Türklərin ilkin vətəni problemi


No description available.
TALEH CƏFƏROV
ADPU-nun Ümumi Tarix və tarixin tədrisi
texnologiyası kafedrasının dosent əvəzi,
tarix üzrə fəlsəfə doktoru

Dünya sivilizasiyaları tarixinin silinməz izlər buraxan millətlərindən biri də təbii ki, qədim türklərdir. Qədim türklərin təşəkkül tapdığı, formalaşdığı, eyni zamanda ilkin vətəni ilə bağlı indiyədək 10-dan artıq müxtəlif nəzəriyyələr (Altay, İdil-Ural, Urmu, Şimali Qafqaz, Ön Asiya, Anadolu, Şimali Qara dəniz sahili ərazilər –Atalkuz və s.) mövcuddur. Bunlara misal olaraq, XVIII–XIX əsrlərdə çarizm tərəfindən ortalığa atılan, “Avropa mərkəzçilər”in daha çox müdafiə etdiyi və türklərin yarandığı ərazilərin istiqamətini Sayan-Altay dağları ərazilərinə lokalizə edən “Altay dilləri ailəsi” nəzəriyyəsini qeyd etmək olar. İsbat olunmayan bu nəzəriyyəyə görə, guya türklər monqol və tunquz-mancur xalqları ilə qohumdur və onlar nə vaxtsa, Altay dil ailəsi adlanan protoaltay dili parçalanandan sonra bir-birindən ayrılmışdır. Guya türklər Altaydakı monqoloid qohumlarından ayrılıb, qərb ölkələrinə köçmüşlər. Həmçinin, bu nəzəriyyənin qatı tərəfdarları güman edirlər ki, erkən/prototürklər Altay, Cənubi Sibir, Baykal ətrafı ərazilərdə, Tanrı dağlarının ətəklərində təşəkkül tapmış, iqtisadi, sosial və siyasi səbəblərdən müxtəlif ətraf ərazilərə yayılmışlar. Yetmiş ilə yaxın mövcud olan sovetlər birliyində “Altay” nəzəriyyəsinin əsas ideoloqları belə hesab edirdilər ki, monqol-tunqus tayfaları ilə bir qoldan olan türklər Altay coğrafiyasında təşəkkül tapıb formalaşmış, IV–VI əsrlərdə isə “xalqların böyük köçü” nəticəsində şərqdən qərbə kütləvi axınlar etmişlər.

“Altay” nəzəriyyəsinin müdafiəçilərindən olan türk tarixçisi B.Ögəl Afanasiyev mədəniyyətinin sahiblərinin ağ irqə mənsubluğunu nəzərə alaraq Altayı türklərin ilkin vətəni hesab edir. Digər türk tarixçisi Gömeç Selenqa və Orxon hövzələ-rini türkün ilkin vətəni, formalaşdığı ərazilər hesab edir. Toğan da Nemethin fikir-ləri ilə hesablaşaraq Tanrı dağları ilə Aral gölü arasındakı düzənliyi türklərin ata yurdu hesab edir. Nemeth ilə hesablaşan digər tədqiqatçı Rasonyi də türkün ata yurdunun Mərkəzi Asiya bozqırının şimal hissələri olduğunu güman edir.

Еrkən türklərin ilkin vətəni ilə bağlı ortaya atılmış nəzəriyyələrdən biri də İdil-Ural nəzəriyyəsidir. Bir qrup türkoloq alimlər –Y.Nemeth, A.Zayonçkovskiy, M.Şirəliyev, K.T.Laypanov, İ.M.Miziyev, O.Karatay və başqaları prototürklərin ilkin vətəni kimi bu coğrafi ərazinin ola biləcəyi ehtimalını qəbul edir və bu fikri müdafiə edirlər. Xüsusilə, Laypanov və Miziyev e. ə. IV–III minilliklərdə Asiya və Avropanın bir çox bölgələrinə köç edərək yayılmış olduqları İdil-Ural bölgəsini bozqır və bozqır-orman ərazisi kimi daha məhsuldar hesab edir, buralarda sakin olan etnosların sürətli inkişafına nəzərəçarpacaq dərəcədə əlverişli şərait yaratdığını qeyd edir. Burada ev heyvanlarının yaşaması üçün vacib olan meşə təbəqəsi, balıqçılıq üçün çay və göllər, eləcə də zəngin faydalı qazıntı yataqları mövcud idi. Altay, Cənubi Sibir, Qafqaz qurşağı (Kubanın yuxarı hissəsində Qaraçay Kuban mədəni) ilk mədən mərkəzlərindən birinə çevrildi. Bu bölgə Uralın və ona bitişik rayonların iqtisadi inkişafında böyük rol oynadı. Həmçinin burada qədim türklər, fin-uqorlar və digər etnoslar bir-birilərinə qarışmışdır. İdil-Ural bölgəsi Asiya ilə Avropanın, Şimali Qafqaz ilə Ön Asiya və Şərqi Avropa arasında qovşaq olduğu üçün əhalinin sürətli hərəkəti, məskunlaşması və qaynayıb-qarışması baxımından əlverişli hesab olunur. Mezolit və Neolit dövrlərində bölgədə daha sıx əhali təbəqəsi müşahidə olunmuşdur. E. ə. IV minilliyin sonlarında İdil-Ural bölgəsində etnik proseslərin sürətlənməsi ilə kurqan mədəniyyətlərinin (Afanasiyevo, Andronovo, Sintaşta) inkişafı eyni vaxtda təşəkkül tapmış, 500-600 il ərzində geniş bir bölgəyə yayılmışdır. Bu miqrasiyaların coğrafiyası şərqdə Baykal arxasına və Mancuriya-ya, qərbdə Dünay və Karpatlara, cənubda Ön Asiyaya, qısası Baykal arxasından Dunaya, Uraldan Şumer elinə, Suriya və bugünkü Türkiyəyə qədər əhatə etmişdir.

