.Mərcani, S.Qaliyev, T.Rıskılov, Həsən bəy Zərdabi, H.Səbri Ayvazov, Əli bəy Hüseynzadə, Ziya Gökalp, Ə.Ağaoğlu, Y.Akçura, Z.V.Toğan, Mustafa Kamal Atatürk, M.Ə.Rəsulzadə, Ş.M.Xiyabani və b.) əsas düşündürən problem də Qərb mədəniyyətiylə İslam mədəniyyətini necə uzlaşdırmaq, ortaq yolu tapmaq olmuşdur (Türklük, İslamlıq və Müasirlik-Qərbçilik). Bu gün də aşağı-yuxarı eyni xətt davam etidirilir. Şübhəsiz, “mədəniyyət” dəyişməsi anlamında məsələnin öncədən bu cür qoyuluşu doğru olmamışdır. Ancaq Türk əxlaqını, Türk fəlsəfəsini, Türk ədəbiyyatını müsəlman kimliyi, İslam mədəniyyəti çərçivəsində görən Türk xalqlarının başqa bir seçim etmələri doğrudan da çox zor idi. Ona görə də Osmanlıda, Qacarlarda böhran dönəmi başlayınca, Türk aydınlarının bir qismi (A.A.Bakıxanov, N.Kamal, M.Akif Ersoy, Qarabəy Qarabəyli, Ə.Axundoğlu və b.) bu problemin kökünü İslama əlavə olunmuş xurafatda, cəhalətdə, avamlıqda, dini şarlatanlıqda axtararaq, bütün bunları İslam mədəniyyətindən təmizləməyi düşündüyü halda, Türk aydınlarından ikinci qismi (M.F.Axundzadə, M.A.Şahtaxtlı, Cəlal Nuri və b.) isə nicat yolunu İslam dinindən, İslam mədəniyyətindən tamamilə imtina edərək Qərb-Xristian mədəniyyətini mənimsəməkdə və qərbləşməkdə görmüşlər.
Məhz bundan irəli gələrək, ötən 150-200 il ərzində Turan-Türk mütəfəkkirləri arasında İslamçılıq və Qərbçiliklə müqayisədə Türk-Turan ruhlu nəzəriyyələri irəli sürənlər çox az olmuşdur. İlk dövrlərdə Türkçülüyü irəli sürən mütəfəkkirlər də məcburən, dövrün reallıqlarına uyğun olaraq onu ya İslamçılığın ya da Qərbçiliyin köməkçi tərkib hissəsi kimi görmüşlər. Başqa sözlə, ötən bu dövrdə Türkçü nəzəriyyələr, düşüncələr əsasən İslamçılığı ya da Qərbçiliyi gücləndirmək, əsaslandırmaq üçün önəmli olmuşdur.
Beləliklə, Tatarıstanın, Türküstanın, Osmanlının, Qacarların, Baburların süqutundan sonra Avropa (Qərb) mədəniyyəti arealına daxil olan Türk-Turan xalqları bununla yanaşı xeyli dərəcədə İslam mədəniyyəti, qismən də Hind və Çin mədəniyyətlərinin kölgəsində qalmağa davam etmişlər. Sadəcə, İslam mədəniyyətinə girişin ilk əsrlərində olduğu kimi, Qərb mədəniyyətinə girişin ilk dönəmlərində (hələlik, bu proses müəyyən mənada davam etməkdədir) də Turan-Türk xalqları arasında milli mədəniyyət, milli kimlik hissləri ön plandadır. Vaxtilə İslam dinini qəbul etmələrinə baxmayaraq bir neçə əsr milli mədəniyyətlərini, milli dəyərlərini qoruyub saxlayan Turan-Türk xalqların sonralar yalnızca dini inanca görə deyil, milli-mənəvi düşüncə anlamında da əsasən müsəlmanlaşaraq İslam mədəniyyətinin təsir dairəsinə düşdüklərini görürük. Deməli, Turan-Türk xalqlarının Qərb mədəniyyəti arealına daxil olmasının ilk əsrlərində milli kimlik, milli mədəniyyət varlıqlarını ifadə etmələri də müvəqqətidir. Ən əsası odur ki, İslam mədəniyyətinin ilk əsrlərində olduğu kimi, indi də Qərb mədəniyyəti bilə-bilə milli kimliyin və milli mədəniyyətin ifadəsi üçün şərait yaradır. Ancaq Qərb mədəniyyəti milli kimliyi və milli mədəniyyəti ortaya atarkən də, bunun Qərb dəyərlərinə məxsus olmasını istəyir, bununla da çox da uzaq olmayan gələcəkdə həmin milli kimlikləri, milli mədəniyyətləri öz içində əritməyin təməllərini formalaşdırır. Məhz bunun nəticəsidir ki, Osmanlılar və Qacarlar dönəmində İslam mədəniyyəti əsasında az da olsa, Türk mədəniyyətinə üz tutanlar, sonralar Qərb mədəniyyəti üzərindən milli mədəniyyətin təbliğinə başladılar