İdil-Ural nəzəriyyəsinin tərəfdarları ən qədim türkcənin və türklüyün Avrasiyanın xeyli qərbində Cənubi Ural ərazisində ortaya çıxdığını güman edirlər. Bu bölgənin birinci mərhələdəki sakinləri Altaylara doğru gedən Afanasyevo ilə Cənubi Sibir qurşağını tutan sonrakı türklərin ataları olmuşdurlarsa, ikinci mərhələdə də Andronovo ilə cənub və cənub-şərqə yayılaraq indiki Türkmənistan xaric bütün Mərkəzi Asiya bozqırlarının sakinləri olmuşlar. Birinci mərhələnin yerli sakinləri qərb türklüyünü, ikinci mərhələnin sakinləri isə şərq türklüyünü təmsil edirdilər. Şərq türklüyü qonşu Çin və monqol irqləri ilə qaynayıb-qarışaraq dəyişsə də, qərb türklüyü o qədər də dəyişməmişdir. Türklərdə Avropa genlərinin çoxluğu özünü göstərir və qeyd etdiyimiz kimi, türklərin Qərbi Avrasiya mənşəli olduğunu ortaya çıxarır.

O.Karataya görə “r” hərfi ilə danışan türklər qərb türklüyünə, “z” hərfi ilə danışan türklər isə Şərq türklüyünə aid edilirdi. “Z” ilə danışan türklər “r” ilə danışan türkləri, çuvaşlar istisna olmaqla “uddu”. Müəllifin fikrincə, Türk və As xalqlarının Qərbdən Şərqə köçü istisna olmaqla, tarixdəki bütün köçlər şərqdən qərbə olmuşdur. Tarixi dönəmlərdə şərqdən Avropaya gedən topluluqlar istisnasız eyni şeyi etmişlər. İskit/sakalar, sarmatlar, yazıqlar, hunlar, avarlar, bulqarlar, macarlar, peçeneqlər, oğuzlar və qıpçaqlar Qara dənizin şimalına hakim olur, oradan da Aşağı Dunaydan cənuba enməyə çalışır, ancaq ilk imkanda macar ovalığına çatmağa çalışırdılar.

Prototürklərin ilkin vətəni ilə bağlı ortaya atılmış başlıca, tutarlı nəzəriyyələrdən biri də “Urmu” nəzəriyyəsidir. “Urmu” nəzəriyyəsinin, yəni türklərin ilkin vətəninin Ön Asiya, Urmiya gölü ətrafı, Güney Azərbaycan olmasının müəllifi Firudin Ağasıoğluna görə, “türk” adının ilk forması e.ə. III–II minilliklərdə burada meydana çıxmış, ilk böyük türk imperiyası Qut Eli də Azərbaycanda yaranmışdır. Onun fikrincə, türklərin ilkin vətəni Ön Asiya, o cümlədən Güney Azərbaycan ətrafı ərazilər, atayurdları isə Anadolu, Mərkəzi Asiya, Şimali Qafqaz, Qara dənizin şimal sahilləri, Altay və digər coğrafiyalar olmuşdur. Firudin Ağasıoğlu ilə yanaşı, bu fikrin tərəf-darlarının sayı son dövrlər sürətlə artmaqdadır. Z.M.Bünyadov, M.İsmayıl, Y.Yusifov, Q.Qeybullayev, Z.M.Yampolskiy, T.Hacıyev, Y.Mahmudov, S.Əliyarlı və digərləri başlıca olaraq türkün ilkin vətənini Ön Asiya, Urmiya gölü ətrafı, Şərqi Anadolu və Şimali Qafqazda olduğunu güman edirlər. Bu nəzəriyyənin tərəfdarlarının müdafiə etdiyi əsas müddəa ondan ibarətdir ki, bölgə şimal-cənub, şərq-qərb istiqamətlərində başlıca qovşaq rolunu oynamış, torpaq son dərəcə meşə, çöllük ərazilərlə bol olmuş, xüsusilə kurqan mədəniyyətinin yüksəlişi və yayılması daha çox bu ərazilərdə nəzərə çarpmışdır. Həmçinin ərazidə təbii fay-dalı qazıntı yataqlarının zənginliyi, metala daha çox rast gəlinməsi ərazinin əhali tərəfindən daha erkən mənimsənilməsinə və buraya digər ərazilərdən əhali axınına şərait yaratmışdır.

Azərbaycanın qədimdən türklərin vətəni, Urmiya gölünün cənub və cənub-şərqinin prototürklərin ilkin məskəni, hətta e.ə. III minilliyin I yarısında bu ərazi-lərdə Aratta ölkəsinin mövcud olmasını iddia edən görkəmli alimlərimizdən biri də Yusif Yusifov idi. O, qədim Urartu mənbələrinə istinad edərək ən qədim Azərbay-can dövlətinin “Aratta” olduğunu, lakin sonrakı dövrlərdə bu adın dəyişikliyə uğrayaraq “Alatey”, “Alatau” kimi formalara düşdüyünü və qədim türk dilində “dağ silsiləsi” mənasını ifadə etdiyini qeyd edir. O, bu coğrafiyanın yerli əhalisinin prototürklərin olmasına əsas sübutlardan biri kimi e.ə. III–II minilliklərdə burada yaşayan trukkuları, “Turukkum” ölkəsini göstərmişdir.

(ardı var)


MANŞET XƏBƏRLƏRİ